Xəbər lenti
Dünən, 19:25

 

Türkiyə Respublikası 1946-cı ildə ABŞ-ın təzyiq və dəstəyilə çoxpartiyalı sistemə keçid edib. 2019-cu ilə qədər ölkədə 330 partiya qurulub və dağılıb. Hazırda mövcud 76 siyasi quruma sabiq baş nazir Əhməd Davudoğlunun Gələcək Partiyası da əlavə olunub.

İstər sol, istərsə də sağ cinahda qopmalar və yeni təşkilatlar yaratma səyləri həmişə olub və keçmiş AK partiyaçıların transferləri də özlüyündə kəşf deyil. Digər partiyalar kimi, bölünmə dalğası Ərdoğanın partiyasından da yan keçməyib.

Nəcməddin Ərbakanın vaxtında maliyyə naziri olmuş, sonralar Ədalət və İnkişaf Partiyasının (AKP) qurucularında biri olan Abdullətif Şener hələ 2011-ci ildə istefa verib, Türkiyə Partiyasını qurub. Sonradan Şenerin qurumu qapanıb. Hazırda o, CHP sıralarındadır, Konya millət vəkilidir.

Ərdoğana ikinci zərbə sabiq daxili işlər naziri, yaxın silahdaşı İdris Naim Şahindən gəlib. O, 2015-ci ildə istefa verərək Millət və Ədalət Partiyasını qurub. Hazırda Şahin Səadət Partiyasının üzvüdür.

AKP-dən istefa verənlər artır və son vaxtlarda Türkiyə siyasi həyatında iki yeni partiyanın qurulmasına start verilib. Sabiq baş nazir Əhməd Davudoğlunun rəhbərliyi ilə yaradılan Gələcək Partiyasi onlardan biridir. Əli Babacan da öz təşkilatını qurmaq üçün lazımi işlər aparır.

Davudoğlu Abdullah Gülün dəstəyilə siyasi həyata daxil olub. İlk işi Gülə müşavirlik idi, sonra Ərdoğanın baş müşaviri vəzifəsini tutub. Yaxın Şərq məsələləri ilə məşğul olan Davudoğlu Ərdoğanın dəstəyilə parlament üzvü və xarici işlər naziri vəzifəsinə yüksəlib.

O, islamcı-məzhəbçi siyasi görüşə sahib adam və daha mühüm – Vaşinqton tərəfdarıdır. Xarici işlər naziri olarkən, Yaxın Şərq qan gölünə dönüb, Suriya məsələsində də Davudoğlunun “barmağı” var. Davudoğlu Bəşər Əsədlə son görüşən Türkiyə dövlət adamıdır. ABŞ-ın dövlət katibi Hillari Kilintonun qurduğu siyasi oyuna görə, Türkiyə ordusu ABŞ-la birlikdə Suriyaya daxil olmalı idi, Davudoğlu buna razılıq vermiş, ancaq Ərdoğan sonradan fikrini dəyişmişdi.

2014-cü ildə Davudoğlu baş nazir təyin edilib. Baş nazir olduğu dövrdə ölkədə ard-arda terror aktları, İŞİD və PKK-in silahlı təzahürləri peyda olub.

2016-cı ildə Ərdoğanla fikir ayrlığından sonra Davudoğlu baş nazir vəzifəsindən istefa verib və mətbuat konfrasında istefasının səbəblərini açıqlayıb və deyib: “Heç kim məni Ərdoğanın əleyhinə danışdıra bilməz, hər zaman yanındayam, davası davamdır və həmişə partiyamın sıravi üzvü olaraq qalacağam”.

Əhməd Davudoğlu 3 il susub, heç nə danışmayıb. Hətta referendumda Ərdoğana dəstək verib. 15 iyul hərbi çevrliş cəhdi zamanı da Ərdoğanın yanında dayanıb.

Qəfil peydaolma

Hərbi çevrliş cəhdindən sonra Türkiyə Rusiya və İrana yaxınlaşıb, Yaxın Şərq və Suriya siyasətini dəyişib. Davudoğlu Türkiyənin Rusiya-İran oxuna üz tutmasının əleyhdarıdır. Məhz bundan sonra Davudoğlu sərt fikirlər söyləməyə başlayıb. Halbuki həmişə Türkiyəni Suriya bataqlığına soxan adam kimi günahlandırılıb.

Davudoğlunun “Strateji Dərinlik” kitabının tənqidçiləri indilərdə çoxluqdadır. Əleyhdarlar kitabda əks olunan strategiyanın səhv olduğunu və məzhəbçi ideologiya xidmət etdiyini bildirirlər.

Sabiq baş nazir bu və digər mövzularda uzun müddət susub. Nəhayət, səssizliyini 2019-cu ilin 31 mart bələdiyyə seçkilərindən sonra pozub, öz “Facebook” səhifəsində manifest yayımlayıb, Ərdoğan iqtidarını sərt tənqid edib. Bununla da yeni partiya qurulması işlərinə başlayıb və öncə öz partiyasından istefa verib.

İstefadan əvvəl Ərdoğan Davudoğluna vəzifə təklif edib, amma rədd cavabı alıb. Sonra sabiq baş nazir geniş video müsahibə verib, Türkiyənin müxtəlif şəhərlərində təşkil olunan tədbirlərdə sərt çıxışlar edib, Ərdoğana ismarışlar çatdırıb.

Nəhayət,  partiya qurma işləri tamamlandıqdan sonra dekabrın 13-də Ankardakı otellərin birində təqdimatını keçirib.

Gələcək Partiyası 125-nəfər qurucunun dəstəyilə rəsmən qurulub. Qurucular arasında baş nazir olduğu dövürdə Davudoğlunun müşaviri olmuş erməni Etyen Mahçupyan da var.

Davudoğlu uğur qazana bilərmi?

Davudoğlu maraqlı gedişlər edir. Görünən budur ki, hələlik məzhəbçi siyasətini bir kənara qoyub. Türkiyənin məşhur adamlarını öz tərəfinə çəkməyə başlayıb.

Baş nazir olarkən, o, ələviləri sərt tənqid edirdi, indi isə Türkiyə Ələvi Dərnəkləri Federasiyasının sədri Doğan Dəmir Gələcək Partiyasına üzv olub. Digər tərəfdən, Davudoğlu kürd mənşəli siyasətçiləri öz tərəfinə çəkib və seçiciyə kürd dilində təhsil vədi verib. Yeni partiya lideri siyasi azadlıqlar və islahatlar həyata keçirəcəyini açıqlayıb.

Əhməd Davudoğlunun 2023-cü ildə keçirələcək seçkilərdə iştirakına gəlincə, partiyası digər siyasi partiyalarla blok halında seçkiyə gedə bilər. Amma Gələcək Partiyasi hələ tam təşkilatlamayıb, üstəlik keçmişi tez-tez maneə kimi qarşısında sipər olur.

Türkiyə iqtisadi böhran yaşayır, vətəndaşlar işsizlik və bahalıqla yanaşı, suriyalı qaçqınlar və miqrantlara qarşı etriaz edirlər. Bu, əlbəttə, Davudoğluna səs gətirə biləcək amillərdir. Müxalifət cəbhəsi də Gələcək Partiyasını dəstəkləyir. Davudoğlunla birlikdə hərəkət edə biləcəklərinin siqnalını verir.

Davudoğluna Vaşiqtondan pərdəarxası dəstək var. Ərdoğan cinahı rəqibə qarşı artıq sərt sözlər söyləməyə başlayıb. Davudoğlunun qurucusu olduğu İstanbul Şəhər Universitetinə “Halk Bank”a olan borcuna görə qəyyum təyin olunub. Ərdoğan Davudoğlunu “fırıldaqçı” adlandırıb.

Prezident Davudoğlunun partiya qurmasından narahatdır. Davudoğlunun Türkiyədə fəaliyyət göstərən təriqət caamatı ilə çox yaxşı münasibətləri var. Onlar Gələcək Partiyasına səs verə bilərlər.

Sözsüz ki, seçkilərə qədər vəziyyətin dəyişməsi mümkündür. Ancaq Türkiyə vətəndaşları ən çox iqtisadi fikirlərə önəm verib rəy bildirəcəklər.

Başqa bir amil Türkiyə seçicisinin ənənəvi olaraq sol iqtidarlara isti baxmamasıdır. Türkiyədə seçicisi hər zaman sağ cinaha üstünlük verib. Digər amil vətəndaşların artıq dinin istismar olunmasına dözümsüzlüyüdür. “Liberal İslam” layihəsi sona çatır.

Bunu da əlavə etməyə dəyər ki, hər dəfə Türkiyə Rusiyaya yaxınlaşdıqda, ölkədə hərbi çevriliş baş verib; Türkiyə iqtisadi böhran dövrünə qədəm qoyduqda, dövləti idarəçiləri London-Vaşinqton dəstəkli yeni iqtidarlarla əvəzlənib.

Bunu tarixi təcrübə deyir, bəs zaman nəyi göstərəcək?

Strateq.az




Ana səhifəyə qayıt        Baxış: 302          Tarix: 28-12-2019, 09:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma