Xəbər lenti

Oktyabrın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Sahib Ağayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Musavat.com-un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmənin qapalı keçirilməsinə qərar verilib. S.Ağayev  sabiq MTN şefi Eldar Mahmudovun iş ortağı olub.

Daha sonra jurnalistlər zaldan çıxarılıb.  İttiham aktına əsasən, S.Ağayevi Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) və 213-cü (vergidən yayınma) maddələri ilə günahlandırılır. O, 30 milyon manat pulu mənimsəməkdə təqsirli bilinir.

“Yeni Müsavat” bildirir ki, S.Ağayev bu ilin yanvar ayının  17-də Qazaxıstanda saxlanaraq, Bakıya ekstradisiya ediblər. Sahib Ağayev 2015-ci ildə Bakıda keçirilmiş Avropa Oyunları ərəfəsində sonradan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi ilə Avropa Oyunlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə xüsusi avadanlığın gətirilməsi və quraşdırılması üzrə müqavilə bağlayıb. İstintaq S.Ağayevi 30 milyon manatın mənimsənilməsində ittiham edir. Bir müddət sonra həmin pullar S.Ağayevin xarici şirkətinin hesabına yatırılıb. Bundan başqa, Eldar Mahmudovun cinayət ortağı xüsusilə böyük məbləğdə vergidən yayınmada da ittiham edilir.

E.Mahmudovun vəzifəsindən azad edilməsindən sonra S.Ağayev Qazaxıstana qaçıb və Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub.

Məhkəmənin niyə qapalı keçirilməsi ilə bağlı haqlı suallar  ortaya çıxıb. Əvvəla, o suala cavab axtaraq ki, məhkəmə hansı hallarda qapalı keçirilə bilər?

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.1-ci maddəsinə müvafiq olaraq məhkəmələrdə işlərə aşkarlıq prinsipi əsasında baxılır. Lakin şəxs  Mülki Prosessual Məcəllənin 10.4-cü maddəsini rəhbər tutmaqla məhkəmə baxışını qapalı keçirməyi tələb edə bilər. Həmin maddəyə əsasən, məhkəmə baxışında iştirak edən şəxs övladlığa götürmə, vərəsəlik, kommersiya, ixtira və ya vergi sirrinin, eləcə də qanunla qorunan digər sirlərlə yanaşı, həmçinin şəxsi və ailə həyatının intim məsələlərinin qorunması məqsədilə məhkəmə baxışını qapalı keçirməyi tələb edə bilər. Məhkəmə xahişi əsaslı hesab edərsə, onda işə qapalı məhkəmə iclasında baxılması barədə qərardad qəbul edilir. S.Ağayevə  bu maddələrdən yalnız biri- 213-cü (vergidən yayınma) maddə ilə bu məcəllənin təsiri altına düşə bilər. İkinci bir tərəfdən, məlum deyil ki, məhkəmənin qapalı keçirilməsi vəsatətini ittiham edilən tərəf verib, yoxsa bu, məhkəmə heyətinin qərarıdır.

“Yeni Müsavat”a məlumat verən bilgili mənbə deyib ki, bu qərar ən yüksək ehtimalla Eldar Mahmudova görə verilib. Çünki bu cinayət işi üzrə E.Mahmudovun da  istintaqda şahid qismində ifadə verdiyi barədə məlumat var. Gözlənilir ki, iş üzrə məhkəmədə sabiq MTN rəhbərinin adı bir çox epizodlarda hallanacaq. Ehtimal ki, sabiq nazir məhkəmədə də ifadə versin. Məlumdur ki, son günlər həm MTN işi üzrə, həm də Beynəlxalq Bankdakı maxinasiyalarla bağlı yeni məhkəmələr başlayır. Ləğv edilmiş MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev və  Transmilli İqtisadi Cinayətkarlığa  Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov apelyasiya şikayətləri veriblər və bəraət istəyirlər. Onlar MTN-də sabiq nazirin ən yaxın adamları olublar.

E.Mahmudovun qudası Cahangir Hacıyevin  hazırkı cinayət işi ABB-nin Moskva filialının xarici kreditlərin verilməsi fəaliyyəti ilə bağlıdır. Yeni iş üzrə C.Hacıyevə qarşı CM-in 179 (mənimsəmə), 193-1 (cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması), 213 (vergi ödənişindən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Bu işlərin hər ikisində də E.Mahmudov adı bu və ya digər dərəcədə hallanır. Üstəlik, indi sabiq MTN şefinin şəriki olduğu deyilən daha bir şəxsin mühakiməsi başlamaq üzrədir. Bu isə bütün diqqətləri yenidən E.Mahmudovun üzərində cəmləyir. E.Mahmudov əhatəsindəki “üçtərəfli çənbər”dən bu dəfə necə qurtulacaq? ( “Yeni Müsavat”)

 




Ana səhifəyə qayıt        Baxış: 432          Tarix: 26-10-2018, 15:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma