Xəbər lenti

Yenə sənə sarı...
Səbrim bir ümidə söykənib indi
Özümü özümdə gəzir ürəyim,
Uzat əllərini, uzat, İlahi,
Qəfil taleyimi əzir ürəyim.
Sənə əl açmağa yoruldum,Allah,
Yığ ayaq altımdan qəmli yolları.
Sənin dərgahına sərim, qurusun,
Mənimtək gözləri nəmli yolları.
Çirpıb qanadını uçdu arzular,
Tənhalıq dumanı bəxtimə endi.
Acı ayrılığı geyib əyninə,
Varaqda can verir misralar indi.
Sənin dərgahına uçan duamın,
Cavabı ömrümə dönmür ki,dönmür.
Mənim otağımda yanan həsrətin,
Ne vaxtdı, işıgı sönmür ki sönmür...
Qısılıb sinəmə yetim duyğular
Gecənin üzünə söykənib üzüm
Yenə sənə sarı uçur ürəyim
Bu da son məktubdu,bu da son sözüm.
12.08.20.
 
Bir misra çiçək
Əziz anamın ad gününə
O layla qoxulu nəfəsin ki, var,
Mənim nəfəsimə nəfəsdir ana.
Boyumu oxşayan xoş baxışların,
Bir ovuc arzudu,həvəsdir, ana.
Həqiqət ətirli çiçəyi sənsən,
Bu sevgi bağçamın,bu eşq bağımın,
Nəvaziş köynəkli mehriban səsin,
Bələnib dadına uşağlığımın.
Yüz ilin min ilin həsrətlisi tək,
O şumşad boynuna dolanır qolum.
Kaş cənnət qoxulu qucağında mən,
Hər səhər dil açım,hər gün doğulum.
Bahar təravətlim,payız naxışlım,
Adını qoymuşam gözümün ustə.
Bağrıma basmışam xeyir - duanı,
Heç vaxt duman enməz sözümün üstə.
Bu gün ad günündü,mehriban anam
Öpürəm üzündən səhər mehi tək.
Sənin ad gününə hediyyəm olsun,
Qəlbimdən dərdiyim bir misra çiçək.
06.08.2020.
22:30.
 
Kədər ocağı.
Bu söz heykəlinin önündə çoxdan,
Cavabsız məktuba dönüb qalmışam.
Bu günki həsrəti yola salmamış,
Yenə ayrılıqdan məktub almışam.
Sənin insafına yenə qar yağır,
O sevgi qoxulu yolların hanı?
Könlümu oxşayan qoşa misra tək,
Boynuma sarılan qolların hanı?
Sənsizlik qoxuyan qərib misralar,
Gör necə üşüdür mənim qəlbimi.
Ovcunun içində titrək əllərim,
Kaş yenə çırpınsın göyərçın kimi.
Qərib bir nəgməyə dönüb, əzizim,
Daha ləzzəti yox sənsiz həyatın
Kədər ocağı tək üşüdür məni,
Hər gün dodağımı isidən ad
 
GENERAL GƏLİR.
(Şəhid general Polad Həşimovun nurlu xatirəsinə)
Üçrəngli bayragı alnından asıb,
Əcəlin üstünə adını yazıb.
Vətən harayını bağrına basıb,
Üzündə təbəssüm,dili lal gəlir,
Torpaq,qalx ayağa,general gəlir!
Mubarək şehiddir,ucadır soyu,
Hezi Aslanova çəkir bir suyu.
Xainlər yolunda qazdılar quyu,
Döyüş yollarına nəzər sal,gəlir,
Torpaq,qalx ayağa,general gəlir!
Uçurdub fələyin qalalarını,
Gözü yolda qoyub balalarını,
Anıb anasının laylalarını,
Ana tək boynuna qolun sal,gəlir,
Torpaq,qalx ayağa,general gəlir!
Keçib Qəbələdən Qələbəyədək,
Qeyrət ocağıdır köksündə urək.
Doğma Vəndamına əl eyləyərək,
Polad əqidəli nurcamal gəlir,
Torpaq,qalx ayağa,general gəlir!
16.07.2020.
 
Şəhid harayı.
Səngər köynəyini geyən ömrümün,
Üstünə səpmisən şəhid ətrini.
Soyuq məzarda da başımın ustə,
Çıraq tək asmışam sənin xətrini.
Tökülən qanımla sarımışam mən,
Ay vətən,bu torpaq,daş yarasını.
Götür, son eşqimlə sarı sən Allah,
Körpə yanaqlarda yaş yarasını.
İslanmış mektubdur hər şəhid səsı.
Qeyrəti kor olan oxuya bilməz.
Vətən bayrağının təbəssümüdür.
Hər məzar şəhidlik qoxuya bilməz.
Şəhid harayı tək qopur sinəmdən,
Yaralı şeirimin sonuncu sətri.
Döyüş nəğmələri çıxsın yollara,
Səpilsin torpağa qələbə ətri.
10.07.2020.
 
Döyüşən misralar.
Daha yurdlarına yaz gəlmir vətən,
Bəxtin də özünə yük olubdu, yük.
Görən bu dünyada bir ağrı varmı?-
Sənin gözlərinin yaşından böyük.
Şuşada,Laçında itkin düşubdü,
Sənin vətən adlı bir həqiqətin.
Əyninə general mundiri geyib.
Papağı başından düşən qeyrətin.
Sən mənim gözümdə torpaq, daş deyil 
Qanı qurumayan yaramsan, Vətən!
Şuşada bayrağın dalğalanmasa ,
Bir ömür sən mənə haramsan ,Vətən!
Soyuq əllərini qanımla isit,
Şəhid məzarını qoyma üşusün.
Döyüş əmri verdim misralarıma,
Həzi Aslanov tək gərək döyüşsün!
26.06.2020.
 
Məni unut demişdin.
Dəniz gözlüm məni unut demişdin,
Gözün aydın, sətir -sətir unutdum.
Gördüm səni unutmağa tabı yox,
Ürəyimi sənə xətir unutdum.
Sevgi mehi öpməz daha üzündən,
Dadı qaçıb ömür adlı bu yolun.
Götür mənim göz yaşımı nə olar,
Öz əlinlə göz yaşını yu - yolun.
Çatılıbdı qaşı sənli günlərin,
Xatirələr üzün tutub qəhərdən.
Bütün dünya ayrılığa yoluxub,
Sevgi köcüb sən yaşayan şəhərdən.
Vaxtın olsa,bu yaralı misramın
Könlün alıb,göz yaşını silərsən.
Dəniz gözlüm,məni unut demişdın,
Sevmək özü unutmaqdır biləsən.
24 06.2020.


Ana səhifəyə qayıt        Baxış: 2 527          Tarix: 13-08-2020, 20:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma