Xəbər lenti

Səhiyyə Nazirliyi tabeliyindəki Elmi-Tədqiqat Kardiologiya İnstitutunda yoxlamalara başlayıb.

Hazırda institutda monitorinqlər davam etdirilir. İlkin məlumata görə, institutun bazası, personal və xidmətlər bütünlüklə təftiş olunacaq.

Faktı oxu.az-a Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Mətbuat Xidmətindən təsdiq ediblər. Bildirilib ki, bu proses Səhiyyə Nazirliyinin keçid dövrü ilə əlaqədar aparılır: “Elmi-Tədqiqat Kardiologiya İnstitutu Səhiyyə Nazirliyinin tabeliyinə 2023-cü il yanvar ayının 1-dən verilib. Hazırda institutda Prezidentin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin bəndi rəhbər tutularaq qurumun cari vəziyyətinin müəyyən edilməsi ilə əlaqədar monitorinq aparılır. Yoxlama tək bizim institutda deyil, bizdən öncə daha iki institutda aparılıb. Proses mərhələli şəkildə digər institutlarda da davam etdiriləcək”.

Xatırladaq ki, bir müddət öncə Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşovanın təcrübəli həkimləri, professorları işdən uzaqlaşdırması, bəzilərini isə müxtəlif bəhanələrlə aşağı vəzifələrə təyin etməsi, eləcə də bir sıra digər ciddi nöqsanlarla bağlı məlumat yayılmışdı. 

Bəzi kütləvi informasiya vasitələrində dərc edilən yazılarda iddia edilir ki, Kardiologiya İnstitutunda özbaşınalıq baş verir. İddialara görə, institutun direktoru Gülnaz Dadaşova işçilərlə çox kobud rəftar edir. Kolleqaları arasında yaşda özündən böyük olan alimlərə, professorlara, mütəxəssislərə hörmət etmir. Direktorun qəbuluna düşmək isə mümkün deyil.




Ana səhifəyə qayıt        Baxış: 4 326          Tarix: 18-04-2023, 10:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma