“Aslanın erkəyi, dişisi olmaz” atalar sözü mənə Hermafrodit haqqında yunan rəvayətlərini xatırladır. Bu gün tibbi termində ikicinsəlliyin simvoluna çevrilmiş bu sözün gəldiyi yunan əsatiri belədir.
Ticarət və gəlir tanrısı olan Hermos ilə gözəllik İlahəsi Afrodita evlənirlər. Onların bu izdivacdan bir oğulları olur. Adını Hermafrodit qoyurlar. Yəni ata ilə ananın adını cütləşdirib uşağa verirlər.
Hermafrodit o qədər gözəl olur ki, su pərisinin diqqətini çəkir. Pəri daim ona yaxınlaşmaq üçün əlləşir, amma Hermafrodit onunla ünsiyyətdən qaçır.
Bir gün Hermafrodit göldə üzərkən su pərisinin qarşısına çıxır və su pərisi sevgilisinin qucağına atılıb sıx şəkildə ona sarılır. Tanrılara onların bir-birindən ayrılmaması üçün yalvarır. Arzusu qəbul olur və ikisi də eyni bədəndə birləşirlər. Beləliklə, ortaya cütcinsiyyətli insan çıxır.
“Aslanın erkəyi dişisi olmaz” fikri də yanlış olaraq bu heyvanın cütcinsiyyətliliyi barədə qənaət formalaşdırır. Halbuki, aslanın cinsi mənsubiyyəti uzaqdan seçilir. Görünür, bəzi mənəvi cütcinslilərin aslan sevgisi də bu yanlış qənaətdən doğur. Onlarda aslana bənzəmə duyğusu o qədər güclüdür ki, hətta atalarının verdiyi halal adlarından, soyadlarından belə, imtina etməyə hazırdırlar və bunu əyani şəkildə ortaya qoyurlar.
Soruşa bilərsiniz ki, mənəvi hermafroditizm nədir və mən bu termini hardan çıxarmışam?
Mənim fikrimcə, ikicinslilik təkcə fiziki hadisə deyil. İnsan fiziki xarakterinə görə təkcinsli olub, mənən hermafrodit kimi də hərəkət edə bilər. Söhbət təkcə cinsi təmayüldən, oriyantasiyadan da getmir. Mənim gözümdə şəxsiyyət ikiləşməsi də bir hermafroditizmdir.
Məsələn, bəzən görürsən ki, bir şəxs öz elinin-obasının düşməni olan millətlərlə yaxın təmas halında olur. Atı atın yanına bağlayanda həmrəy olduqları kimi, bu adamlarda da bir-birinə zidd iki xarakter meydana gəlir. Formaca genetik olaraq mənsub olduğu millətin, formaca düşmən xalqın nümayəndəsinə oxşayırlar. Yəni öz dilində danışırlar, amma düşmən xalqın beyniylə düşünürlər.
Özgələşmə, milli maraqlara düşmənçilik onların beynində elə həddə yüksəlir ki, hətta öz şəxsiyyətinin alçaldılması müqabilində belə, düşmənlərin könüllü 5-ci kolonunun üzvünə çevrilirlər. Öz xalqına yuxarıdan aşağı baxır, sosial şəbəkələrdə canlı yayınlara çıxıb milləti aşağılamaqdan çəkinmir, onun dəyərli ziyalılarına atmadıqları çamur qalmır.
Əvəzində isə düşməni müdafiə edir və bu xəyanətə mənəvi don geyindirməyi bacarırlar.
Bəli, şəxsiyyət ikiləşməsi yaşayan bu cür insanlar da hermafroditdirlər – mənəvi ikicinslilər.
Mürvət Həsənli,
ADAM-ın sədri
Paylaş: