"Son 10 ildə Azərbaycanda "böyük çilə"nin daha mülayim keçdiyi müşahidə edilir".
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli deyib.
Əvvəllər "böyük çilə"yə aid olan yanvar ayının daha soyuq keçdiyini deyən A.Əhmədli bildirib ki, dekabrın 22-dən başlayan və 40 gün davam edən "böyük çilə" fevralın 1-də yekunlaşacaq. Həmin tarixdən isə "böyük çilə"yə nisbətən daha soyuq sayılan "kiçik çilə" başlayacaq.
AMEA-nın Coğrafiya İnstitutundan isə Trend-ə bildirilib ki, "böyük çilə" adlanan dövrdə hava tədricən soyusa da, kəskin soyuqlar müşahidə edilmir. Eyni zamanda, güclü küləklər olsa da, onların intensivliyi az olur. Fevralın 1-dən 20-dək davam edən "Kiçik çilə"də isə hava daha soyuq olur:
"Həqiqətən də "Kiçik çilə" "Böyük çilə"yə nisbətən həmişə daha sərt olması ilə diqqəti cəlb edir. Lakin "kiçik çilə"nin daha soyuq olduğu bildirilsə də, bu, elmi əsaslara söykənmir. Çilələrdə havaların necə keçməsi ilə bağlı fikirlər sadəcə, xalq müşahidələrinin nəticələridir. Qışın "böyük" və "kiçik" çilələrinin olması məsələsi yalnız Azərbaycan xalqı üçün xarakterikdir. Başqa xalqlarda qış bu formada mərhələlərə bölünmür".//Trend