Xəbər lenti
27-11-2024, 19:25

 

 Zabil Həsənov

 

   “Heç kəsə sirr deyil ki, lap son zamanlara qədər Qafqaz hakim dairələri hər işdə erməniləri müdafiə edir və ruhlandırırdı. Ermənilər isə ağıllı və əlli-ayaqlı bir millət kimi özlərinin bu müstəsna vəziyyətlərindən bacarıqla yararlanırdılar. Məktəblər açır, qəzetlər təsis edir, maarif və xeyriyyə cəmiyyətləri qurur, kitablarxana və qiraətxanalar təsis edir və bütün bunların sayəsində həm zehni, həm də iqtisadi cəhətdən sürətlə qabağa gedirdilər. Nəticədə sayca nisbətən az olsalar da onlar diyarda üstün rol oynamağa başladılar. Müsəlmanlar isə böyük əksəriyyət təşkil etmələrinə baxmayaraq...”

Bu sözlər xalqımızın “möhtəşəm mütəfəkkiri” olan (ifadə türk alimi Fəxrəddin Gülsevənindir)  Əhməd bəy Ağaoğluya məxsusdur və yazı “İrşad” qəzetinin 14 fevral 1907-ci il tarixli sayında çap olunmuşdur. 110 il bundan əvvəl hansı cəhətdən ermənilərdən geridə qaldığımızı aydın şəkildə ifadə edən Əhməd bəy haradan biləydi ki, onun bu sözləri heç oxunmayacaq da. Bizim ziyalılarımız bu yazılardan nə qədər nəticə çıxarmışlar və ya nə qədər özünü ziyalı adlandıranlar onu Azərbaycanın görkəmli  bir mütəfəkkiri kimi tanıyır. Bu yaxınlarda saytların birində Əhməd bəy Ağaoğlunun daha bir yazısı ilə tanış oldum. Yazıda şimaldan gələn bir rus ziyalısının azərbaycanlılar haqqında dedikləri qələmə alınmışdı. Məqaləyə aid bir neçə arxaik ifadələri kənarlaşdırsaq, adama elə gələr ki, gələn qonaq bu yaxınlarda Azərbaycanda olub və dedikləri indiki reallığı əks etdirir. Bu o deməkdir ki, yüz il bundan qabaq necə idiksə elə həmənik, heç dəyişməmişik. Niyə dəyişməmişik? Ona görə dəyişməmişik ki, bu millətə doğru-düzgün yol göstərən olmayıb. Göstərənlər də söz xatirinə danışıblar və əməlləri tamam başqa məqsədlərdən xəbər verib.

Millətin yol göstərəni onun ziyalısı olmalıdır. Sıravi vətəndaş başını aşağı salıb öz güzaranı üçün çalışır; özünə yuva qurur, ailəsinin dolanışığı üçün işləyir, övlad tərbiyə edib onu böyüdür, təhsil almağına kömək edir, ailə qurmasına və xoşbəxt yaşamasına sevinir.  Cəmiyyət və onun qanunauyğunları haqqında sıravi vətəndaşların heç bir məlumatı olmaya bilər və heç öyrənməyə də borclu deyillər. Sadəcə ətrafa baxıb  “palaza bürünüb elnən sürünürlər”.  Hər hansı bir məsələyə, ”İndi bu işi belə görürlər” fəlsəfəsi ilə yanaşır.  O  vətəni təhlükədə olduqda namusunu, ailəsini, ölkəsini qorumaq üçün ölümə belə getməyə həmişə hazırdır. Qalan məsələlərin yükü isə  millətin avanqard hissəsinin çiyinlərinə düşür.  Nəyə üstünlük vermək, nəyi necə və nə vaxt etmək, hansı mövqeylərdən geri durmamaq, nəyi təqdir edib, nəyi qəbahət saymaq, ətrafdakılarla münasibətdə ədalətli mövqe tutmaq və s.kimi  məsələlərin araşdırılması isə ziyalıların vəzifəsi olmalıdır. Lap dar mühitdən (ailədən) başlamış qlobal mühütlərə qədər (millətlər, dövlətlər,dinlər arası) münasibətləri tənzimləyən məsələləri müəyyənləşdirmək sıravi vətəndaşın deyil, millətin ziyalı çörəyini yeyənlərin vəzifəsidir.

Yazılarımı həmişə gənc nəsl üçün nəzərdə tutduğumdan müstəqillik dövründən əvvəlki, yəni sovet dönəminin son illərinin ziyalı zümrəsi haqqında onlara bəzi bilgilər verməyi lazım bilirəm.                                                                                                                                   Əvvəlki yazılarımın birində SSRİ zamanı bizim ziyalıların 37-ci il soyqırımana daha çox məruz qaldığı və bundan sonra xalqımıza “sovet ziyalısı” adında bir zümrənin sırındığını qeyd etmişdim. İmperiyanın axırıncı illərində bizim ziyalılar nə ilə məşğul idilər? Sözsüz ki, ziyalılara cəmiyyətin yuxarı təbəqəsi arasında olanlar aid edilməlidirlər. Birinci növbədə bura elmi idarələrdə (akademiya, sahə institutları, unveristetlər, instutlar və s.), ədəbiyyat , icəsənət, mədəniyyət sahəsində  çalışanlar aid edilir ki, onlar lazımı səviyyədə əmək haqqı ilə təmin edilmədiklərindən dolanmaq xatirinə müxtəlif yollara əl atırdılar. Məsələn, institutlarda bir-biri ilə əlaqədə olan adamlar qruplar yaradır və tələbə qəbul etdirmək, elmi iş müdafiə etdirmək, kəsiri olan tələbələrə qiymət yazdırmaq və s. üçün haqq müqabilində müxtəlif yollara gedirdilər. Yaxud da vəzifə əldə etmək, Bakıya qeydiyyata düşmək, ev növbəsinə yazılmaq, Yazıçılar İttifaqına üzv olmaq, mətbu orqanlarda çap olunmaq, kitab çap etdirmək kimi işlərdə dolanışıq tapmağa çalışırdılar. Bir qismi isə öz elmi potensialını başqasına satmaqla məşğul olurdular. Belələri yüksək vəzifəli şəxslər üçün məruzə hazırlayır, imkanlı adamlar üçün dissertasiya yazır,  bir başqaları kitabxanalarda oturub diplom işi, refarat, kurs işi yazmaqla çörəkpulu qazanmağa cəhd edirdilər. Məmur səviyyəsində olanlar da indiki kimi  ancaq özləri üçün yaşayırdılar. Akademiyada, elmi idarələrdə, institutlarda vəzifə tutanlar səlahiyyətlərindən gen-bol istifadə edə bilirdilər. Orden, medal vermək lazım olanda birinci onların yaxasına taxılmalı, verilən mükafatın çox hissəsi onlara çatmalı, kollektivə ev vermək lazım gələndə birinci onların adları yazılmalıydı. Xaricə səfərlər, müxtəlif konfraslarda iştirak, həmkarlar hesabına istirahətə getmək haqqı onlara kəbin  edilmişdi. O zaman yazılan elmi kitablara baxsanız bilin ki, kitabın müəllifi adı birinci olan yox, ikinci və bəzən də üçüncü olandır. Belə ziyanlılar maraqları xatirinə çox vaxt istedadlı gəncləri gözümçıxdıya salıb onları elmdən iyrəndirmək həddinə qədər gətirib çıxara bilirdilər. Az bir hissəsi isə öz adına sığınıb saflığını, ziyalılığını çətinliklərə dözərək  qoruya bilirdi. Belələrinin hörməti tələbələri arasında böyük olsa da, qohum-əqraba, tanış-bıliş yanında o qədər də xoş qarışılanan deyildilər. Hər rola girib özlərinin maraqlarını təmin edə bilən iş yoldaşları isə belələri haqqında, “acından ölənin biridir” ifadəsini işlədirdilər.

   Bəndəniz Xankəndi Pedaqoji İnstutunda oxuduğu dövrdə bir erməni  instituta rektor gətirilmişdi.  Erməni dığaları deyirdilər ki,  sürdüyü təzə qırmızı “Moskviç”i,   istedadlı tələbə olduğu üçün, ona elmi rəhbəri  hədiyyə etmişdi. Gənclərin dili ilə desək, o zaman bu maşınlar “bərkgedən”  hesab edilirdi. Bəs bizdə necə idi? Ziyalı adını daşımaq zorunda olan bizimkilərin isə gözü tələbələrin əllərinə dikilmişdi. İmkanlı valideyn övladının elmi rəhbərinə maşın alırdı ki, uşaq elmi ad alsın. Vəzifəli adamın övladına, qohuma, dosta diplom verən rektorlar da tapılırdı.

Müstəqilliyimizin ilk illərində özlərini gözə soxmağa çalışan bu zümrə dövlətçiliyin möhkəmləndirilməsi uğrunda mübarizə aparmaq əvəzinə, müxtəlif klanlara qoşulub, vəzifə, mövqe davası aparmağa girişdilər. Vətən yaddan çıxdı. İndi niyə gözə dəymirlər? Çəmənlikdən, güldən, bülbüldən şeirlər qoşan və millətin ziyalı çörəyini yeyənlərə demək istəyirəm ki, çəmənliklər də,  güllər də Turşsuda, Xarı bülbüllər Şuşada qaldı. Əvvəl oranı qaytarmaq haqqında düşünün sonra vəsf edərsiniz.

Biri də vardı, adına şair deyirdilər. Rektoru olduğu institutu elə günə saldı ki, güc-bəla ilə onu oradan qoparmalı oldular. Aradan bir az keçmiş özünü çatdırdı telekrana və başladı vətənpərvərlikdən dən vurmağa. “Baxın, şerimdə mən Şuşanı qar üstündə qan laxtasına bənzətmişəm”.  Bu şairdən soruşan gərək bir ziyalı kimi Şuşanın qan  laxtasına çevrilməsində özünün günahını dərk edirsənmi? Etmirsənsə deyim. “Milləti müəllim doğur” deyimi elə-belə yaranmayıb, nə qədər savadsıza  diplom verib göndərmisən millətin balalarına dərs deməyə və belə  müəllimlərin “doğduğu” nə olacaq? -əvvəl nadan, sonra da manqurd.

   Hanı o ziyalılar, niyə susurlar? Nə vaxt bu millətin ziyalısının varlığı hiss ediləcək?  Ondan ruh alan xalq isə düşmənə öz yerini göstərməyə həvəsləndiriləcək. Anlamaq lazımdır ki, hər üstündən keçilmiş fakt,  daha eybəcər hallara gətirib çıxaracaq.  Siz “Lider” TV-nin jurnalistinin Lavrova verdiyi suala görə tənbeh edilməsinə etiraz etsəydiniz, bu gün  başqa bir Yevseyev də bizi aşağılamağa girişməzdi.




Ana səhifəyə qayıt        Baxış: 1 255          Tarix: 5-12-2018, 18:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma