Xəbər lenti
Dünən, 19:25

 

Bu gün “Çillə” deyə əsasən Naxçıvana və Qərbi Azərbaycan coğrafiyasına aid olan mərasim, lüğəti mənasını fars dilində qırx mənasını verən “çihl” sözündən almışdır, uzun müddətli, əsasən əzab, əziyyət, məşəqqətlə keçən 40 günü ifadə edir.

Çilə ifadəsi əcdadlarımız üçün doğrudan da maddi, mənəvi əzab-əziyyətli, məşəqqətli keçən qış fəsli üçün işlədilmişdir. Bizim təqvimə görə fəsillər dekabr, mart, iyun və sentyabr aylarının 21-də dəyişir və hər bir fəsil üç ay davam edir. Bu baxımdan qış fəsli əsasən əkinçilik və maldarlıqla, şəhər yerlərində isə sənətkarlıq və ticarətlə məşğul olan əcdadlarımız üçün sözün həqiqi mənasında çilədən - əzab-əziyyətdən, məşəqqətdən ibarət fəsil hesab edilirdi. Qışın əzab-əziyyətinin böyüklüyünü ifadə etmək üçün isə əcdadlarımız “çilə”dəki “l” hərfini də şəddə ilə (şiddətlə) tələffüz edib “çillə,” yəni həddindən artıq əzablı, əziyyətli, məşəqqətli ifadə şəklinə salır və o gün-bu gündür biz bu sözü çillə kimi işlədirik.

Əcdadlarımız 90 günlük qış fəslini üç hissəyə ayırırdı:

1)    Qırx gün davam edən (21 dekabr – 20 yanvar) Böyük Çilə;

2)    Böyük Çilənin tam yarısı qədər davam edən (21 yanvar – 10 fevral) Kiçik Çilə;

3)    Bir də dörd həftədən ibarət son otuz gün – Çərşənbələr.

Böyük Çilənin – qış fəslinin ilk gününü özünəxas nikbinliklə, məğlubedilməzlik ab-havası və rica (ümid) ilə qarşılayan əcdadlarımız bu fəslin psixoloji təzyiqini payızdan tədarük edib məhz bu gün üçün samanlıqda saxladığı qarpızı kəsməklə, başqa sözlə, qışa meydan oxumaqla qeyd edirdilər. Buradan da nişanlı oğlanların qız evinə qarpız göndərməsi ənənəsi yayılmış, bu günümüzədək gəlib çatmışdır.

Çilə təkcə məişət alanı ilə məhdudlaşmır, bir də onun təsəvvüfi mənası vardır.

Təsəvvüfdə Çilə Uca Rəbbin bəyənmədiyi, məsləhət görmədiyi, xoş hesab etmədiyi bir sıra şeylərdən uzaq durmaq kimi də qəbul edilmişdir. Təsəvvüf əhli dərgaha daxil olmaq üçün qırx günlük çilə əməliyyəsindən keçməlidir. Cüzi yemək, az su, maye qəbul emək və yalnız zəruri hallarda ağzını açıb söz demək, Allahı (c.c.) zikr etmək, onu idrak etməyə çalışmaq və s.

Qırx günlük çilə dini qaynaqlarımızdan gəlir. Məsələn, Həzrəti-Musa əleyhissalamın Tur dağında Allahdan vəhy almaq üçün səfərə çıxması məhz bu qırx günlük xüsusi hazırlıqla başlayır və buna dair Qurani-Kərimdə, Peyğəmbərimizin (s.a.s.) hədislərində işarələr vardır.

Çilə məişətimizə başqa şəkillərdə də daxil olmuşdur. Məsələn, yas mərasiminin qırx günlük çilə müddəti, yeni doğulmuş körpənin qırx günlük əzab-əziyyətli yeni mühitə adaptasiya dövrü, ananın özünü toplama dövrü və s. Daha sonra biz bu qırx günlük prosesə nağıllarımızda, dastanlarımızda, bir sözlə şifahi ədəbiyyatımızda da rast gəlirik.

Beləliklə, Çilə təbiət hadisəsinə - əzab-əziyyətli qış fəslinin başlanğıcına verilən addır. Bunu müqəddəsləşdirmək, xüsusi bayram qılıfına soxmaq, ondan yeni bir bayram düzəltmək isə xürafatdır, çünki Allahın dəyər verdiklərinə dəyər verməmək nə qədər nankorluqdürsa, Allahın dəyər vermədiklərinə də dəyər vermək eyni dərəcədə naşükürlük, bidət və nankorluqdur.

Allah bu gündən etibarən başlayan qış fəslimizi asanlaşdırsın, xeyirli, bərəkətli etsin, bizə bu çiləni keçirməkdə səbri-cəmil nəsib etsin!

Nazim Əkbərov




Ana səhifəyə qayıt        Baxış: 11 271          Tarix: 21-12-2017, 00:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma