Ölkədən milyardlar çıxarmaqda ittiham edilən şəxslərin məhkəməsi davam etdirilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda pulu leqallaşdırmada təqsirləndirilən Malik Əliyev və Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Elan olunmuş ittihamla hər iki şəxs özünü təqsirli bilməyib. Sərbəst ifadə verən Rüfət Vəliyev deyib ki, taksi sürücüsü kimi fəliyyət göstərən zaman, müştərisi olan Türkiyə vətəndaşı Əlican adlı şəxslə tanış olub.
Rüfət Vəliyev bildirib ki, sonradan həmin şəxslə razılaşıb və aylıq 700 manat məbləğində maaşla onun sürücüsü işləməyə başlayıb: "Əlican iş adamı kimi “Kargo" işlədirdi. Mənə də müəyyən məbləğdə pul verirdi. Pulları ayrı-ayrı bank hesablarına köçürməyimi tapşırmışdı".
Məhkəmə xatırladıb ki, ittihama görə, Rüfət Vəliyev bir gündə bir banka nəğd şəkildə 6 milyon manat pul aparıb. Hakim R.Vəliyevdən bu məbləğdə pulun hansı şəkildə və haradan əldə edildiyini soruşub. R.Vəliyev pulların Türkiyə vətəndaşı Əlicana məxsus olduğunu və haradan əldə edildiyini bilmədiyini deyib. Məlum olub ki, pulların köçürülməsi üçün Rüfət Vəliyevin adına 9 firma rəsmiləşdirilib. R.Vəliyevdən firmaların əvvəlki sahiblərinin kimliyi də soruşulub.
Təqsirləndirilən Vəliyevin cavabı belə olub: "Adlarını xatırlamıram, tanışlarım idi. Bu işdə mən ancaq sənədlərə qol çəkirdim. Başqa heç nə bilmirəm. Pulun hansı sənədə əsasən xaricə köçürüldüyünü də bilmirəm. Ancaq Malik Əliyev pulları bank hesablarına köçürməyə kömək edirdi".
Bu işdə diqqəti çəkən məqam heç bir əmlaka sahib olmayan, biri taksi sürücüsü olan şəxslərin 5 milyardı ölkədən çıxarmaqda ittiham edilməsidir. Həmin şəxslərin ayrı-ayrı vəzifəli şəxslərin "ölkədən pul çıxarma" işində kiçik bir fiqur olduğu aydındır. Əldə etdiyimiz məlumata görə, bu işdə yüksək vəzifəli şəxslərin adı keçir. Belə ki, hazırda da yüksək vəzifə sahibi olan şəxslər bu cür yollarla ölkədən milyardlar çıxarıblar. Bu isə ölkədən çıxarılan pulların ictimaiyyətə məlum olan kiçik bir hissəsidir. Məhkəmənin gedişatında maraqlı məqamların ortaya çıxacağı və vəzifəli şəxslərin adları çəkiləcəyi gözlənilir. Məhkəmə də təqsirləndirilən şəxslərin ad çəkmək istəmədiyini müəyyən edib. Onlara dəfələrlə sual verilsə də hər ikisi "xəbərim yoxdur" deyərək suallara cavabdan boyun qaçırmağa çalışıblar. Mövzunu diqqətdə saxlayacağıq. Məhkəmə prosesi fevralın 13-də davam etdiriləcək.
Malik Əliyev “Royalbank”ın 10 saylı filialının direktor müavini işləyib. M.Əliyev eyni cinayət əməlinə görə 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib. Bildirək ki, ittihama əsasən, “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev 2012-ci ilin əvvəlində Rüfət Vəliyevlə görüşüb. Ona cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılmasını təklif edib. M.Əliyev onu “AGbank”ın İdarə Heyətinin sədri Azər Mövsümovla görüşdürüb.
Rüfət Vəliyev özünü “Provision Group”, “İmpeks+”, “Blast”, “Qalaksi A”, “Asin Co. LTD”, “Primo A” və “İTEK” MMC-lərin direktoru kimi təqdim edib və guya xarici iqtisadi ticarət fəaliyyəti göstərəcəklərini, külli miqdarda dövriyyələri olacağını bildirib. Bunun üçün də bankın filiallarının birində onlara otaq ayrılmasını istəyib. A.Mövsümov onlar üçün “AGbank”ın Xətai filialında otaq ayırıb. M.Əliyev “Royalbank”da işlədiyi vaxtdan bəri tanıdığı Vidadi Əliyev, Ülkər Nəbiyeva və Arzu Əsgərovanı da bu işə cəlb edib.
İttihamda qeyd edilir ki, R.Vəliyev və istintaqa məlum olmayan şəxslərin gətirdiyi cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulları V.Əliyev sayıb, onların saxta olub-olmadığını yoxlayıb. Daha sonra həmin pullar adları qeyd olunan şirkətlərin hesablarına köçürülüb. Sonra da xarici ölkələrin banklarındakı hesablara köçürülüb. Ü.Nəbiyeva və A.Əsgərova R.Vəliyevin tapşırığı ilə xarici bankların hesablaşma nömrələri və köçürüləcək məbləği komputer vasitəsilə yazaraq çap edib, M.Əliyevə təqdim ediblər. R.Vəliyev isə həmin sənədləri şirkətlərin möhürü ilə təsdiqləyib, imzaladıqdan sonra icra olunması üçün M.Əliyev və V.Əliyevə təqdim edib.
Rəsmi ittihama görə, M.Əliyev “Privion Group” MMC vasitəsilə 2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat, “İmpeks+” MMC vasitəsilə 2013-cü ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına kimi 778 milyon manat, “Blast” MMC vasitəsilə həmin müddət ərzində 510 milyon manat, “Qalaksi A” MMC vasitəsilə 115 milyon manat, “Asin Co. LTD” vasitəsilə 79 milyon manat, “Primo A” MMC vasitəsilə 213,5 milyon manat, “İTEK” MMC vasitəsilə 129 milyon manat pulu müxtəlif xarici valyutalara konvertasiya edərək, xarici ölkələrdə yaradılan şirkətlərin bank hesablarına köçürüb. Ümumi məbləğ 5 milyard 500 milyon manatdır.
İlkin Muradov,
Musavat.com
Paylaş: