Xəbər lenti

 
Erməni informasiya kanalları bu gün maraqlı bir xəbər yaymışdılar. İddia edilirdi ki, Paşinyanla görüşdən sonra Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə telefonla danışıraq 10 noyabr bəyanatından sonra Qarabağda yaxalanan erməni terrorçularını azad etməyi tapşırıb. Guya, bizimkilər də bununla razılaşıb. 
 
Maraqlıdır ki, Ermənistandan Bakıya “əsirləri” gətirmək üçün təyyarə də yollayıblar. İrəvanda hər kəs böyük maraq və sevinclə İrəvanın Erebuni hava limanına toplanıb. Təyyarə hava limanına enəndə isə əsl sürprizlə qarşılaşıblar. Təyyarədən aşağıya erməni terrorçuları yox, rus “sülhməramlılarının” komandanı general-polkovnik Rüstəm Muradov enib.
 
Qeyd edək ki, rəsmi Bakı ermənilərin bu xahişlərini indiyədək dəfələrlə geri çevirib. Əsaslandığı arqument isə “10 noyabrdan sonra tutulan ermənilər əsir yox, terrorçudur və üçtərəfli bəyanat onlara şamil edilə bilməz” gərəkçəsi olub. Kifayət qədər əsaslı olan bu arqumentdən rəsmi Bakının geri çəkilməsi mümkün deyil və görünən budur ki, Moskvanın bütün təzyiqlərinə baxmayaraq, Azərbaycan rus vasitəçilərini əliboş geri qaytarmağa özündə güc tapa bilib.

Ermənistanın baş nazirinin müavini Tiqran Avinyan da bu faktı təsdiq edib. O, mətbuata açıqlamasında deyib:

"Bu gün Rusiya baş prokurorunun vasitəçiliyi ilə erməni əsirləri geri qaytarma çabamız alınmadı. Azərbaycan tərəfi erməni əsirləri yenə də geri qaytarmadı."

Yeri gəlmişkən, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osayminlə birgə keçirdiyi mətbuat konfransında bir daha ermənilərin “hərbi əsir” iddiasına toxunub. Nazir qeyd edib ki, noyabr ayının sonunda artıq Azərbaycan tərəfi bütün hərbi əsirləri qarşı tərəfə təqdim edib. Nazirin sözlərinə görə, Azərbaycan tərəfi 70-dən artıq hərbi əsiri Ermənistana təqdim edib, qarşı tərəfdən isə Azərbaycana 12 hərbi əsir qaytarılıb. 

Nazir onu da bildirib ki, dekabrın 12-13-də Azərbaycan xüsusi xidmət orqanları və Müdafiə Nazirliyinin müvafiq bölmələri tərəfindən aparılmış anti-terror əməliyyatı zamanı 62 nəfər Ermənistan hərbçisi tutulub. Cinayət istintaq tədbirləri nəticəsində həmin şəxslərin həmin əraziyə 26 noyabr tarixində yerləşdirilməsi faktı təsdiqlənib. Onlar Ermənistan vətəndaşları və hərbçiləridir, onlar Şırak vilayətindəndir. Onlar Azərbaycan ərazisində cinayət törədiblər və onların cinayəti nəticəsində yaralanan və həlak olan insanlar var. Azərbaycanın müvafiq qanunvericiliyinə əsasən, onlarla bağlı cinayət işi açılıb. Nazir əlavə edib ki, hərbi əməliyyatlar olmayan zaman hərbi əsir ola bilməz, onlar cinayətkardır, amma hərbi əsir deyil. Ceyhun Bayramovun sözlərinə görə, bu mövqe Azərbaycan tərəfindən bildirilib. Bu faktla bağlı Azərbaycan tərəfi beynəlxalq təşkilatları məlumatlandırıb.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 6 873          Tarix: 8-04-2021, 23:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma