Hüquq-məhkəmə sistemi “sıfır cinayət” prinsipi ilə işləyən Vasif “xan” əyyamında Naxçıvan MR-də “vətənə xəyanət” ittihamı ilə həbsxanaya atılanlar da var.
Uzun illər Naxçıvanın “Şərq qapısı” rəsmi qəzetinin aparıcı əməkdaşlarından olan Səbuhi Hüseynov bu ittihamla Böyükdüz həbsxanasında cəza çəkir. Jurnalistin özü isə haqsız yerə həbs olunduğuna inanır.
Səbuhi Hüseynov Böyükdüz həbsxanasından ölkə başçısı Prezident İlham Əliyevə açıq məktub ünvanlayıb.
Barəsində yenidən və ədalətli məhkəmə keçirilməsini keçirilməsini xahiş edən jurnalistin qələmə aldığı açıq məktubu Ovqat.com oxucularının diqqətinə çatdırırıq.
Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri, Cənab İlham Əliyevə
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Hüseynov Səbuhi Bayram oğlu tərəfindən
Şikayət məktubu
Cənab Prezident!
Məni Sizə bu məktubu ünvanlamağa vadar edən 2019-cu ildən bəri bəzi dövlət qurumlarının nümayəndələri tərəfindən şəxsimə qarşı olunan ədalətsizliklər, saxta ittihamlar və məhkəmə hökmləri, səsimə qulaq tıxayan bürokratlar,cavabsız qalan müraciətlərimdir.
Dünya binə olandan bəzi sivilizasiyaların özünəməxsus qanunları və bu qanunların icra mexanizmi olubdur.Cəmiyyətlər inkişaf etdikcə qanunlar da təkmilləşib, bu təkmilləşmə insan və vətəndaş hüquqlarının inkişafına, ədalətli mühakimənin aparılmasına xidmət edib.Düzdür, bu prosesdə qırılma nöqtələri də olubdur.Avropada inkvizisiya məhkəmələrini, Şərqdə şəriət məhkəmələrini , Amerikada linç məhkəmələrini buna misal göstərmək olar. Mənim istintaqım və mühakiməm də mənə bu qırılmaları xatırladır.
Qeyd etmək istərdim ki, mən 17 ilə yaxın müddətdə jurnalistika fəaliyyəti ilə məşğul olmuşam.Mən, 2009-cu ildən muxtar respublikanın aparıcı mətbu orqanı olan ”Şərq qapısı” qəzetində jurnalist kimi fəaliyyət göstərmiş, bu qəzetin redaksiyasında məsul vəzifələrdə çalışmışam.2019-cu ildə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü, Dövlətə xəyanət maddəsi ilə ittiham olunaraq 15 il müddətinə azadlıqdan məhrum edilmişəm.
Belə bir sual ortaya çıxa bilər ki, dövlət qəzetinin aparıcı işçisi, necə deyərlər, sabahdan axşamadək dövlət siyasətini təbliğ edən , bu yolda min zəhmətə qatlaşan bir adam necə oldu ki, birdən –birə dövlətə düşmən kəsildi?
Cavabsız sual deyil.Cavab çox sadədir.Tələ.Vicdanlı insanlar üçün qurulan çirkin bir oyun .Hər bir cinayətin məntiqi açıqlaması və motivləri olur.Ancaq məndən məntiqi açıqlama və motiv soruşmadan həbs etdilər.Müstəntiqə işin əslini açıqladım, məni günahsız olduğum gün kimi ortada idi, sonra vəkilimə izah etdim, vəkil yazıq adam idi, kömək edə bilməyəcəyi başdan bəlli idi, sonra prokurora danışdım, məhkəmədə hakim İsfəndiyar Nağıyevə əsl həqiqəti dedim.Hökm kəsiləndə mən bu qənaətə gəldim ki, həbsim sifarişlidir, artıq heç bir qüvvə məni soyuq kameradan çəkib çıxara bilməyəcək.Mənim mühakiməmi hüquq tarixində geriyə doğru bir addım kimi dəyərləndirəsək , heç də yanılmarıq. Halbuki, 90-cı illərin əvvəllərində Ümummilli liderimiz Heydər Əliyevin böyük səyləri ilə azad respublika qurularkən cümhuriyyətin əsas prinsiplərindən, dayaqlarından biri də ədalət mühakiməsinin düzgün aparılması olmuşdu.
Tarixən doğru sözün boynuna ip keçirilib. Fransada gilyotin endirilib, Suriyada ,Hələbdə Nəsiminin dərisi soyulub, Babəki Samarrada susdurublar, Əhməd Cavad, Mikayıl Müşviq güllələnib, Hüseyn Cavid sürgün edilib.Ancaq sonradan haqq-ədalət öz sözünü deyib, Ulu Öndərimiz tərəfindən doğru söz əbədiyaşarlıq qazanıb. İndi Azərbaycan torpağı üzərində memarı dahi rəhbərimiz olan yüzlərlə belə abidə ucalır.Bunlar həm də haqq-ədalətlə ucadılmış abidələrdir.
Cənab Prezident!
Bir məhkum kimi Sizdən xahişim ədalətli muhakimə olunmağım barədədir.Bunun üçün müvafiq ədaləti əlində bayraq edən insanlara göstəriş verməniz kifayət edər.Göründüyü kimi mən Sizdən azadlıq xahiş etmirəm.Mən sadəcə ədalətli muhakimə xahiş edirəm.Əgər Sizin tapşırığınız olsa heç bir hakim ədalət yolundan kənara çıxa bilməyəcək, cinayət işi hansısa bir özünə arxayın məmurun vicdanının öhdəsinə buraxılmayacaq ,72 yaşlı qoca anam dövlət orqanlarının qapılarında qalmayacaq.Əminəm ki, mənim bu məktubumun qarşısını heç bir qüvvə kəsə bilməyəcək, bu məktub qovluqlarda qalıb saralmayacaq.Çünki Siz hər zaman öz vətəndaşlarınız üçün yol açmısınız. Yaxşı bilirəm ki, mən bu məktubu sıradan bir vətəndaşa deyil , milyonlarla insanın taleyini həll edən bir insana yazıram.Bu məktubun müsbət cavabından bir ailənin taleyi asılıdır.
Xatırlatmaq istərdim ki, müxtəlif instansiyalara bu günə kimi şikayətlərim olub.Hər bir instansiya təxminən eyni sözü deyir ki, “Vəkil tut yenidən şikayət et!”.Bir halda ki, mənim apelyasiya və kassasiya şikayətim eyni ünvandan, necə deyərlər, yandırılıb, vəkil üçün çəkdiyim xərclər boşa gedib, onda təkrar vəkil tutmaq nəyə gərəkdir ?Vəkil indiki zəmanədə pul tələsidir.O danışmaq üçün yox, danışmamaq üçün pul alır, məhkəmə və prokurorla razılaşdırmadan addım atmır, əksinə, məhkumu prosesual hərəkətlər etməkdən çəkindirir.
Cənab Prezident!
Ümidvaram ki, mənim bu məktubum cavabsız qalmayacaq, qapıma ədalətin “qara kağızı” gəlməyəcək , “kimsəsiz kimsə yox ,var hər kəsin bir kimsəsi” kəlamı doğru çıxacaq.Hər halda, artıq məhkumluğun 4-cü ilini başa vuran bir insan üçün bu məktub bir ümid işığıdır....
İmza: Hüseynov Səbuhi Bayram oğlu
Paylaş: