Azərbaycanın Fransa mediası ilə əlaqələr baxımından bəxti gətirməyib. Bu günlərdə orada parlament seçkisi keçirilib. Fransanın milli və regional media qurumları oraya heç bir nümayəndə göndərmədən bir mətbuat orqanında yer almış bir neçə sətri təkrarlamaqla məşğuldur: “Azərbaycanda seçki? Hakim partiyanın qələbəsi, müxalifətin fikrincə, saxtakarlıq... Müxalifət partiyaları hökuməti təşviqata mane olmaqda günahlandırır, bəzi partiyalar seçkini boykot edib… Qutulara əlavə bülletenlər atılıb və bununla da seçki saxtalaşdırılıb” və s.
Lakin oxucu belə birtərəfli və kəskin fikirlərdən daha yaxşısına layiqdir. Onun üçün vəziyyətin geniş təhlili zəruridir. Odur ki, hadisə yerinə getmək mütləqdir. Həqiqəti bilmək istəyən oxucuya hadisə yerindən əldə edilmiş informasiya çatdırılmalı, o da müxtəlif mənbələrdən oxuduğu xəbərlərlə yekun qənaətə gəlməlidir.
Beləliklə, olkə əhalisinin az qala üçdə birinin yaşadığı paytaxt Bakıdan, həmçinin Azərbaycanın əyalətlərindən reportajı nəzərinizə çatdırırıq.
Əvvəlcə, Məzahir Pənahovun rəhbərlik etdiyi Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı bəzi rəqəmlər: Azərbaycanda 125 yerlik parlamentə düşmək uğrunda 19 partiyadan 1637 namizəd, o cümlədən müxalifətin 300 namizədi və 300-dən çox qadın mübarizə aparıb.
Bu ölkədə parlament seçkisi ümumxalq səsverməsilə keçirilir və bir turdan ibarətdir.
Yeri gəlmişkən, MSK üzvlərinin özü Milli Məclis tərəfindən 5 il müddətinə seçilir. Onun 6 üzvü parlamentdə çoxluq təşkil edən siyasi partiyanı, 6 üzvü bitərəf deputatları, 6 üzvü isə azlıqda olan partiyaları təmsil edir. MSK sədri də öz növbəsində, parlamentdə çoxluq təşkil edən siyasi partiyanı, katibi isə azlıqda olan partiyaları təmsil etməlidir.
Seçki ilə bağlı şikayətlərin ilk ünvanlanmalı olduğu qurum da MSK-dır. Bundan sonra şikayətlər Apellyasiya Məhkəməsinə, Ali Məhkəməyə və nəhayət, Avropa Məhkəməsinə ünvanlana bilər.
Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Avropa dəyərlərini yüksək qiymətləndirir. O, hesab edir ki, Azərbaycan bu dəyərlərə sahib olmaqla, onları tətbiq etməklə, bütün sahələrdə Avropa səviyyəsinə çata bilər.
Azərbaycan adət etdiyi qərəzli münasibəti aradan qaldırmaq üçün bu seçkini izləməyə 861 xarici müşahidəçi dəvət etmişdi. 57 beynəlxalq təşkilatı və 56 ölkəni təmsil edən, aralarında fransızların da olduğu nümayəndə heyəti Azərbaycanda idi. Prosesi 156 beynəlxalq media qurumu (Fransadan 7 mətbuat orqanı) işıqlandırırdı.
Hər seçki məntəqəsinə məntəqə üzvlərinin rolu və vəzifələri, səsvermənin təşkili, səsvermə prosesinin gedişi, bülletenlərin sayılma qaydaları və nəticələrin qeydə alınması ilə bağlı məlumatların əks olunduğu 28 səhifəlik bələdçi kitabçası paylanmışdı. Səsvermənin qanunvericiliyə uyğun keçirilməsini izləmək üçün seçki məntəqələrində veb-kameralar belə, quraşdırılmışdı. Səs verməyə iki dəfə gələn potensial fırıldaqçıları aşkar etmək üçün isə məntəqələr xüsusi detektorlarla təchiz edilmişdi.
Xarici müşahidəçilər mümkün qanun pozuntularını müəyyən etmək üçün gün ərzində məntəqələrdə olan yerli müşahidəçilər, seçicilər və müxtəlif partiya nümayəndələrilə birbaşa təmasda idilər. Fransanın “Opinion Way” Sosioloji Araşdırmalar İnstitutu isə seçkilərin ilkin nəticələrini açıqlamaq üçün “exit-poll” keçirirdi.
Azərbaycanda növbədənkənar seçkinin keçirilməsi haqda qərar 2019-cu ilin dekabrında qəbul olunmuşdu. Səbəb Milli Məclisin köhnə tərkibinin hökumətin islahat siyasətilə ayaqlaşa bilməməsi idi. Yeri gəlmişkən, ötən ilin oktyabrında baş nazir Novruz Məmmədov da istefaya göndərilmiş, onun yerinə ölkə prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov təyin olunmuşdu.
Sevinc Fətəliyeva Yeni Azərbaycan Partiyasını təmsil edən gənc deputatlardandır. O, öz dairəsində 3-ü qadın olmaqla, 17 namizəd arasından təkrarən deputat seçilib. Fətəliyeva deyir ki, ölkədə ciddi ictimai, iqtisadi və məhkəmə islahatlarının aparılması zəruridir. Çünki indiki dövrdə vətəndaşların, xüsusilə gənclərin müasir düşüncəsi tələblərin dəyişməsinə səbəb olur. Beləliklə, müxtəlif sahələrdə qanunvericiliyə də dəyişiklik zərurətə çevrilir.
Sevinc Fətəliyeva hesab edir ki, deputatlığa namizəd seçicilərlə bilavasitə təmasda olmalıdır. Onun özü də seçki kampaniyası zamanı seçicilərini öz proqramı ilə tanış etmək üçün insanlarla birbaşa, qapı-qapı gəzərək ünsiyyətdə olub, ailələrlə mənzillərində görüşüb, eyni zamanda, yeni ünsiyyət vasitələri – sosial şəbəkə və internet üzərindən təmaslar qurub. Fətəliyeva bütün bunları tam şəffaf həyata keçirib.
Sevinc Fətəliyeva deyir ki, maaşların, pensiyaların, tələbə təqaüdlərinin, əlillər üçün müavinətlərin artırılması, aztəminatlı ailələrin mənzillə təminatı, sahibkarlıq üçün kreditlərin verilməsi, xüsusilə qadın sahibkarlığı, vergi və bank, həmçinin kənd təsərrüfatı sektorunda islahatlar onun proqramının əsas istiqamətləridir.
Beləliklə, qanunverici orqanın gələcək fəaliyyəti seçicilərin həyatının bütün sahələrini nəzərə almalıdır.
Bu arada, Azərbaycanda qanunverici orqana seçkidən danışmaq qaçqınların vəziyyətini diqqətdən kənardan saxlamaq anlamına gəlməməlidir. Tural Gəncəliyev 9 namizəd arasından seçilib. O, BMT-nin Azərbaycanın işğal edilmiş ərazilərinin boşaldılması haqda çoxsaylı qətnaməsinin tələblərinə əməl etməyən Ermənistan tərəfindən işğal olunmuş rayonlardan didərgin düşmüş qaçqın və məcburi köçkünlərin deputatıdır. Gənc müstəqil namizəd olan Tural Gəncəliyev ilk dəfədir deputat seçilir.
O, öz rolunu hökumətin həyata keçirdiyi proqramlara rəğmən, mühacirətdə yaşayan, yaxud kasıblıq, işsizlik, mənzil problemilə üz-üzə qalmış azərbaycanlılara xidmətdə görür. Beynəlxalq hüquqa zidd işğal isə onun üçün sağalmaz yara olaraq qalmaqdadır. “Bir dəfə televizorda bir turistin Dağlıq Qarabağda çəkdiyi fotolarda dağılmış evimizi gördüm…” - deyir T.Gəncəliyev. O da digər həmvətənləri kimi, azərbaycanlılarla ermənilər arasında dinc birgəyaşayış arzusundadır: “Biz öz torpaqlarımızı güc yolu ilə azad etmək istəməzdik. Keçmişdə azərbaycanlılarla ermənilər birlikdə yaşayıb. Minsk qrupu (Fransa, ABŞ, Rusiya) münaqişəni həll etmək üçün səylərini artırmalıdır”.
Azərbaycan 10 milyon əhalisi olan kiçik respublikadır. O, Fransanın da biganə olmadığı vacib geosiyasi regionun tam mərkəzində (Rusiya, İran və Türkiyə arasında) yerləşir. Odur ki, bu ölkə haqqındakı qərəzli fikirləri obyektiv şəkildə araşdırmaq maraqlıdır.
Alən Rumestand
AgoraVox, Fransa
17.02.2020
Paylaş: