Xəbər lenti
Dünən, 19:25

 Ötən il dünya beynəlxalq münasibətlərdə görünməmiş yeniliyin - suveren bir dövlət başçısının xarici bir lider olaraq "Twitter" üzərindən təyin edilməsinin şahidi oldu. 23 yanvar 2019-cu ildə Ağ Ev rəbəri Donald Tramp sosial şəbəkə vasitəsilə açıq şəkildə elan etdi ki, bu gündən etibarən parlament sədri Xuan Quaydo Venesuelanın "müvəqqəti prezidenti" olacaq.

Əlbəttə ki, bu, Vaşinqtonun müəyyən bir ölkədə qanuni hakimiyyəti müxtəlif üsullarla devirmək və həmin posta öz namizədini gətirmək üçün ilk və son cəhdi deyildi. Çünki həmin Venesuelada amerikalılar silahlı çevrilişdən istifadə edərək oxşar cəhdlər ediblər. Ancaq buna baxmayaraq, xarici bir dövlətin yeni rəhbərini internet vasitəsilə, heç bir əlavə səy və əsas olmadan təqdim etmək, ABŞ-ın bəzi müttəfiqlərini də şoka salmışdı.

Vaşinqton ötən il öz tərəfdaşlarına Quaydonu tanımaq barədə göstəriş vermişdi. Cənubi Amerika ölkələrinin əksəriyyətinin rəhbərləri bu əmri demək olar ki, dərhal yerinə yetirsələr də, bəzi Avropa ölkələri bir müddət hökumət və müxalifət arasında dialoqa çağırışlar etmişdilər. Ancaq bir neçə həftədən sonra ABŞ-la münasibətlərini pozmaq istəmələri səbəbindən Venesuela ilə bağlı qəbul olunan qərara boyun əymişdilər.

  

"Twitter"də seçilən “prezidenti” sayan yoxdur

 

Beləliklə, "Twitter" vasitəsilə prezident təyin olunması sınağından bir il sonra nəticə bu metodun işə yaramadığını göstərdi. Göründüyü kimi, dünya hələ Ağ Evdə hazırlanan ən son "prezident seçmək" texnologiyası ilə ayaqlaşa bilməyib. Bunu ən azından dünyanın nəhəng media orqanlarının təqdimatına baxmaqla anlamaq olar. Məsələn, CNN Mayk Pompeo və Xuan Quaydonun son görüşü ilə bağlı xəbər başlığında "dövlət katibi "müxalifət lideri" ilə görüşdü" ifadəsini təqdim edib. (Link: https://edition.cnn.com/2020/01/20/politics/pompeo-guaido-bogota-meeting/index.html ) Xuan Quaydonu ABŞ-ın ən nüfuzlu telekanalı belə prezident kimi təqdim etmir.

   

Maduro bir neçə günə devriləcəkdi

 

Yadınızdadırsa, bir il əvvəl Pompeo ölkənin qanuni lideri Nikolas Maduronun hakimiyyətdən getməsi üçün sayılı günlərin qaldığını iddia etmişdi. Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton isə hərbi müdaxilə ehtimalına işarə edərək beş min əsgərin Kolumbiyaya göndərilməsi ilə bağlı "gizli" plan barədə sənədi nümayiş etdirmişdi. İndi Bolton haradadır? Onu kim xatırlayacaq? Eyni zamanda tanınmamış Maduro, həqiqətən dövlətə nəzarət etmədə davam edir.

Bu arada Pompeo hələ də bu yaxınlarda Venesuela liderinin hakimiyyətdən uzaqlaşdırılacağını söyləməkdə davam edir. Dövlət katibi, Maduronun "azad və açıq prezident seçkiləri" keçirməyə "hazır olmadığını" bəyan edib. Ağ Evin dilindən bunu başa düşmək olur: Amerikalılar Maduronun ədalətli seçkilərdə qalib gələcəyini anlayırlar.

 

Quaydo Venesuelada arzuolunmaz şəxsə çevrilib

 

Quaydo Tramp tərəfindən ona təntənəli şəkildə verilmiş "müvəqqəti prezident" titulunu saxlaya bilməyib. Yanvarın 5-də Venesuela parlamenti, ağır manevrlər və fiziki döyüşlər nəticəsində yeni sədrini də təyin edərək, spikeri işdən azad edib. Artıq nəzəri cəhətdən heç vaxt prezident seçkilərində iştirak etməyən bir siyasətçinin Vaşinqton tərəfindən ölkənin başçısı kimi qəbul edilməsi izah olunmazdır. Bəs, azad demokratik dünyanın liderləri demokratik prosedur və rəsmiyyətə riayət etməkdən nə vaxt narahat oldu? Quaydo parlamentin divarları xaricində tərəfdarları ilə görüş keçirdi, orada "səs" topladı və özünü spiker vəzifəsinə "yenidən seçildiyini" elan etdi.

  

ABŞ məğlubiyyətini etiraf etmir

 

Görünən budur ki, Ağ Ev sakitcə məğlubiyyəti etiraf etməli, gözləntiləri yerinə yetirməyən Quaydo ilə təmasları tərk etməli və Maduro ilə dialoqa başlamalıdır. Venesuela prezidenti özü açıq şəkildə hər hansı Amerika rəsmisi ilə - hətta Trampla görüşməyə hazır olduğunu bildirib. Belə bir dialoq "Twitter" diplomatiyasından siyasi münaqişənin real həllinə keçmək üçün yeganə imkandır. Ancaq demək olar ki, Ağ Ev bu ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər bu seçimi qəbul etməyəcək.

Amerikalı mütəxəssislər və jurnalistlər ABŞ-ın Venesueladakı məğlubiyyətinin səbəblərini anlamağa çalışmırlar. Çünki Dövlət Departamenti tərəfindən tanınan "Venesuela prezidenti" Xuan Quaydonun uğursuzluğu Vaşinqtonun qüruru üçün çox ağrılı haldır. ABŞ-ın qonşu həyətindəki məğlubiyyəti amerikalılar üçün ikiqat utanc mənbəyidir.

Karakasdakı Amerika məğlubiyyətinin əsas günahkarı artıq müəyyən edilib. ABŞ-ın aparıcı biznes jurnalı "The Wall Street Journal"ın jurnalistləri aşkar ediblər ki, ABŞ-ın bir sıra müttəfiqləri Venesueladakı Vaşinqtonun planlarına qarşı fəaliyyət göstəriblər. Maduronu hakimiyyətdə saxlayan səbəb Venesuela təhlükəsizlik rəsmilərinin gözlənilməz sadiqliyi Vaşinqtonun planlarını pozsa da, Maduronun hakimiyyətdə qalmasına səbəb olan əsas amillər bunlar olub: Sanksiyalara rəğmən neft ixracını təşkil etməkdə Rusiyanın iştirakı, xüsusi xidmət orqanlarının işinin təşkilində Kubanın yardımı, Türkiyənin maliyyə vasitəçisi olaraq işləməyə hazırlığı və Asiyadakı Amerikanın iki müttəfiqinin Venesuela neftini alması. Bu amilləri bir yerə cəm etsək bunun adını Putinin çevik davranışı və ya ABŞ-ı aldatması qoymaq olar. Məhz Vladimir Putinin rəhbərliyi ilə Venesuelada yaranmış qarışıqlıq və küçələrdə hökm sürən xaos müəyyən müddətdən sonra sakitləşməyə başladı.

 

Rusiyanın proseslərin ilk günündən Venesuelaya hətta hərbçilərini belə göndərməsi, həmçinin qanuni prezident Maduroya siyasi və iqtisadi dəstəyi Venesuela hökumətinin ABŞ tərəfindən hazırlanmış inqilabı sakitləşdirməyə imkan verdi. Rusiyanın Amerika rəsmilərinin Venesuelaya kənardan müdaxiləsinin qarşısını almağa, sanksiyalardan yayınmağa, neftini ixrac etməyə və ölkədə qıtlığın qarşısını almağa yönəlik dəstəyi Putinin ABŞ-ı Venesuelada məğlub etməsini ortaya qoydu.

"The Wall Street Journal"ın "Import Genius" məlumat bazasına istinadən hazrladığı araşdırmada qeyd olunur ki, ABŞ-ın sanksiyalarının tətbiq olunmasından doqquz ay sonra Venesueladan Hindistana ixrac olunan xam neftin yarısı Rusiya neft nəhəngi "Rosneft" ilə Hindistanın birgə müəssisəsi tərəfindən alınmışdır.

 

Venesuela ticarət hesabatlarına görə, Birləşmiş Ərəb Əmirlikləri 2018-ci ilin sonunda "qızıl sanksiyalar" tətbiq edildikdən bəri, Venesueladan bir milyard dollara yaxın qızıl idxal edib. ABŞ kəşfiyyatı Venesuela qızılının Kolumbiya, Uqanda və digər ölkələrdə gizlədildiyini sübut edən dəlillərə görə, faktiki miqdarın daha yüksək olduğu qənaətindədir.

Eyni zamanda "Bloomberg" xəbər verir ki, Maduro hökuməti Venesuelada işləməyə hazır olan xarici şirkətlərə, yəni Rusiya, İtaliya və Argentina şirkətlərinə neft hasilatı layihələrini satmağa hazırlaşır. Bu o deməkdir ki, Vaşinqtonun Venesuela neftinə nəzarəti əldə etmək üçün rəngli inqilab səyləri və sərmayələri heç bir nəticə verməyib.

Hüseyn Abdullah

Mənbə: https://eastnews.org/news/43957




Ana səhifəyə qayıt        Baxış: 695          Tarix: 2-02-2020, 08:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma