Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Mayis Abazər oğlu Əliyev və onun müavini Bədəl Həsənov vəzifələrindən azad olunublar.
Ovqat.com NUHÇIXAN İnformasiya Agentliyinə istinadən xəbər verir ki, bu barədə Muxtar Respublikanın Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.
İmzalanan digər sərəncamla Xanlar Aftandil oğlu Mustafayev Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini təyin edilib. Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti də Xanlar Mustafayevə verilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Xanlar Mustafayevi bu gün kollektivə təqdim ediblər.
Qeyd edək ki, 1992-ci il təvəllüdlü Xanlar Mustafayev bu təyinatadək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif məsul vəzifələrdə çalışıb, nazirliyin tabeliyində Geoloji Kəşfiyyat Agentliyi publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini postunu tutub.
Ovqat.com-un iddiasına görə, Vasif Talıbov işdən uzaqlaşdırılandan sonra onun iməclik ənənəsini davam etdirən əsas rəhbər şəxs bu gün işdən uzaqlaşdırılan artıq sabiq nazir Mayıs Əliyev idi. Məhz bu səbəbdən də ona işçiləri maraqlı ləqəb qoymuşdular – “İməclik naziri”. Görünür, “xan” həzrətlərinin ənənələrini davam etdirməklə Naxçıvanın yeni hakimiyyətinin gözünə girə biləcəyini düşünən Mayıs müəllim yanıldı. O da artıq bir çox nazir həmkarları kimi uzunmüddətli istirahətə göndərildi. Amma digər həmkarlarından fərqli olaraq o, vəzifədən özüylə bərabər yeni ayaması da apardı – “eks-iməclik naziri”.
Paylaş: