Xəbər lenti


Bu dəfə ustad yazıçı Əkrəm Əylisli ilə söhbətləşdik. Söyüdlərin yox, dünyanı çənginə alan koronavirusun “sarı işığında” nə etdiyini, günlərini necə keçirdiyi xəbər aldıq. Yeni çap olunan hekayəsindən danışdıq.

Yazıçı Əkrəm Əylisinin Modern.az-a müsahibəsini təqdim edirik:

- Əkrəm müəllim, bir çox yazıçılar, şairlər karantin rejiminin onlara əlverişli şərait yaratdıqlarını düşünürlər. Bu müddət ərzində yazı-pozu işləri ilə məşğul olduqlarını, tərcümələr etdiklərini, yeni ssenarilər yazdıqlarını düşünürlər. Sizin karantin günləriniz necə keçir?

- Doğrusu, bu günəcən xeyli nikbin idim. Belə düşünürdüm ki, düşdüyümüz bu qorxunc bəlanın təşvişli, həyəcanlı mərhələsi artıq geridə qalıb. Fikirləşirdim ki, camaat sakitləşəcək. Xalq öz əvvəlki həyatına geri qayıdacaq. Dövlət və hökumət bu bəlanın yaratdığı problemləri tədricən aradan götürməyə başlayacaq. Ancaq elə indicə rastıma çıxan informasiya məndəki nikbinliyə son qoydu. Bir sutkada 158 yoluxma hadisəsi...
Qorxunc rəqəmdir. Məncə bu günə qədər bir sutkada bu qədər artım olmamışdı. Məndən soruşursunuz ki, karantin dövrünü necə keçirirsiniz, bütün jurnalistlər bunu soruşur. Mənim qələmdaşlarım da jurnalistlərə fəxrlə cavab verir ki, əllərinə yaxşı fürsət düşüb, indi əvvəlkindən də çox oxuyub çox yazırlar, bekar deyillər. Ədəbiyyatımızı yeni zirvələrə qaldırmaqla məşğuldurlar. Vallah-billah, belə söhbətlər xalqı iyrəndirir. Güya, bu adamların bundan əvvəl yazdıqları milləti çox dirçəldibmiş. Güya indi təzə yazılar yazıb, təzə kitablar nəşr edib milləti ağ günə çıxaracaqlar. Xalqı birdəfəlik və əbədi xoşbəxt edəcəklər. Belə şeylər baş qatmaq, camaatı əsas qayğılarından uzaqlaşdırmaq üçündür. Dərd böyükdü. Koronavirusun ölkə iqtisadiyyatını çökdürmək təhlükəsi var. Xalqın güzəranı indiyəcən görünməmiş dərəcədə pisləşə bilə bilər. Bu problemlərdən çıxmağın mümkün yollarını axtarmaq lazımdır. Bunların heç biri ədəbiyyatlıq məsələ deyil. İndi biz hər fürsətdə yazıçı olduğumuzu cəmiyyətin gözünə soxmamalıyıq. Əksinə, yazıçı olduğumuzu unudub adi vətəndaş kimi xalqımızın bu bəladan qurtulmağının yollarını axtarmaqda hökumət və dövlət qurumlarına real kömək etməyə çalışmalıyıq. İndi xalq bizdən əsər yox, adamlıq gözləyir.

- Bu yaxınlarda bir təzə hekayəniz yayımlandı. Ədəbi cameədə çox bəyənildi. Haqqında xoş fikirlər səsləndirildi. Karantin günlərində daha nələr yazmısınız? Yoxsa elə bircə həmin hekayə ilə kifayətlənmisiniz?

- Tural, mən elə də çox məhsuldar yazanlardan deyiləm. Çox ölçüb-biçirəm... Amma bir şeyi deyə bilərəm ki, içimdə bir əsərin qayğısı, dərdi, işığı olmasa, mən yaşaya bilmərəm. Yəni mən yaşamağa belə öyrəşmişəm. Gözümü açandan ədəbiyyatın içindəyəm. Biri var ədəbiyyatın kənarından tamaşa edəsən, mən həmişə içində olmuşam. Sən yaşda cavan oğlan olanda “Gənclik” nəşriyyatının baş redaktoru idim. O vaxt “Gənclik” nəşriyyatı Azərbaycanın ikinci ən böyük nəşriyyatı idi. Ondan sonra “Azərbaycan” jurnalında ədəbiyyatın içərisində olmuşam. Bilavasitə ədəbiyyatın qayğıları ilə maraqlanmışam. O vaxt “Azərbaycan” jurnalı ədəbiyyatımızın aynası idi. Bunun içində böyümüşəm. Daha doğrusu, bir neçə il bu jurnalın redaktoru olmuşam. Sonra xeyli əziyyət və zəhmət çəkmişəm, xahiş etmişəm ki, Mərkəzi Komitə məni həmin vəzifədən azad edib. Aylarla buraxmadılar. Birincisi, düşünürdüm ki, mənim öz yaradıcılığım da var. İkincisi, Mərkəzi Komitəni yola gətirib kimin sandığında nə vardısa, çap etdirdim. Sonra bunun ardı gəlmədi. Ardı gəlmədiyinə görə jurnalı buraxdım. Yalvar-yaxar edib yerimə İsa İsmayılzadəni qoydum. Bundan sonra “Yazıçı” nəşriyyatında direktor işləmişəm. Əsasən direktor kimi yox, baş redaktor kimi... Müəyyən məsələlərlə məşğul olmuşam. Kitabların buraxılmasına iştirak eləmişəm. Düzdür, o vaxt “Yazıçı” nəşriyyatının çox pis vaxtı idi. Nəşriyyat dövlət büdcəsindən çıxarılmışdı. Özü-özünü dolandırmalı idi. Çox böyük problemləri var idi. Hər halda orada da bilavasitə ədəbiyyatın qayğıları ilə məşğul olmuşam. Elə olub ki, özümü yadımdan çıxarmışam. Əsərləri çap edilməyən və yazıları çapa layiq yazıçıların qayğıları ilə məşğul olmuşam.

- Əkrəm müəllim, deyəsən Yusif Səmədoğlunun “Qətl günü” romanının çapı sizin sayənizdə mümkün olub...

- Yusif Səmədoğlunun “Qətl günü” romanının çap olunması üçün Mərkəzi Komitəyə günlərlə ayaq döymüşəm. Halbuki, mən jurnaldan çıxmışdım. “Azərbaycan” jurnalına artıq İsa baxırdı. O işi görməyə də bilərdim. Mərkəzi Komitədə ədəbiyyat və digər məsələlərə baxan şəxslərlə ünsiyyətdə olmuşam. Axırda Vəfa Quluzadəni bir müsibətlə yola gətirmişəm. Sonra əsər çapa göndərilib. Sözümün canı odur ki, hər zaman ədəbiyyatın içində olmuşam. Biri var faktiki proses, biri də var içində yazırsan; düşünürsən, ölçürsən-biçirsən... Bu cəhətdən mən daim işləyirəm. Əgər mən o işi görməsəm, elə bilirəm ki, ürəyim dayanar.

- Karantin indi hər kəsin əl-qolunu bağlayıb. Rahat hərəkət etmək olmur. Sizə necə təsir edib? Sıxılırsınızmı?

- Mən onsuz da çölə-bayıra çox çıxan adam deyiləm. Amma bir şey var ki, azad olduğunu biləndə, hara istəsən gedə biləcəyini düşünürsən. Digər tərəfdən, hər yerin bağlı olduğunu anlayırsan və psixolji təsirə məruz qalırsan. Hər halda bu psixoloji təsir hamıda var. İnsanın psixoloji aləmi çox sarsıntılara məruz qalanda o tükənə bilir. Azərbaycan cəmiyyəti psixoloji cəhətdən tükənsə isə heç bir şeyə nail olmaq mümkün deyil. Nə iş görmək olar, nə də əsər yazmaq... Ona görə də psixoloji cəhətdən tükənməyin qarşısını almaq lazımdır. Yazıçılar da ümidlərini itirib çıxılmaz vəziyyətdə qalmamalıdırlar.

- Əkrəm müəllim, gənclərdən kimləri oxuyursunuz? Yazıçı və şairlərdən kimin gələcəyinə inamınız böyükdür?

- Mən həmişə təbiətən cavanlarla olmuşam. Bunu faktlarla demək istəyirəm. Məsələn, Ramiz Rövşəndən 9 yaş böyüyəm. Amma Ramizlə biz tanış olanda hələ o, cavan oğlan idi. Onun ilk kitabını mən çap etdirmişəm. Həmin vaxt “Gənclik”də baş redaktor idim. Mən o yaş fərqini qəti sürətdə hiss etmirdim. Sona “Azərbaycan” jurnalına gəldim. Orada Mirzə İbrahimov, Süleyman Rəhimov kimi nəhənglər qapının dalında qalırdı. Cavan uşaqlar, məsələn, Eldar Baxış, Vaqif Bayatlı, Ramiz Rövşən, Afaq Məsud, Mövlud Süleymanlı... Bunlar cavanlar idi. Qapı onların üzünə açılmışdı. Bunlar ayaqqabılarını çıxarıb gəlirdilər, amma o birilər qapının dalında qalmışdılar. Çünki mənə ədəbiyyat lazım idi. Sosialist Əməyi qəhrəmanları, ordenləri, mükafatları olanlar qəti sürətdə mən “Azərbaycan” jurnalında işlədiyim dövrdə nəzərə alınmayıb. Zarafat gəlməsin, çox ciddi məsələdir. 1978-83-cü illər aralığında mən orada işləmişəm. Hətta mən oradan gedəndə Allah rəhmət etsin, Mirzə İbrahimov yalvardı ki, getmə. Çünki ona yuxarıdan demişdilər ki, Əkrəmi buraxma. Mənə orada çox böyük rəğbət var idi. Həyatdır də, yaşayırıq. Elə də olub, belə də... Amma məsələ burasındadır ki, mənim ürəyim hər zaman cavanlarla olub. Cavan ədəbiyyatımızla bağlı çox həssasam. Yəni mənim indiki dövrdə az-çox münasibətdə olduğum dostlarım varsa, hamısı cavan uşaqlardı. Qocalarla nəsə mənimki alınmır (gülür).

- Konkret adlar çəkə bilərsinizmi ki, kimləri oxuyursunuz? Kimlərin gələcəyinə ümidiniz böyükdür?

- Ad çəkməyin bir əngəli var. Elə olur ki, ən çox çəkmək istədiyin ad yaddan çıxır. Mübariz Örənin “Ağ buludlar” povestini ədəbiyyatda çox ciddi hadisə hesab edirəm. Onun gəlişi ədəbiyyatımız üçün hadisədir. Biz Afaq Məsudun, Şahmar Hüseynovun, Dilsuzun gəlişini bayram hesab edirdik. Sevinirdik. Mübariz Örənin və digər gənc yazarların gəlişini də mən bayram kimi qəbul etmişəm. Bizdə gözəl nasirlərin olmasına baxmayaraq, şeir əsrlər boyu daha çox inkişaf yolu keçib. Bizim gənc yazarlar arasında çox istedadlı şairlər var. Məsələn, o dövrün Məmməd Rahim kimi şairləri indiki cavan uşaqların heç qabağına çıxa bilməz. İndi ədəbiyyatın inkişafını danmaq olmaz. Bizim cavan ədəbiyyatımız sağlam meyillərlə yaşasa, çaşmasa, necə deyərlər, şöhrət dalınca qaçmasa bizim cavan ədəbiyyatın çox böyük gələcəyi var.

- Səhv etmirəmsə, son hekayələrinizdən birini dünyasını dəyişmiş cavan yazıçıya həsr etmisniz...

- Bəli Tural, bayaq dediyin hekayəni cavan bir nasirin xatirəsinə həsr etmişəm – İkinci Mahmuda. Həmin İkinci Mahmudla cəmi bir saat söhbət etmişəm. O vaxt gördüm ki, bu adam o qədər dərindir ki... Həmin görüşümüzü xatırladım və hekayəmi onun xatirəsinə həsr etdim. Mövludgildən sonrakı nəsildə də çox maraqlı yazıçılar var. Ağa Laçınlının oğlu Fəxri Uğurlu çox talantlı idi. Azərbaycanlılar qədər talantlı millət bəlkə də yer üzündə yoxdur. Amma elə olur ki, son nəticədə biz o talantın nəticəsini görə bilmirik. Şərifin yazılarını oxuyuram. Maraqlı yazılar yazır. Qismət publisist kimi maraqlıdır. Qüdrətli cavan yazıçılar nəsli var. Yəqin ki, bu nəsil öz sözünü deyəcək.




Ana səhifəyə qayıt        Baxış: 1 946          Tarix: 17-05-2020, 22:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma