Qədim Naxçıvan ərazisində yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələr mövcuddur. Özündə min illərin tarixini yaşadan bu abidələrin zamanla bərpasına ehtiyac duyulur. Ötən dövrdə muxtar respublika ərazisindəki tarix-memarlıq abidələrinin restavrasiyası diqqətdə saxlanılıb. Lakin təəssüflər olsun ki, bəzi abidələrimizə ikinci həyat verilməsi adı altında tarixiliyi əlindən alınıb, onlar bərpa əvəzinə müasir üslubda və yarıtmaz səviyyədə təmir edilib. Belə acınacaqlı tale yaşayan abidələr sırasına Gülüstan türbəsi və Qazançı körpüsü də daxildir.
NUHÇIXAN xəbər verir ki, Culfa rayonunun Gülüstan kəndində yerləşən XII əsrə aid dünya əhəmiyyətli türbə 2015-cı ildə, rayonun Qazançı kəndindəki XVII əsrə aid eyniadlı körpü isə 2018-ci ildə bərpa edilərkən bu abidələrin tarixi memarlıq quruluşu və orijinallığı saxlanılmayıb.
Memarlıq-konstruktiv quruluşuna görə türbə tipli digər memarlıq abidələrindən fərqlənən Gülüstan türbəsi orta əsr Azərbaycan memarlıq abidələri içərisində özünəməxsus yer tutur. Lakin türbənin bərpa adı altında memorial görünüşü məhv edilib, inşasında istifadə olunan daşlar boyanaraq tarixi görkəminə xələl gətirilib.
Böyük İpək Yolunun üzərində yerləşən Qazançı körpüsünün üzərindən əsrlər öncə Şərq istiqamətində uzanan və Ordubad ərazisində əsas yola birləşən karvan yolları keçib. Qazançı körpüsü Azərbaycanın biraşırımlı körpülərinin ən yaxşı nümunəsi sayılır. Lakin hazırda kim deyər ki, bu memarlıq abidəsi özündə yüzilliklərin izini daşıyır? İndi körpüyə nəzər saldıqda tarixin deyil, daha çox müasirliyin izlərini görürük.
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Həmçinin həmin qanunun 25-ci maddəsinə əsasən abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər müvafiq orqanların rəyi və təsdiqi alındıqdan sonra aparılmalıdır. Sözügedən abidələrə nəzər saldıqda bərpa işlərini bu qanundan xəbərsiz olaraq və heç bir elmi əsaslandırma olmadan aparıldığının aydın şahidi oluruq.
Tarix-memarlıq abidələrinin bu cür “bərpası” birbaşa tariximizə balta vurmaq deməkdir.
Mövzunu davam etdirəcəyik.
Mahmud Hüseynov
Paylaş: