Xəbər lenti

 

2020-ci ildə Bakıda “Media və sosial şəbəkələrdə nifrətə çağırışlara qarşı mübarizədə dini liderlərin və siyasi xadimlərin birgə fəaliyyəti” mövzusunda BMT, KAİCİİD və Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin həmtəşkilatçılığı ilə beynəlxalq konfransı keçiriləcək.

Dünya dini liderlərinin II Bakı Sammitində irəli sürülmüş bu toplantı təklifi internet üzərindən dini-milli nifrət aşılayan, onlayn platformalardan yalan və nifrət püskürən bədxah qüvvələrin mesajlarına qarşı dini rəhbərlərin ümumi mövqeyini sərgiləmək üçün yaxşı fürsət olacaq.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin dəstəyi ilə sammitin Bəyannaməsinə salınmış bu konfrans dünyada dini liderlərin bu mövzuda müzakirə edəcəyi ilk belə mövzulardandır. 

Bu gün dünyada baş alıb gedən terror bir çox hallarda dini şüarlar altında təzahür edir. Terror qrupları öz bədniyyətli siyasi məqsədlərinə çatmaq üçün  cəmiyyətin hörmət bəslədiyi bəşəri dəyərlərdən qalxan kimi istifadə edir və bur ya digər qrupların maraqlarını müdafiə etmək üçün bu şüarlarla pərdələnirlər.  Bu bizi öz məqsədinə çatmaq üçün dini şüarlar altında gizlənən terrorun əsl mahyyətindən yayındırmamalıdır.

Dini zəmində nifrətin motivi bir qayda olaraq nümayişkaranə xarakter daşıyır. Cinayəti törədən şəxs bununla göstərmək istəyir ki, onun dinə münasibətdə olan baxışları doğrudur, həqiqətdir. Digərləri isə səhv yoldadırlar.
 

ABŞ-ın tanınmış tədqiqat mərkəzi olan “Pew Research Centre”nin apardığı təhqiqatın nəticələrinə görə, 2007-2017-ci illərərzində dünyada dini zəmində hucumlar və qısnamalar artıb. 2017-ci ildə  143  ölkədə xristianlar, 140 ölkədə müsəlmanlar,  87 ölkədə yəhudilər  müxtəlif təqiblərə  məruz qalıblar. 

Digər bir araşdırmaya görə, 2015-ci ildə Fransada müsəlmanlara nifrət zəminidə törədilən cinayətlərin sayı 336 –ya çataraq, 250 faiz artıb. Yəhudilərə münasibətdə də bu cinayətlərin sayı yüksək həddini saxlayır. Orada 715 belə hadisə baş verib.   Digər Asiya və Afrika ölkələrində də belə həyəcanlı statistika qeydə alınır.

Qloballaşma erası kimi qeyd olunan 21-ci əsrdə dinlər çətin dönəmlərlə üz-üzə qalıb. Radikal təməlçiliyi, dini nifrəti özünün dünya ağalığı üçün bir vasitəyə çevirən qüdrətli güclər dinlərin barış təbliğ edən ideyalarının təhrifi üzərində terror şəbəkəsi qura biliblər. Mənzərə isə çox acınacaqlıdır: Dağılan dövlətlər, terror qurbanı olan minlərlə günahsız insan, çıxış yolunu itirmiş siyasətçilər…

Qondarma “cihad” çağırışlarına  qoşularaq əlində silah İraqa, Suriyaya gedənlərin ilk informasiya bazası virtual aləm, sosial şəbəklələr və informasiya portalları olub. İnternetin dominant olduğu bugünkü dünyada informasiya və onun göz qırpımında yayıla bilmək gücü eyni zamanda böyük təhlükələri də ortaya qoyub. Onlayn media, sosial şəbəkələr terror çağırışlarının, dini zəmində nifrətin yayılması üçün ən əlverişli amilə çevrilib.

İnternet informasiya yayımının ənənəvi şəbəkəsini dağıdıb və yeni trendlərini ortaya qoyub. Hər bir şəxsin istədiyi məlumatı özü anladığı kimi yaymaq azadlığı oturuşmuş peşəkar media ənənələrini zədələyib. Bu sırada radikal dini baxışların təbliği ilə bağlı məlumatlar ciddi narahatlıq yaradır. “Öz özünə gəzən pişik” adlandırılan internetin virtual məkanında nifrət və dini dözümsüzlük aşılayan kontentlərin çoxalması özlüyündə dövlətin siyasi əsasları üçün təhlükə yaradır, cəmiyyətdə sabitliyə ziyan vurmaq potensialını daşıyır.

İnformasiya texnologiyaları əsrində praktik olaraq bütün terror təşkilatları öz fəaliyyətlərini media şəbəkəsində aparır. Radikal terror qrupları gəncləri öz sıralarına cəlb etmək üçün internetdən və sosial şəbəkələrdən yararlanır, dini postulatların təhrif olunmuş şəklindən istifadə edərək, gənclər arasında təbliğat aparırlar. Onlar bunu yalanı yaymaq və insanlara nufuz etmək üçün üçün ən əlverişli üsul hesab edirlər. 


Əgər 1998-ci ildə internetdə terror strukturlarının cəmi 12 saytı, 2005-ci ildə 4800 saytı var idisə, indi onların sayı 10 minləri ötüb.  
Sosial şəbəklər və onlayn resurslar bu gün şüurun manipulyasiya olunmasında güclü alətə çevrilib. Şəbəklər vasitəsi ilə əsas olaraq qorxu təlqin olunur, bununla da cəmiyyətin şüurunda ekstermizm təhlükəsi mifi yaradılır. Müntəzəm olaraq kütləvi şüura ekstemzim təhlükəsinin yeridilməsi yolu ilə onu simvola çevirir, terrorun hər şeyə qadir güc olması təsəvvürünü yaradırlar.  

 

Həmrəylik və dialoq mesjlarının əsas şərti isə doğru informasiyanın mövcudluğudur. İnsanlar arasında dialoq şərti üçün əsas yaratmaq üçün ilk əvvəl informasiyanı təqdim etmək lazımdır. Çünki heç kim informasiyanın köməyi olmadan hansısa bir obrazı yaxud rəyi yarada bilməz. Məhz onlayın platformaların  yaydığı  məlumatların vasitəçiliyi ilə ictimai rəy yaranır və insanlar  müsbət  yaxud mənfi fəaliyyəti ayırd etmək üçün bu məlumatlara istinad edirlər. Bu, insanların şüuruna təsir etmək baxımından sosial şəbəkələrin gücünü bir daha təsdiq edir.

 

Radikal baxışların qarşısını ala biləcək maarifləndirici tədbirlərin davamlı aparılması mühüm məsələdir. Bundan başqa nufuzlu dini rəhbərlərin, savadlı dini ekspertlərin köməyi ilə müqəddəs kitabdan gətirilən və təhrif edilən anlayışlar medianın köməyi ilə cəmiyyətə doğru və  ardıcıl çatdırılmalıdır. Efirlərdə, saytlarda, sosial şəbəkələrdə savadlı ilahiyyatçıların, ruhanilərin, imamların çıxışı təmin edilməlidir. Bu gün dünyada bir çox tanınmış müsəlman din xadimləri onlayn şəbəkədə hesablar açıblar. Belə profillər zərərli dini baxışların, radikal təməlçiliyin, dini zəmində nifrətin  qarşısını almaq üçün mühüm amildir. Məsələn, ABŞ-da populyar müsəlman alimi Sühəyb Ueyb  sosial şəbəkədən maarifləndirmək üçün yaxşı istifadə edir. Onun Tvitter-də 100 minə yaxın abunəçisi, “Feysbuk”da 215 min dostu var. Özünün 10 saniyəlik videoroliklərində Ueyb narkomaniyadan tutmuş boşanmalara qədər ən müxtəlif məsələlərə toxunur.

Azərbaycan mədəniyyətlərarası həmrəylik üçün öz töhfələrini daim verir.  Dövlətimiz  çoxmillətli və müxtəlif dinlərə etiqad edən insanların birgə yaşadığı ölkədir. Azərbaycan vətəndaşlarının əksəriyyəti islam dininə tapınıb. Tarixi boyu dünya elminə və mədəniyyətinə verdiyi şöhrətli alimləri və yaradıcı şəxsiyyətləri ilə fərqlənən islam dünyası bununla cahan mülkünə öz adını yazdıra bilib. Bu sırada Azərbaycan da  var. Nizami, Nəsimi, Füzuli kimi ədəbi düha, Nəsrəddin Tusi kimi alimlərimiz bəşəriyyətin mədəni irsinin bəzəyinə çevrilib.

Dünyəvi dövlət olan Azərbaycan sərhədləri daxilində yaşayan xalqının sabitliyi və əmin – amanlığı üçün vacib olan çağırışları çox yaxşı anlayır və bu gün dünyanı bürümüş qeyri-sabitlik alətlərinin istifadə cəhdlərini qarşısını qətiyyətlə alır.

Ölkəmizin dünyada tolerantlıq prinsiplərinin təbliği baxımdan apardığı dövlət siyasəti özünün bəhrələrini ortaya qoyur. Mədəniyyətlərarası dialoq platforması olan “Bakı prosesi”, Humanitar Forum və digər mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan ən müxtəlif mövqeləri bir araya gətirməklə dini və milli həmrəyliyin ənənəsini yaradır.


Ötən ay keçirilmiş Dünya dini liderlərinin Bakı Sammiti bu baxımdan Azərbaycan prezidenti İlham Əliyevin bəyan etdiyi humanist prinsiplərin bəyanı üçün mühüm tribuna oldu. Nufuzlu dini liderləri bir araya gələrək bu gün dünyanı təhdid edən irqi, dini təhlükələri pislədilər və inanclı qardaş və bacılarının sülh və sabitlik içində yaşamağı üçün niyyətlərini açıqladılar.

Müxtəlif millətlərin və dinlərin bir yerdə mehribanlıqla yaşadığı Azərbaycandan səslənən bu çağırışlar bu baxımdan dünyaya mühüm mesaj sayıla bilər.  Dövlətimiz beynəlxalq təşkilatlarda həmrəyliyi əsas prioritet elan edərək  mədəniyyətlər arasında əməkdaşlığın əsas çarçısı kimi çıxış edir. Bakıda din xadimlərinin iştirakı ilə keçirilən mötəbər tədbirlər bunu bir daha təsdiqdir. Bu baxımdan Qafqaz Müsəlmanları İdarəsi  ölkədə vətəndaş həmrəyliyinin saxlanması üçün zəruri işləri aparır. QMİ-nin  fəal şəkildə dini icmalarla görüşlərdə, keçirdiyi konfranslarda səslənən əsas tezis zərərli ideoloji bazanın ölkədə ayaq tutmamasına yönəlib.

Bu gün  dünyada “özünəməxsus həyat və baxış tərzinə” iddia edən “radikal ideologiya” təhlükləli mesajını daşıyır. Odur ki, sosial şəbəkələrdən axan bu nifrət vulkanını söndürmək üçün dünya dini liderlərinin birgə mübarizəsi ciddi təsir rıçağı ola bilər.

Planlaşdırılan bu konfransda təkcə sosial şəbəklərdə təbliğ olunan dini nifrət yox, insanlar arasında təfriqə salan , cəmiyyəti parçalayan bütün məqamlara toxunulacaq.  Bir çox hallarda siyasətçilərin, hüquqşünasların həllində çətinlik çəkdiyi problemlər dini rəhbrlərin bir fətvası və çağırışları ilə həll oluna bilir. 

 

Gələn il Bakıda keçirilməsi planlaşdırılan  bu toplantıda nufuzlu dini liderlərin nümayiş etdirəcəyi  vahid mövqe  insanların saf  inancından öz məqsədləri üçün istifadə edən bədxah qüvvələrə qarşı sərrast zərbə olacaq. Azərbaycandan səslənəcək  mesajlar öz növbəsində ölkəmizi bir daha mədəniyyətlərarası əməkdaşlığın qovşağına çevirəcək. \\Modern




Ana səhifəyə qayıt        Baxış: 1 526          Tarix: 24-12-2019, 23:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma