Xəbər lenti

 

Bir zamanlar Bakının küçələrində qırmızı tramvaylar, sarı trolleybuslar insanları Bakıətrafı qəsəbələrə, Abşeron bağlarına çatdırırdı. Lakin dünyanın bir çox ölkələrində olduğu kimi, avtomobilləşmə Bakıda da tramvayı sıxışdırmağa başladı. Tramvayların çox yer tutması, ləng hərəkəti, avtomobillərə mane olması səbəbindən onu tamamilə yox etmək qərara alındı.

Zaman-zaman həmin nəqliyyat vasitələrinin yenidən bərpası məsələsi gündəmə gəlir. Əksəriyyət isə, bunun tərəfdarıdır.

Bununla bağlı nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov Primetime.az-a danışarkən deyib ki, ictimai nəqliyyat üçün önəmli məsələ həm də sərnişinləri müxtəlif növ ictimai nəqliyyat vasitələri ilə daşımaqdır:

“Fərz edək, hansısa şəhər daxilində bütün sərnişinlərin bir nəqliyyat növü ilə daşınması həyata keçirilir - məsələn, avtobuslarla yaxud metrolarla – onda həmin ictimai nəqliyyat sektorunun kollapsı baş verə bilər. Yəni çox böyük problemlərə yol açmış olar. Ona görə də dünyada qəbul olunmuş praktikadır ki, sərnişinlər müxtəlif növ nəqliyyat vasitələri ilə daşınmalıdır. Bu təbii ki, ilk növbədə avtobus, metropoliten, sürət qatarlarıdır, o cümlədən trolleybus, tramvaylar. Məhz bu səbəbdən 2018-ci il, dekabrın 27-sində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” təsdiq olundu. Həmin sənədin 7.1.12. – ci bəndində “Daşımaların nəqliyyat növləri üzrə bölüşdürülməsi və müxtəlif nəqliyyat növlərinin qarşılıqlı əlaqəsinin təmin edilməsi” qeyd edilib. O bəndin bir hissəsi bilavasitə tramvaylara həsr olunub. Belə ki, orda “Mövcud ictimai nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, habelə şəhərdaxili ictimai nəqliyyat növlərinin sayının artırılması, tramvay, kabotaj sərnişin və yük gəmiçiliyinin təşkili imkanlarının və iqtisadi səmərəliliyinin araşdırılması, bu sahədə təkliflər hazırlanması” 2019-2022-ci illəri əhatə edir. Bu o deməkdir ki, ictimai nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, habelə şəhərdaxili ictimai nəqliyyat növlərinin sayının artırılması üçün konkret hədəflər müəyyən olunub. Bu növ nəqliyyat vasitələri ilə bağlı müəyyən qiymətləndirilmələr aparılmalı, onların həyata keçirilməsinin iqtisadi səmərəliliyi müəyyən edilməli və konkret təkliflər irəli sürülməlidir. O cümlədən də tramvaylarla bağlı. Müvafiq qaydada bu məsələlərə cavabdeh olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əsas icraçı tərəfdir. Eynilə digər qurumlar da bu prosesə cəlb olunur. Amma Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əsas icraçı tərəf kimi bununla bağlı müvafiq qaydada qiymətləndirmə aparmalı və konkret təkliflər ortaya qoymalıdır”.

A.Allahverənov qeyd edib ki, tramvaylar ekoloji cəhətdən təmiz nəqliyyat növü sayılır:

“Bilirsiniz, ətraf mühitin mühafizəsi bir çox dövlətlər, iri şəhərlər, meqapolislər üçün başağrısına çevrilən problemdir, kifayət qədər aktualdır. Tramvaylar isə ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi hesab olunduğu üçün istənilən şəhər üçün çox əlverişli nəqliyyat vasitəsidir. İkinci tərəfdən, tramvay elektrik cərəyanı ilə işlədiyi halda iqtisadi cəhətdən səmərəli hesab olunur. Bu həm də digərləri ilə müqayisədə nisbətən ucuz nəqliyyat vasitəsidir. Üçüncü bir element – tramvaylar kifayət qədər təhlükəsiz nəqliyyat vasitəsi hesab oluna bilər. Dünyada yol-nəqliyyat hadisələri, qəzalarla bağlı statistikaya baxsaq, orda tramvayların iştirakı ilə baş verən qəzaların sayı heç bir faiz deyil. Demək olar ki, bu cür qəzalar baş vermir, olsa belə, digər nəqliyyat vasitələrindən fərqli tramvayda daşınan insanlar hər hansı xəsarət almır. Çünki tramvayın sürəti nisbətən aşağı olur. Dördüncü element isə tıxaclarda qalmamaq imkanıdır. Tramvaylar adətən onlar üçün ayrılmış yollarda zolaqlar üzrə hərəkət edirlər. Əksər ölkələrdə tramvay zolağı avtomobil yollarından xüsusi maneələrlə ayrılır. Pik saatlarda bir ünvanda tıxacda qalan sərnişinlər tramvaydakı sərnişinlərlə müqayisədə daha çox vaxt itirmiş olurlar. Yəni tramvayın bir çox üstünlüklərini saymaq mümkündür”.

Ekspert bildirib ki, tramvayların bərpası üçün şəhərin infrastrukturu da nəzərdən keçirilməlidir:

“Tramvayların salınması mümkün olan yerlər müəyyən olunmalıdır. Hər yolda da tramvay çəkilməməlidir, çünki yolumuzun belə imkanları yoxdur. Vaxtilə tramvaylar bir neçə istiqamətdə var idi. Məsələn, 3-cü mikrorayon dairəsi, keçmiş Çapayev küçəsi, Qara Qarayev prospekti və s. – yəni tramvaylar kifayət qədər böyük nəqliyyat şəbəkəsinə malik idi. Əgər yenə də tramvayların tətbiqinə dair müsbət fikirlər səsləndirilsə, düşünürəm ki, çox zolaqlı yollarda həmin tramvayları yenidən çəkmək imkanlarımız var. Bu da yol infrastruktrunun imkanlarına uyğun olaraq müəyyən olunmalıdır. Dar, az zolaqlı yollarda tramvay çəkmək mümkün deyil. Bu gün məsələn, Təbriz küçəsində tramvayın çəkilməsi əlverişli olmaya bilər. Amma Hüseyn Cavid prospekti, Qara Qarayev prospekti və bir çox yerlərdə tramvaylar salına bilər. Eyni zamanda tramvay xətlərinin bir-birilə əlaqədə olması və vahid şəbəkə formasında fəaliyyət göstərməsi vacibdir. Belə olduğu halda müsbət nəticələr əldə etmək mümkündür”.

Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə saytımıza açıqlamasında bildirib ki, tramvay və trolleybuslar bərpa olunacaq: “Lakin detallar bəlli olmadığı üçün indidən danışmaq tezdir”.




Ana səhifəyə qayıt        Baxış: 445          Tarix: 15-10-2019, 21:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma