Xəbər lenti
Dünən, 19:25

      

 İstedadına və gələcəyinə inandığım gənc yazarlarımızdan biri Atatürkdən sitat gətirərək onun Qurani-Kərimin "savadsız ərəb"tərəfindən yazılması barədə fikirlərini diqqətə çatdırmışdı. Həmin qeydlərdə göstərilirdi ki, Atatürk Qurani-Kərimin türk dilində tərcümə edilməsinə ona görə göstəriş verib ki, sadə insanlar onu oxuyub, mahiyyətini dərk edərək İslamdan uzaqlaşsınlar. Atatürkə görə, (mən çox araşdırma apardım, amma Atatürkün belə bir fikrinə rast gəlmədim) islam dini insanları elm və inkişafdan uzaqlaşdırır. Atatürkün yalnız bir ifadəsi düzdü. Allahın son Elçisinin doğrudan da savadı olmayıb. Yazıb oxumağı bacarmayıb. Əgər bacarsaydı, Quran-Kərimin Onun özü tərəfindən yazıldığını iddia edəcəkdilər. Kamal Paşa qüdrətli bir sərkərdə, möhtəşəm dövlət başçısı idi, siyasət və hərb sahəsində mükəmməl biliyə sahib idi. Adi məntiqlə yanaşsaq və bu ifadələri onun dediyinə inansaq isə bu sahədə məlumatsız olub. Belə olmasaydı, "Quran savadsız bir ərəb tərəfindən yazılıb" kimi ifadə işlətməzdi. Yazıb oxumağı bilməyən adam kitab yaza bilərdimi? İkinci tərəfdən, əminəm ki, Atatürk bu gün yaşasaydı, söylədiyi bu (Söylədiyinə əmin də deyiləm. Son vaxtlar dəb düşüb, bəziləri öz fikirlərini dahi insanların ifadələri kimi təqdim edir.) fikrindən vaz keçərdi. Çünki cəmi son 50-70 ildə Qurani-Kərim möcüzələri Qərb alimlərinin kəşflərində zaman-zaman öz təsdiqini tapıb. Dağların hərəkət etməsi, su-yağış sistemi, küləklərin funksiyası, qızıl və dəmirin yer mənşəli olmaması, planetlərin vəziyyəti və quruluşu, yerin ən aşağı nöqtəsi, şəffaf sərhədlə ayrılan iki dənizin suyunun bir birinə qarışmaması, embriologiya elmi, xüsusi bir gildə insanda olduğu kimi 7 elementin tapılması və s. Belə misallardan yüzlərlə gətirmək olar.

    Bəli, ağıllı insanlar, o cümlədən, Tolstoy İslamın ən düzgün din olduğunu başa düşürdü. Onun kimi insanlar bəsirət sahibləri idi. Amma bir çoxları indi də İslamın inkişafın qarşısını aldığına əmindir. Bəzən soruşurlar ki, bəs niyə onda müsəlman ölkələri geridə qalıb? Mən bu suala cavab verməzdən əvvəl İslamın qızıl dövrünü xatırlatmaq istəyirəm. Bu gun bir çox kəşflərin Qərb alimlərinin adına yazılmasına rəğmən, vaxtilə müsəlman alimlərin dünyaya səs salan möcüzəli kəşfləri nağıl deyil və həqiqətən də bəşər elminə onlar misilsiz töhfələr veriblər. Cünki həmin dövrlərdə Quranın əsil mahiyyətini dərk edən üləmalar, bu müqəddəs kitabdan kainat sirləri haqda informasiya axını əldə edən savadlı alimlər vardı. Sonrakı yüzilliklərdə şöhrətpərəstlik, taxt -tac hərisliyi, cahil və nadanların iqtidar sahibi olması, dini siyasiləşdirmək cəhdləri, Qərbin İslamı məhv etmək və onun mahiyyətini dəyişmək istiqamətində davamlı səyləri və s. amillər bu inkişafın yolunu tədricən tənəzzülə doğru çevirdi. Ötən əsrin əvvəllərində ingilislərin "uzaqgörən" siyasəti nəticəsində mahiyyətcə yeni “din”in əsası qoyuldu və tədricən bütün Ərəbistana yayıldı. Səud sülaləsini hakimiyyətə gətirən bu ingilis siyasətinə əsasən, dinin adı İslam olaraq saxlanılsa da mahiyyətcə mühafizəkar, təcavüzkar, aqressiv, bir sözlə, Qurana təmamilə zidd xarakrer daşıyırdı.

    İslam qadına bu günə qədər heç bir demokratik ölkənin verə bilmədiyi hüquq və azadlıqlar verib. Lakin bədxahlar  bütün bu hüquqları qadınların əlindən aldılar. İnkişaf, irəliləyiş, qadının təhsil alması, ağıllı və savadlı övladlar yetişdirilməsi Qurana zidd adlandırıldı. İllər boyu və indi də bu siyasət davam edir. Batil inanclar, xurafat, cəhalət insanlara İslam adı ilə sırınmaqdadır. Bu gün  müsəlmanların fiziki məhvinə nail olmaq üçün oyunlar gedir. "İnsanların oxuyub təhsil alması guya İslama ziddir" kimi cəfəng fikirlər cahillərin əlinə terror kimi güclü silah vermiş oldu. Beləliklə, qısa zamanda, müxtəlif ölkələrdə, dünyanın dörd bir tərəfində belinə bomba bağlayıb heç bir günahı olmayan dinc insanların kütləvi məhvinə səbəb olan terrorçuların guya "birbaşa cənnətə gedəcəyinə ", məhz bunun "əsil İslam" olması kimi gülünc nağıla inanan yüz minlərlə gənc nadan yetişdi. Bu proses İslamın "terror dini olması haqda" yalançı nəzəriyyənin formalaşmasında böyük rol oynadı. İslam ölkələrinin parçalanmasını özündə ehtiva edən dini-siyasi ideologiyalar beyinləri zəhərlədikcə İslam ölkələri arasındakı süni ədavət toxumu daha güclü şəkildə yayılmağa başladı. Bizim ölkəmiz də istisna deyildi. Müxtəlif dini ideologiyaların idxalı genişləndirildi. Bu zərərli ideyaların qurbanları başa düşmürlər ki, Azərbaycan vaxtilə bir çox demokratik və mənəvi dəyərlərin yayılmasında bütün Şərqə , müsəlman dünyasına nümunə olmuşdu. Bəzi ölkələrdə cəmi bir neçə ildir ki, qadınlar səs vermək imkanı əldə ediblər. Bəzilərində isə indiyədək qadınlar bu imkandan məhrumdur. Ölkəmizdə isə ötən əsrdə , 1918-ci ildə yaradılmış Milli hökumət qadınlara bu imkanı tanımışdı. Lakin təəssüf ki, gənc, demokratik islahatlarla “silahlanmış” milli hökumətimiz beşiyindəcə boğuldu. Kim bilir, milli hökumətimiz bu günə qədər mövcudluğunu qoruya bilsəydi, Azərbaycan bu gün hansı zirvələrdə idi. Dünya elminə, mədəniyyətinə, demokratiyasına necə misilsiz töhvələr bəxş etmişdi. Lakin ruslar milli xainlərin köməyi ilə gənc respublikanı devirdilər. Azərbaycanda sovet rejimi tərəfindən, Quran həqiqətlərini sözün əsl mənasında dərk edən yüzlərlə üləmə, seyid, din alimi məhv edildi, sürgünə göndərildi. Onlar bu ölkənin milli-mənəvi sərvəti idi. Bu boşluğu isə əsasən saxtakarlar, keçmiş məhbuslar, fırıldaqçılar 5-10 ərəbcə söz əzbərləyərək tutdular. Xaricdə təhsil almış bəzi ruhanilər isə dini biliklərlə yanaşı, həmin ölkələrin dini-siyasi ideologiyasını da mənimsəyərək əsil təhlükə mənbəyinə çevrildilər. Beləliklə də Allahın sözünü pulla satanlar bəşər övladı üçün nicat gəmisi, mayak rolu oynayan Qurani -Kərimi məzarlıqlara daşıdılar. Halbuki Allah onu ölülər üçün deyil, dirilər üçün göndərib. Bu həqiqətləri anlamayan, özünü çətinliyə salmaq istəməyənlər əsil İslamı dərk edə bilmədikləri kimi, Şəhidlik zirvəsinə ucalmağın mənasını da başa düşmürlər. Onlar üçün şəhid olmaqla ölmək arasında bərabərlik işarəsi var. Adlarını ateist qoyaraq meymundan yarandıqlarını qəbul etsələr də darvinizmin çürük nəzəriyyəsinin iflasa uğradığını hec cürə qəbul etmirlər.

Nazilə Məriman




Ana səhifəyə qayıt        Baxış: 1 454          Tarix: 10-12-2019, 16:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma