Bakı Dəmir Yolu Vağzalının ərazisində narkotik vasitə olan heroin satmaq istəyən şəxs saxlanılıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsi və alqı-satqısının qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.
Daxil olmuş məlumat əsasında Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Narkotiklərə Mübarizə Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz alqı-satqısı ilə məşğul olan əvvəllər məhkum olunmuş, Azər Bayramov Bakı Dəmir Yolu Vağzalının ərazisində şübhəli şəxs qismində saxlanılıb. Baxış zamanı onun üzərindən hazır qablaşdırılmış formada olan külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Ekspertizaya təqdim olunan həmin narkotik vasitənin ümumi çəkisinin 1 kiloqram 455 qram heroin olması barədə rəy verilib. Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib. O, ifadəsində heroini satmaq niyyəti ilə əldə etdiyini bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Paylaş: