Xəbər lenti

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində (ASAN) Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi yaradılıb. Prezident İlham Əliyevin bu ilin aprelin 28-də imzaladığı fərmanla formalaşdırılan mərkəzin işi müqaviləsiz işləyən işçiləri müəyyənləşdirmək, belə halları aktlaşdırmaq, qanunu pozanlara qarşı sanksiya tətbiq etmək üçün əldə olunan məlumatları aidiyyəti dövlət qurumlarına təqdim etməkdən ibarətdir. Fərmanda mərkəzə dövlət qurumları ilə (Fövqəladə Hallar, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti və s.) birgə işləmək tapşırılıb.

"Report"un əməkdaşı mərkəzdə olub, qurumun fəaliyyəti ilə maraqlanıb.   

Maarifləndirmə

Mərkəzin ilk “Xidmət Pəncərə”si pilot layihə çərçivəsində iyulun 24-dən etibarən “ASAN Kommunal” mərkəzdə fəaliyyətə başlayıb.

Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin direktoru Fariz Cəfərov bildirib ki, gördükləri ilk iş maarifləndirmə ilə bağlı olub. Beləki, cari ilin iyun ayının 20-də Bakı şəhərində çoxmənzilli yaşayış binalarının tikintisi ilə məşğul olan 110 tikinti şirkətinin sahibləri və nümayəndələri ilə görüş keçirilib. Görüşdə işəgötürənlərə mərkəzin fəaliyyətinin necə təşkil olunması, eyni zamanda elektron monitorinq informasiya sisteminin necə qurulacağına dair təqdimat nümayiş etdirilib, onların sualları və təklifləri dinlənilib. Keçirilən təqdimatda eyni zamanda rəsmi əmək müqaviləsi bağlamadan işçi cəlb etməyə görə onları hansı cərimələrin gözlədiyi xatırladılıb.

Direktor deyib ki, maarifləndirmə tədbirlərindən sonra tərəflər arasında əmək müqavilələrinin bağlanması halları artıb. Yəni maarifləndirmə həm işəgötürənlər, həm də işçilər üçün olduqca əhəmiyyətlidir.

İşlər davam edir...

Tikilməkdə olan çoxmənzilli yaşayış binalarının və həmin tikinti obyektlərinin inşası ilə məşğul olan fiziki və hüquqi şəxslərin elektron reyestri artıq yaradılır. Reyestr məlumatları üç istiqamətdə formalaşır: Binalar (icazə nömrəsi, ünvan, texniki göstəricilər), işçilər (müqaviləli və müqaviləsiz çalışanlar), analitik təhlil (videomüşahidə, hesabatlar, səyyar monitorinq).

F.Cəfərov qeyd edib ki, hazırda analitik təhlil sistemi qurulur, sistemin dövlət informasiya sistemlərinə inteqrasiyası tamamlanıb və daxil olan məlumatlar təhlil olunub. Analitik sistemin yaradılmasında məqsəd Bakı şəhərində tikilməkdə olan çoxmənzilli yaşayış binalarında əmək müqavilələrinin imzalanmasını təmin etməkdir.

Analitik təhlil sistemi vasitəsilə işçilərin üzü tanınacaq. Üz görüntüləri əsasında əmək müqavilələrinin elektron bildirişi sistemində həmin şəxsin müqaviləsinin olub-olmaması müəyyənləşdiriləcək.

Müvafiq nazirliklərdən tikinti obyektlərinə dair məlumatlar və hesabatlar rejimində (nə qədər tikinti var, nə qədər bina tamamlanmaqdadır, hansı şirkətlərin işçilərlə əmək müqavilələri var, orada hansı ixtisas qrupunda işçilər çalışır) real vaxt daxil olur. Bu məlumatlar artıq təhlil olunub və əmək müqaviləsi olmayan şirkətlərin siyahısı tərtib edilib. Yaxın həftələrdə yerlərdə səyyar monitorinqlər aparılacaq. 

Kameralar

Analitik təhlil sisteminin bir mərhələsi də videomüşahidədir. "Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında" fərmana əsasən əmək müqaviləsi olmadan işləyən şəxsləri müəyyən etmək üçün tikinti obyektlərində müşahidə kameraları quraşdırılacaq. Bu iş tikintini həyata keçirən fiziki və ya hüquqi şəxslərin vəsaiti hesabına baş tutacaq. Kameralar vasitəsilə ərazidə müşahidənin aparılması nəzərdə tutulur.

Bu kameralar üz tanıma sistemi və bildiriş sisteminə inteqrasiya olunmuş şəkildə çalışacaq. Lori dildə desək obyektin tikinti gedən ərazisinə (giriş-çıxış nöqtələrinə) kamera quraşdırılacaq, bununla obyektə daxil olan insanların üzü çəkiləcək. Kameralara Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi nəzarət edəcək. Bildiriş sistemində işçilərin müqaviləsi və şəkli olacaq. Sistem daxil olan şəxsin rəsmi və ya qeyri-rəsmi işlədiyini müəyyən edəcək. Obyektə yad adam keçdiyi zaman mərkəz tikinti şirkətinə həmin şəxsin kimliyini öyrənmək üçün sorğu yollayacaq.

Cərimələr...

Səyyar monitorinq zamanı müqaviləsiz işləyən şəxslər müəyyən olunarsa, bu hal aktlaşdırılacaq və cərimələrin tətbiq olunması üçün aidiyyəti dövlət qurumlarına göndəriləcək..

Əgər obyektdə bir şəxs əmək müqaviləsi olmadan işləyirsə, şirkət İnzibati Xətalar Məcəlləsinə əsasən 25 min manata qədər cərimə tətbiq oluna bilər. Bundan əlavə, qanunvericiliyə əsasən vergidən yayınmağa görə də hər bir nəfərə üçün 1000 manat cərimə nəzərdə tutulub.

On nəfərdən artıq işçinin əmək müqaviləsi olmadan işlədilməsinə görə isə Cinayət Məcəlləsində 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə və 7 min manata qədər cərimə müəyyən edilib. 

Fərdi binaların və kommersiya tikililərinin monitorinqi aparılmayacaq

Pilot layihə çərçivəsində mərkəz Bakı şəhərində tikilən çoxmənzilli yaşayış binalarında monitorinq aparacaq, yəni yoxlamanın digər kommersiya məqsədi ilə tikilən biznes mərkəzlərinə, fərdi yaşayış binalarına və s. aidiyyəti yoxdur.

Hazırda Bakıda tikilməkdə olan 200-dən çox çoxmənzilli tikinti obyekti var.

Həmin yaşayış mənzilləri üzrə artıq podratçılar (tikintini aparan şirkət) və sub-podratçılar üzrə təhlillər aparılır. Yəni işəgötürənin nə qədər işçisi var, hansı obyektlərdə çalışır, əmək müqaviləsi ilə və ya müqaviləsiz neçə nəfər işləyir.

Xidməti Pəncərə

1 saylı "ASAN kommunal" mərkəzində Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi üçün iki xidməti pəncərə ayrılıb. Xidməti pəncərə həm də maarifləndirmə, məlumatlandırma və metodiki dəstək pəncərəsidir. “ASAN xidmət”də olduğu kimi, burada da əsas məqsəd “insanları doğru istiqamətləndirmək”dir. Burada həm işçilər, həm də işəgötürənlər üçün əmək müqavilələri və digər aidiyyəti istiqamətlər üzrə hüquqi yardım göstərilər, eyni zamanda tikinti monitorinqi informasiya sisteminə işə götürənlərin məlumatları daxil etmələri üçün metodiki dəstək göstərilir.

Mərkəzin fəaliyyətə başlamasından bir ay keçməsinə baxmayaraq işəgötürənlər tərəfindən olduqca böyük maraq göstərilir və müraciətlər edilir.

Ən yaxşı tikinti şirkəti...

Bütün bu işlərə paralel olaraq mərkəz maarifləndirmə məqsədilə elektron informasiya portalını da yaxınlarda istifadəyə verəcək. Həmin portalda rəsmi əmək münasibətləri sahəsində maarifləndirici videoçarxlar, məqalələr və digər faydalı məlumatlar mütəmadi olaraq paylaşılacaq. Gələcəkdə səhifədə tikinti şirkətlərinin reytinqi də aparılacaq, ən yaxşı, ən uğurlu tikinti şirkətlərinin adları oxuculara təqdim olunacaq. Bu, həvəsləndirmə üçündür, həm tikinti şirkətləri, həm də mənzil alıcılarına görə tətbiq ediləcək. Hətta tikinti şirkətlərinin müraciəti əsasında aparılan tikintinin videogörüntülərinin elektron resurslar vasitəsilə təqdim olunması imkanı da nəzərdə tutulub. Tikintinin şəffaflığını görmək alıcılarda da əminlik yaradacaq.

“ASAN Kommunal”ın binasında hazırda “ASAN WiFi” sistemi ilə sorğu keçirilir, yəni insanlar mərkəzdə olarkən internetə qoşulmamışdan əvvəl sorğuda iştirak edirlər. Vətəndaşlar “İşəgötürənlə aranızda olan müqavilənin forması nədir?” sualına cavab verirlər, sualın dörd cavab variantı var (müqavilə ilə, müqaviləsiz, xidməti müqavilə ilə və ya işsizəm). Cavablar daha sonra təhlil olunacaq və maarifləndirmə tədbirlərində nəzərə alınacaqdır.

 




Ana səhifəyə qayıt        Baxış: 686          Tarix: 8-09-2017, 15:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma