Xəbər lenti


Mehmet Ali Güller
“Cumhuriyet”, 16 aprel 2020-ci il
 
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 1946-cı ildə qurulub. Şübhəsiz ki, qurulduğu tarixdən bu yana təşkilatın üzərində ABŞ-ın təsiri çox güclü olub. Bu səbəblə də qurulmasından qısa bir müddət sonra bəzi ölkələr üzvlükdən çıxdıqlarını elan ediblər. Keçmiş SSRİ 1955-ci ilə qədər ÜST tərəfindən keçirilən konfranslara qatılmaqdan imtina edirdi.
Ancaq bu, “dəyişilməyən” bir vəziyyət deyildi. Kommunist küləyinin əsdiyi və milliyyətçilərin siyasi arenalarda önəmli rol sahibi olduğu zamanlarda, yəni, 1970-ci illərdə ÜST ABŞ-a rəğmən, müstəqil qərarlar qəbul etməyi bacarırdı.
Bəs bunu hardan bilirik?
“ÜST-ü ABŞ yaratdı, Rokfeller maliyyələşdirdi, onlar da nə dedisə, təşkilat hamısını yerinə yetirdi” kimi bir düşüncəyə qapılmaq doğru deyil. 1970-ci illərdə siyasi iqlimin dəyişməsi ÜST-ü də dəyişdirirdi. Eynilə 2020-ci ildə, yəni, bu zamanda dəyişdirdiyi kimi.
ABŞ-Çin mübarizəsi
Görünən mənzərə açıq-aşkar ortadadır –  “ABŞ-ÜST” mübarizəsi, əslində, elə “ABŞ-Çin” mübarizəsidir.
ABŞ Prezidenti Donald Tramp da ÜST-ü Çinin tərəfini tutmaqda təqsirləndirir (08.04. 2020-ci il).
Hətta Tramp “ÜST Çini müdafiə etmək üçün yayılan pandemiya təhlükəsinin miqyasını kiçildir”-deyə, bəyanatlar verib (09.04.2020-ci il).
Digər tərəfdən, ABŞ Dövlət katibi Mayk Pompeo  ÜST üçün qurulmuş yardım fondunu yenidən nəzərdən keçirəcəklərini açıqlayır (09.04.2020-ci il).
Sonda isə ABŞ ÜST üçün yaradılan fondun öz fəaliyyətini dayandırdığını elan edir (14.04.2020-ci il).
Koronavirusu “Çin virusu” adlandıraraq Çini hədəf alan Tramp məqsədinə çata bilmədi. Çünki G7 ölkələri Trampın pandemiyanı “Çin virusu” adlandırmasına qarşı çıxdılar və bu səbəblə də “ortaq açıqlama” mətninin yazılması alınmadı.
Tramp bundan sonra ikinci həmləyə əl atdı. O, Çini yayılmış pandemiya haqqında dünya ölkələrini gec məlumatlandırmaqda günahlandırdı. Hətta Pompeo bir çıxışında “səbəbkarların hesabat verəcəyi vaxt da gələcək” – deyə, açıqlama verdi (14.04.2020-ci il).
Bəs Tramp həmin müddət ərzində nələr etdi?
22 yanvarda “pandemiya deyil”, 10 fevralda “aprel ayında bitəcək”, 27 apreldə isə “möcüzə kimi bir anda bitəcək” deyərək, Tramp, əslində özü bu pandemiyanı küçümsəyirdi. Çünki öncədən bu haldan çox məmnun idi və düşünürdü ki, bu pandemiya güclü rəqibləri sayılan Çin iqtisadiyyatına ciddi zərər verəcək. O yerə qədər ki, ABŞ-ın Ticarət naziri Vilbur Ross hələ yanvarın 30-da “Çindəki COVİD-19 virusu ABŞ iqtisadiyyatını gücləndirəcək. Məşğulluq Şimali Amerikaya geri dönəcək”, – deyə sevinirdi.
İndi yoluxma və ölüm statistikalarına görə ABŞ vətəndaşlarının Tramp hökumətindən narazılıqları get-gedə artıb. Bu narazılığı isə Tramp Çin və ÜST-ə yönləndirir, onları təqsirli gördüyünü bəyan edir.
Yeni dünyanın işarətləri
ÜST, Trampın iddia etdiyi kimi, həqiqətən, Çinin tərəfini saxlayırmı? Bilmirik.
Amma bildiyimiz budur – dünya onsuz da dəyişməyə başlamışdı və yeni bir dünya qurulurdu.  İqtisadiyyatın mərkəzi yavaş-yavaş Asiya və Sakit okean regionuna keçirdi. ABŞ hegemonluğuna söykənən neo-liberal iqtisadiyyat 2008-ci il böhranına “dəqiq” çarə tapa bilmirdi. Qısası, ABŞ-ın təkqütblü dünyası artıq öz yerini çoxmərkəzli bir dünyaya verirdi.
Beləliklə, pandemiya yeni dünya işarətlərinin hədəfini sürətləndirmiş oldu. Trampın ÜST ilə mübarizəsi bunun önəmli nümunəsidir.
ABŞ-ın hegemonluğu sürətlə aşağı düşdükcə, həmin hegemoniyanın orbitindən də uzaqlaşır. ABŞ-ın silah gücünə qoruyub saxladığı “neft-dollar” sistemi də çökmə mərhələsini yaşayır.
Artıq bir çox dünya dövlətlərinin beynəlxalq ticarətləri milli pul vahidləri ilə etməsi və yaranan neft böhranı doğulmaqda olan “yeni dünya”nın işarətləridir.
Tərcümə Strateq.az-ındır



Ana səhifəyə qayıt        Baxış: 2 949          Tarix: 17-04-2020, 16:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma