Xəbər lenti
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
23-11-2024, 16:10
Roza Əsgərova
BMTM-nın eksperti
10 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikası, Rusiya Federasiyası və Ermənistan Respublikasının liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanat erməni xalqının Baş Nazir Nikol Paşinyana qarşı çoxsaylı etiraz aksiyalarının keçirməsinə səbəb olmuşdur. Erməni diasporu da xalqa dəstək olaraq Ermənistan Respublikasının “yeni” hakimiyyətini tənqid etməyə başlamışdır. Belə ki, erməni diasporuna məxsus təşkilatlar sənədin imzalanmasından dərhal sonra/ yaydıqları bəyanatlarda hökumət başçısını birbaşa günahlandırmasalar da, sonradan tənqidi yanaşmalar artmağa başlamışdır.
Üçtərəfli bəyanatın imzalanmasından sonra ABŞ Konqresinin Nümayəndələr Palatasında Erməni Qrupunun üzvləri Frenk Pelloun (Frank Pallone), Ceki Spiyer (Jackie Speier), Qas Bilirakis (Gus Bilirakis) və Adam Şif (Adam Schiff) ABŞ hökumətinə müraciət edərək Türkiyənin Yaxın Şərq və Cənubi Qafqaz regionlarında “sabitliyi pozmasına” reaksiya verməyə, bir neçə gün sonra isə sözügedən qrupun nümayəndələri Tramp administrasiyasını ATƏT-in Minsk qrupunun regionda fəaliyyətini bərpa etməyə çağırmışlar. Senat nümayəndəsi Robert Menendez isə sözügedən sənədin regionda uzunmüddətli xaosa səbəb olacağını vurğulamışdır.
Bundan başqa, diaspor nümayəndələri baş nazir Nikol Paşinyanın istefa verməsini tələb etmişlər. Belə ki, “Daşnaksutyun” Erməni İnqilabi Federasiyası tərəfindən yayılmış bəyanata əsasən, 15-dən artıq diaspor təşkilatı N.Paşinyanın dərhal istefa verməsi tələbini irəli sürmüşlər. Rusiya Erməniləri Birliyinin (Союз Армян России) nümayəndələri də sözügedən çağırışa qoşulmuşlar. Rusiya Erməniləri Birliyi Ermənistan prezidenti Armen Sarkisyanı da günahlandıraraq onu xəyanətdə ittiham etmişdir. Diaspor nümayəndələri hakimiyyəti yanlış məlumatların yayılmasında da günahlandırmışlar.
Azərbaycanın Dağlıq Qarabağ ərazilərində ermənilər tərəfindən yaradılan qondarma rejimin tanınmasına yönələn fəaliyyət
Niderland
Erməni diasporunun nümayəndələri məskunlaşdıqları ölkələrin hakimiyyət nümayəndələrini Azərbaycanın Dağlıq Qarabağ ərazilərində ermənilər tərəfindən yaradılan qondarma rejimi tanımağa çağırmışlar. Həmin çağırışların nəticəsi olmuşdur.
Belə ki, 17 noyabr 2020-ci il tarixində Niderland Parlamentinin Nümayəndələr Palatası (Tweede Kamer) Türkiyə və Azərbaycana qarşı sanksiya tətbiq etməyə çağıran 3 təklif, Azərbaycan, Rusiya və Ermənistan arasındakı üçtərəfli razılaşmaya dair isə 2 təklif qəbul etmişdir. Türkiyəyə silah ixracına moratorium qoyulmasını nəzərdə tutan 35570-V-45 nömrəli təklif Xristian Birliyi (ChristenUnie) partiyasının nümayəndəsi Coel Vurdevind (Joël Voordewind) tərəfindən irəli sürülmüş və bu təklif Xristian Demokratik Çağırış (Christen-Democratisch Appèl) partiyasının nümayəndəsi Martin van Helvert (Martijn van Helvert), “Demokratlar 66” (Democraten 66) partiyasının nümayəndəsi Şord Şordsma (Sjoerd Sjoerdsma) habelə Azadlıq və Demokratiya naminə Milli partiyasının (Volkspartij voor Vrijheid en Democratie) nümayəndəsi Sven Kupmans (Sven Koopmans) tərəfindən dəstəklənmiş, nəticədə 3 səsə qarşı 147 səs çoxluğu ilə parlament tərəfindən qəbul edilmişdir.
Dağlıq Qarabağda ermənilərə qarşı “təcavüzün törədilməsinə” görə məsuliyyət daşıyan insanlara sanksiyaların tətbiq olmasına dair 35570-V-35 nömrəli təklif Sosialist partiyasının (Socialistische Partij) nümayəndəsi Sadet Karabulut tərəfindən irəli sürülmüş, həmin təklif 38 səsə qarşı 112 səs çoxluğu ilə qəbul edilmişdir.
Azərbaycan Respublikası Prezidentinə qarşı sanksiyaların tətbiq edilməsi barədə 35570-V-33 nömrəli təklif isə Xristian Demokratik Çağırış (Christen-Democratisch Appèl) partiyasının nümayəndəsi Martin van Helvert tərəfindən irəli sürülmüş Xristian Birliyi (ChristenUnie) partiyasının nümayəndəsi Coel Vurdevind tərəfindən dəstəklənmiş və 52 səsə qarşı 98 səs çoxluğu ilə qəbul edilmişdir.
Avropa İttifaqı, BMT və ya ATƏT-i təmsil edən nümayəndələrin Dağlıq Qarabağa göndərilməsini nəzərdə tutan, 35570-V-31 nömrəli təklif də yenə Xristian Demokratik Çağırış (Christen-Democratisch Appèl) partiyasının nümayəndəsi Martin van Helvert tərəfinədən irəli sürülmüş, Coel Vurdevind, Sven Kupmans, Şord Şordsma tərəfindən dəstəklənmişdir. Lilian Plumen (Lilianne Ploumen) tərəfindən irəli sürülmüş, Sadet Karabulut və Bram van Ojik tərəfindən dəstəklənmiş 35570-V-42 nömrəli təklif isə Ermənistan-Azərbaycan münaqişəsinin çoxtərəfli kontekstdə araşdırılmasını, ATƏT və ATƏT-in Minsk Qrupunun ərazidə nəzarətə cəlb olunmasını nəzərdə tutmuşdur.
Həmin gün yerli vaxtla saat 09:30-da Plein meydanında erməni diasporuna məxsus Abovyan mərkəzinin nümayəndələri parlamentin ermənipərəst üzvləri Coel Vurdevind, Martin van Helvert və Sadet Karabulut ilə görüşmüş, onlara irəli sürdükləri təkliflərə görə təşəkkürlərini bildirmişlər.
Fransa
25 noyabr tarixində Fransa Respublikasının Senatı 1 səsə qarşı 305 səs, 3 dekabr tarixində isə Milli Assambleyası 3 səsə qarşı 188 səs çoxluğu ilə Azərbaycanın Dağlıq Qarabağ ərazilərində ermənilər tərəfindən yaradılmış qondarma rejimi tanımış, Azərbaycan və Türkiyənin “təcavüzkar siyasətləri”ni tənqid etmişlər.
Milli Assambleya tərəfindən qəbul olunan qətnamə:
1. Müharibə nəticəsində zərərçəkmiş mülki əhalinin davamlı təhlükəsizliyini təmin etmək və regionda sülhü bərpa etmək üçün qondarma rejimi tanımaq, bununla da münaqişənin həllinə birdəfəlik nail olmağı,
2. Hökuməti Avropa tərəfdaşları ilə birlikdə Ermənistan və qondarma rejimə humanitar yardım göndərməyə çağırmağı,
3. Münaqişədə Türkiyənin təsdiq edilmiş rolunu nəzərə alaraq hökuməti Avropa tərəfdaşları ilə birlikdə Türkiyənin Avropa İttifaqına daxil olması məsələsini bir daha nəzərdən keçirməyi,
4. Hökuməti Avropa tərəfdaşlarının dəstəyi ilə Aİ-nın fundamental dəyərlərini təşkil edən insan hüquqları və fundamental azadlıqların müdafiəsini bir daha təsdiqləməyə çağırmağı,
5. Avropada, Şərqdə və dünyada təhdidlərə məruz qalan xristian azlıqları fəal şəkildə müdafiə etməyi nəzərdə tutmuşdur.
Belçika
Belçika Parlamenti də “Türkiyə hakimiyyətinin dəstəyi ilə qondarma rejimdə yaşayan ermənilərə qarşı Azərbaycan tərəfindən törədilən hərbi təcavüzləri” tənqid edən qətnamə qəbul etməyə hazır olduğunu bildirmişdir. Qətnamə həmçinin Azərbaycanı “mülki əhaliyə xəsarətin yetirilməsində , kasetli və fosfor bombalardan istifadədə” günahlandırmışdır.
Bundan başqa, qətnamədə Azərbaycan və Türkiyə hərbi qüvvələrinin “zorla zəbt edilmiş” Dağlıq Qarabağ ərazisindən çıxarılması tələbi, preambulasında isə ermənilərin “həmin ərazidə öz müqəddəratını təyin etmə hüququnun olmasına” dair ifadə vardır. Qətnamə Belçika Federal Parlamentinin xarici əlaqələr komitəsi tərəfindən qəbul edilsə də Belçika parlamenti Qarabağ ərazisinin Azərbaycan Respublikasının ayrılmaz hissəsi olduğunu bir daha təsdiqləmişdir.
2-6 dekabr 2020-ci il tarixlərində isə Belçika parlamentində qondarma rejimin fransız dilli “dostları” Belçika parlamentinin nümayəndəsi Emmauel De Bok (Emmanuel De Bock), Jet kommunasının meri Ervi Doyen (Hervé Doyen), jurnalist və sabiq senator Cozi Dubi (Josy Dubié), Brüssel parlamentinin sabiq prezidenti Culi de Qrote (Julie de Groote), habelə “dostluq qrupu”nun koordinatoru və sabiq senator Andre de Busdan (André du Bus) ibarət nümayəndə heyəti Ədalət və sülh naminə Avropa Erməni Federasiyasının (European Armenian Federation for Justice and Democracy) təşəbbüsü ilə Ermənistan və Dağlıq Qarabağa səfər etmiş, qondarma rejimin “xarici işlər nazirinin müavini” kimi təqdim olunan Feliks Xaçataryan, “şəhərsalma naziri” kimi təqdim olunan Aram Sarqsyan və “dostluq qrupu”nun nümayəndələri olan “milli assambleya”nın nümayəndələri, həmçinin Xocəvənd şəhərinin “bələdiyyə nümayəndələri” ilə görüşmüş, müharibə nəticəsində Azərbaycan və Türkiyə tərəfindən ermənilərə “vurulan zərər”i müzakirə etmişlər.
Bundan başqa, ABŞ-ın bir neçə ştatı, Cənubi Avstraliyanın qanunverici şurası, erməni diasporunun çoxluq təşkil etdikləri şəhərlərin şuraları və s. qondarma rejimin tanınması haqqında qərar qəbul etmişlər. Bunlara baxmayaraq, həmin qərarlar heç bir mühüm qüvvəyə malik deyildilər.
Erməni diasporu ilə Ermənistan Respublikasının hökuməti arasında qarşıdurma
11 yanvar 2021-ci il tarixində Baş Nazir N.Paşinyanın Moskva şəhərinə səfəri və orada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü erməni diaspor nümayəndələrinin kəskin tənqidinə səbəb olmuşdur. Ümumiyyətlə, Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanat ermənilərin Baş Nazir Nikol Paşinyana qarşı çoxsaylı etiraz aksiyaları keçirməsinə səbəb olmuşdur.
Bundan başqa, mütəmadi olaraq Ermənistana və Azərbaycanın Dağlıq Qarabağ ərazilərində ermənilər tərəfindən yaradılmış qondarma rejimə maliyyə yardımı göndərən diaspor nümayəndələri və maliyyə toplanması ilə məşğul olan təşkilatlar öz fəaliyyətlərini dayandırmış, N.Paşinyanın istefa verəcəyi halda bərpa etmək niyyətində olduqlarını söyləmişlər. Rusiya Erməniləri Birliyinin (Союз Армян России) sədri Ara Abramyan 8 yanvar tarixində Ermənistanın baş nazirinə açıq məktub ünvanlamışdır. Həmin məktubda A.Abramyan erməni xalqının N.Paşinyanın Moskvaya gəlməsini deyil, istefa verməsini gözlədiyini qeyd etmiş, baş naziri xalqın inamından sui-istifadə etməkdə günahlandırmış, onun heç bir sənəd imzalamağa səlahiyyətli olmadığını bildirmişdir. Eyni tarixdə sözügedən təşkilata məxsus binada Rusiyada erməni təşkilatlarının nümayəndələri görüş keçirmiş, pandemiya şəraitində etiraz aksiyasının keçirilməsi deyil, 11 yanvar 12:00-14:00 saatlarında Rusiyada Ermənistan Respublikasının səfirliyi qarşısında təşkilat nümayəndələri tərəfindən hazırlanmış xüsusi ərizəni imzalamaq vasitəsi ilə öz münasibətlərini bildirməyə çağırmışlar. Ərizənin mətninə əsasən, diaspor nümayəndələri böhranın dərinləşməsinin qarşısını almaq məqsədi ilə N.Paşinyanı istefa verməyə, Azərbaycan tərəfi ilə “bütün şifahi və yazılı razılaşmaların” məzmununu açıqlamağa, gələcəkdə heç bir sənədə imza qoymamağa, 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmanın bəndlərinin icrasını dayandırmağa çağırmışlar.
Moskva erməniləri öz növbələrində maşın pəncərələrinə, divarlara və s. N.Paşinyanın şəkli olan “vətən xaini” başlıqlı plakatlar asmışlar. 11 yanvar 2021-ci il tarixində isə erməni diasporu Moskvada Ermənistan Respublikasının Səfirliyi qarşısında etiraz aksiyası keçirmişdir. Diaspor nümayəndələri baş naziri dərhal istefa verməyə, görüşdə iştirakdan imtina etməyə çağırmışlar.
Bunlara baxmayaraq, N.Paşinyanı müdafiə etməyə çıxan diaspor nümayəndələrinin də sayı az olmamışdır. Bu da diaspor nümayəndələri arasında münaqişəyə səbəb olmuşdur. 2019-cu ildə N.Paşinyanın təşəbbüsü ilə Ermənistanın ictimai şurasının (Общественный совет Армении) sədri təyin olunmuş Stepan Safaryanın sosial şəbəkələrdə Rusiyadakı erməni Birliyi (САР) tərəfindən təşkil edilən etiraz aksiyasının tənqid etməsi tərəflər arasında çoxsaylı qarşılıqlı ittihamlara səbəb olmuşdur.
Qeyd etmək lazımdır ki, S.Safaryan “Facebook” sosial şəbəkəsindəki səhifəsində Rusiya ermənilərinin etiraz aksiyası keçirmək niyyətlərinə görə istehza etmiş, çaşqınlıq yaratmaq məqsədilə baş nazirin Moskvaya səfərinin tarixini səhv bildirmişdir. Bu da diasporun, o cümlədən Rusiya Erməni Birliyi nümayəndələrinin kəskin reaksiyasına səbəb olmuşdur. Belə ki, təşkilat tərəfindən yayılmış bəyanatda N.Paşinyanın tərəfdarları tənqid edilmiş, məşhurluq qazanmağa çalışmaqda ittiham edilmişlər.
14 yanvar 2021-ci il tarixində Moskvaya səfər edən Anna Akopyan və qızı Mariam Paşinyanı da erməni diasporunun nümayəndələri kəskin tənqidlə qarşılamışdılar. Baş nazirin ailə üzvlərini müşayiət edən Federal Təhlükəsizlik Xidmətinin nümayəndələri hava limanını bağlatdırmalı olmuşlar. Bundan başqa, A.Akopyan və qızı M.Paşinyanın Rusiya Federasiyasının vətəndaşlığını almaq niyyətində olduqları haqqında şayiələrin yayılması vəziyyətin daha da kəskinləşməsinə səbəb olmuşdur. Diaspor nümayəndələri baş naziri həm də rusofobiyada ittiham etmiş, erməni xalqını da N.Paşinyanın siyasətini dəstəkləməsinə görə tənqid etmişlər.
Erməni İnqilabi Federasiyasının Büro üzvləri (ARF Bureau) da həmin məsələyə reaksiya vermişdir. Təşkilat rəhbərliyi bəyanat yayaraq öz narahatlıqları və təkliflərini bölüşmüşdür. Bəyanata görə, Ermənistan Respublikasının Baş Naziri tərəfindən imzalanan erməni xalqının maraqlarına zidd hər hansı bir sənəd etibarsız sayılmalı, Ermənistan hökumətinin nümayəndələri 9 noyabrdan etibarən Baş Nazir tərəfindən imzalanan hər bir sənədə görə məsuliyyət daşımalı, xalqın maraqlarına zidd olan hər hansı bir sənədin imzalanmasının qarşısı almalı, Ermənistan Respublikası və Azərbaycanın Dağlıq Qarabağ ərazisində qondarma rejimin “məhv olması”nı dayandırmaq məqsədi ilə Baş Nazir vəzifəsindən azad olunmalı, Ermənistan – Azərbaycan münaqişəsi yalnız ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həll edilməlidir.
Beləliklə, diaspor nümayəndələrinin hakimiyyətə qarşı inamı getdikcə azalmışdır. 10 fevral 2021-ci il tarixində Ermənistan Parlamenti ilə hakimiyyət nümayəndələri arasında keçirilən sual-cavab sessiyası zamanı yeni təyin olunmuş Xarici İşlər Naziri Ara Ayvazyan (Ara Aivazyan) Ermənistan – Azərbaycan münaqişəsinin həll olunması nəticəsində Türkiyə ilə Ermənistan arasında sərhədin açıla biləcəyini bildirmişdir. Xarici İşlər Nazirinin bu iddiası erməni diasporunun kəskin reaksiyasına səbəb olmuşdur. Belə ki, Beynəlxalq Erməni Milli Komitəsi (ANC International) bəyanat yayaraq Ermənistan Respublikasının hazırkı hakimiyyətini Türkiyə və Azərbaycanla əlaqələrin qurulmasında, eləcə də qondarma rejimin təhlükəsizliyinin qarantı roluna dair öhdəliklərindən imtina etməsində ittiham etmişdir.
Bundan başqa, erməni diasporu nümayəndələrinin fikrinə görə, Ermənistan hakimiyyəti Türkiyə - Ermənistan arasında əməkdaşlığın qurulmasında Ermənistan – Azərbaycan münaqişəsindən başqa heç bir məsələni problem olaraq nəzərdən keçirmir. Erməni diasporunun iddia etdiyi kimi, onların illərlə üzərində işlədiyi qondarma “erməni soyqırımı”nın təbliğatı və qondarma “soyqırımı”nın beynəlxalq aləmdə tanıdılması məsələsinin Ermənistan hakimiyyəti üçün önəmli olmaması da sözügedən təşkilat nümayəndələrinin mənfi reaksiyasına səbəb olmuşdur.
Bəyanata cavab olaraq, Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan Ermənistan hakimiyyətinin Türkiyəyə qarşı münasibətində heç bir dəyişikliyin olmadığını vurğulamış, və Xarici İşlər Nazirinin Türkiyənin bəyanatlarına deyil, hərəkətlərinə qiymət verəcəyini bildirmişdir.
Bunlardan başqa, 2021-ci ilin fevral ayında Rusiyada erməni diasporunun ən nüfuzlu təşkilatı olan Rusiya Erməniləri Birliyi (Союз Армян России) ilə Ermənistan Respublikasının hazırkı hakimiyyəti arasındakı qarşıdurmanın yeni mərhələsi başlamışdır. Belə ki, fevral ayın əvvəlində Ermənistan Respublikasının diaspor məsələləri üzrə baş müvəkkili Zare Sinanyan müsahibə zamanı Krasnodar diyarında “ermənilərin milli-mədəni muxtariyyəti”nin (Региональная армянская национальнокультурная автономия Краснодарского края) 20 yanvar 2021-ci il tarixində “Rusiya Erməniləri Birliyi”nin tabeçiliyindən çıxmasının təşkilatlararası münaqişə ilə əlaqədar olduğunu bildirmişdir. Xəbər qısa zamanda yayılmış və bu açıqlama sözügedən təşkilatların nümayəndələrinin kəskin reaksiyasına səbəb olmuşdur. Erməni diasporu təşkilat adından bəyanat yayaraq Z.Sinanyanı istefa verməyə çağırmışdır. Bundan sonra Rusiya Erməniləri Birliyinin sədri Ara Abramyan “republica.am” xəbər agentliyinə müsabiqəsi zamanı Nikol Paşinyanın erməni xalqı üçün “destruktiv” fəaliyyətindən bəhs etmiş, onu yalançı və demaqoq adlandırmışdır. A.Abramyan N.Paşinyanı əsir götürülmüş ermənilərin qaytarılmamasında da ittiham etmişdir.
“Hayastan” Ümumerməni fondu tərəfindən toplanan maliyyə vəsaitlərinin də hökumət tərəfindən xərclənməsi bir çox narazılıqlara gətirib çıxarmışdır. Müharibə zamanı fond tərəfindən “ermənilərə yardım məqsədi” ilə 170 milyon ABŞ dolları dəyərində ianə ayrılmışdır. Bununla bərabər, infrastruktur, səhiyyə, və sosial xərcləri ödəmək məqsədi ilə fond hökumətə 52,7 milyard dram (~100 milyon ABŞ dolları) dəyərində dəstək ayırmışdır. Fondun icraçı direktoru Aykak Arşamyan bildirmişdir ki, hökumət və fond arasındakı razılaşmaya əsasən ayrılan vəsaitlərdən müharibə zamanı zərər çəkmiş, qondarma rejimdən “qaçqın düşmüş” insanlara yardım etmək üçün istifadə olunacaq. Lakin, Ermənistanın Vatikandakı sabiq səfiri Mikael Minasyanın verdiyi məlumata əsasən, bu məbləğin 52,1 9 qərar əsasında fond tərəfindən hakimiyyətə verilmişdir. Həmin qərarların 7-nin əsli isə Ermənistan Respublikası prezidentinin qərargahından itkin düşmüşdür. Bunlardan başqa, ABŞ dolları ilə ayrılan maliyyə vəsaitlərindən erməni dramının kursunun stabilliyini qorumaq üçün istifadə edilmişdir.
Nəticə
İkinci Qarabağ müharibəsində Ermənistanın ağır məğlubiyyəti və faktiki olaraq kapitulyasiya xarakteri daşıyan üçtərəfli bəyanatın imzalaması dünyanın müxtəlif ölkələrində yaşayan erməni diasporunun fəaliyyətinə təsir etmişdir. Müharibədəki məğlubiyyət Ermənistan cəmiyyəti və ölkə daxilində gedən siyasi proseslərə ciddi təsir imkanlarına malik olan diaspor nümayəndələri arasında fikir ayrılıqları yaratmışdır. Daha əvvəl baş nazir Nikol Paşinyan və onun hakimiyyətini dəstəkləyən diaspor nümayəndələrinin bir qismi bu məğlubiyyətin səbəbkarı kimi N.Paşinyan və onun populist xarici siyasətini göstərsələr də, digərləri əsas günahkarların Ermənistanın əvvəlki korrupsioner siyasi rəhbərləri olduğunu düşünürlər. Qondarma “erməni soyqırımı” məsələsi həll olunmadan regional kommunikasiya və nəqliyyat xətlərinin, xüsusən Türkiyə ilə sərhədlərin yaxın zamanda açılması perspektivi diaspor nümayəndələri arasında daha kəskin fikir ayrılıqları və parçalanma yaratmışdır.
Öz növbəsində 44 günlük müharibə dövründə diasporun güclü olduğu bəzi ölkələrdə Ermənistana açıq dəstək ifadə edən bəyanatların verilməməsi, diasporun heç də zənn edildiyi qədər təsir imkanlarına malik olmamasının üzə çıxması gizli formada da olsa Ermənistan hakimiyyətini narazı salan məqam olmuşdur.
Beləliklə, İkinci Qarabağ müharibəsindəki məğlubiyyət Ermənistan hakimiyyəti və diaspor arasında ziddiyyətləri ortaya çıxartmışdır. Yaranmış narazılıqların yaxın gələcəkdə diaspor nümayəndələrinin Ermənistana göstərdikləri yardım və dəstək fəaliyyətlərində də öz əksini tapacağı ehtimal edilir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar