Xəbər lenti

       Qardaş Türkiyənin tanınmış qələm sahiblərindən olan Mustafa Berçin 1959-cu ildə Malatya vilayətinin Akçatoprak kəndində anadan olub. Doğma kəndində orta məktəbi, Ankarada Ticarət və Turizm Ali Məktəbini, Çanaqqala 18 Mart Universitetini bitirib. Bir müddət pedaqoji fəaliyyətlə məşğul olub.Hazırda Ali Təhsil Akademiyasında inzibati işlə məşğuldu. Həm də Akademi Şeir Dərnəyinin rəhbəridi.
        Mustafa Berçinlə bu ilin mart ayında Çanaqqala zəfəri törənlərində iştirak eləyəndə görkəmli şairimiz Məmməd İsmayılın vasitəsilə tanış oldum. Moskvada yaşayan həmyerlimiz şairə Afaq Şıxlının diplomla təltif edildiyi həmin görüşdə Mustafa bəy mənə iki kitabını bağışladı. Şeirlərini və hekayələrini oxudum, düşüncəsində ruh yaxınlığı duydum. Bu şeirlərdə klassik poeziya ənənəsilə çağdaş duyum vəhdətdədi. İnanıram ki,  təqdim elədiyim bu şeirlər oxucuların da qəlbinə yol tapacaq.
Nəriman Əbdülrəhmanlı,
Yazıçı-tərcüməçi

                                              
 
ANA
Yaşlı gözlərinlə baxma üzümə,
Göz yaşın qəlbimə dərd olar, ana.
Ayrılıq var bu gün, bir şey söyləmə,
Sözlərin qəlbimə dərd olar, ana.
 
İllər var ki, sənsiz keçər günlərim, 
Səsim çıxmaz, için-için inlərəm.
İstəsəm də qovuşammaz əllərim, 
Həsrətin qəlbimə dərd olar, ana.
 
Qəlbini qırardım mən əbəs yerə, 
Üzülüb ağlardın, bəlkə, çox kərə.
Gülsün artıq üzün, az qaldı sürə, 
Güz yaşın qəlbimə dərd olar, ana.
 
Anamsan, varlığın dünyaya dəyər,
Gülmədi üzümə, gülmədi qəqər.
Bu ayrılıq məni pərişan edər, 
Həsrətin qəlbimə dərd olar, ana.
Ankara, 1980
 
EY TANRIM
Ey Tanrım, yetməzmi, nədir çəkdiyim,
Bir dərdim bitməmiş o biri başlar.
Sevdim-sevilmədim bitdim-tükəndim,
Kor olub hey yanır bağrımda daşlar.
 
Çox şeymi istərəm, verəmməsənmi?
Sən bu çəkdiyimi görəmməzsənmi?
Yıxılan dünyamı hörəmməzsənmi?
Sel olub hey axır gözümdən yaşlar.
 
Bir bağça içində kiçik bir evim,
Bir oğlum, bir qızım, bir də sevgilim.
Olmasın dünyada başqa bir yerim,
O zaman istəmə gözümdən yaşlar.
 
Bir sevgili, sarışın, bir yaşıl gözlü, 
Uzunboy, incəbel, bir gözəl üzlü.
Ağzında dili yox, istəməm sözlü, 
Xoşbəxtlikdən axsın bir az da yaşlar.
1982
 
ADAM KİMİ
Sən atıb gedəndə düşündünmü heç?
Duydunmu geridə fəryadlarımı?
Dönüb gözucu da baxsam mən sənə,
Adam kimi anmasınlar adımı.
 
Çöldə vahə olsan dərman yerinə, 
Dərin quyu udsa, düşsəm dərinə.
Əl uzatsam uzatdığın əlinə,
Adam kimi anmasınlar adımı.
 
Yalanmış sözlərin, baxışların da, 
Yalanmış ağlaman, göz yaşların da.
Yolunu gözləsəm mən yollarında,
Adam kimi anmasınlar adımı.
 
Sənə qalsın güllərin də, bağın da, 
Can verəndə dodağında, ağında.
Məzar üşün yer istərəm dağında,
Adam kimi anmasınlar adımı.
Çanaqqla, 2010
 
GÜLƏ-GÜLƏ
Gedirsən, deməli, vida zamanı,
Paşa könlün bilər, gülə-gülə get.
Qan ağlasa içim, dayan demərəm,
 Paşa könlün bilər, gülə gülə get.
 
Suçlu axtarmağın nə mənası var,
Belə ayrılmağı kim xeyrə yozar.
Deyirsən ki, artıq qərarım qərar,
Paşa könlün bilər, gülə-gülə get.
 
Yenə də salamı çox görmə mənə,
Birgə olduğumuz günlər xətrinə.
Peşmanlığım belə kar etməz sənə, 
Paşa könlün bilər, gülə-gülə get.
 
Yağış çisələrkən Eminönüdə,
Mən donub qalmışdım sənin önündə.
Demək, gedəcəkdin günün birində, 
Paşa könlün bilər, gülə-gülı get.
Çanaqqla, 2009
 
AY
Bu gecə
Ay yorğundumu, nədi?
Hisli lampalar kimi,
Sönük işığıyla
Könülsüz baxır bizə.
 
Bu gecə 
Ulduzlar  yuxuda gəzərdilər,
Nə axan var, nə göz qırpan.
Ölü torpağı sərpilmiş sanki,
Nə salam-kalam.
Sərxoşdularmı nədi?
Saxlamasam
Düşəcəklər üstümə.
 
Bu gecə
Külək fit çalmır,
 Nə zümzümə, nə nəğmə var.
Qol-qanadı qırıqdı, sanki,
Yorğun bədənlər kimi, 
nəfəs-nəfəsə qalıb.
Dolu sünbüllər arasında əsə-əsə
Sünbüllər kimi saralıb,
Qonaq olacaq yuxumuza.
 
Bu gecə
Ey hilal söylə mənə,
Məndən daha çoxmu yorğunsan?
Siz ey ulduzlar,
Salam-kalamı kəsdiniz,
Uzun sürməsin bu küskünlük,
 Məskən sala bilməyəcəyəmmi sinənizdə?
Susma belə, ey dəli külək, 
Sükutuna alışa bilmırəm sənin,
İstər qasırğa ol, istər boran, 
Yağış yüklü bərəkətli buludları,
Ört üstümüzə.
Çanaqqala, 2010


Ana səhifəyə qayıt        Baxış: 1 223          Tarix: 10-04-2020, 14:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma