Xəbər lenti

 
Azərbaycan növbəti 15 erməni əsirini Ermənistana təhvil verib. 
 
Ovqat.com erməni mediasına istinadən bildirir ki, əsirlərin müqabilində Azərbaycan Füzuli və Zəngilanın  mina xəritəsini əldə edəcək.
 
Budəfəki əsir-mina xəritəsi mübadiləsinin rus “sülhməramlı” generalı Rüstəm Muradov vasitəsilə həyata keçirildiyi qeyd olunur. 
 
Erməni mediasının iddiasına inansaq, ötən dəfəki mübadilənin danışıqları da əslində Muradov tərəfindən aparılıb. Son anda İrəvan rus vasitəçiliyindən imtina edib və bu dəyişim prosesini ABŞ və Gürcüstanın öhdəsinə buraxıb.
 
Əsirlərdən 12-nin dünən məhkəməsi bitən və gözlənildiyindən xeyli az müddətə cəzalandırılan ermənilər olduğu bildirilir.

Qeyd edək ki, Azərbaycan XİN də faktı təsdiqləyib. Nazirliyin mlumatına görə, Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri bu gün Azərbaycan tərəfinə təqdim edib.

"Mina xəritələrinin alınması üzrə humanitar təşəbbüsün həyata keçirilməsində göstərdiyi vasitəçilik xidmətlərinə görə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin komandanı Rüstəm Muradova təşəkkürümüzü ifadə edirik.

Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını təhlükədən xilas edəcək və işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əsası qoyulan tikinti və yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcəkdir", - deyə məlumatda bildirilir.

Humanist addım olaraq Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib.







Ana səhifəyə qayıt        Baxış: 6 463          Tarix: 3-07-2021, 22:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma