Xəbər lenti
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
Avropa Parlamentinin aparıcı fraksiyasının - Avropa Xalq Partiyası (EPP) sədri Manfred Veber Ukraynanın şərqində vəziyyətin gərginləşməsi və ya Aleksey Navalnının səhhətinin pisləşməsi halında Avropa İttifaqını və ABŞ-ı Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb.
Ovqat.com xəbər verir ki, millət vəkili bunu “Funke” media qrupuna verdiyi bir müsahibəsində bildirib.
Veberin iddiasına görə, Rusiya “təhlükəli təxribatlarını” davam etdirir və Ukraynanın şərqində hərbi varlığını gücləndirməklə Qərbi sınağa çəkir və ona həm Aİ, həm də ABŞ birgə cavab verməlidir.
"Artıq ölçülü sansiyaların dövrü keçməkdədir. Oliqarxların hesablarının geniş miqyasda dondurulması və ya Rusiyanın SWIFT-dən ayrılması kimi sərt addımlar vəziyyət gərginləşəcəyi təqdirdə real seçimlərə çevrilməlidir", - deyən fraksiya rəhbərinin fikrincə, bundan sonra “Şimal axını-2” layihəsinin vacibliyi də heç bir arqumentlə əsaslandırıla bilməz.
Qeyd edək ki, bir müddət əvvəl Ukrayna-Rusiya gərginliyini şərh edən Pentaqonun NATO və Avropa üzrə keçmiş köməkçisi Cim Tounsend “Ukraynanın ən yaxşı silahının ABŞ raketləri yox, beynəlxalq sanksiyalar” ola biləcəyini bildirmiş, Kiyevi düşməni ilə isti qarşıdurmalara getməkdənsə, iqtisadi sanksiyalara üstünlük verməyə və bunun yollarını axtarmağa çağırmışdı. Müasir çağımızda ən ağır iqtisadi sanksiya isə dövlətləri SWIFT sistemindən ayırmaqdır. Bu sanksiya cəzalandırılan tərəfi bank əməliyyatları aparmaqdan məhrum edir və bütün idxal-ixrac əlaqələrini kəsilir, iqtisadi böhranı qaçılmaz hala gətirir.
Avropalı parlamentari bununla yanaşı “Şimal axını-2” layihəsinin inşasını dayandırmaqla Rusiya iqtisadiyyatının 60%-ni təşkil edən neft-qaz alışını da bloklamağı məsləhət bilir ki, bu da Moskvanı çörəklə imtahana çəkmək mənasına gəlir.
Avropa Xalq Partiyası (EPP) sədri Manfred Veber
Əslində bu perspektiv Moskva tərəfindən də gözlənilməz deyildi. Bir müddət əvvəl Çinə səfər edən Rusiya Xarici İşlər naziri Sergey Lavrovun gündəmində də alternativ bank və hesablaşma sistemi yaratmaq ideyası vardı. Pekinin razılıq vermədiyi bu təklif də əslində Rusiyanın yarasına məlhəm deyil. Çünki şimal qonşumuzun əsas ticari partnyoru Çin yox, Avropadır. Rusiya İqtisadi İnkişaf Nazirliyinin 2019-cu il statistikasına görə, Avropa Birliyi ilə ümumi ticarət həcmi də 294,2 milyard dollara çatmışdı. Bu göstərici Rusiyanın ümumi ticarət həcminin 42.8%-ni təşkil edirdi. Həmin dövrdə Çinlə isə ticarət həcmi 108 milyard dollar idi. Hər iki iqtisadi məkana Rusiya əsasən neft və qaz ixrac edir və onlardan isə sənaye malları alır.
2020-ci ildə enerji daşıyıcılarının qiyməti ucuzlaşsa da, Avropa yenə də Rusiyanın əsas partnyoru olmaq xüsusiyyətini itirmədi. Çinlə Rusiya arasında ticarət həcmi 88 milyard dollara (hardasa 20 milyard dollar) endiyi halda, Rusiya ilə Avropa arasında ticarət həcmi 16.2 milyard evro azalmışdı. Faiz nisbətilə götürsək, Rusiya-Aİ arasındakı ticarət həcmi 1.7%, Rusiya-Cin ticarət həcmi isə 2.3% azalmışdır (idxalatda 4.8% düşüş, ixracatda 0.9% artış).
Avropanın qaz və neft məhsulları tələbatının 40%-ni bu gün belə Rusiya qarşılayır. Moskva bu fürsəti itirsə, özünə yeni bazarlar tapması asan olmayacaq; Çin heç bir zaman Rusiya üçün Avropanı əvəz edə bilməz və Avropa bazarına satdığı qaz və neft məhsullarını Uzaq Şərqə göndərməsi üçün Moskvaya yeni kəmərlər çəkmək lazım olacaq.
Maraqlıdır ki, Rusiya Ukraynanın şərqini və Krımı işğal etdiyi 2014-cü ildə bu istiqamətdə müəyyən addımlar atmağa çalışmış və “Qazprom”la Çinin CNPC kompaniyası arasında illik 38 milyard kubmetr qaz tədarükünə dair 30 illik müqavilə imzalanmışdır. Ümumi dəyəri təxminən 400 milyard dollar olan və “Sibir gücü” adlanan bu layihənin bir qismi 2019-cu ildə istifadəyə verilmişdir. Fəqət “Sibir gücü” layihəsinin tam gücü ilə işə başlaması üçün Rusiya 2025-ci ilə qədər gözləməli olacaq. Bu zamana qədər isə sözügedən kəmərlə bu il cəmi 10 milyard kub metr, gələn il isə 15 milyard kub metr qaz nəqli nəzərdə tutulur. Rusiyanın Avropaya nəql etdiyi qaz həcminin illik 230 milyard kub metr olduğunu nəzərə alsaq, “Sibir gücü”nün bu göstəricilərlə müqayisə edilə bilməyəcəyi aydındır.
Üstəlik, kəmərin keçdiyi coğrafiyanın mürəkkəbliyi və hava vəziyyəti onun ildə iki dəfə - yaz və payız aylarında işini dayandırmağı və proflaktik tədbirlər görməyi şərtləndirir. Bu da Çin kimi kəsintisiz enerjiyə ehtiyac duyan sənaye ölkəsi üçün o qədər də yaxşı hal deyil.
Bundan əlavə, Rusiya Çinlə ticari əlaqələrini genişləndirmək üçün 2019-cu ilin sonlarında onunla “Sibir gücü-2” adlı yeni boru xətti çəkilməsi barədə müqavilə bağlamış, ümumi həcmi illik 50 milyard kub metr olacağı gözlənilən ikinci kəmərin inşasına başlanılmışdı. Fəqət bu kəmərin tam olaraq nə zaman işə düşəcəyi də bəlli deyil. “Qazprom” prezidenti Aleksey Miller 2020-ci ilin sentyabr ayında “Sibir Gücü-2” boru kəmərinin layihələndirmə çalışmalarına başladıqlarını söyləsə də, onun çəkilməsinin uzun müddət alacağı şübhə doğurmur. Çünki bu qaz kəməri də iqlim şərtləri çətin bölgələrdən keçib Monqolistana, ordan isə Çinə uzanacaq.
"Bu il (2020-ci il – H.O.) yeni “Sibir Gücü-2” boru kəmərinin layihələndirməsinə başladıq. Bu xəttin məqsədi ölkəmizin şərqindəki və qərbindəki qaz ötürmə sistemlərini birləşdirməkdir. Əlbəttə, bu, əlimizdəki imkanları artıracaq və Şərqi Sibir bölgələrinə qaz tədarükü üçün lazım olan bəzi şərtləri təmin edəcək", - A.Miller layihə ilə bağlı çıxışında belə deyib.
Hər biri hardasa 3 min km uzunluğunda olacaq kəmərlərin çəkilməsində qarşılaşılan ən ciddi problemlərdən biri də Sibir soyuqlarıdır. Qışda -620 dərəcəyə dözəcək şəkildə çəkilən qaz kəmərləri hardasa 50 milyard dollara başa gələcək. Hazırda iqtisadi böhranlarla boğuşan və bu da azmış kimi dünyanın 4 bir tərəfində “sülhməramlı müharibələr” aparan Rusiyanın bu qədər böyük məbləği təmin etməsi asan görünmür.
Çinin də bu layihələrə maliyyə ayıracağı sual altındadır. Əvvəla, ona görə ki, Pekin mübahisəli layihələrə sərmayə ayıracaq qədər səxavətli deyil. O, bunu yalnız o zaman edir ki, bir müddətdən sonra “rentabelsiz” hala gətirib özü həmin layihələrə yiyələnə bilir. Layihələrə yeganə ümid yeri kimi baxan Moskvanın bu perspektivlə razılaşacağı inandırıcı deyil və Pekin də ördək gəlməyən yerə toyuq hədiyyə etməz.
İkincisi ona görə ki, bugünkü şərtlər həmin iki dövləti bir hədəf ətrafında birləşməyə vadar etsə də, əslində Çinlə Rusiya Avrasiyaya sahiblik uğrunda mübarizədə əsas rəqiblərdir. İndiki şəraitdə Rusiyanın zəifləməsi və Çinə yaxın ərazilərdə nəzarət imkanlarını itirməsi ən çox Pekinə sərf edir. Rusiyanın geniş torpaq əraziləri, Orta Asiya üzərində hegemonluq, Avrasiya qitəsinin super gücünə çevrilmək və s. kimi hədəflər Çinin əsas genişləmə prioritetləridir. ABŞ-Rusiya arasında savaş həddinə gələn gərginlik bu məsələdə Pekinin də işinə yarayır.
Digər tərəfdən, dünyanın yeni ağası olmaq yarışına girən Çinin həm də Yaxın Şərqə və Afrikaya yönəlik iqtisadi layihələri var. Həmin layihələrdə bu geniş ərazilərin ən dəyərli varidatı olan enerji ehtiyatlarının mənimsənilməsi üzərində qurulub. Sözügedən ehtiyatları alaraq bölgəni özünə bağlamaq fürsəti varkən, Çinin əsas rəqibi sayılan Rusiyanı ayaqda tutacaq təkliflərə isti yanaşacağını düşünmək sadəlövhlük olardı.
Bütün bu ehtimalları hesaba qatanda ABŞ və Avropanın ağır sanksiyalarla çökdürməyə çalışdıqları Rusiyanın Çinə bağladığı ümidlər suda boğulanın saman çöpünə pənah aparmasından başqa bir şey deyil.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar