Xəbər lenti


Əmanətlərin Sığortalanması Fondu “Hafka” ləqəbli işadamı Hafiz Məmmədovdan 2 milyon 285 min manat pul tələb edir. İş adamı isə bu pulu ödəməkdən imtina edir.

"AzPolitika.info"nun məlumatına görə, bu barədə "azadliq.org" xəbər verib Məlumata görə Fond iddia edir ki, vaxtilə “Bank of Azerbaijan”dan Hafiz Məmmədovun şirkəti olan “Crystal Clean” MMC-yə illik 12 faiz olmaqla, 2 il yarım müddətinə 1 milyon 320 min manat kredit verilib. Həmin puldan 1 manat da ödənilməyib. İndi tələb olunan məbləğin bir hissəsi əsas borc, qalanı da faiz və cərimədir.

“Bank of Azerbaijan” özü də Məmmədovlar ailəsinə məxsus olub. Mərkəzi Bankın 18 yanvar 2016-cı il tarixli qərarıyla lisenziyası ləğv olunan bu bankın səhmdarları Hafiz Məmmədovun övladları Kənan və Sənan Məmmədovlar, həmçinin qardaşı Mübariz Məmmədov idi.
Bankın fəaliyyəti dayandırılandan sonra ləğvedici qismindəƏmanətlərin Sığortalanması Fondu tanındı, əmanətlərin ödənilməsi, kreditlərin toplanmasıyla bu qurum məşğul olmağa başladı.

Fondun nümayəndəsi deyir ki, vəsaitin ödənilməsi üçün dəfələrlə qarşı tərəfə xəbərdarlıq edilsə də, nəticə verməyib. Ona görə də məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalıblar.

Amma məhkəmə iddianı təmin etməyib. Oktyabrın 8-də çıxarılan qərarda yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Fond isə bununla razılaşmır, iddia edir ki, bankın elektron sistemində bu borc barədə informasiya var: Kredit müqaviləsi və digər sənədlərin təqdim olunmamasının səbəbi isə budur ki, bank ləğv prosesindədir, ofislərin yeri dəyişib. O sənədlər hazırda əlimizdə yoxdur. Məhkəmə də bizə həmin sübutları əldə etmək üçün kifayət qədər vaxt verməliydi. Mərkəzi Bankın Reyestr Xidmətinə sorğu göndərməklə də o məlumatları əldə etmək olardı”.

MəhkəməƏmanətlərin Sığortalanması Fondunun iddiasını təmin etməsə də, bankın fəaliyyətində cinayət tərkibi olduğu nəticəsinə gəlib. Ona görə də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi “Bank of Azerbaijan”ın vəzifəli şəxsləri haqqında CM-in 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 313 (vəzifə saxtakarlığı və 314-cü (səhlənkarlıq) maddələrilə araşdırma aparılması üçün xüsusi qərardad çıxarıb.

Bu qərar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
“Bank of Azerbaijan”ın lisenziyasının ləğvindən sonra Əmanətlərin Sığortalanması Fondu üzə çıxarmışdı ki, vaxtilə bu bankda Hafiz Məmmədovun 14 yaşlı oğlu Məcid Məmmədovun adına 70 min avro kredit ayrılıb və qaytarılmayıb. Fond bu məsələ ilə bağlı məhkəmədə iddia qaldırıb, pulun ödənilməsini tələb etsə də, iddia təmin olunmadı. Çünki bankın yetkinlik yaşına çatmayan şəxslə müqavilə bağlayıb, ona yüksək məbləğdə kredit ayırması qanunaziddir.

14 yaşlı uşaqla müqavilə bağlanan vaxt onun valideynlərinin, yaxud başqa qanuni nümayəndəsinin razılığı olduğunu təsdiqləyən heç bir sənəd-sübut yoxdur. Ona görə də uşaqla bağlanmış müqavilələr etibarsız sayılır.
Bir müddət əvvəl isə Mərkəzi Bankın iddiası əsasında məhkəmə 55 milyonluq başqa bir bank borcuna görə Məmmədovlar ailəsinin xeyli əmlakının hərraca çıxarılıb satılması barədə qərar çıxarmışdı.

Həmin əmlaklar arasında paytaxtın Nərimanov rayonunda yerləşən otel – “Ramada Hotel Suites Baku”, metronun “Nizami” stansiyasının yaxınlığında yerləşən 3 min kvadrat metrlik qeyri-yaşayış sahəsi, Nərimanov rayonunda biri dörd (460 kvadrat metr), digəri isə üç (320 kvadrat metr) mərtəbəli olmaqla, iki fərdi yaşayış evi də vardı.



Ana səhifəyə qayıt        Baxış: 2 802          Tarix: 20-10-2020, 15:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma