Şəkildə gördüyünüz bu xanım Neftçala icra başçısının müavini Gültəkin Sadıqovadır. Neftçalada korrupsiyanın başında dayanan əsas şəxslərdən biridir.
DTX-nın rəsmi məlumatından belə anladım ki, qadın olduğu üçün Gültəkin Sadıqova göz altına alınmayıb. Bu gender ayrıseçkiliyini bəlkə də DTX-nın centlmenliyinə yozmaq olar. Amma ümidvaram ki, Azərbaycan məhkəmə sistemi ona layiq olduğu ağır cəzanı verəcək.
Əvvəla, ona görə ki, digər zərif cinsin nümayəndələrinə də dərs olsun. Qadın olduqları üçün hər yerdə sayqıyla qarşılanmayacaqlarını anlasınlar. Əksinə, zərif cins olduqlarından cinayətə bulaşmamaq üçün əzəmi səyin göstərmək məsuliyyəti daşıdıqlarını başa düşsünlər.
İkinci ona görə ki, Qanunlar cins fərqi tanımamalıdırlar. Centlmen olmaq Qanunların boyuna biçilməyib. Məhz bu səbəbdən də Qanunların simvolu sayılan Femida qadın timsalında təsvir olunub. Qadınlar təbiətlərindən etibarilə centlmen ola bilməyəcəkləri kimi, Femida simvollu Qanunlar da hadisəyə centlmencə yanaşa bilməzlər.
Üçüncü ona görə ki, Femidanın gözü bağlı olur. Qarşısında dayanan cinayətkarın kimliyinə, cinsinə baxmır. Cinayətkardırsa, əlindəki qılıncla boynunu vurur, cinayətkarlığında şübhəsi varsa, onun əməlini ədalət tərəzisində çəkir. Qadına başqa, kişiyə başqa cəza vermək, hətta birini cəzalandırıb, digərini “sən qadınsan” deyib sərbəst buraxmaq ədalətli deyil. Ədalətli olmadığına görə qanuni də ola bilməz.
Dördüncü ona görə ki, bir insanın cinsiyyəti onu məsuliyyətdən xilas edərsə, cəmiyyətdəki bütün qadınlar cinayətkar olarlar. Buna yol verməmək üçün şəkildə gördüyünüz bu rüşvətxor, korrupsioner qadın məsləkdaşları ilə eyni cəzaya layiq görülməlidir. Onun göz yaşına baxmaq olmaz.
Heydər Oğuz
Paylaş: