95 il öncə, 21 yanvar 1924-cü ildə SSRİ-nin qurucusu Vladimir İliç Lenin 53 yaşında vəfat edib. İlk sosialist dövlətini yaratmaqla dünyanın siyasi mənzərəsinə yenilik gətirən Lenin çəkdiyi “əziyyət”in bəhrəsini çox da görməyib, yaratdığı dövlətə uzun müddət rəhbərlik edə bilməyib. Artıq 1922-ci ildən Lenin, demək olar ki, öz vəzifəsinin icrasından təcrid olunub.
Vladimir İliç Leninin ömrünün son illərində Stalin hakimiyyətə sahib olmaq uğrunda bütün vasitələrə əl atıb. Hətta o, hakimiyyəti ələ keçirmək üçün proletariatın rəhbərini bütün siyasi proseslərdən təcrid edərək, həbs vəziyyətində saxlayıb.
1922-ci ilin may ayında Leninin beyninə qan sızması Kremldə gərgin vəziyyət yaradıb. Hakimiyyət uğrunda amansız mübarizə pik həddə çatıb. Leninin silahdaşları, xüsusilə Trotski həmin vaxt çox populyar olub. Fikir ayrılıqları və siyasi çəkişmələr kəskin şəkildə özünü büruzə verib.
Bu məsələdə Lenin fikrini açıq bildirib, Stalinin partiyaya rəhbərlik etmə bacarığına şübhə ilə yanaşdığını ifadə edib (o zaman Stalin hələ yenicə partiyanın baş katibi seçilmişdi). Lenin 1922-ci ilin noyabrında Siyasi Büronun üzvlərinə müraciət edərək, Stalini açıq şəkildə tənqid etməkdən çəkinməyib. Stalin bu tənqidlə bağlı daxilində son qərarını verib: “Leninə münasibətdə sərtlik göstərməyin vaxtı çatıb”.
Sövdələşmələr nəticəsində 30 dekabr 1922-ci ildə partiyanın Mərkəzi Komitəsi şəxsən Stalinin qarşısında Lenini partiya yoldaşları ilə birbaşa əlaqə saxlama imkanından məhrum etmək və onlarla yazışmağa qadağa qoymaq, ümumilikdə proletariatın rəhbərini siyasi proseslərdən təcrid etmək məsələsini qaldırıblar. Mərkəzi Komitə belə bir qərar qəbul edib ki, yalnız Stalinin müvafiq icazəsindən sonra və həkimlər buna öz razılıqlarını bildirdikləri hallarda Leninə partiyanın rəhbər instansiyalarının qərarları haqqında məlumat vermək olar.
Beləliklə, Leninin taleyi Stalinin iradəsindən asılı vəziyyətə düşüb, inqilabın rəhbərləri isə həmin vaxt bu situasiyaya qarışmağa çox da cəhd göstərməyiblər. Mövcud vəziyyətdə o cümlədən Trotskinin də cəhdləri mənasız olub.
1922-ci il dekabrın 21-də Lenin həyat yoldaşına Trotskiyə ünvanlanmış məktub yazmağı xahiş edib. Məktubda bu sətirlər öz əksini tapıb: “Mən laqeyd qalmamağı və Stalinə qarşı hücumu davam etdirməyi təklif edirəm”. Lenin həmçinin məktubda Trotskidən ona telefonla cavab verməsini də xahiş edib. Çox maraqlı və qəribə bir faktdır ki, Trotski gecənin bir aləmi həmin məktubun məzmunu haqqında Siyasi Büronun digər bir üzvü Kamenevə məlumat verib və ondan xahiş edib ki, bu barədə Stalini məlumatlandırsın.
Məktubun məzmunundan xəbərdar olan Stalin hədsiz dərəcədə qəzəblənib: “Qoca (Stalin Leninə belə ləqəb qoyub) qadağaya baxmayaraq, Trotskiyə necə məktub göndərə bilib?”. Daha sonra Stalin Leninin həyat yoldaşına zəng edərək onu təhqir edib və intizamsızlığa görə cəzalandırmaqla hədələyib. Krupskaya bu haqda Leninə heç nə deməyib.
Dekabrın 22-dən 23-nə keçən gecə növbəti dəfə Leninin beyninə qan sızanda o, Stalin tərəfindən göstərilən təzyiqdən şikayətlənərək yalvarıb ki, onu şəxsi həyatına edilən bu kobud müdaxilədən, eləcə də təhqir və nalayiq hədə-qorxudan müdafiə etsinlər. Lakin bu etirazların Kremldəki vəziyyətə heç bir təsiri olmayıb. İflic olmuş və yorğan-döşəyə düşmüş Lenin Stalinin iradəsindən asılı olaraq qalmaqda davam edib.
1923-cü il dekabrın 23-də ölümünün yaxınlaşdığını hiss edən Lenin katibəyə öz şəxsi siyasi vəsiyyətinin birinci hissəsini, qurultaya göndərəcəyi məktubu diqtə edib. Həmin məktubda Lenin partiyanın Mərkəzi Komitəsinin heyətinin genişləndirməyi təklifini irəli sürüb. Katibə qız həmin məktubu dərhal Stalinə təhvil verib. Məktubu oxuyan Stalin Leninin səhhəti ilə maraqlanıb, daha sonra soyuqqanlı şəkildə katibəyə əmr edib: “Yandırın məktubu!”. Qız əmri yerinə yetirsə də, Leninin seyfində həmin məktubun dörd əlavə nüsxəsinin saxlanması faktını Stalindən gizlədib.
24 dekabrda, “Qoca” öz məktublarını diqtə etməyə davam edən vaxt Stalin həkimlərin müşavirəsini keçirib və Siyasi Büronun adından onları aşağıdakı qərarı qəbul etməyə məcbur edib:
“Lenin hər 5-10 dəqiqədən bir diqtə etmək hüququna malikdir, lakin onun diqtə etdiyi qeydlər məktub xarakterinə malik olmamalıdır və o öz göndərdiklərinə cavab gözləməməlidir. Dostları və yaxın qohumları Leninə siyasi xarakterli heç bir xəbər çatdırmamalıdırlar”.
Elə həmin gün Lenin öz məktubunda aşağıdakı məzmunda qeydlərini diqtə edib: “Baş katib vəzifəsinə gələn Stalin öz əlində qeyri-məhdud hakimiyyət cəmləşdirib və mən onun bu hakimiyyətdən kifayət qədər ehtiyatla istifadə edəcəyinə əmin deyiləm”.
Bununla da Lenin həmin hüdudsuz səlahiyyətləri məhdudlaşdırmağın və Stalini öz vəzifəsindən azad etməyin zəruriliyini vacib sayıb.
21 yanvar 1924-cü ildə Lenin vəfat edəndə Stalin Roma imperiyasına layiq təntənəli dəfn mərasimi hazırlamağı əmr edib. Ən populyar bolşevik sayılan Lev Trotski dəfn mərasimində iştirak etməyib. Stalinin teleqramında dəfn mərasiminin tarixi qəsdən səhv göstərilməsəydi, Trotski orada iştirak edə biləcəkdi. Lenin vəfat edən vaxt Trotski Tiflisdə olub və Stalin ona məlumat verib ki, dəfn şənbə günü olacaq. Trotski bu müddətdə Moskvaya qayıda bilməyəcəyini başa düşərək, Tiflisdə qalmağa qərar verib. Halbuki əslində, dəfn bazar gününə, 27 yanvara təyin edilmişdi.
Stalinin fikrincə, proletariatın rəhbərini şüşə tabuta qoymaqla Lenin xalqın sitayiş etməli olduğu Allaha çevrilib. Bu isə Stalinə sərf edirdi. Leninin mavzoleydə uyuması Stalinə özünü yeni canlı Allaha çevirməyə və Kremldə öz şəxsi diktaturasını qurmağa tam şərait yaradırdı.
Artıq 95 ildir ki, Vladimir İliç Lenin Rusiya paytaxtının baş meydanındakı mavzoleyə şəriksiz sahiblik edir. 1953-cü ildən İosif Stalin mavzoleyi Leninlə bölüşsə də, Nikita Xruşovun təkidi ilə 1961-ci ildə Stalin mavzoleydən çıxarılaraq yenidən mütləq sahibinin ixtiyarına verilib.
Vladimir İliç Leninin ölümündən sonra mavzoleydəki 95 illik “həyat”ı çox da sakit ötüşməyib. Bu illər ərzində proletariatın rəhbərinin cəsədini tez-tez narahat ediblər.
1924-cü ilin yanvarın 21-də Leninin vəfatından sonra ölkədə gündəmdə olan ən vacib məsələlərdən biri rəhbərin adının əbədiləşdirilməsi olub. Söhbət təkcə onun şərəfinə abidə ucaltmaqdan, küçə, məktəb adı qoymaqdan getməyib. Leninin cəsədinin açıq şəkildə saxlanılması, rəhbərin qəbrinin yerləşdirilməsi üçün yerin müəyyənləşdirilməsi partiya qarşısında icrası təxirəsalınmaz olan məsələyə çevrilib. Digər bir tərəfdən Mərkəzi Komitəyə ünvanlanan şoxsaylı teleqramlar və məktublar bu məsələnin həllinin xalqın tələbləri səviyyəsində həyata keçirilməsi zərurətini yaradıb.
Bu məqsədlə xüsusi komissiya yaradılıb. Qərara alınıb ki, Qırmızı meydanda xüsusi mavzoley tikilsin və Leninin açıq qəbri onun adını daşıyacaq mavzoleydə saxlanılsın.
Dövrün siyasətçiləri arasında yeganə olaraq Trotski Leninin məhz bu cür əbədiləşdirilməsinə qarşı çıxaraq, bu işi ağılsızlıq adlandırıb.
Stalin isə mavzoleyin yaradılmasının, Leninin cəsədinin açıq şəkildə saxlanılmasının tərəfdarı olub. Mavzoleyin açılışından sonra Stalin çıxışlarının birində bu məsələnin vacibliyini xüsusi qeyd edib:
“Siz bu günlərdə şahidi oldunuz ki, mavzoleyi ziyarət edənlərin sayı yüz minlərlədir. Bu say getdikcə artacaq. Dünyanın ən uzaq yerlərindən belə, milyonlarla insanlar bura ziyarətə gələcəklər. Bəşəriyyət bir daha şahidi olacaq ki, Lenin təkcə rus proletariatının, Avropa fəhlələrinin deyil, bütün dünya zəhmətkeşlərinin rəhbəridir”.
Mavzoleyin layihəsinin hazırlanması arxitektor Aleksey Şusevə həvalə olunub. Layihənin hazırlanmasına bir gecə, tikintiyə isə üç gün vaxt sərf olunub. Mavzoley ilk dəfə kub şəklində ağacdan tikilib.
Tikintidən sonra Leninin cəsədinin açıq şəkildə saxlanılması və mavzoleydəki qəbrin hansı formada olacağı barədə qərarlar qəbul olunub. Nəhayət, iki aydan sonra Leninin meyitinin balzamlaşdırılması kimyaçı alim Boris Zbarskiyə və xarkovlu anatom Vladimir Vorobyova tapşırılıb. Vorobyov əvvəl bu işdən imtina etmək istəyib. Aradan ötən iki ay müddətində cəsəddəki çürümələr bir anatom kimi onda narahatlıq yaradıb və o meyitin balzamlaşdırılması prosesinin alınacağına şübhə ilə yanaşıb. Ancaq həmkarının inamlı təkidindən sonra razılıq verib.
Alimlər istər elmi, istərsə də siyasi cəhətdən olduqca mürəkkəb və həm də məsuliyyətli olan bu işin üzərində dörd ay çalışıblar. Son nəticədə onlar meyitin tam həcmini, formasını, toxuma strukturlarını saxlamaqla Lenini balzamlaşdırmağa nail olublar. İyulun 26-da dövlət komissiyası rəhbərin cəsədinə baxış keçirərək alimlərin işini yüksək qiymətləndiriblər.
Ağacdan tikilmiş mavzoleydə temperaturu, rütubəti normal saxlamaq çətinlik yaratdığına və belə qeyri-sabit hava şəraitinin Leninin cəsədində problem yaradacağına görə 1929-cu ildə mavzoley öz formasını saxlamaq şərtilə daşdan tikilib.
Mavzoleydə fəxri qaravulun yaradılması ilə bağlı Moskva hərbi qarnizonunun rəisi 26 yanvar 1924-cü ildə xüsusi əmr imzalayıb.
Yalnız uzun illər sonra - 6 oktyabr 1993-cü ildə isə Moskva Baş Mühafizə İdarəsinin rəisinin əmri ilə mavzoleydəki qaravul xidməti ləğv olunub.
Leninin cəsədini daim nəzarətdə saxlamaq üşün SSRİ Səhiyyə Nazirliyində xüsusi elmi-tədqiqat laboratoriyası yaradılıb. Mütəxəssislərin son rəylərinə görə, Leninin cəsədi hələ bu gündən sonra da neçə onilliklər öz formasını itirməyəcək.
Böyük Vətən Müharibəsi illərində Leninin cəsədi Tümenə köçürülüb. Tümendə cəsəd Dövlət Kənd Təsərrüfatı Akademiyasının binasının ikinci mərtəbəsində auditoriyada saxlanılıb. 1945-ci ilin aprel ayında isə yenidən Mockvaya mavzoleyə qaytarılıb.
Ötən 95 il ərzində dəfələrlə mavzoleyi partlatmağa, Leninin cəsədini zədələməyə, bir sözlə SSRİ-nin qurucusuna qarşı sui-qəsdlərə cəhd olunub.
19 mart 1934-cü ildə Nikitin Mitrofon adlı şəxs Leninin cəsədinə atəş açmağa cəhd göstərib. Mühafizəçilər vaxtında hadisənin qarşısını ala biliblər. Ancaq Nikitin Mitrofon özünü güllələməyə imkan tapıb. Sonradan onun cibindən partiya və hökumətə qarşı yazılmış məktub çıxıb.
20 mart 1959-cu ildə mavzoleyə ziyarətə gələnlərdən biri çəkiclə qəbrin üstündəki şüşə lövhəni sındırıb. Amma cəsəd zədələnməyib.
14 iyul 1960-cı ildə Frunze şəhərinin sakini Minibaeyev mavzoleydə olarkən güclü ayaq zərbəsi ilə qəbrin üzərindəki şüşəni sındırıb. Şüşə qırıntıları Leninin cəsədinin zədələyib. Bərpa işləri üçün Mavzoley həmin ilin avqust ayının 15-nə qədər bağlanıb.
9 sentyabr 1961-ci ildə ziyarətə gələn Smirnova soyadlı qadın cəsədin üstünə tüpürüb və əl yaylığına bükülmüş daşla onu zədələmək istəyib. Mühafizəçilər hadisənin qarşısını alıblar.
1967-ci ilin sentyabr ayında Kaunas sakini Krısnov mavzoleyin girişində əldə düzəldilmiş partlayıcını partladıb. Nəticədə özü və ziyarətə gələnlərdən iki nəfər ölüb. Leninin bəxti isə bu dəfə də gətirib.
1973-cü ildə mavzoleydə baş verən hadisələr nəzərə alınaraq cəsədin yerləşdirildiyi qəbrin üstü güllə keçirməyən şüşə ilə bağlanıb.
Buna baxmayaraq, cəsədə qarşı təcavüzlər ara verməyib. 1 sentyabr 1973-cü ildə mavzoleydə növbəti partlayış səsi eşidilib. Nəticədə partlayışı törədən şəxs və gənc ər-arvad ölüb, bir neçə nəfər yaralanıb. Leininin cəsədinə zədə toxunmayıb.
2000-ci illərdə də belə hadisələr bir neçə dəfə təkrar olunub.
SSRİ dağıldıqdan sonra Leninin cəsədinin mavzoleydə saxlanılması haqqında müxtəlif fikirlər səslənib. Və o illərdən fərqli olaraq bu gün mavzoleyə olan maraq da xeyli azalıb. Zaman keçdikcə, bu marağın azalması ictimaiyyətdə Leninin sahibsiz olması kimi təəssürat yaradır. Bu da bir reallıqdır. Çünki Leninin sahibi, özünün sahib olduğu SSRİ idi.
Vladimir İliç sağlığında yəqin ağlına gətirməyib ki, nə vaxtsa ən gizli əməlləri belə üzə çıxacaq. Sən demə, böyük şəxsiyyətlərin də utanc gətirən əməlləri olurmuş. Sən demə, Vladimir İliçin seksual orentasiyasında əməlli-başlı dəyişikliklər varmış.
Tarixçi alim Sokolovun arxiv araşdırmalarına nəzər yetirəndə Leninin homoseksual olmasına qətiyyən şübhə yeri qalmır. Tarixçinin qənaətinə görə, Vladimir İliç öz yatağını əsasən məşhur inqilabçılar Zinovyev və Trotski ilə bölüşüb.
Siyasi büronun üzvü, Leninqrad vilayət Partiya Komitəsinin birinci katibi Qriqori Zinovyevin arxivindən tapılan məktublar Leninlə bağlı bir çox mətləblərə aydınlıq gətirib. 1917-ci il iyul ayının 1-də Leninin Zinovyevə yazdığı məktubda bu sətirlər diqqəti cəlb edir:
“Qriqori! Vəziyyət elə gətirib ki, mən təcili Petroqradı tərk etməliyəm. Vacib işlərimə görə uzağa gedə bilmərəm. Yoldaşlar yaxınlıqda mənə bir yer təklif ediblər. Həmin yer tam təhlükəsizdir. Amma ora tək mənim üçün darıxdırıcı olacaq. Özü də belə bir vəziyyətimdə. Gəl mənimlə birlikdə gedək, hamının nəzərindən uzaqda möcüzəli günlər keçirək. Gələ bilsən, təcili mənə zəng vur, mən göstəriş verim ki, iki nəfərlik yer düzəltsinlər”.
Zinovyev rəhbərin çağırışından imtina etməyib. Onlar Razlivdə öz “xoşbəxt” günlərini yaşayıblar.
Cütlüyə mane olan əsas şəxs Nadejda Krupskaya olub. Zinovyevin Leninə məktublarının birində də bu öz əksini tapıb:
“Yadındadır, biz Cenevədə olanda bu qadından necə gizlənirdik. Bizi, bizim hisslərimizi, bir-birimizə bağlılığımızı heç kim başa düşə bilməz. Tez qayıt gəl, gözləyirəm səni, mənim çiçəyim. Sənin Qerşelin” (Zinovyevin əsl adı Qerş olub).
Digər bir məktubda Zinovyev fikirlərini daha açıq ifadə edib:
“İliç, bütün tapşırıqlarını yerinə yetirmişəm. Burda mənim üçün çox çətindir. Ürəyimi ancaq onunla isidirəm ki, yaxın günlərdə səni görəcəm. Sən bizim yuvamızı saxlamısanmı? Ora başqa adam aparmırsan ki? Mən çox həyəcan keçirirəm, yalnız sənin sədaqətinə olan ümidim məni isidir. Öpürəm. Sənin Qerşelin”.
Lenin-Zinovyev cütlüyünün arasında qısqanclıq da hökm sürüb, bəzən bu qısqanclığa görə umu-küsü də baş verib. Belə küsülülüklərin birində barışmaq üçün ilk addımı Lenin atıb və Zinovyevə nədənsə alman dilində məktub yazıb:
“Əziz Qerşel! Sən gərək məndən inciməyəsən. Mən hiss edirəm ki, Qafqaza gəlməyini qəsdən gecikdirirsən. Yəqin ki, məndən çox incimisən. Bilirəm bunlar nəyə görədir. O ki qaldı Trotski ilə mənim yaxınlığıma bu, bir dəfə oldu və daha təkrar olmayacaq. Səni gözləyirəm, biz öz möcüzəli yuvamızda barışacağıq. Sənin Vovan”.
Zinovyev bu məktubla sakitləşməyib və Leninə ağır ittihamlarla cavab yazıb:
“İliç, mənim şübhələrim əsassız deyil. Hamı yaxşı görür ki, son vaxtlar sən onun ətrafında necə fırlanırsan. Mən səni yaxşı görürəm və səni kifayət qədər də yaxşı tanıyıram ki, sənin haqqında fikir söyləyim...(Burada oxucuların oxuması ayıb olan cümlələr yer alır).... Mən kor deyiləm, hiss edirəm ki, onunla yaşadığın romana görə bizim sevgini unutmağa hazırsan”.
Leninlə Zinovyevin arasındakı “sevgi” macəralarını Krupskaya təfsilatı ilə bilib. O, Cenevədə öz gözləri ilə onların yataq oyunlarının şahidi olub. Krupskaya bu utanc əməllərə qarşı mübarizə aparmaqda cıxış yolu tapmadığından susmağa üstünlük verib.
Tarixçi alim Sokolov öz tədqiqatlarından belə bir qənaətə gəlib ki, Lenin passiv, Zinovyev aktiv homoseksual olub.
70-ci illərdə Moskvada doğulmuş, milliyətcə erməni olan yazıçı Marietta Şaqinyan Lenin haqqında kitab yazanda bütün arxivlərə buraxılışı olub. O da Leninin seksual opientasiyası ilə bağlı bir sıra arxiv materialları əldə edib və bu haqda Brejnevi məlumatlandırmaq üçün ona məktub yazıb. Brejnev bu məsələni yaxın ətrafı ilə müzakirə edib. O dövrdə SSRİ-nin baş ideoloqu sayılan Suslovu bu xəbər dəhşətli dərəcədə sarsıdıb. Suslov təklif edib ki, Marietta Şaqinyanı aradan götürtmək lazımdır. Brejnev isə məsələni başqa cür həll edib. O erməni yazıçısını Lenin haqqında kitab yazdığına görə dövlət mükafatı və mənzillə mükafatlandırıb, bununla da onun susmağına nail olub.
Vladimir İliç Lenin tez-tez təkrarladığı “İnsanlara nə aiddirsə, o mənə yad deyil” ifadəsini işlədərkən, bəlkə də rəhbər öz əməllərinə haqq qazandırırmış və düşünürmüş ki, homoseksual olmağın da heç bir qəbahəti yoxdur...
İlham Cəmiloğlu, Musavat.com
Paylaş: