Xəbər lenti
Bu gün, 14:35
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılovun partiyanın VII qurultayındakı çıxışını Ovqat.com oxucularına təqdim edirik:
Möhtərəm qurultay iştirakçıları!
Siyasi həyatımızda böyük önəm daşıyan növbəti VII qurultayımızda əvvəlcədən ağlımıza belə gələ bilməyən, olduqca çətin bir şəraitdə və formada iştirak etdiyinizə görə, Sizə şəxsi minnətdarlığımı bildirirəm.
Biz bu qurultayımızı COVİD-19 adlanan koronavirusun bütün dünyada, o cümlədən də məmləkətimizdə tüğyan etdiyi və bu səbəbdən də insanların bir yerə toplaşmasının qadağan olunduğu şəraitdə işlərimizi onlayn formada müzakirə edib qiymətləndirməli, gələcək vəzifələrimizi müəyyən etməliyik.
Koronavirus kimi bir bəlanın hakim kəsildiyi ölkəmizdə fəaliyyətimizi onunla mübarizə üçün müəyyən edilmiş tələblər çərçivəsində qurmalı, nəinki özümüzü, habelə vətəndaşlarımızı da bu qaydalara tabe olmağa çağırmalıyıq. Çünki xalqın sağlamlığı bizim üçün ən vacib məsələdir.
Hörmətli qurultay iştirakçıları!
Bu koronavirus bütün siyasi partiyaların, o cümlədən də bizim partiyamızın fəaliyyətini tamamilə məhdudlaşdırıb. Biz nə yerlərə gedə, nə də Siyasi Şuranın və Ali Məclisin iclaslarını vaxtlı-vaxtında keçirə bilirik. Partiya təşkilatları ilə əlqəmiz yalnız telefon vasitəsi ilə olur. Bu isə, məlumdur ki, istədiyimiz effekti verə bilmir.
Hörmətli qurultay iştirakçıları!
Dərin kədər hissi ilə qeyd etməliyəm ki, VI qurultayımızdan keçən dövr ərzində çox böyük itkilərimiz oldu. Ədalət Partiyasının sədr müavini Əlikamal Həsənzadə, Ali Məclisin sədrinin I müavini Məzahir Bağırov, Ali Məclisin sabiq sədri, Siyasi Şuranın üzvü Fikrət Hüseynov, Ədalət Partiyası Ali Məclisin üzvü, professor Vilayət Cəfərov, Ədalət Partiyasının sədr müavini Etimad İsmayılov, Ağsu rayon təşkilatının sədri Ağacavad Cəfərov, Tovuz rayon təşkilatının sədri Firuddin Ələkbərov və Qusar rayon təşkilatının sədri Nizami Soltanov dünyalarını dəyişmişlər. Allah onlara rəhmət eləsin! Biz onları daim qəlbimizdə yaşadacağıq!
Hörmətli qurultay iştirakçıları!
Keçən VI qurultayımızda ölkənin problemlərini və onların həlli istiqamətində vəzifələrimizi müəyyən edərkən, xüsusi olaraq vurğulamışdıq ki, ərazi bütövlüyümüzün bərpa edilməsi, Respublikamızın bütün bölgələrində suverenliyimizin təmin edilməsi, sözün əsl mənasında, milli varlığımızın əsas şərtidir.
Bildiyiniz kimi, ərazimizin 20 faizi – Dağlıq Qarabağ və 7 rayonumuz Ermənistana rəhbərlik edən millətçi-şovinist, separatçı-terroristlər tərəfindən işğal edilmiş, milli ləyaqətimizə sarsıdıcı zərbələr vurulmuşdur. Erməni lobbisinin güclü olduğu ABŞ, Fransa və Rusiyadan ibarət olan ATƏT-in Misnk Qrupu, guya, bizim ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etmək üçün çalışmalıydı. Əslində isə o, Ermənistanın xeyrinə olaraq vaxt uzatmaqla məşğul idi. Biz bunu görür, bir partiya olaraq lap ilk günlərdən Minsk Qrupunun “ölü doğulmuş uşaq” olduğunu qeyd edərək, onun xidmətindən imtinanı təklif etmişdik.
Biz həqiqəti ortaya qoymuşduq – göstərmişdik ki, ATƏT-in qərarları dövlətlər üçün hüquqi öhdəliklər yaratmır, tövsiyə xarakteri daşıyır, işğalçı Ermənistan da, niyyəti bəlli olduğundan, tövsiyələri qəbul etmir, əksinə, nəinki Dağlıq Qarabağı, habelə işğal etdikləri 7 rayonumuzu da öz torpaqları elan edərək, orada məskunlaşama işləri aparırdı. Üstəlik, bizi aşağılayaraq, hədyanlar danışır, mədəniyyət mərkəzimiz olan müqəddəs Şuşamızda sərxoş vəziyyətdə yallı gedir, oranı qondarma “Dağlıq Qarabağ Respublikası”nın paytaxtı elan etmək istəyirdilər. İşğalçı dövlətin baş naziri N.Paşinyan danışıqların formatını dəyişməyi – Dağlıq Qarabağda olan terrorçu-separatçıların da bu prosesə cəlb edilməsini tələb edir, “Qarabağ Ermənistanındır və nöqtə” deyərək sülh danışıqlarının mənasız olduğunu həyasızcasına nümayiş etdirirdi.
Problemin yarandığı ilk günlərdən mənim və sonra da partiyamızın mövqeyi belə olub ki, biz bütün qüvvələrimizi səfərbər edib torpaqlarımızı yalnız və yalnız özümüz müharibə yolu ilə azad etməliyik. Çünki tarixdə zəbt olunmuş torpaqların sülh yolu ilə qaytarılması faktı da yoxdur.
Fərəh hissi ilə qeyd etməliyəm ki, keçən ilin 27 sentyabrında ölkə başçısının siyasi iradəsi ilə xalqın şərəf və layqətinin yeganə təminatçısı olan rəşadətli ordumuz erməni təxribatlarına cavab olaraq, bütün cəbhə boyu hücuma keçdi, 44 günlük Vətən Müharibəsi nəticəsində özündənmüştəbeh erməni ordusunu tamamilə məhv etdi, varlığımızın əsas şərtlərindən olan milli ləyaqət hissimizi canlandırdı, bizi qalib, məğrur millətə çevirdi.
Bu şanlı qələbəyə, milli dirçəlişə görə, başda Ali Baş Komandan olmaqla, ordumuza, əsgər və zabitlərimizə, şəhid və qazilərimizə daim minnətdar olmalıyıq.
Şəhidlərimizə cənab Allahdan rəhmət diləyir, qazilərimizə sağlamlıq, onların valideynləri və yaxınlarına isə səbr arzulayıram.
Unutmamalıyıq ki, bu tarixi qələbəmiz müxalif qüvvələr də daxil olmaqla, bütün xalqın yumruq kimi birləşməsi, vətən sevgisi, cəsarəti nəticəsində mümkün olmuşdu. Şuşa qalasının əlbəyaxa vuruşma sayəsində azad edilməsi deyilənlərin əyani sübutudur.
Eyni zamanda bu şanlı qələbəmizə görə, biz qardaş Türkiyə Cümhuriyyətinə, onun layiqli prezidenti cənab R.T. Ərdoğana da minnətdar olmalıyıq. Onun siyasi və mənəvi dəstəyi torpağımızın azad edilməsində müstəsna drəcədə rol oynadı. Bunu hər bir azərbaycanlı bilməlidir.
Hörmətli qurultay iştirakçıları!
Bu bir acı həqiqətdir ki, erməni qəsbkarları işğal etdikləri ərazilərimizi – rayon mərkəzlərini və bütün kəndlərimizi xaraqbalıqlara çevirib, müqəddəs yerlərimizi – məscidlərimizi, qəbirstanlıqlarımızı, tarixi, mədəni və təbiət abidələrimizi tanınmaz dərəcədə yerlə-yeksan etmişlər. Budur özünü “ən qədim, mədəni xalq” sayan bu yaramazların əsil sifəti!
Qarşımızda nəhəng quruculuq işləri var: bu xarabalıqları çiçəkli məkana çevirməli, qaçqınlarımızın öz doğma yurdlarına qayıdıb yaşamaları üçün bütün şərait yaradılmalıdır. Bu ümumixalq işinə partiya fəaliyyətinin bütün növlərində yaxından dəstək verməliyik.
Hörmətli qurultay iştirakçıları!
Ordumuz millətin qüruru, orduda qulluq etmək isə ən şərəfli fəaliyyət növü sayılmalıdır. Biz bir partiya olaraq bu işə öz töhfəmizi verməliyik.
Biz, habelə, uğurlarımızın rəhni olan milli birliyimizin tərəfdarıyıq. Lakin milli birliyin qorunub saxlanılmasında əsl söz sahibi hakimiyyətdir. O bilməlidir ki, sözdə yox, əməldə milli birliyə nail olmaq istəyirsə, onda mütləq müxalifət də daxil olmaqla, bütün yaradıcı qüvvələrə cəmiyyətin idarə olunmasında yer verilməlidir. Bir tayfanın, bir ailənin imtiyazlarını günü-gündən artırmaqla, hüquq-mühafizə sistemini bunların maraqlarını qoruyan siyasi yustisiya alətinə çevirməklə milli birliyə nail olmaq mümkün deyil!
Hörmətli qurultay iştirakçıları!
Biz VI qurultayımızda qeyd etmişdik ki, erməni qəsbkarlarından heç də az təhlükəli olmayan, çox təəssüf ki, ictimai həyatımızın bütün sahələrinə sirayət etmiş, bir növ, idarəçilik prinsipinə çevrilmiş korrupsiya ölkəmizin inkişafının qarşısını alan, xalqın həyatını zülmətə çevirən buxova çevrilmişdir. Biz, habelə, bu ictimai bəlanın kökünün kəsilməsi yollarını da göstərmişdik. Çox təəssüf ki, səsimiz eşidilmədi, bu istiqamətdə mahiyyət etibarilə heç bir iş görülmədi. Odur ki, korrupsiya ilə mübarizəyə dair mövqeyimizi bir daha təkrar etməyə məcburuq.
Düşünürəm ki, su damcıları ardıcıl təkrar olunduqca üzərinə düşdüyü daşı deşdiyi kimi, sözün də daimi təkrarı hakimiyyətin şüuruna hakim kəsilə bilər. Korrupsiya ilə effektli mübarizə, ilk növbədə, milli qanunvericilik bazasının yaradılmasından keçir. Çox təəssüf ki, Respublikamızda belə zəruri qanunvericilik baza hələ də yaradılmayıb.
Korrupsiya ilə uğurlu mübarizə, ilk növbədə, dövlət vəzifə daşıyıcılarının gəlirləri üzərində ciddi nəzarətin olmasını, onların gəlirləri, əmlakları barədə mənbəyi, ödənilən vergilərin miqdarı göstərilməklə, deklarasiya verilməsini tələb edir. Bu barədə hələ 2005-ci ildə, - təsəvvür edin, 15 il bundan qabaq, - qanun da qəbul olunub, ancaq indiyə qədər bu qanun tətbiq edilmir. Bu qanun kimin göstərişi ilə ölü qanuna çevrilmişdir?
İkincisi, korrupsiya ilə mübarizə, mahiyyət etibarilə, xərclər barəsində də deklarasiya verilməsini tələb edir. Bu barədə Rusya Federasiyasında qanun qəbul edilib. Həmin qanun belə adlanır: “Dövlət vəzifələrini tutan şəxslərin və digərlərinin xərclərinin gəlirlərinə uyğun olması üzərində nəzarət haqqında”. Belə bir qanunu təcili olaraq biz də qəbul etməli və onun tətbiqinə nail olmalıyıq.
Düşünürəm ki, bu, gəlirlər haqqında deklarasiyadan daha vacibdir. Özü də, gəlirlər və xərclər haqqında deklarasiyalar mütləq elektron qaydada müvafiq dövlət qurumlarının saytlarında yerləşdirilməlidir ki, xalq oxusun və hər şeyi bilsin. Başqa sözlə, şəffaflıq təmin olunsun.
Üçüncüsü, hamımıza məlumdur ki, bizdə varlı adamlar biznesmenlər yox, vəzifəli şəxslərdir. Bu şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, qanunla qadağan olunmuş sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Birbaşa korrupsiyaya aparan yollardan biri də budur. Bunun qarşısını almaq üçün mən hələ deputat olduğum vaxt Milli Məclisə korrupsiya ilə ciddi mübarizə üçün, dünyanın aparıcı ölkələrində olduğu kimi, sahibkarlıqla məşğul olan vəzifəli şəxslərin cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsi təqdim etdim. Çox təəssüf ki, uzun vaxtdan sonra layihə müzakirə üçün plenar iclasa təqdim edilmədi. Düşünürəm ki, bu qanun layihəsi tezliklə qəbul edilməlidir.
Dördüncüsü, korrupsiya ilə ciddi mübarizə, demək olar ki, əksər nazirliklərdə yaradılaraq həmin nazirliklərin mənafelərinə qulluq edən istintaq şöbələrini ləğv edib Vahid İstintaq Komitəsinin yaradılmasını, bütün vəzifəli şəxslərin, nazirliklərin və digər dövlət qurumlarının qanunauyğun fəaliyyətini təmin etmək üçün prokurorluğun ümumi nəzarət funksiyasının, habelə nəqliyyat prokurorluqlarının bərpasını tələb edir.
Beşincisi, bu gün sosial-iqtisadi inkişafımızın bir böyük bəlası da var - inhisarçılıq. Amma onunla mübarizə üçün tələb olunan qanunvericilik bazası yaradılmır.
Qeyd etməliyəm ki, ikinci oxunuşdan hələ 2006-cı ildə, deməli, 15 il əvvəl keçmiş Rəqabət Məcəlləsi üçüncü oxunuşa çıxarılıb qəbul edilmədi. Bu hal bir daha sübut edir ki, ölkə qanunlarla deyil, göstərişlərlə idarə olunur. Elə fəlakətimizin əsas səbəblərindən biri də məhz budur.
İnhisarçılığın tamamilə ortadan qaldırılması da korrupsiyaya qarşı mübarizənin başlıca hallarından biridir. Çünki inhisarçılıq inkişafa maneçilik törədən əsas amildir. Məhz inhisarçılıq insanın hüquq və azadlıqlarını pozur, onların təşəbbüskarlıqlarını aradan qaldırır, azad rəqabətə yol vermir, korrupsiyaya meydan açır, var-dövlətin ayr-ayrı korrupsioner məmurların, soyğunçu sahibkarların cibinə axmasına qulluq edir. Odur ki, ölkə iqtisadiyyatına və mənəviyyatına ölümcül zərbə vuran inhisarçılığa qarşı amansız mübarizə aparılmalıdır və bunun üçün də tezliklə Rəqabət Məcəlləsi qəbul olunmalıdır.
Nəhayət, korrupsiya ilə mübarizə dövlət işlərində, kadrların seçilməsində ailəçiliyə, qohumbazlığa, yerlibazlığa yol verilməməsini tələb edir.
Hörmətli qurultay iştirakçıları!
Biz VI qurultayımızda cəmiyyətimizin inkişafının əsas şərtlərindən olan vətəndaşlarımızın sağlamlığından və təhsilin səviyyəsindən müfəssəl danışmış, səhiyyə və təhsilin pulsuz və hamı üçün əlçatan olmasını xüsusilə vurğulamışdıq. Təəssüf ki, illər keçsə də, göstərilən sahələrdə köklü heç br şey dəyişməmişdir. Korrupsiya, rüşvətxorluq bu sahələri də məhv etməkdədir. Vətəndaşlarımız bunu hər gün şəxsi həyatlarında hiss edirlər. Biz təhsil və səhiyyənin xalqa qulluq etməsi üçün çalışmaqda davam etməliyik.
Əziz qurultay iştirakçıları!
Yaşlı nəsil Sovet dövrünü, onun nailiyyət və qüsurlarını, zəhlətökən tərif və əlçalma mərasimlərini yaxşı xatırlayır. Gənc nəsil sanmasın ki, onlar bu dövrü görməyiblər. Əslində, Azərbaycanda mövcud olan siyasi sistem elə demokratiya ibarələrinə bürünmüş Sovet dövrüdür: bir partiyanın zorakı və qanunsuz ağalığı, bir şəxsin və onun zümrəsinin hakimiyyəti mənimsəməsi, buna da xalqın müticəsinə dözməsi – budur mövcud rejimin mahiyyəti! Bu rejim elmimizin, sənayemizin, kənd təsərrüfatımızın tənəzzülündən, təhsildə, səhiyyədə olan biabırçı vəziyyətdən, Vətən övladlarının qürbətə köçüb getməsindən qorxmur. Bu hakimiyyət Azərbaycan xalqından qorxur. Qorxur ki, xalq saxta seçkilər yolu ilə qəsb olunmuş hakimiyyəti onların əlindən alar. Hakimiyyətsiz, vəzifəsiz isə onlar kimə gərəkdirlər ki?!
Mən yüksək dövlət vəzifəsində işləmiş bir hüquqşünas kimi, dövlət sistemimizin səmərəsizliyi barəsində çox düşünmüşəm, xoşbəxt yaşayan xalqların dövlət quruluşları ilə müqayisələr aparmışam. Bu barədə kitab da yazmışam. Gəldiyim nəticə budur ki, biz dövlətin idarə sistemində dərin islahatlar aparmasaq, sözün əsil mənasında qanunun aliliyi və hakimiyyətin bölünməsi ilə xarakterizə olunan hüquqi dövlət qurmasaq, daim zorakılıq şəraitində, zülm altında yaşayacağıq.
Biz elə bir dövlət qurmalıyıq ki, orada ancaq və ancaq qanunun hakimiyyəti mövcud olsun. Deməli, zorakılıq, özbaşınalıq, yalan, böhtan, suçsuz təqiblər deyil, məhz insan hüquqları idarəçiliyin əsası, dövlətin idealı olsun. Məhkəmələr, hakimiyyətin digər qolları kimi, xalq tərəfindən seçilsin, müstəqil olsun, ədalətin, insan hüquq və azadlıqlarının təminatçısına çevrilsin.
Hörmətli qurultay iştirakçıları!
Sizə məlum olduğu kimi, hesabat dövründə - 2020-ci il fevralın 9-da Milli Məclisə seçkilər keçirildi. Partiyamızda Milli Məclisin deputatı olmağa layiq çox üzvlərimiz var, ancaq onların əksəriyyəti “Saxta seçkilərdə iştirak etmərik” dedilər. Lakin 10 nəfər üzvümüz seçkilərdə iştirak etmək istədi, onların da əksəriyyəti qanuna zidd bəhanələrlə qeydə alınmadı. Partiyamızın Ali Məclisinin sədri Meydan Babayev Naxçıvanda böyük nüfuza malik olduğuna və məhz buna görə də seçilmək şansı yüksək qiymətləndirildiyinə görə, hakimiyyət sözlə ifadə olunmayan xüsusi həyasızlıq nümayiş etdirərək, qanuna zidd olaraq onu seçkiyə buraxmadı.
Ədalət Partiyasının təşkilati işlər üzrə sədr müavini Mütəllim Rəhimov 106-cı Tovuz-Ağstafa-Qazax seçki dairəsində seçicilərin tam əksəriyyətinin səsini toplayaraq qalib gəldi. Lakin buna baxmayaraq, görüşlərdə seçicilər tərəfindən qovulan “Deputat olduğun vaxt nə etmisən?” sualına “Bütün Avropa ölkələrini gəzmişəm” deyən birini YAP-çıların göstərişi ilə saxta protokol tərtib edib, Milli Məclisə göndərdilər.
Burada Marksın dahiyanə dediyi bir fikri qeyd etməmək mümkün deyil. O deyirdi: “İnsanın, xalqın mənəviyyatı iki halda pozulur. Birincisi, cinayət görüb cəza görmədikdə, ikincisi, cəza görüb cinayət görmədikdə”.
Tovuz, Ağstafa, Qazax sakinləri bu seçkidə cinayət gördülər, cəza görmədilər. Bu fikir bütün respublikaya aid edilə bilər, çünki ölkəmizdə seçki keçirilmir, sadə protokol tərtib etməklə istənilən şəxsə deputat statusu verilir.
Hörmətli Qurultay İştirakçıları!
“Siyasi partiyalar haqqında” qanunun 1-ci maddəsinə görə, siyasi partiyalar Azərbaycan Respublikasının vətəndaşları tərəfindən ölkənin siyasi həyatında, vətəndaşların siyasi iradəsinin formalaşdırılmasında və ifadə olunmasında iştirakını təmin etmək niyyətiylə yaradılır. Birmənalı şəkildə deyə bilərəm ki, qanunun bu müddəası tamamilə yerinə yetirilmir, bizim rayonlara gedib insanlarla görüşməyimizə qətiyyən yol verilmir. Harada 3-5 nəfər partiya üzvü bir yerə toplaşıb öz işlərini müzakirə etmək istədikləri halların qarşısı polis tərəfindən qətiyyətlə alınır. Digər tərəfdən, siyasi partiyaların ölkənin siyasi həyatında vətəndaşların siyasi iradəsinin formalaşdırılmasında və ifadə olunmasında iştirakı proporsional seçki sisteminin ləğvi şəraitində necə təmin oluna bilər?
Odur ki, qanunun 1-ci maddəsinin həyata keçməsi, ilk növbədə, Konstitusiyamızda proporsional seçki sisteminin, o cümlədən prezidentin 2 müddətdən artıq seçilməsini qadağan edən maddənin bərpasını tələb edir.
Əziz Ədalətçilər!
Şəraitin çətinliyinə baxmayaraq, biz partiyamızın Məramnaməsinin təbliğini və təşkilatçılıq işimizi də unutmamalıyıq. Təşkilatlanma prosesi partiyamızın siyasi arenada gücünün etiraf edilməsi üçün bir meyar olsa da, çox təəssüf ki, ötən müddət ərzində bu sahədə ciddi nailiyyətlər əldə edə bilməmişik. Buna baxmayaraq Ədalət Partiyasının illərin sınağından çıxan, ideoloji baxımdan tam hazırlıqlı və sadiq üzvləri siyasi və təşkilati yükü çiyinlərində daşımış, fəaliyyət göstərən partiyalar sırasında onun ilk yerlərdən birini tutmasını təmin etmişlər.
Ölkəmizdə siyasi institutlaşmaya olan qısqanc münasibət, siyasi partiyalarla cəmiyyət arasında bilərəkdən və məqsədyönlü şəkildə yaradılmış baryerlər insanların partiyalara münasibətində ehtiyatlı mövqe tutmasına gətirib çıxarmışdır. Bu isə partiyaların, o cümlədən Ədalət Partiyasının təşkilatlanma prosesində müəyyən ləngimələrlə müşahidə olunur. Bununla belə, partiyamız öz çəkisini qoruyub saxlaya bilmişdir.
Ədalət partiyasının hazırda 57 rayon təşkilatı fəaliyyət göstərir. Üzvlərin sayı isə 18 minə yaxındır. Ötən qurultaydan sonrakı dövr ərzində partiya üzvlərinin sayında azalma müşahidə olunub. Lakin rayon təşkilatları, qadınlar şöbəsi və gənclər təşkilatı kimi strukturlarımız fəaliyyət göstərməkdədir.
Qarşıya qoyduğumuz məqsədlər prizmasından yanaşdıqda, bütün bunlar azdır. Biz Respublikamızın bütün bölgələrində rayon təşkilatları yaratmalıyıq, üzvlərimizin sayı da artmalıdır. Bunun üçün respublikamızın bütün rayonlarında təşkilati işləri gücləndirməliyik. Bunu qarşıdan gələn mürəkkəb siyasi situasiya, eləcə də son dövrlər partiyalara yanaşmada dəyişən münasibət də zəruri edir. Xüsusilə, üzvlərimizin Ədalət Partiyasının Proqramında əks olunan ideologiyasını dərindən mənimsəməsinə çalışmalı, keyfiyyətə fikir verməliyik. Hər bir üzvümüz Ədalət Partiyasını layiqincə təmsil etmək, hadisələrdən düzgün baş çıxarmaq səviyyəsində olmalıdır.
Diqqətinizə görə, təşəkkür edirəm.
Bakı şəhəri, 14 mart 2021-ci il
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar