Milli Məclisin bu gün keçirilən iclasında “Prokurorluq haqqında” qanuna dəyişikliklər müzakirə edilib.
İclasda çıxış edən deputat Qüdrət Həsənquliyev sənəddə istintaq sirrləri istisna olmaqla, bütün digər işlər barədə Baş Prokurorluğun məlumat verməsi barədə müddəa əksini tapmasını təklif edib: “Baş prokuror, yaxud heç olmasa prokurorluğun bir nümayəndəsi ildə bir dəfə Milli Məclisin plenar iclasında gəlib məlumat verməsi barədə bənd əlavə edilsə, yaxşı olar”.
Deputat Siyavuş Novruzov isə bildirib ki, hesabatlılığın olması ümumi işin faydasınadır: “Bizim Konstitusiyada da göstərilir ki, hökumət parlament qarşısında hesabatlıdır. Lakin digər maddə də var ki, güc strukturları hökumətə daxil deyil, yalnız Ali Baş Komandan qarşısında hesabat verir. Təsəvvür edin ki, müdafiə naziri parlament qarşısında ümumi vəziyyət barədə hesabat verir. Onu hərə bir cür mətbuata açıqlayacaq. Ona görə də müharibə şəraitində buna ehtiyac yoxdur”.
Deputat Çingiz Qənizadə də deyib ki, parlamentin hökumətin tərkibində olmayan qurumlara nəzarət etməsi düzgün olmaz.
Qeyd edək ki, layihə Milli Məclisə Prezident İlham Əliyevin imzası ilə daxil olub. Dəyişiklikliyə əsasən, baş prokuror istintaq edilən cinayət işləri haqqında Azərbaycan Prezidentinə məlumat verməyəcək. Qanunun hazırda qüvvədə olan 44-cü (Azərbaycan dövləti başçısının məlumatlandırılması) maddəsində deyilir: “Azərbaycan Respublikasının Baş prokuroru Azərbaycan dövlətinin başçısına – Azərbaycan Respublikasının Prezidentinə prokurorluğun fəaliyyəti haqqında məlumat verir”.
Maddədə edilən dəyişikliyə əsasən, məlumatlar istintaq edilən cinayət işləri istisna olmaqla, veriləcək.
Layihədə bildirilib ki, Azərbaycan Konstitusiyasına müvafiq olaraq Azərbaycan dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir. Qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir, İcra hakimiyyətini Azərbaycan Prezidentinə mənsubdur, Məhkəmə hakimiyyətini isə Azərbaycan məhkəmələri həyata keçirir.
Azərbaycan Prokurorluğu məhkəmə hakimiyyəti sisteminə daxil olmaqla vahid mərkəzləşdirilmiş orqandır. Konstitusiya bu orqanın qanunvericilik və İcra hakimiyyəti orqanlarından hər hansı asılılığını istisna edir. Bundan əlavə, "Prokurorluq haqqında" qanunun 43-cü və 44-cü maddələrinin mətnində söhbət nəzarətdən deyil, məlumatlandırmadan gedir. Avropa Şurasının "Korrupsiyaya qarşı dövlətlər qrupu" (GRECO) "Prokurorluq haqqında qanunun bu müddəalarına diqqət yetirərək belə bir dəyişikliyi təklif edir. Dəyişikliyin əsas məqsədi qanunvericiliyin təkmilləşdirilməsindən ibarətdir.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Paylaş: