Son illər beynəlxalq təşkilatların Azərbaycanla bağlı ədalətli mövqe tutması bir tendensiya halını alıb. Bu, qəbul edilən sənədlərdə də öz ifadəsini tapmaqdadır. O cümlədən Avropa İttifaqının getdikcə daha böyük miqyasda Azərbaycan həqiqətlərini etiraf etdiyini ifadə edən sənədlər qəbul edilir. Onlardan biri bu il dekabrın 12-də qəbul edilib. Həmin sənəd Aİ-nin illik fəaliyyəti ilə bağlı analitik-proqnostik müddəaları özündə ehtiva edən hesabat-məruzədir. Burada göstərilir ki, Aİ tərəfdaş dövlətlərin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəkləyir. Yəni Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn hamılıqla tanınmış normaları və prinsiplərinə uyğun həll edilə bilər. Bu, çox vacib məqamdır. Eyni zamanda, sənəddə qlobal miqyasda gedən proseslərə Aİ-nin baxışları və yaranmış vəziyyətin mümkün inkişaf istiqamətləri əks olunub. Yəni məsələyə bütövlükdə dünyanın geosiyasi mənzərəsi prizmasından nəzər salmaq imkanı vardır. Məhz bu kontekstdə biz sənəddə yer almış müddəalar üzərində daha geniş dayanmağa ehtiyac gördük.
Hesabat sənədi: reallıq və etiraflar
Bugünlərdə Strasburqda Avropa Parlamentinin plenar sessiyasında qurumun xarici əlaqələr komitəsinin hazırladığı "Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabat" dinlənilib. Hesabat-məruzə 29 maddədən ibarətdir. Bir neçə bənddə ümumi prinsiplər əks edilib. Məruzəçi xarici əlaqələr komitəsinin sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlister olub. Dekabrın 12-də həmin sənəd Avropa Parlamentində böyük səs çoxluğu ilə qəbul edilib (bax: Annual report on the implementation of the Common Foreign and Security Policy (2018/2097(INI)) / europarl.europa.eu, 26 noyabr 2018).
Məruzə ekspertlərin diqqətini iki aspektdə cəlb edib. Hər şeydən öncə, Avropa İttifaqının bir təşkilat olaraq xarici siyasət istiqamətində yeritdiyi kursun reallaşmasını necə qiymətləndirməsi maraq doğurur. Çünki mütəxəssislər bütövlükdə bu təşkilatın siyasi aqibəti haqqında fərqli proqnozlar verirlər. Ümumi mənzərənin Aİ-nin daxilində necə qiymətləndirildiyi əhəmiyyətlidir. İkinci aspekt Aİ-nin müxtəlif regional münaqişələrin həllinə münasibəti ilə bağlıdır. Bu kontekstdə Cənubi Qafqazda illərdir mövcud olan münaqişələrin həllinə Brüsselin baxışları aktualdır.
Bu prinsiplərin fonunda Aİ-nin, ümumiyyətlə, yeni müstəqil ölkələrlə bağlı siyasəti üzərində düşünmək olar. Bu məsələ də uzun illər son dərəcə aktual məzmun kəsb etməyə başlayıb. Səbəbi ondan ibarətdir ki, xüsusilə, postsovet məkanında əhəmiyyətli geosiyasi və siyasi proseslər daha da aktivləşib. Meydana çıxan faktorların obyektiv qiymətləndirilməsi və uyğun nəticələrin əldə edilməsi mühüm əhəmiyyət kəsb edir.
İlk növbədə onu da vurğulayaq ki, Avropa Parlamentində sənədin böyük səs çoxluğu ilə qəbulu da təsadüfi deyil. Pərdəarxası proseslərdə millətlərin öz müqəddəratını təyinetmə prinsipi ilə dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı prinsipi arasında gərgin mübarizə gedib. Bir sıra ermənipərəst deputatlar özünütəyinetmə hüququnu süni şişirtməyə cəhd göstərib. Onlar 2017-ci ildə ciddi məğlubiyyətə uğramışdılar. O zaman Avropa İttifaqının Brüsseldə keçirilən "Şərq tərəfdaşlığı" sammitinin birgə bəyannaməsində tərəfdaş ölkələrin hər birinin suvereneliyinin, ərazi bütövlüyünün təmin edilməsi və sərhədlərinin toxunulmazlığı yer almışdı. 2018-ci il dekabrın 12-də qəbul edilən sənəd bunun məntiqi davamıdır.
Bununla yanaşı, yeni qəbul edilən sənəddə mühüm bir məqam da öz ifadəsini tapıb. Biz, bütövlükdə Avropa İttifaqının geosiyasi proseslərə yanaşmasında özünü göstərən prinsipləri nəzərdə tuturuq. Bu təşkilat son illər qlobal miqyasda baş verən dəyişikliklərdən müəyyən nəticələr çıxarmağa başlayıb ki, bu da sənədin giriş hissəsində yer almış müddəalarda özünün konkret ifadəsini tapıb.
Aİ hesab edir ki, təhlükəsizlik sferasında vəziyyət qeyri-stabildir. O, gözlənilməzlik, qeyri-müəyyənlik və öncədən proqnozlaşdırılmayan proseslərin meydana çıxa bilməsi ilə xarakterizə olunur. İkinci dünya müharibəsindən sonra bu cür riskli mənzərə yaranmamışdı. İndiki durumda dövlətlərarası münaqişələr, təbii fəlakətlər, terrorizm, baş tutmayan dövlətlər, kiberhücumlar və hibrid müharibələr adi hala çevrilib (bax: əvvəlki mənbəyə). Bu vəziyyət Aİ üçün iki məsələni daha da aktuallaşdırıb: birincisi, təşkilatın özünün təhlükəsizliyinin təmini; ikincisi, Aİ-yə qonşu ölkələrlə münasibətlərin konstruktiv məcrada inkişafına nail olunması. Bu zaman Brüssel hesab edir ki, Aİ öz maraqları və dəyərlərini qorumaq kimi böyük məsuliyyət daşıyır.
Deməli, sənəddə faktiki olaraq qonşu ölkələrlə münasibət Aİ-nin taleyüklü problemi statusunda müəyyən edilir və təşkilatın bunun məsuliyyətini daşıdığı vurğulanır. Məsələnin bu müstəvidə qoyuluşu Aİ-nin qonşu ölkələrlə münasibətləri məsələsini Brüsselin xarici siyasətinin prioritetlərindən biri kimi qəbul etdiyini ifadə edir. Həm də bu məqam Aİ-nin strateji məqsədləri sırasında yer alır. Bu o deməkdir ki, qonşu ölkələrlə əlaqələr məsələsi ötəri xarakter daşımayıb, əksinə, artıq Aİ-nin ümumən strateji fəaliyyət doktrinasının əsas müddəalarından biri statusunu alır. Daha konkret ifadə etsək, Brüssel Aİ-nin təhlükəsizliyini ancaq qonşu ölkələrlə münasibətlərin necə olacağı ilə bağlayır. Eyni zamanda, Avropa İttifaqı öz maraq və dəyərlərinin təmin edilməsini fəaliyyətinin başlıca şərti olaraq görür. Bu da onu deməyə əsas verir ki, Aİ qlobal geosiyasətdə ayrıca söz sahibi olmaq iddiasından əl çəkmək fikrində deyil.
Belə bir məqsədi qarşısına qoymaq təşkilat üçün asan qərar deyil. Yenə də həmin sənədə görə, 2050-ci ilə qədər Aİ əhalisi dünya əhalisinin cəmi 5 faizini təşkil edəcək. 1960-cə ildə isə bu rəqəm 13 faiz olub! Yəni qarşıda demoqrafik problem var. Ən çox artım Afrikada gözlənilir. Bu o deməkdir ki, dünya əhalisinə əlavə olunacaq 2,4 milyardın 1,3 milyardı Afrikada dünyaya göz açacaq. Bu vəziyyət avtomatik olaraq kasıb ölkələrdə çoxlu sayda problemlər meydana gətirəcək. Əgər onlar sürətlə aradan qaldırılmasa, həm Afrika, həm də Aİ üçün dağıdıcı proseslər baş verə bilər.
Görünür, bu qənaəti Brüssel hazırda müşahidə edilən miqrasiya proseslərinin ümumi xarakterini nəzərə alaraq ifadə edir. Belə ki, Avropada əhalinin azalması fonunda kənardan gələn və fərqli mədəniyyətə malik insanların sayının artması bütövlükdə irq olaraq avropalıları təhlükə altına salır. Əgər bu tendensiya güclənsə, "Qoca qitə"də demoqrafik vəziyyət doğrudan da çox mürəkkəbləşəcək. Meydana qarşısı çətin alınan yeni problemlər çıxacaq.
Avropa İttifaqı ölkələrini narahat edən digər məsələ 2050-ci ildə dünya geosiyasətində yeni qüvvələr balansının yaranması ehtimalının yüksək olmasıdır (bax: əvvəlki mənbəyə). Hesabat-məruzədə vurğulanır ki, həmin müddətə dünyanın aparıcı gücləri ABŞ, Çin və Hindistan ola bilər. Onların siyasi təsir sahəsi daha da genişlənər və lider mövqeyinə çıxarlar. Bunun fonunda isə Aİ-nin dünyanın super iqtisadi güclərindən biri olmaq şansı əldən çıxar. Bununla da həm Aİ-nin ayrı-ayrı üzvləri, həm də təşkilat bütövlükdə fərqli dünya siyasi balansı ilə üz-üzə qala bilər. Belə bir vəziyyət Avropa üçün yeni problemlər, o cümlədən dünyanın qlobal idarəetmə institutlarının möhkəmləndirilməsi zərurətini meydana gətirə bilər.
Brüsselin proqnozları bunlarla məhdudlaşmır. Sözügedən məruzənin müəllifləri vəziyyəti daha geniş miqyasda analiz etməyə çalışırlar. Onlar göstərirlər ki, formalaşmaqda olan "yeni dünya nizamı getdikcə daha çox asimmetriya ilə xarakterizə olunur" (bax: əvvəlki mənbəyə). Bunun səbəbi qeyri-dövlət subyektlərinin dünya siyasətində getdikcə daha ciddi rol oynaması ilə bağlıdır. Onlar son 10 ildə təsir dairələrini genişləndiriblər. Buraya QHT-lər, insan haqları ilə məşğul olan, ədalətli ticarət və təbii resurlardan rasional istifadə uğrunda mübarizə aparan qeyri-hökumət təşkilatları, transmilli şirkətlər, sosial şəbəkə fəalları daxildir. Həmin qruplarla yanaşı, cinayətkar qruplaşmalar və terror təşkilatlarını da kənara qoymaq olmaz. Onlar dağıdıcı istiqamətdə fəaliyyət göstərirlər ki, yekunda sistemdən kənar subyektlər kimi dünyadakı vəziyyətə təsir edirlər.
Aİ-yə iki istiqamətdən təhlükə: əməkdaşlıqla xaos arasında
Butün bunlar Aİ-yə iki aspektdə zərbə vurur. Birinci aspekt Aİ-nin mahiyyətinə uyğun olan çoxtərəfli əməkdaşlığa maneələr törətməklə bağlıdır. Ölkələr arasında ixtilaflar meydana çıxır, silahlı toqquşmalar baş verir və qeyri-müəyyənlik artır. İkincisi, yeni yaranan heç bir dövlətin və ya qeyri-dövlət şəbəkəsinin dünyanın supergücü olmaq şansı yoxdur. Deməli, yenə də məsuliyyət artıq oturuşmuş böyük güclərin, o cümlədən Aİ-nin üzərinə düşür.
Bunların fonunda artıq "dünya ictimaiyyəti dərk etməyə başlayıb ki, transmilli problemlərin həlli və qlobal idarəetmənin daha da yaxşılaşdırılması üçün transmilli qərarlar zəruridir" (bax: əvvəlki mənbəyə). Ancaq dünya əhalisinin demək olar ki, dörddə birinin qeyri-stabil dövlətlərdə yaşadığı bir şəraitdə buna nail olmaq asan deyil. Həmin insanlar sosial-iqtisadi bərabərsizliyin qida mənbəyinə çevrilirlər. Bu isə sabitliyə, demokratiyaya və sülhə birbaşa təhlükə yaradır.
Aİ-ni o da narahat edir ki, maliyyə böhranı, miqrasiya problemləri, avroskeptisizmin yüksəlişi, xarici siyasətdə qeyr-ardıcıllığın üstünlük təşkil etməsi, Avropa ictimai rəyində qlobal siyasətə təsirə baxışlarda fərqlərin olması təşkilatın özünəməxsus strategiyasının formalaşmasına ciddi maneələr törədib. Bu da Aİ-ni proseslərin subyekti yox, obyektinə çevirib, yəni Brüssel dünya siyasətinin ssenarisinin yazılmasında iştirak etməyib, başqalarının qəbul etdiyi qərarlara reaksiya verməyə məcbur olur. Halbuki Aİ siyasətdə dünya standartları üzrə "lider qalmaqda davam edir" (bax: əvvəlki mənbəyə).
Bu boşluqdan Çin və Rusiya istifadə etməyə çalışırlar. Onlar mövcud beynəlxalq hüququ qəbul etmək əvəzinə, onun qarşısına bir sıra "problemlər" çıxarırlar. Konkret olaraq, Çin və Rusiya demokratik islahatlara və beynəlxalq hüququn təkmilləşməsinə "xidmət göstərmirlər".
Ancaq Aİ üçün məsələlər bununla məhdudlaşmır. Sənəddə ABŞ, İran və onlarla yanaşı bir sıra terror təşkilatları ayrıca qeyd olunur. Belə ki, Amerikanın İranla imzalanmış sazişdən çəkilməsi Yaxın Şərqdə təhlükəsizliyə böyük təhdid kimi qiymətləndirilir. İranla qanuni iş əlaqəsi quran Avropa şirkətlərinə ikiqat vergi qoyulması isə dərin təəssüf hissi doğurur. Bu, Avropanın iqtisadi suverenliyinə də ziyan verir. Dolayısı ilə Aİ-nin ticarət əlaqələrinin dollardan asılılığına yardım edir. Bunu Brüssel artıq problem olaraq qəbul edir.
Hesabat-məruzədə bütün bunlarla bərabər, İŞİD, "əl-Qaidə" və digər beynəlxalq terror təşkilatlarının Aİ üçün ciddi təhlükə törətdiyi ayrıca bəndlə vurğulanır (bax: əvvəlki mənbəyə). Bunların nəticəsi olaraq Aİ vahid təşkilat kimi sistemli, ardıcıl və məqsədyönlü siyasət yeritməli və hər bir üzv dövlət bu işə öz töhfəsini verməlidir. Lakonik deyilsə, Brüssel Aİ-nin qlobal strategiyasını reallaşdırmaqda qərarlıdır.
Beləliklə, "Avropa İttifaqının öz taleyini öz əlinə alması üçün zaman yetişib" (bax: əvvəlki mənbəyə). Təşkilat beynəlxalq münasibətlərdə tam müstəqil, suveren siyasi və iqtisadi güc olaraq çıxış etməlidir. O cümlədən bütün dünyada münaqişələrin həllində aparıcı rol oynamalı, qlobal idarəetməni formalaşdırmalıdır. Bunun üçün real olaraq ümumi Avropa xarici siyasəti və təhlükəsizlik sahəsində siyasət gərəkdir. Bu siyasət strateji və müstəqil olmalı və Avropanın inteqrasiyasına xidmət etməlidir. Çünki belə bir əminlik vardır ki, ayrı-ayrılıqda heç bir üzv dövlət müasir qlobal çağırışlara cavab verə bilməz. Yalnız birgə fəaliyyət üzv dövlətlərə beynəlxalq danışıqlarda geniş imkanlar aça bilər. Bir sıra üzv dövlətlərin millətçi mövqe tutması bu prosesə zərər verir, ümumavropa dəyərlərini yaymağa maneələr törədir.
Bütün bunlar xarici əlaqələrdə yeni məzmun kəsb edən xətt seçməyə əsas yaradır. Bu kontekstdə sülh, demokratiya, bərabərlik, qanunun aliliyi, BMT siseminin və regional təşkilatların dəstəyi ilə beynəlxalq nizamın təmini, "münaqişələrin həlli və idarə edilməsinə üstünlük vermək, sülhyaratma və institusional inkişaf", dayanıqlı inkişafa yardım, iqtisadi əməkdaşlıq, ədalətli ticarət və s. əhəmiyyət kəsb edir (bax: əvvəlki mənbəyə).
Yekun olaraq bu kimi addımların atılması həm Aİ daxilində vətəndaşların həyatına müsbət təsir etməyi, iqtisadi əməkdaşlığı genişləndirməyi, bütün dünyada təhlükəsizliyin və sabitliyin təminini, böhranlar yaranana qədər onların aradan qaldırılmasını, münaqişələrin dinc yolla həllinə yardım etməyi nəzərdə tutur.
İlham Əliyevin uğurları: ərazi bütövlüyü və suverenliyə dəstək
Sənəddə vurğulanan bu kimi məqamlar əhəmiyyətli geosiyasi nəticələr çıxarmağa əsas verir. Öncə onu qeyd edək ki, Aİ-nin hazırkı vəziyyəti onu daxili və xarici siyasətdə transformasiyalar etməyə məcbur edir. Bunu ilk növbədə özünün dünyadakı varlığını qoruyub saxlamaq naminə etməlidir. Sənəddə qeyd edilən müddəalar da bir daha sübut edir ki, Brüsselin indi yeritdiyi siyasət qarşısına qoyduğu hədəflərə tam çatmağa imkan vermir. Avropa İttifaqı dəyişməlidir ki, qlobal siyasətdəki yeri və rolunu yeniləşdirə bilsin.
Bunun üçün həyata keçirməli olduğu proqramlar sırasında qonşu saydığı ərazilərdə münaqişələrin həlli başlıca yerlərdən birini tutur. Çünki əks halda, həmin ərazilərdən Aİ-yə daim təhlükələr özünü göstərəcək ki, bu da bütövlükdə təşkilatın varlığına risklər yaradır, beynəlxalq əməkdaşlığa zərbələr vurur. Onda Brüssel ciddi şəkildə "Şərq tərəfdaşlığı" proqramına yenidən baxmalıdır. O cümlədən münaqişələrin həllində rolu məsələsinə düzəlişlər etməlidir.
Məhz bu kontekstdə 2015-cı il Riqa sammitindən sonra Aİ regional münaqişələrə ikili standartlar çərçivəsində yanaşmadan uzaqlaşmağa çalışır. Ədalət naminə etiraf edək ki, bu prosesdə ona ciddi maneələr törədən qruplar vardır. Onların sırasında ermənilərə Avropada havadarlıq edən dairələr xüsusi yer tutur. Deyək ki, Avropa Parlamentində rəsmi İrəvana lobbiçilik edən qruplar mövcuddur. Onlardan biri "Ermənistanın avropalı dostları" (EuFoA) adlanır. Bu qruplar deputatları pulla ələ alaraq onları yalan danışmağa sövq edirlər. Maraqlısı odur ki, son iki ildə ermənilərin bu kimi fırıldaqlarının tərəfdarları azalır. Buna görədir ki, Aİ-də Ermənistanı qane etməyən daha çox sənəd qəbul edilir. Dekabrın 12-də qəbul edilən sənəd bu kontekstdə çox əlamətdardır.
Həmin sənəddə yazılıb ki, Aİ bir daha öz tərəfdaşlarının suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünün təmininə dəstəyini bəyan edir. Aİ vurğulayır ki, bütün "dondurulmuş münaqişələr"in beynəlxalq hüquq qaydaları, normaları və prinsipləri əsasında həll edilməsinə sadiqliyini təsdiqləyir. Zərər görmüş əhaliyə, məcburi köçkünlərə, qaçqınlara yardımını bir daha vurğulayır. Üçüncü ölkələr tərəfindən vəziyyətin sabitlikdən çıxarılması cəhdlərinə qarşı durmağı alqışlayır. Bu kontekstdə Aİ Rusiyanın Ukrayna və Gürcüstandakı hərəkətlərini pisləyir. Xüsusi olaraq vurğulayır ki, "Rusiya Krımı anneksiya edib", "Ukraynanın şərqinə müdaxilədə bulunub", "Gürcüstanın ərazisini işğal edib" (bax: əvvəlki mənbəyə).
Bu cür formuldan iki mühüm siyasi nəticə çıxara bilərik. Əvvəla, Aİ Azərbaycan da daxil olmaqla bütün tərəfdaşlarının suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qəbul edir. İkincisi, Aİ konkret olaraq Ukrayna və Gürcüstanın işğala məruz qaldığını ayrıca qeyd edir. Birinci müddəanın Aİ-nin sənədində yer almasında Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna xidməti vardır. Bunu konkret faktlar sübut edir.
Hələ Riqa sammitində İlham Əliyev Aİ-yə assosiativ üzvlüyün qüsurlu tərəflərini geniş izah etdi. Lakin Azərbaycanın bu təşkilatla strateji tərəfdasşlıq qurmaqda maraqlı olduğunu da bəyan edib konkret proqram təklif etdi. Brüssel bu təkilfləri araşdırıb uyğun nəticələr çıxardı. Onların sırasında 2017-ci ildə Aİ-nin sənədində açıq surətdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı qeyd olundu.
İlham Əliyev yalnız diplomatiya sferasında Azərbaycanın Aİ ilə səmimi münasibtələr qurmaqda maraqlı olduğunu sübut etmədi. Bakının sosial-iqtisadi, ticari, enerji, nəqliyyat-loqistika sferalarında həyata keçirdiyi proqramlar göstərdi ki, Azərbaycan etibarlı və vacib tərəfdaşdır. Bu da Brüsselin ikili standartlar siyasətinə ciddi təsir etdi.
Yuxarıda apardığımız təhlil dekabrın 12-də qəbul edilən sənədin ədalətə daha da yaxınlaşdığını, ancaq hələ də müəyyən qüsurların qaldığını göstərməkdədir. Məsələn, hesabat-məruzədə Rusiya işğalçı ölkə kimi göstərilir, ancaq Ermənistanın adı çəkilmir. Ukrayna və Gürcüstanın işğala məruz qaldığı açıq vurğulanır, lakin Azərbaycandan bəhs edilmir. Səbəb nədir? Cəsarətlə deyə bilərik ki, Brüssel hələ də ikili standartlar sindromundan tam xilas olmayıb.
Ancaq təcrübə göstərir ki, Prezident İlham Əliyev Brüsselə bunu da qəbul etdirəcək. İndiyə qədər Azərbaycanla bağlı qəbul edilən bütün müsbət sənədlərin kökündə Azərbaycanın dövlət başçısının çox uğurlu xarici siyasət kursu dayanır. Yəni təşəbbüskar Brüssel deyil, onu dəyişən İlham Əliyevin siyasi iradəsi və diplomatik ustalığıdır.
Azərbaycan Prezidenti həyata keçirdiyi proqramlarla bir daha sübut edəcək ki, Azərbaycan Cənubi Qafqazda dövlətçiliyi ən çox baş tutan yeganə dövlətdir. O, Aİ-nin etibarlı və perspektivli tərəfdaşıdır. Aİ öz sənədində vurğuladığı kimi, qonşu ölkələrdən təhlükə gözləmək istəmirsə, haqqı-ədaləti müdafiə etməlidir. Sabitlik məkanı olan Azərbaycanın ədalətli tələblərinin ödənilməsinə ciddi yardım göstərməlidir. Yəni Brüssel dolayısı ilə özünün mövcudluğu naminə Cənubi Qafqaz siyasətində ikili yanaşmadan tamamilə imtina etməlidir. Biz dekabrın 12-də qəbul edilən hesabat-məruzəni bu istiqamətdə atılmış növbəti addım hesab edirik. Bu baxımdan sənəd əhəmiyyətlidir və Azərbaycan Prezidentinin apardığı xarici siyasətin təntənələrindən biridir!
Kamal Adıgözəlov
Paylaş: