Xəbər lenti
Dünən, 19:25


Amberin Zaman
“Əl-Monitor”, 16.06.2020
 
Türkiyə bu gün şərq qonşusu Ermənistana xəbərdarlıq edib ki, hər iki tərəfdən ümumən 16 nəfərin ölümünə səbəb olan keçmiş sovet dövlətləri arasında sərhəd toqquşmaları başlayandan bəri Azərbaycana qarşı hücumlara görə cavab verəcək.
Ölənlərdən ən azı 11-i azərbaycanlıdır, o cümlədən ölkənin müdafiə qüvvələrinin generalı və bir polkovnik. 4 günlük döyüşlər 2016-cı ilin aprel ayından bəri ən ağır toqquşmadır.
Türkiyənin müdafiə naziri Hulusi Akar Ankarada neftlə zəngin respublikanın hava qüvvələrinin komandanı Ramiz Tahirovla danışıqlarından sonra Ermənistanın “mütləq cavabsız qalmayacağı”nı bildirib.

Akar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın azərbaycanlı vəzifədaşı İlham Əliyevlə təmasda olduğunu və Türkiyə liderinin “hadisələri çox yaxından izlədiyini” söyləyib. “Azərbaycan türkünün dərdi bizim dərdimizdir. Bilməyinizi istəyirik ki, orada Azərbaycanda hiss etdiyiniz hər cür çətinlik burada Türkiyədə çox dərin hiss olunur. Azərbaycanlı qardaşlarımızın qanı yerdə qalmayacaq”.
Tərəflər arasında toqquşmalar qısa fasilədən sonra bu gün yenidən başlayıb. Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Suşan Stepanyan Azərbaycan qüvvələrinin erməni kəndlərini minaatanlarla və qaubitsalarla atəşə tutduğunu, dağlıq bölgədəki Azərbaycan kəndlilərdən qalxan kimi istifadə etdiyini deyib. Azərbaycan bugünkü hücumlara görə Ermənistanı günahlandırıb.

Azərbaycan və Ermənistan 1991-ci ildə Sovet İttifaqının dağılmasından bəri Dağlıq Qarabağ ərazisi ilə bağlı münaqişədədir. Rusiya hər iki tərəfə silah tədarük edərkən Türkiyə Azərbaycanı dəstəkləyib. Ankara Ermənistanla sərhədlərini möhürləyib və İrəvanla diplomatik münasibətləri yoxdur. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı tərəfindən münaqişənin dayandırılması üçün vasitəçilik illərlə nəticəsiz qalıb.
Rusiya təcili atəşkəsə çağırıb və Kremlin sözçüsü Dmitri Peskov Çərşənbə axşamı günü Moskvanın döyüşlərdən “çox narahat olduğunu” bildirib. Çərşənbə günü ABŞ-ın dövlət katibi Mayk Pompeo de-eskalasiyanı və sülh danışıqlarını dərhal bərpa etməyə çağırıb.
Ankaradan gələn hədələyici bəyanatlar Suriyada və Liviyada əzələ nümayiş etdirən Türkiyənin yenidən Azərbaycanın nəfinə müdaxilə edə biləcəyi barədə fərziyyələrə səbəb olub. Ərdoğan və Əliyevin enerji sazişləri ilə çox yaxın əlaqələrə sahibdir. Üstəlik, Ermənistanla sərt davranmaq Ədalət və İnkişaf Partiyasının 18 il əvvəl hakimiyyətə gəlişindən bəri ölkənin ən pis iqtisadi böhranı şəraitində öz seçici bazasını yenidən canlandırmağa çalışan Ərdoğanın xeyrinədir.
Türkiyə parlamentinin etnik erməni üzvü Qaro Paylan bu həftə “əl-Monitor”a verdiyi müsahibədə bildirib ki, “Türkiyə Tələt və Ənvər paşanın dövrünə xas millətçilik dalğasına bürünüb”.
Amma təhlilçilər arasında üstünlük təşkil edən konsensus budur ki, Türkiyə öz sərhədlərində başqa bir isti müharibəyə maraq göstərmir.
“Carnegie Europe”-ın böyük elmi işçisi və Qarabağ münaqişəsinə dair ən nüfuzlu kitablardan biri olan “Qara bağ”ın müəllifi Tomas de Vaalın fikrincə, Ərdoğan “istənilən vəziyyətdən istifadə etməkdə maraqlı”dır. Onun fikrincə, Türkiyə prezidenti silahlı müharibədən daha çox söz müharibəsi ilə maraqlanır” və “Azərbaycan da həqiqətən, müharibə istəmir”.

Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə analitiki Zaur Şiriyev də eyni fikirdədir. “Türkiyənin hərbi müdaxilə edəcəyinə inanmıram, – deyə o, Bakıdan telefonla “əl-Monitor”a bildirib. – Türkiyə ilə Azərbaycan arasında artıq hərbi əməkdaşlıq mövcuddur. Azərbaycanın Türkiyədən gözlədiyi şey dünya miqyasında davamlı diplomatik dəstəkdir”.
Bundan əlavə, Qarabağ münaqişəsi həm Azərbaycanda, həm də Türkiyədə millətçi ehtirasları coşdursa da, qarışıqlıq Ermənistan və Azərbaycan arasındakı mübahisə doğurmayan sərhəddə yaranır. Çərşənbə axşamı Bakıda 30 minə yaxın azərbaycanlı nümayişçi küçələrə çıxaraq hökumətdən zəruri tədbirlər görməyi tələb edib.

ABŞ-ın Marşal Fondunun Türkiyə üzrə direktoru Özgür Ünlühisarcıklı bildirib: “Qafqaz Rusiyanın arxa bağçasıdır, Türkiyənin Suriyada və indi Liviyada olduğu kimi, Moskvanın oraya yolunu bağlaması ehtimalı yoxdur”.

De Vaal düşünür ki, “1990-cı illərdəki kimi böyük bir müharibə gözlənilmir. Amma bu, bizi 2016-cı ilin aprelinə qədər geri çəkə biləcək zəncirvari reaksiya ola bilər”.
Əliyev 14 illik xarici işlər nazirini Elmar Məmmədyarovu işinə məsuliyyətsiz yanaşmaqda ittiham edərək vəzifəsindən azad edib. De Vaal bildirib: “Onun sülh danışıqları ilə bağlı institusional bir yaddaşı var. Xarici işlər nazirini günahlandırmaq yersizdir. Bu, Əliyevin demək olar ki, danışıqlardan imtina etdiyini göstərir”.
Tərcümə: Strateq.az



Ana səhifəyə qayıt        Baxış: 3 085          Tarix: 17-07-2020, 12:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma