Nəsimi rayonunda prezident İlham Əliyevin sərəncamı ilə müasir standartlarla yenidən qurulmuş park bərbad vəziyyətdədir.
Rəşid Behbudov prospektində yerləşən parkda aparılmış yenidənqurma və abadlıq işləri zamanı sakinlərin rahat istirahəti üçün zəruri olan bütün işlər görülüb. Yeni fəvvarələr, oturacaqlar, uşaqlar üçün oyun meydançası və s. quraşdırılıb, qazon yenilənib, ümumi mənzərəyə ürəkaçan görkəm verilib. Lakin çox təəssüf ki, park hazırda baxımsız vəziyyətdədir.
İstirahət ocağının ərazisində bütün hovuzlar susuz qalıb, oturacaqların bəzisi yarasız hala gəlib, ətrafa ağac kötükləri atılıb. Fəvvarələrin demək olar ki, heç biri işləmir, yerə vurulan kafellər isə darmadağın olub.
Parkın ərazisində hündürmərtəbəli bina inşa olunub. Ehtimal olunur ki, parkın bərbad vəziyyətə düşməsində aparılan tikintinin böyük rolu var. Üzücü mənzərədir - dövlət əmlakı göz-görə görə məhv olur. Özü də Nəsimi rayon İcra Hakimiyyətinin gözünün önündə...
Qurumun Təsərrüfat şöbəsinin məsləhətçisi Anar Rəsulov park ərazisindəki bərbad vəziyyətə görə, sakinləri günahlandırıb:
“Parkda istirahət edən sakinlər, cavan uşaqlar oturacaqları, fəvvarələrdəki dekor şüşələri, kafelləri və məhəccərləri qırıblar. Biz dəfələrlə ərazidə təmir işi aparmışıq. Nəsimi rayon İcra Hakimiyyəti və Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları hər həftə park ərazisində iməclik keçirir. Ağacların diblərini və parkı təmizləyirik. Mənim orada bina tikildiyindən xəbərim yoxdur".
Qeyd edək ki, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovdur. \\Missiya.Az
Paylaş: