Xəbər lenti
27-11-2024, 19:25

 

Mürvət Həsənli, 
ADAM (sədr)

Dünya neft bazarında qiymətlər yenidən düşməyə başladı. Ötən həftəni “qara qızıl” üçün tam bir tənəzzül həftəsi kimi qiymətləndirmək mümkündür. Həftənin ilk günü 8%-dən çox uculaşan neft digər günlər ərzində stabilləşsə də, cümə günü başlayan yeni düşüşlərlə qiymətlər kritik həddən aşağı yuvarlandı. Brent markalı neft ötən həftəni 59.22, WTI markalı neft isə 50.42 dollarla tamamladı. Gələcək həftə də qiymətlərdəki düşüşlərin davam edəcəyi gözlənilir. Çünki ABŞ-ın basqıları ilə OPEK ölkələri hasilatı bir qədər də artırdıqları halda qlobal bazarda tələbat getdikcə azalır. Səudiyyə Ərəbistanı gündəlik hasilat miqdarını 11 milyon barrelə çatdırdığı kimi, ABŞ-ın İrana qarşı sanksiyaları xeyli zəiflətməsi, aralarında, Çin, Hindistan, Yaponiya, Türkiyə kimi iri idxalatçıların da bulunduğu 8 dövlətə bu ölkəylə neft alış-verişinə imkan tanıması və ABŞ-ın öz hasilatını gündəlik 2 milyon barrel artırması kimi amillər qlobal enerji bazarına mənfi təsir göstərəcək.

Müstəqillik referendumundan sonra müvəqqəti dayandırılan Şimali İraq neftinin də Ceyhan limanına axışı ötən həftə bərpa olundu. Bu da azmış kimi, həmin xətt üzrə ixracat iki dəfə artırıldı. Qətər, BƏƏ, İraq, Küveyt kimi OPEK ölkələrinin də hasilatı artırması gözlənilir.

Digər tərəfdən, ABŞ-ın böyük sənaye dövlətlərilə başlatdığı ticarət müharibəsi neft tələbatının azalmasına yol açır. Xüsusilə, Çin, Hindistan, Yaponiya kimi Uzaq Şərqin sənaye dövlətləri yeni bazar qazanana qədər istehsallarını azaltmağa məhkumdurlar. Neftin hasilatı artdığı halda tələbatın azalması istər-istəməz mövcud qiymətlərin ucuzlaşmasını tətikləyir.

Belə olan halda, 2019-cu il dövlət büdcəsi layihəsində neftin baza qiymətini 60 dollardan götürən Azərbaycan hökumətinin büdcə gəlirlərinə yenidən baxması, bir sıra iri layihələri dayandırıb qeyri-neft sektorunun inkişafına yönəlməsi, xüsusilə kənd təsərrüfatı sahəsində yeni iş yerlərinin açılması istiqamətində addımlar atması zərurətə çevrilir. Adətən, belə zamanlarda hökumətlərin ilk ağlına gələn çıxış yolu maliyyə ehtiyatlarını vətədaşların sosial vəziyyətinin stabil saxlanılması sahələrinə yönəltməsidir ki, bu da gözlənilən böhran qısa müddətli olacağı halda effektli nəticələr verir. Neft qiymətlərinin ucuzlaşması ilə başlayan indiki böhranın isə qısamüddətli olacağı ciddi şübhələr doğurur. Nədən ki, artıq qapımıza dayanan böhranın kökəni heç də iqtisadi deyil. Özü nə qədər qlobal iqtisadi hadisə olsa belə... Əksinə, sözügedən böhran ABŞ-ın OPEK ölkələrinə zorla qəbul etdirdiyi, Donald Trampın bunu heç gizlətmədiyi geopolitik hesablaşmalardan doğub. Məqsəd isə ötən əsrin sonlarında olduğu kimi, Rusiyanı iqtisadi cəhətdən zəiflətmək və öz iradəsinə tabe etdirməkdir. Deməli, böhran da ən azı Rusiya ağ bayraq qaldırana qədər davam edəcək. Bunun isə qısa müddət ərzində başa çatacağını gözləmək sadəlövhlük olardı. Belə olan halda, Azərbaycan öz maliyyə resurslarını insanların maddi rifah halını yüksəltmək üçün sosial müavinətlərin artırılmasına ayırsa, bir müddətdən sonra tamamilə tükənə bilər və əsl iqtisadi fəlakət də bundan sonra başlayar. Fikrimizcə, böhrandan ən yaxşı çıxış yolu, qeyri-neft sektorunun inkişafını təmin etmək, əlavə gəlir qaynağı yaradan sahələrə yönəlmək, əldəki maddi vəsaitləri alternativ iqtisadi layihələrə sərf etməkdir.
Bəs, ölkəni böhrandan qurtara biləcək həmin addımlar nə ola bilər?

1. Bitkiçilik sahəsi

1. a. Ərzaq və yem məhsullarının istehsalına yönəlməli

Zənnimizcə, 2014-cü ildə başlayan neft böhranında, bir qədər gec başlansa da, həyata keçirilən siyasətlərdə olduğu kimi, qeyri-neft sektorlarının inkişafına yönəlməli, xüsusilə kənd təsərrüfatı sahələrinin inkişafı layihələri həyata keçirilməlidir. İnsafən, bir neçə il əvvəl yaşanan böhrandan lazımi dərslər çıxaran hökumət bu istiqamətdə müəyyən addımlar atıb. Eyni siyasət daha dərindən və bəzi korrektələrlə yürüdülməli, xüsusilə əhalimizin qida təhlükəsizliyinin təminatı üçün taxılçılıq, ətçilik kimi zəruri tələbat mallarının istehsalı sahələri genişləndirilməli, yerli təsərrüfatların yem potensialını artırmaq, xarici rəqabətə dözümlü hala gətirmək üçün bir sıra dənli bitkilərin əkilməsi təşkil və təşviq olunmalıdır.

2018-ci ilin əkin mövsümünün statistikasına nəzər salsaq, bu istiqamətdə bəzi ciddi addımların atıldığını görə bilərik. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2018-ci il biçin mövsümündə toplanmış məhsul 2833,4 min ton təşkil edib və məhsuldarlıq 29,1 sentnerə bərabər olub. Yığılmış məhsulun 1895,3 min tonu və ya 66,9 faizi buğda, 913,3 min tonu (32,2 faizi) arpa, 24,8 min tonu (0,9 faizi) digər dənli və dənli paxlalı bitkilərdir. Sözügedən göstəricilər Azərbaycanın illik tələbatının 85-90%-nə bərabərdir. Neft satışından əldə olunan xarici valyuta ehtiyatlarımızın öz ölkəmizdə daha çox qalmasını təmin etmək üçün yerli fermerlərimizin taxıl tələbatımızın 100%-ni istehsal etmək potensialı var və bu potensial tam reallaşdırılmalıdır.

1. b. Sənaye bitkiçiliyi sahəsində qısıtlamalara gedilməli.

Azərbaycanın aqrar sənayesində mühüm yer tutan sahələrdən biri pambıqçılıqdır. Ölkədə tekstil sənayesinin əsasını qoymaq istəyən hökumət SSRİ dağıldıqdan sonra tənəzzül dövrü keçirən pambıqçılığın yenidən inkişafı üçün böyük işlər gördü. 2014-ci il böhranından sonra cənab İlham Əliyevin birbaşa nəzarəti altında yenidən pambıq istehsalına yönələn fermerlərimiz önümüzdəki 5 il ərzində məhsuldarlığı dəfələrlə qaldırmağı qarşılarına hədəf qoyublar. 2014-cü ildə cəmi 18 min hektarda pambıq əkilirdisə, bir il sonra bu rəqəm 51 min hektara yüksəldi. Bu, pambıq istehsalının 3 dəfə artırılması demək idi. Ölkə başçısının 2015-ci ildə keçirilən Pambıqçılığın inkişaf məsələlərinə dair I Respublika müşavirəsində bildirdiyinə görə, 2020-ci ilə qədər istehsal gücümüzün ildə 700 min tona yüksəlməsi hədəflənib. Ölkəmizin bir çox rayonlarında, xüsusilə Mingəçevirdə inşa edilən tekstil fabrikləri pambığın sadəcə xammal şəklində yox, həm də emalının və əlavə dəyərə çevrilən son məhsul kimi ixrac edilməsinin düşünüldüyünü göstərir. Həqiqətən də bu niyyət ölkəmizin iqisadi dirçəlişi üçün vacib strateji hədəflərdəndir. Nəzərə alsaq ki, pambığın qozaları həm də heyvan yemi, kolları müxtəlif yağların alınması üçün istifadə edilir, bu dəyərli bitkinin iqtisadiyyatımıza qazandıracağı dividentlərin düşünüldüyündən daha çox olacağını anlaya bilərik.

Bununla belə, neftin qiymətinin ucuzlaşması ilə gələn ildən etibarən, qarşı-qarşıya qalacağımız ağır böhran bu məsələdə bir qədər ehtiyatlı olmağı tələb edir. Nədən ki, dünyanın sənayeləşmiş ölkələrində başlayan istehsal azalmaları gələn il pambıq bazarına da mənfi təsir göstərə bilər. Böyük ehtimalla, “ağ qızıl”a tələbatın azalması gələn il pambığın da ucuzlaşmasına səbəb olacaq. Belə vəziyyətdə Azərbaycan bu dəyərli məhsulu yalnız öz emal gücü qədər istehsal etməli, xammal şəklində satmaq planlarını mümkün olduğu qədər azaltmalıdır. Pambıq tarlalarının yerinə yem bitkilərinin əkilməsi ölkəmizdə heyvandarlığın inkişafına da böyük təkan verərdi.

Üstəlik, statistik məlumatlar da pambıqda məhsuldarlığın müxtəlif regionlarda fərqli olduğunu göstərir. Belə ki, 2018-ci il noyabrın 3-ə olan məlumatlara görə, respublikada orta məhsuldarlıq hər hektarda 14.6 sentner olub. Ən yüksək məhsuldarlıq isə Samux (21.77 ha/s, Bərdə (21.26 ha/s), Tərtər ( 20.59 ha/s), Ağcabədi (20.34 ha/s) rayonlarında qeydə alınıb (http://www.agro.gov.az/xbrlr/1464-bu-l-pambiq-sahlrndn-193892-ton-pambiq-yiilib.html). Nəzərə alsaq ki, dünyada pambıq məhsuldarlığı ortalama 80 ha/s-dır, Azərbaycanın ən məhsuldar bölgələrinin belə, bu standartlardan xeyli geridə qaldığı ortaya çıxır. KTN və ölkəmizdə fəaliyyət göstərən müvafiq elm mərkəzləri məhsuldarlığı dünya standartlarına çatdırmaq üçün ciddi araşdırmalar aparmalı, bəzi pambıq sortlarının seleksiyası yolu ilə koldakı qozaların sayını artırmağa çalışmalıyıq. Bu məsələdə təbii ki, xarici təcrübələrdən də ciddi faydalanmalıyıq. Fikrimizcə, məhsuldarlığı artırmaqla həm cənab Prezidentin qarşıya qoyduğu hədəflərə daha qısa yolla çata, həm də əkinə yararlı torpaqlarımızdan daha əlverişli istifadə edə bilərik. Məhsuldarlığın daha az olduğu bölgələrdə isə fərqli bitkilər, o cümlədən yem və ərzaq məhsulları əkilməlidi.

2. Ətçilik sektorunun inkişafı

2. a. Maldarlıq

Ötən yazılarımızdan birində qeyd etdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin ilk 6 ayında 38,83 min ton ət idxal etmişik. Statistik məlumatlara görə, Azərbaycanın 2017-ci ildə ət və ət məhsulları istehlakının həcmi 364,3 min ton təşkil edib. Hər il istehlakın 5-6 faiz artdığını nəzərə alsaq, bu ilin 10 ayında idxal olunan ətin miqdarı hardasa ümumi tələbatın 10 faizi civarında olub. Bu isə ət tələbatımızın 80 faizinin özümüz tərəfindən istehsal olunması deməkdir ki, qida təhlükəsizliyi proqramının ktirik hesab etdiyi həddən yuxarıdır. Bununla belə, Azərbaycanın aqro-potensialı 20%-lik kəsiri də rahatlıqla aradan qaldırmağa imkan verir. Bunun üçün sadəcə əlimizdə olan yararlı torpaq sahələrindən faydalı istifadə etmək tələb olunur. Düşünürəm ki, Azərbaycanın müvafiq qurumları bu istiqamətdə incə düşünülmüş addımlar atır, istehsal gücümüzü artıran tədbirlər həyata keçirirlər. Təsadüfi deyil ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda diri çəkidə ət istehsalı 3,1 faiz artaraq, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 417,7 min ton olmuşdur. İstehsal gücümüzü artıran müvafiq tədbirlərin həyata keçirilməsi ilə gələn ildən etibarən bu imkanlarımızı daha da genişləndirə bilərik.

2.b. Quşçuluq:

Açığını desək, Azərbaycanın kənd təsərrüfatı sahəsində ən yaxşı göstərici quşçuluq sektoruna məxsusdur. Cənab prezidentimizin də dəstəyi ilə quşçularımız artıq bu sahədəki tələbatımızı 100% ödəmək gücünə sahibdir. “Siyəzən Broyler” kimi bir çox təsərrüfatlarının o öz istehsal güclərini gələn ildən 2 qat artırmaq planı Azərbaycanı quş məhsullarında ixracatçı dövlətə çevirə bilər. Bunun üçün isə qarşımızda dayanan yeganə problem yem məhsullarına olan tələbatımızdır. Biz bu tələbatı ixracat hesabına ödədikcə, xarici rəqabətə tab gətirə bilməyəcəyik. Məhz buna görə də bəzi sənaye bitkiçiliyi sahələrini yem məhsulları istehsal edən tarlalara çevirmək günün ən aktual məsələsinə çevrilməlidir.

Quşçuluq sektorumuzun inkişafında hökumətimizin atdığı bəzi addımlar da təqdirlə yad olunmalıdır. Xüsusilə Nazirlər Kabinetinin bir müddət əvvəl 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar əlavə rüsum müəyyənləşdirməsi ölkəmizdəki fermer təsərrüfatı müəssisələri, o cümlədən damazlıq yumurta istehsal edən təsərrüfatlar üçün geniş imkanlar yaradır. Sirr deyil ki, ölkəmizdə damazlıq yumurta istehsalı da ilbəil artır. Təkcə “Azərquşçuluq” MMC şirkətində ildə 500 min damazlıq toyuq saxlanılır. Müəssisə bu gücünü gələn ildən 600 min damazlıq toyuğa qaldırmaq niyyətindədir. “Xəmsə” MMC də gələn ildən istehsal gücünü ikiqat artırmaq istəyən şirkətlər sırasındadır. Müəssisə gələn il istehsal potensialını 180 min damazlıq toyuqdan 280 minə çatdırmağı düşünür. Ümumiyyətlə, Azərbaycanın damazlıq yumurta müəssisələrində hazırda 1 miyon 140 min toyuq mövcuddur. 2019-cu ildən bu rəqəmin 1 milyon 500 minə yüksələcəyi proqnozlaşdırılır. İndiki potensialla ildə 140-160 milyon civarında damazlıq yumurta istehsal olunur. Məqsəd bu sahədə də istehsal həcmini iki dəfə artıraraq, ölkəmizin quşçuluq sənayesində idxalatçıdan ixracatçıya çevrilməsi yolunda qollarını çırmalayan broyler müəssisələrini əsas xammalla təchiz etməkdir.

3. Torpaq və su ehtiyatlarımızdan düzgün istifadə

Məlum olduğu kimi, Azərbaycanın əkinə yararlı torpaq sahəsi ümumi topraq fondumuzun 40-ni təşkil edir. Prinsipcə, bu göstərici dünya ortalamasının üstündədir. Hazırda Ukrayna ərazisinin 56%-i əkinçilik üçün istifadə etməklə dünya birincisidir. 53%-lik göstərici ilə onu Hindistan izləyir. 3-cü yeri tutan Nigeriya isə öz ərazisinin sadəcə 37%-də aqrar istehsalatla məşğuldur. Aqro-dünya sıralamasında 4-cü yeri tutan Türkiyə isə ərazisinin 27.7%-dən bu məqsədlə istifadə edə bilir. İlk 15-liyə girənlər arasında Rusiyada bu göstərici 7%, Avstraliya 6%, Kanada isə 5%-dir. Bu fakt sübut edir ki, Azərbaycanın əkinə yararlı torpaq baxımından çox ciddi avantajları var və aqrar proqramlarla öz imkanlarını xeyli artırmaq qabiiyyətinə malikdir. Üstəlik, əkinə yararsız hala düşən böyük ərazilərimiz müəyyən su-meliorasiya tədbirləri nəticəsində şoranlıqdan qurtarıla bilər ki, bu da istehsal gücümüzü daha da artırar.

Bizim üçün yeganə problem də elə bununla - su ilə əlaqədardır. Statistik məlumatlara görə, ölkəmizin su ehtiyatının 70%-i hüdudlarımızdan kənarda əmələ gəlir. Digər 30% isə yağış və qar sularından təşkil olunur ki, bunun da böyük əksəriyyəti heç istifadə edilmədən Xəzər dənizinə tökülür. Zənnimcə, aqro-imkanlarımızı atırmaq üçün şoranlaşmış, erroziyaya uğramış və quraq sahələrdə su anbarlarının tikilməsi hökumətimizin qarşıdakı illərdə əsas vəzifələrindən biri olacaq.

Bir sözlə, neftin qiymətlərinin ucuzlaşması ilə qapımıza dayanan iqtisadi böhranı yaxşı düşünülmüş aqrar sektorun inkişaf lahiyələri ilə adlaya bilərik.




Ana səhifəyə qayıt        Baxış: 661          Tarix: 26-11-2018, 17:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma