Xəbər lenti
Dünən, 19:25

 
“Tehran və Bakı ağıllı şəkildə yaranmış anlaşılmazlıqlara son qoydular”.
 
Ovqat.com xəbər verir ki, SEPAH-a yaxın “Tasnim” saytı bu məlumatı yayıb.
 
Nəşrin İranla Azərbaycan arasında baş vermiş son gərginlik və onun aradan qaldırılması barədə dünən yayımladığı məqaləsində deyilir ki, iki qonşu dövlət aralarındakı problemləri xarici güclərin iştirakı olmadan həll edib.
 
“Qonşu ölkələr arasında baş verən ixtilaflar və çağırışlar yalnız tərəflərin bir-biri ilə danışıqlar aparması yolu ilə və yad qüvvələrdən təsirlənmədən aradan qaldırıla və qonşuların maraqlarını təmin etməklə yanaşı, düşmənlərin təxribat və planlarının qarşısını ala bilər. 
 
İran İslam Respublikası həmişə dinc yanaşı yaşamaq və öz qonşularının suverenlik hüququna hörmətlə yanaşılmasının vacibliyi prinsipindən çıxış edib və bu konteksdə qarşılıqlı hərtərəfli əlaqələri inkişaf etdirmək üçün əlindən gələni əsirgəməyib.
 
Bunun bir nümunəsini Ermənistan və Azərbaycan arasında işğal olunmuş Qarabağ bölgəsində baş verən son müharibədə İranın konstruktiv mövqe sərgiləməsində və münaqişənin dinc yolla həlli istiqamətində diplomatik danışıqların aparılmasına və işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmasının vacibliyinin qeyd edilməsində görmək olar",- deyə yazıda qeyd olunur. 
 
Yazıda həmçinin vurğulanır ki, İran rəsmiləri tərəfindən sərgilənən, mahiyyəti sülhə və ortaq dəyərlərə söykənən bu yanaşma, bəzən regionda sabitliyi pozmağa çalışan bəzi bədxahların şər əməlləri və müdaxiləsi nəticəsində anlaşılmazlıqlara gətirib çıxarır, qonşuların isə o qədər də yaxşı səslənməyən cavablarına səbəb olur.
 
"Azərbaycan Respublikası rəsmilərinin son həftələrdə İrana qarşı rəftarı və ittihamlar səsləndirməsi bu qəbildəndir. Bu isə təəssüflər olsun ki, qonşular arasında dinc münasibətlərin olmasını istəməyən və regionda çaxnaşma və böhran yaratmağa çalışan qüvvələrin sui-istifadəsinə yol açır.
 
Lakin bu arada vacib məqam odur ki, Tehran və Bakı müxtəlif səbəblərə görə, o cümlədən iki ölkə arasında ortaq mədəni, dini cəhətləri və keçmişdən indiyə qədər aralarında olan siyasi və iqtisadi əlaqələri nəzərə alaraq, öz aralarında baş verən anlaşılmazlıqları aradan qaldırmaq və münasibətləri inkişaf etdirmək məqsədilə yenidən əvvəlki arzu olunan nöqtəyə qayıtmaq üçün səy göstərməlidirlər.
 
Eyni zamanda tərəflərin ağıllı tərpənməsi və onların mövcud gərginliyi azaltmaq üçün birgə atdıqları addımlar iki ölkə arasındakı qədim və isti münasibətlərin yenidən bərqərar olunmasına əlverişli şərait yaradıb”, -deyə “Tasnim” saytının İranla Azərbaycan arasında baş vermiş son gərginliklə bağlı yaydığı yazısında bildirilir.
 
Qeyd edək ki, Azərbaycanla İran arasında xoşagəlməz hadisələr “əyalət mollası” ayətullah Seyid Həsən Amilinin “şir quyruqlu” bəyanatından sonra pozulmağa başlamış, daha sonra SEPAH-ın Araz qırağında hərbi təlimlər keçirməsi ilə kulminasiya nöqtəsinə çatmışdı. Ardınca da İranda bəslənən legionerlərin təhdid ilə davam etmişdi.  SEPAH-a yaxın nəşrin iki dövlət arasına səpilən nifaq toxumunun düşmən dəyirmanına su tökmək olduğunu bildirməsi bu mənada müsbət haldır və ümidvarıq ki, öz məsuliyyətsiz çıxışları ilə iki qardaş ölkəni üz-üzə qoyan şəxslərin, o cümlədən "əyalət mollabaşısı” Amili kimi təxribatçıların və legionerlərin layiqli cəzalandırılmasında da ondan gözlənilən addımları da atacaq.


 


Ana səhifəyə qayıt        Baxış: 6 350          Tarix: 27-10-2021, 17:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma