Xəbər lenti


IRNA, İran
30.11.2020


Rusiya Dağlıq Qarabağda əldə olunmuş atəşkəs razılaşması ilə əlaqədar istər ATƏT-in Minsk qrupu liderlərinin, istərsə də bəzi regional və beynəlxalq güclərin ittihamları ilə üz-üzədir. Üstəlik, o, daxili siyasi gərginliyin artığı Ermənistanda da tənqid olunur. Amma bütün bunlara baxmayaraq, Moskva üzərinə Dağlıq Qarabağ bölgəsində atəşkəsin və sülhü qorunması kimi ağır vəzifə, ağır missiya götürüb.
IRNA xəbər verir ki, Rusiyanın siyasi və hərbi rəhbərliyi Moskva-Bakı-Yerevan razılaşmasının qorunması istiqamətində ciddi cəhdlər göstərir. İndi o, çətin sülhməramlı missiyanı yerinə yetirməklə yanaşı, təsir dairəsindəki ənənəvi vasitəçi imicinin sual altına düşməsinə də imkan verməməlidir.
Bu gün istər Qərbin, istər regional və beynəlxalq tənqidçilərin üçtərəfli razılaşmanı iflasa uğratmaq cəhdləri Rusiyanı narahat edir. Ölkə prezidenti Vladimir Putin də son günlərdə dəfələrlə qeyd edib ki, Moskva bu işdə yalnız vasitəçi rolunu oynayır: “Bu səyləri göstərən şəxslər və ya ölkələr bilməlidirlər ki, üçtərəfli razılaşmanın alternative müharibədir. Onlar mümkün müharibənin qurbanlarına görə məsuliyyət daşıyacaqlar”.
Beləliklə, Moskva anlaşmaya tam əməl olunmasını belə bir şəraitdə təmin etməyə çalışır.

Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin də ABŞ və Avropa ölkələrini Dağlıq Qarabağla bağlı razılaşmanı pozmağa, bölgədə hərbi əməliyyatları bərpa etməyə çalışmaqda günahlandırıb. O, ötən həftə keçirdiyi mətbuatı konfransında deyib: “Bəzi Qərb dövlətləri Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq üçün Dağlıq Qarabağ münaqişəsini yenidən alovlandırmağa çalışır. Əldə etdiyimiz məlumatlara görə, bu qüvvələr sülhü, atəşkəs razılaşmasını etibarsız hala gətirmək üçün erməni və azərbaycanlı millətçiləri təhrik edirlər”.
Narışkin bildirib ki, erməni xalqını Dağlıq Qarabağdakı sülhün Yerevan üçün məğlubiyyət olduğuna inandırmaq cəhdləri var. Azərbaycan xalqına isə guya Kremlin onun qələbəsini oğurladığı fikri təbliğ edilir.

Narışkinin fikrincə, NATO üzvləri Dağlıq Qarabağda hərbi əməliyyatların məhz Rusiyanın vasitəçiliyilə dayandırılmasından narahatdır. Çünki bu, Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması səylərini heçə endirib.
Rusiya rəsmiləri öz növbələrində, Yerevan və Bakı ilə istər telefon əlaqələrində, istər birbaşa görüşlərində onları təmkinli davranmağa, atəşkəsə riayət etməyə çağırır.
Xatırladaq ki, atəşkəs razılaşmasının imzalanmasından sonra Yerevanda yüzlərlə insan küçələrə axışaraq, buna etirazını bildirib. Ermənistanda etiraz aksiyaları bu gün də davam edir.

Rusiya rəsmilərinin Yerevan səfəri
Atəşkəsin imzalanmasından təxminən iki həftə sonra, noyabrın 21-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov, səhiyyə naziri Mixail Muraşko, baş nazirin müavini Aleksey Orçuk və bir neçə digər rəsmi şəxsin daxil olduğu nümayəndə heyəti əvvəlcə Yerevana, ardından isə Bakıya səfər edib. Onlar Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyan və Müdafiə Nazirliyinin idarə rəisi Vaqarşak Arutyunyanla görüşüblər. Rusiya müdafiə naziri onlara Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki sülhməramlı əməliyyatlar, Rusiya bölmələrinin necə yerləşdirildiyi, müşahidə postları haqda məlumat verib. “Biz müəyyən edilmiş işlərin görülməsi üçün Qarabağa daxil olmuşuq. Bildiyiniz kimi, üçtərəfli bəyanatın imzalanmasından sonra bölgəyə sülhməramlı contingent də göndərilib. Artıq Dağlıq Qarabağın demək olar ki, hər yerinə yerləşmişik. Orada 23 sülhü qoruma postu qurulub”, - deyə Sergey Şoyqu bildirib. Onun sözlərinə görə, Rusiya sülhməramlıları Xankəndi yoluna nəzarət edir, qaçqınların geri qayıtması təmin olunur.

Artıq bölgədə dinc həyatın bərpa olunduğunu deyən nazirin sözlərinə görə, Rusiyanın əsas vəzifəsi qan tökülməsinin qarşısının alınmasıdır: Bu, Putinin Ali Baş Komandan kimi, bizim qarşımıza qoyduğu vəzifədir”.
Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda sülhün bərqərar edilməsinə görə Rusiyaya təşəkkürünü bildirib. “Müharibə zamanı biz daim Rusiya Federasiyasının dəstəyini hiss etmişik”, - deyə o, qeyd edib. Paşinyan Dağlıq Qarabağ müharibəsinin getdiyi günləri “çətin dövr” adlandırıb, lakin artıq hərbi-siyasi vəziyyətin dəyişdiyini deyib.

Rusiya rəsmilərinin Bakı səfəri
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, S.Şoyqu Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Əliyev Moskvanın bölgədə sabitliyin yaradılması istiqamətindəki səylərini yüksək qiymətləndirib. O, həmçinin Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatın müddəalarının uğurla icra olunduğunu deyib.
İlham Əliyev hesab edir ki, razılaşmadan sonrakı dövr tərəflərin uzun sürən münaqişəyə son qoymağa, siyasi razılığa gəlməyə hazır olduqlarını göstərir.

Rusiya Qarabağda müharibəyə niyə qarışmadı?
Rusiya prezidenti Vladimir Putin bəzi dairələrin Moskvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) öhdəlikləri çərçivəsində Ermənistanın tərəfini tutmalı olduğu haqda fikirlərinə münasibət bildirərkən deyib: “Rusiya məsələyə yalnız KTMT üzvünə təcavüzün olunacağı təqdirdə müdaxilə edə bilər. Dağlıq Qarabağ Ermənistan ərazisi deyil. Odur ki, Moskvanın oradakı silahlı qarşıdurmaya müdaxilə etməsi üçün əsas yox idi”.

Putin xatırladıb ki, Dağlıq Qarabağı Ermənistanın özü belə, müstəqil qurum kimi tanımır. “KTMT-nin şərtləri Rusiyanın bu hərbi toqquşmaya müdaxiləsinə imkan vermirdi”, - deyə o, bildirib: “Ermənistan Respublikasının ərazisinə heç kim hücum etməmişdi. Demək, bizim qarşıdurmaya birbaşa qarşımaq hüququmuz yox idi”.

Putin deyib ki, ölkəsi Yerevanla hərbi-texniki əməkdaşlıq çərçivəsindəki öhdəliklərini tam yerinə yetirir: “Sizi əmin edirəm ki, Ermənistan Rusiya tərəfindən unudulduğunu hiss etməyib. Rusiya bunun baş verməməsi üçün əlindən gələni edib”.
Dağlıq Qarabağda atəşkəsin əldə olunmasına gəlincə, Putin bu işdə sadəcə, vasitəçi olduqlarını deyir: “Rusiya bu işdə yalnız vasitəçi kimi çıxış edib və sənədin müddəalarının yerinə yetirilməsinin təminilə bağlı öhdəlik götürüb”.

Xatırladaq ki, üçtərəfli bəyanat noyabrın 10-da Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan tərəfindən imzalanıb. Bu razılaşma ilə Dağlıq Qarabağda hərbi toqquşmalar tamamilə dayandırılıb. Saziş Azərbaycan və Ermənistan qüvvələrinin o ana olan mövqelərdə qalmasını, bölgəyə Rusiya sülhməramlılarının gətirilməsini nəzərdə tutur. Rusiya Qarabağa məhdud texnika ilə təchiz edilmiş 1960 əsgər, 90 zirehli texnika, 380 ədəd hərbi maşın və digər texnikalar göndərməlidir. Onların bölgədə 5 il müddətinə qalması şərtdir. Lakin sonradan bu müddət uzadıla bilər. Tərəflərdən hər hansı müddətin uzadılmasını istəmirsə, bunu vaxtın başa çatmasına 6 ay qalmış elan etməlidir.
(Fars dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: IRNA


Ana səhifəyə qayıt        Baxış: 3 098          Tarix: 30-11-2020, 16:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma