Xəbər lenti


“Azərbaycan və Ermənistan prezidentlərinin Moskvada, xarici işlər nazirlərinin isə ABŞ-da görüşəcəklərinə dair məlumatlar yayılır, Milli Ordunun döyüşdə qazandığı uğurların artdığı bir zamanda belə görüşlər hər kəsdə müəyyən narahatlıqlar yaradır”

“Vətən müharibəsi 24 gündür ki, davam edir. Onun uzanması gözləntiləri və nigaranlığı artırır. Gözləntilərin böyük olması şaiyələrin yaranmasına və yayılmasına gətirib çıxarır. Sosial şəbəkədə Şuşanın və Xankəndinin işğaldan azad edilməsi ilə bağlı məlumatlar dolaşır. Bunu bilərəkdən və ya bilməyərəkdən tirajlayanlar bir tərəfdən bizi hədəflərimizə daha tez çatdırmaq istəsələr də, digər tərəfdən də gözləntiləri böyütməklə xilaskar ordumuzun əməyini kiçildə bilərlər”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.

ADR Hərəkatının sədri hesab edir ki, gözləntilərimizin vaxtında baş verməməsi xalqda məyusluq da yarada bilər: “Odur ki, belə məsələlərdə diqqətli olmalıyıq. Bunun üçün də Qarabağın relyefini nəzərə almalıyıq, bilməliyik ki, onun dağlıq hissəsinə daxil olduqca daha çox təbii istehkamlar və çətin döyüş şəraiti ilə qarşılaşırıq. Eyni zamanda, untmamılıyıq ki, Azərbaycan ordusu işğaldan azad etdiyi torpaqlarda öncə mövqeyini möhkəmləndirməli, qarşısındakı maneələri təmizləməli və bundan sonra irəliyə doğru hərəkət etməlidir. Bütün bunlar isə zamana bağlıdır. Bu baxımdan, gözləntiləri şişirtməli deyilik, çünki, onlar tez bir zamanda doğrulmayanda ordumuzun əldə etdikləri cari uğurlar kiçilə bilər. Əslində diqqəti müzəffər ordumuzun zəfər yürüşünə cəlb edərək onun hər bir qələbəsini ruh yüksəkliyi və sevincə qeyd etməliyik. Şanlı Azərbaycan ordusunun cənub cəbhəsində Zəngilan rayonu ərazisinə daxil olmaları və bir sıra kəndləri azad etmələrinə, şimal cəhbəsində isə Kəlbəcər və Ağdərə rayon mərkəzlərinə yaxınlaşmalarına dair sevindirici məlumatlar gəlir”.

Qubad İbadoğlu bildirib ki, gəlin, diqqətimizi bura cəlb edək, eyni zamanda aşağıdakı həlli vacib məsələlərə orduya və xalqa dəstək olaq: “Birincisi, qarşımızda duran ən başlıca vəzifə xalqın milli ruhunu və ordunun döyüş əzmini yüksək səviyyədə saxlamaqdır.

Əgər buna nail olacagıqsa, onda xilaskar ordumuz nəinki, Şuşanı və Xankəndini, hətta Yerevanı da işğalçılardan azad edə bilər. İkincisi, eyforiyaya qatılıb, böyük gözləntilərlə yaşamalı deyilik, ordumuzun hər qələbəsi möhtəşəmdir, onu da olduğu kimi qeyd etməliyik. Unutmamalıyıq ki, hər kəndin, hər məhəllənin işğaldan azad olunması üçün əsgərlərimiz qanından, canından keçirlər. Üçüncüsu, son zamanlar intensivləşən görüşlər və bəyanatlar fonunda mövqeyimizi xalq olaraq hakimiyyətə açıq şəkildə birbaşa təqdim etməliyik ki, gələcəkdə nəzərə alınsın. Hazırda Azərbaycan və Ermənistan prezidentlərinin Moskvada, xarici işlər nazirlərinin isə ABŞ-da görüşəcəklərinə dair məlumatlar yayılır. Milli Ordunun döyüşdə qazandığı uğurların artdığı bir zamanda belə görüşlər hər kəsdə müəyyən narahatlıqlar yaradır. Odur ki, hakimiyyət nümayəndələri görüşələrə qatılmamışdan əvvəl xalqla məsləhətləşməli, ictimai rəyi öyrənməli və görüşdə təqdim edəcəyi mövqeyə dair xalqı məlumatlandırmalıdır. İctimai rəy hazırda döyüşdə uğurları bol olan ordunun qalibiyyət yürüşünün dayandırılmasının əleyhinədir.

Əgər buna qərar verilərsə, o halda hər kəs tarixi ədalətin bərpasına, döyüşdəki qüvvələr nisbətinə və üstün mövqeyimizə müvafiq olan reqlamentləşdirilmiş və qısa müddətdə icrası mümkün olan razılaşma arzusundadır. Yalnız bu halda xalq danışıqları dəstəkləyə bilər. Əks təqdirdə xalq bağlı qapılar arxasında aparılan və ondan gizli saxlanılan danışıqlarda milli maraqlarla uzlaşmayan öhdəliklərin götürülməsi ilə razılaşmayacaq”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org



Ana səhifəyə qayıt        Baxış: 2 914          Tarix: 20-10-2020, 11:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma