Xəbər lenti


The Associated Press, ABŞ
03.12.2020


Azərbaycan dekabrın 1-də işğal altında olan rayonlarının geri qaytarılması prosesini başa çatdırıb. Dağlıq Qarabağda döyüşlər Rusiyanın vasitəçiliyilə imzalanmış sülh sazişindən sonra başa çatıb. Ermənistan əraziləri məhz bu sazişə əsasən təhvil verib.
Azərbaycan prezidenti İlham Əliyev ərazilər üzərində nəzarətin bərpa edilməsini tarixi qələbə adlandırıb: “Biz hamımız bir arzu ilə yaşamışıq və bu arzunu həyata keçirmişik”.

“Biz döyüş meydanında, siyasi müstəvidə qələbə qazanmışıq və bu qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaq”, - deyə Azərbaycanın dövlət başçısı xalqa müraciətində bildirib.

Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ regionu 1994-cü ildə başa çatmış separatçı müharibədən sonra Ermənistanın dəstəklədiyi etnik erməni qüvvələrinin nəzarətinə keçmişdi. 1990-cı illərin əvvəllərində baş vermiş müharibə nəticəsində ermənilər Dağlıq Qarabağla yanaşı, ona bitişik geniş əraziləri də nəzarətə götürmüşdülər.

Sentyabrın 27-də başlamış 44 günlük amansız döyüşlərdən sonra Azərbaycan Ordusu erməni silahlı qüvvələrini darmadağın edərək, Dağlıq Qarabağın dərinliklərinə qədər irəliləyib. Nəticədə Ermənistan Rusiyanın vasitəçiliyilə sülh sazişini imzalamağa məcbur olub. Noyabrın 10-da qüvvəyə minmiş sazişə əsasən, Dağlıq Qarabağ ərazisinin böyük hissəsi Azərbaycana qaytarılıb. Bundan başqa, Ermənistan separatçı region ətrafındakı bütün rayonların Azərbaycana qaytarılmaslı ilə bağlı öhdəlik də götürüb.

Son olaraq erməni silahlı qüvvələri dekabrın 1-də Dağlıq Qarabağla Ermənistan arasında yerləşən Laçın rayonunu Azərbaycana təhvil verib. Laçın Dağlıq Qarabağ ətrafında yerləşən və Bakıya döyüşsüz təhvil verilən 3 rayondan biridir.

Bu arada, Rusiya regiona təxminən 2 minlik sülhməramlı kontingent göndərib. Burada ən azı 5 il qalmalı olan rusiyalı sülhməramlılar sülh sazişinin icra edilməsinə, qaçqınların regiona qaytarılmasına nəzarət edəcək. Bundan başqa, sülhməramlılar Dağlıq Qarabağla Ermənistan arasındakı Laçın dəhlizi vasitəsilə təhlükəsiz tranzitin həyata keçirilməsini də təmin etməlidir.

“Biz tarixi həqiqəti bərpa etmişik”, - deyə prezident İlham Əliyev qeyd edib: “Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcək. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq”.
Azərbaycanın dövlət başçısı son döyüşlər nəticəsində 94 mülki vətəndaşın həyatını itirdiyini, 400-dən çox insanın yaralandığını vurğulayıb. Amma o, hərbi itkilər haqda məlumat verməyib.

Ermənistanın səhiyyə nazirisə hələ ötən ay bildirmişdi ki, hərbi əməliyyatlar nəticəsində ən azı 2425 erməni hərbi qulluqçu həlak olub. Üstəlik, onların əksəriyyətinin şəxsiyyəti hələ məlum deyil.

Baş verənlər fonunda müttəfiqi Azərbaycanı qətiyyətlə dəstəkləyən Türkiyə regiona təsirini artırıb. Türkiyəli və rusiyalı hərbçilər sülh sazişinin təmin edilməsi üçün birgə Monitorinq Mərkəzinin yaradılmasına dair sənədlərə də imza atıblar.

Noyabrın 10-da imzalanmış sülh sazişi Azərbaycanda bayram əhval-ruhiyyəsi yaradıbsa, Ermənistanda kütləvi etiraz aksiyalarına səbəb olub. Minlərlə erməni küçələrə çıxaraq baş nazir Nikol Paşinyanın istefasını tələb edir.
Artıq rusiyalı sülhməramlılar döyüş bölgəsindən qaçmış qaçqınların geri qaytarılmasına yardım göstərir. Məlumata görə, artıq Ermənistandan Dağlıq Qarabağa 25 mindən çox erməni qaytarılıb.

Hazırda Ermənistanla Azərbaycan arasında hərbi əsirlərin dəyişdirilməsilə bağlı çətin danışıqlar gedir. Onlar bir-birini hərbi əsirlərlə qəddar davranmaqda ittiham edir.  

Yeri gəlmişkən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bildirib ki, hərbi əsirlərin dəyişdirilməsinə obyektiv səbəblər çətinlik yaradır. O, bu çətinliklərin tezliklə aradan qaldırılacağına ümid etdiyini deyib.

Azərbaycan prezidenti İlham Əliyev isə hesab edir ki, “artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur”. O, bildirib ki, bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır və onların yaşayışı yaxşı olacaq, regionun infrastrukturu inkişaf etdiriləcək.
Sülh sazişinə əsasən, Ermənistanın Azərbaycana təhvil verdiyi digər rayonlar Ağdamla Kəlbəcərdir. Artıq bu rayonlarda 25 il əvvəl didərgin düşmüş azərbaycanlı məcburi köçkünlər oraya qayıtmağa hazırlaşır.

26 il əvvəl ailəsi ilə birlikdə Laçından didərgin düşmüş 56 yaşlı Qurban Həsənov rayona qayıtmaq istədiyini deyir: “Mən və ailəm doğma kəndimizə qayıtmağı arzulayırıq”.

“Qayıtmağı necə çox istədiyimizi ifadə etmək üçün söz tapa bilmirəm. Mən müəlliməm və orada uşaqlara coğrafiyanı öyrətmək istəyirəm”, - deyə Qurban Həsənov nəşrimizə bildirib.

Həsənov bu yaxınlarda yayılmış videoda kəndindəki evini görüb. Onun evi kənnddə salamat qalmış az sayda evdən biridir. Bəzi ermənilər əraziləri Azərbaycana təhvil verilməzdən əvvəl yaşadıqları evlərə od vurublar. Azərbaycanlılar bunu təhqir kimi qəbul edir.

“Ümid edirəm ki, onlar Kəlbəcər rayonunda etdikləri kimi, Laçında da evlərimizi yandırmayıblar”, - deyə Qurban Həsənov sonda vurğulayıb.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: The Associated Press


Ana səhifəyə qayıt        Baxış: 2 417          Tarix: 3-12-2020, 14:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma