Yaxın zaman Avropanın “qaz” xəritəsində maraqlı dəyişikliklər görə biləcəyik. Bu fikir ilk baxışdan boş bəyanat kimi səslənsə belə, əslində həqiqəti əks etdirir. Baş verən hadisələr bizləri bir-iki il əvvələ aparacaq, Avropa-Rusiya qaz qarşıdurmasını xatırladacaq.
Fikirlərimiz konstruktiv tənqid kimi dəyərləndirilsə daha yaxşı olar, çünki Rusiyanın xarici siyasəti bir çox hallarda, o cümlədən iqtisadi məsələlərdə, yersiz təzyiq və əsassız təkəbbürü xatırladır. Bir-iki gün əvvəl Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov bəyan edib ki, Moskva Avropa İttifaqından “Türk axını”nın ikinci xəttinə dair layihəsinin reallaşdırılması üzrə “dəmir-beton” qarantiya gözləyir. Bundan əlavə nazir müavini bildirib ki, Avropa İttifaqının bəzi institutlarının Rusiyanın Avropada enerji layihələrini “torpedləmək” niyyətləri Rusiyanı narahat etməyə bilməz. Vəziyyətə bir qədər aydınlıq gətirək.
Rusiya tərəfindən təşəbbüs edilən, şərikinə tikiləcək (və ya tikilməyəcək) “Şimal axını-2” qaz boru kəməri layihəsi artıq iki ildən çoxdur ki, Avropanın bir sıra ölkələri tərəfindən pislənir və onlar bu layihənin reallaşmasına qarşı çıxır. İlk növbədə bunlar Şərqi Avropa ölkələri, o cümlədən Polşadır. Səbəb kimi iki arqument gətirilir: bu layihənin reallaşması ilə “Qazprom” Avropada inhisar mövqelərini yalnız möhkəmləndirəcək, ikincisi bu boru kəməri ətraf mühit üçün zərərlidir. Əlbəttə ki, əsas kimi birinci səbəb götürülür. Mələsə ondan ibarətdir ki, “Şimal axını-2” layihəsi yalnız konkret epizoddur, Avropa İttifaqının rəhbərliyi və üzvləri ümumilikdə “Qazprom”un inhisarçı mövqeyindən narazıdır. Nəticədə beş ilə yaxındır ki, Avropa İttifaqı ilə Rusiya arasında qaz məsələsində qarşıdurma yaşanır. İki il əvvəl, konflikt yeni fazaya keçib, çünki 2015-ci ilin aprel ayında Avropa Komissiyası tərəfindən “Qazprom”a növbəti xəbərdarlıq göndərilib. Bu xəbərdarlıqda söhbət artıq sanksiya və milyardlarla dollarla ölçülən cərimədən gedir. Bu səbəbdən layihənin taleyi o vaxtdan havadan asılı vəziyyətdə qalıb.
Konfliktin həll edilməsi yolunda real addım yalnız bu ilin martında atılıb. Avropa Komissiyası “Qazprom” tərəfindən təqdim edilmiş öhdəliklər sənədini rəy vermək üçün üzv ölkələrə göndərib. O zaman Avropa Komissiyasının rəqabət üzrə komissarı Marqaret Vestaqer bəyan edib ki, “Qazprom” tərəfindən təqdim edilmiş öhdəliklərin Avropa bazarına qazı rəqabət qiymətlərlə tədarük ediləcəyinə əmindir. Avropa Komissiyasının məlumatında deyilirdi ki, “Qazprom” bəzi kompromislərə gedir. Məsələn, “Qazprom” qazın Mərkəzi və Şərqi Avropa bazarlarında reeksportuna mane olmamaq, qaz nəqli və paylayıcı infrastrukturu üzərində nəzarətindən irəli gələn üstünlüklərindən istifadə etməmək, Polşa, Bolqarıstan, Estoniya, Latviya və Litva üçün qiymətlərin formalaşması prinsipinə yenidən baxmaq, Bolqarıstana “Cənub axını” layihəsinin pozulması üzrə kompensasiya tələblərinə xitam vermək kimi vədlər verib. Rusiya ekspertlərin fikrincə, bununla da “Qazprom” təxminən 100 mlrd. dollar həcmində olan cərimədən yaxasını qurtarmağa çalışır.
Rusiyanın Avropada qaz məsələsində əsas əleyhdarı olan Polşanı bu vədlər qane etmir. Aprelin son günlərinə Polşa Energetika Nazirliyi ölkənin məsələ ilə bağlı mövqeyini Avropa Komissiyasına təqdim edib. Sənədi şərh edən nazir müavini Mixal Kurtıka bəyan edib ki, Polşa 2012-ci ildən davam edən konfliktin belə həllindən məyusdur və belə həlletmə Polşa istehlakçılarının vəziyyətini yaxşılaşdırmağa xidmət etmir. Bundan əlavə Polşanın mövqeyinə əsasən, müzakirə üçün təqdim edilmiş kompromis sənəd Rusiya şirkəti tərəfindən Aİ-nin rəqabətlilik üzrə qanunvericiliyin pozulması problemlərini həll etmir və rəqabət qaydalarının gələcəkdə pozulmayacağına zəmanət vermir. Həmçinin məyusluq onunla bağlıdır ki, Avropa Komissiyası maliyyə sanksiyalarından imtina edib, nəticədə “Qazprom” illər ərzində şişirdilmiş maliyyə tələblərinə görə heç bir maliyyə cəzası almayacaq.
Əslində qaza çıxış yolları üzrə imkanların məhdudlaşdırılması, qiymətlərə daha çevik baxılması, reeksporta mane olmaması, Polşa, Bolqarıstan, Çexiya, Estoniya, Macarıstan, Litva, Latviya və Slovakiya bazarlarında rəqabətə mane olmamaq kimi öhdəliklərin götürülməsi ilk baxışdan pis nəticə deyil, lakin Şərqi Avropa ölkələri “Qazprom”un bu öhdəliklərinə sadiq qalacağına şübhə ilə yanaşır. Nəticədə demək olar ki, Avropa İttifaqı ilə Rusiya arasında qaz mübahisəsində son söz hələ də deyilməyib. Bunu həmçinin “Şimal axını-2” layihəsi barədə də demək olar.
Bunun fonunda Rusiya tərəfindən yeni “Qazprom” layihəsi barədə Aİ-dən qarantiya istəməsi (oxu - tələb etməsi) bir qədər həddən artıq özünə güvənə, təkəbbürlü davranışa bənzəyir. Bir tərəfdən “Qazprom” inhisarlıqla ittiham olunur, rəqabətə şərait yaratmaq üçün öhdəlik götürür, digər tərəfdən isə cənub istiqamətindən yeni xətt çəkmək niyyəti barədə zəmanətlər istəyir. Xatırladaq ki, “Türk axını” layihəsinin ikinci xətti ilə qazın Cənubi və Cənub-Şərqi Avropa ölkələrinə nəqli nəzərdə tutulur, bu xəttin illik gücü isə təxminən 16 mlrd. kubmetr səviyyəsindədir. Aİ tərəfindən bu layihə barədə hər hansı zəmanətin verilməsi, Aİ-nin Brüsseldəki rəhbərliyinin həmin regionun ölkələrinin fikirlərini nəzərə alınmadan razılıq verməsi Avropa İttifaqı üçün çox pis əlamət ola bilər. Bu, hətta Aİ çərçivəsində mərkəzdənqaçma qüvvələrini son dərəcədə gücləndirə bilər. Xüsusən də onu nəzərə alsaq ki, Aİ-nin rəsmiləri Rusiya ilə qaz mübahisəsi zamanı həmişə və dəfələrlə səsləndiriblər ki, alternativ qaz mənbələri tapmaq lazımdır, bunların sırasında ilk növbədə Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsi vurğulanırdı, bundan başqa hətta İran da mənbə kimi dəyərləndirilirdi.
Nəhayət, “Qazprom”un Avropada ümumiyyətlə gələcəyi barədə ciddi şübhələr var. Belə ki, yaxın illər ərzində Polşa, Çexiya, Macarıstan, Estoniya, Sloveniya və Bosniya və Herseqovina ilə Qazpromun qaz tədarükü üzrə sazişlərin müddətləri bitəcək. Polşa artıq alternativ qazın tapılmasında uğurlara nail olmaqdadır: gündəmdə Qətərdən maye qazın alınması, Norveçdən maye qazın alınması və Norveç istiqamətinə 2022-ci ilədək boru kəmərin tikintisinin başa çatdırması məsələsi var. Baltikyanı ölkələr də Norveçlə qaz münasibətlərini gücləndirmək niyyətindədir. Qalan ölkələr üçün isə ən əlverişli, zəmanətli və etibarlı mənbə isə Azərbaycandır. “Türk axını” isə buna rəqibdir. Avropa İttifaqı görəsən kimi seçəcək? Yeni tədarükçünü və ya yenidən Qazprom “boyunburuğu”nu?
Beləliklə, dediyimiz kimi, yaxın zaman Avropanın qaz xəritəsində maraqlı dəyişikliklər baş verə bilər...(apa.az)
Paylaş: