Xəbər lenti

 
Aprelin 17-də Çexiyanın Baş naziri Andrey Babişin təcili televiziya ekranlarına çıxıb 2014-cü ildə Vrbetitse qəsəbəsindəki silah anbarının partladılmasında “rus izi” aşkarladıqlarını bəyan etməsi ilə başlayan Rusiya-Çexiya gərginliyi bütün dünyada əks-səda doğurub və Avropa İttifaqını parçalanacaq hala gətirib. Baltikyanı ölkələr Çexiyaya həmrəylik nümayiş etdirərək, rus diplomatları ölkələrindən qovduqları halda, Almaniya bunu “səs-küyçü hiyləgərlər”in təxribatı adlandırır və Rusiya ilə mehriban münasibətləri davam etdirmək istədiklərini bildirir. Fransa da Rusiya ilə ziddiyyətə getməkdə maraqlı görünmür. Böyük Britaniya isə ABŞ-la bərabər Şərqi Avropa ölkələrini yanına alaraq Moskvanı cəzalandırmaq niyyətindədir.
 
Sual oluna bilər: Molla demişkən, səsi 7 ildən sonra çıxan Vrbetitse partlayışı Rusiyanın nəyinə lazım idi?
 
Ovqat.com-un məlumatına görə, 2014-cü il 16 oktyabr tarixində böyük gurultu ilə partlayan həmin anbarda saxlanılan silahlar, sən demə, Ukraynaya göndərilmək üçün nəzərdə tutulubmuş.
 
Ukrayna-Rusiya arasında gərginliyin son həddə çıxdığı, ölkənin şərqində rus separatçılarının üsyan bayrağı qaldırdığı və faktiki olaraq ağır döyüşlərin getdiyi həmin vaxtlar NATO qüvvələri Kiyevi silah və hərbi sursatlarla təchiz etmək istəyib. Və bu məqsədlə də Çexiyanın Vrbetitse silah anbarına çox sayda raket mərmi və qurğuları göndərilib. 


 
Bəzi iddialara görə, silahlar əslində bir neçə il əvvəl o anbarda toplanıb. Sadəcə, Maydan hərəkatından əvvəl Ukraynaya rusqafalı Viktor Yanukoviç rəhbərlik etdiyindən silahların təhvili çevrilişdən sonraya planlaşdırılıb. Çevrilişdən sonra isə Ukraynada ara qarışıb, dəftər itib. Hadisələrin qismən səngiməsini gözləmək isə Vrbetitse silah anbarının partlayışı ilə nəticələnib. 
 
Çexiya Baş nazirinin “partlayışı Rusiya xüsusi xidmət orqanları törədib” mülahizələri öz təsdiqini taparsa, belə çıxr ki, Moskva özünə qarşı istifadə olunması nəzərdə tutulan silah-sursatı Ukraynaya keçirilməmişdən əvvəl elə yoldaca sıradan çıxarıb.
 
İddilara görə, partlayış döyüş sursatlarının tədarükünün başlanmasına cəmi bir neçə həftə qalmış baş verib. Bununla da Ukraynanın Rusiyaya qarşı dirəniş gücü qırılıb. Belə ki, həmin dövrlərdə Ukrayna artilleriya döyüş sursatları, xüsusilə də iri çaplı silahlar sarıdan ciddi problemlər yaşayırdı. Hərbi hazırlığını tamamlamadan Rusiya tərəfindən dəstəklənən separatçılarla döyüşə girməsi onun məğlubiyyətini qaçılmaz edirdi və bu da baş verdi.


 
Çexiyanın Baş naziri Andrey Babişin bu qalmaqallı bəyanatından sonra məlum olmuşdu ki,  partlayışı törətməkdə şübhəli bilinən iki nəfər Rusiyanın QRU (Baş Kəşfiyyat İdarəsi) təşkilatının agentləri imiş - Aleksandr Petrov və Ruslan Boşirov. Onların bu partlayışdan sonra Böyük Britaniyada keçmiş QRU polkovniki Sergey Skripalı “noviçok”la zəhərləməsi hadisəsində də iştirak etdikləri bildirilir. Agentlər Rusiyaya bağlılıqları bilinməsin deyə Moldova və Tacikistan pasportları ilə Çexiya sərhədlərini keçiblər. Çex polisi agentlərin pasport məlumatları əsasında müəyyən edib ki, casuslar 2014-cü il oktyabrın 13-də Mosvadan “Aeroflot” reysi ilə Praqaya, oradan isə Vrbetitse Ostarava adlı yerə gediblər və oteldə qalıblar. Oktyabrın 16-da partlayış baş verdikdən sonra Avstriyaya qaçan şübhəlilər oradan Rusiyaya qayıdıblar. 


 
Bəs, 7 il ərzində bu məlumatlar niyə indiyədək ictimaiyyətə açıqlanmayıb?
 
Mütəxəssislərin fikrincə, bunun bir neçə səbəbi ola bilər. Bunlardan biri istintaq prosesi ilə əlaqədardır. Dövlətlərarası münasibətləri alt-üst edəcək bu cür hadisələrin ciddi araşdırılması və təkzibolunmaz faktlar ortaya çıxarıldıqdan sonra ictimailəşdiriməsi vacibdir. Bu da uzun zaman tələb edir.
 
Digər səbəb ozamankı hakimiyyətin siyasi oriyantasiyası ilə bağlıdır. Məlum olduğu kimi, Çexiya nə qədər Avropa İttifaqının üzvü olsa da, onun hakimiyyət orqanlarında bizim terminlərlə desək, hələ də Rusiyanın “5-ci kolonu” fəaliyyətdədir. Hətta məlum partlayış hadisəsindən bir il əvvəl prezident seçilən və indi də Çexiyaya rəhbərlik edən Miloş Zeman belə rusqafalılığı ilə tanınan azsaylı Avropa liderlərindəndir. Çexiyanın Baş nazirindən fərqli olaraq o, hələ də Vrbetitse təxribatında Rusiyanın əli olduğuna şübhə ilə yanaşır və ciddi-cəhdlə bütün günahların partlayış nəticəsində ölən silah anbarı işçilərində olduğunu istisna etmir. Dünən rəsmi televiziya ilə xalqa müraciət edən Zeman bir daha təkrarlayıb ki, 2014-cü ildə Vrbetitsedə baş vermiş partlayışın iki səbəbi ola bilər: “Versiyalardan biri hadisəni Rusiya Baş Kəşfiyyat İdarəsi – GRU agentlərinin törətməsi, digər isə silahlarla ehtiyatsız davranışdır”. Lakin o, ikinci versiyanı daha inadırıcı görür.


 
Maraqlıdır ki, Miloş Zemanın prezident seçilməsindən sonra Çexiyada ruspərəst təbliğatların yayılmasına start verilmiş, bu da Avropa mediasının diqqətindən yayınmamışdı. BBC 2015-ci il 2 aprel buraxılışında dərc olunan bir məqalədə yazırdı: “Ukrayna böhranı başlanandan bəri Çexiyada Rusiya meylli internet saytları yağışdan sonra göbələk kimi artıb. Bir çoxları bunu həyəcanla Kremlin təbliğatı kimi qiymətləndirirlər”.
 
Ukrayna “baharı”ndan sonra Rusiyanın Çexiyada ictimai rəyi öz xeyrinə dəyişdirmək siyasəti apardığını Kremlə yaxınlığı ilə seçilən rus analitikləri də inkar etmirdilər. Həmin illərdə Rusiya Strateji Tədqiqatlar İnstitutunun aparıcı mütəxəssisi İqor Nikolayçuk media açıqlamasında bildirmişdi ki, “Çexiya Respublikası parçalanıb və onu german və slavyan istiqamətinə çəkən iki qarşıduran tərəf var”. Analitikin bu sözlərindən aydın olur ki, Moskva Ukraynada apardığı siyasətin bənzərini Çexiyada da həyata keçirmək niyyətində idi. Çexlərin bəxti sadəcə onda gətirdi ki, 2014-cü ildən etibarən Qərb ölkələri Rusiyaya qarşı təcrid siyasəti yürütdülər və bu ölkənin qan yaddaşında 1968-ci il hadisələrinin xatirələri yaşayır. Həmin illərdə rus tanklarının çex xalqına uddurduğu qanı dadan yaşlı şahidlər hələ də həyatdadırlar və onlar ictimai rəyin formalaşmasında müstəsna rol oynayırlar. Gənc nəsil isə Rusiyadansa Avropaya inteqrasiyaya daha çox üstünlük verirlər. Təsadüfi deyil ki, 2015-ci ildə NATO-nun hərbi maşın karvanının Çexiyadan keçməsinə etiraz edən rusqafalı medianın bütün təbliğatları nəticəsiz qalmış, aparılan rəy sorğularına görə, ölkə əhalisinin 85%-i bu hadisədə heç bir problem görmədiyini bildirmişdilər. 


 
Son diplomat böhranı zamanı Çex Respublikasının Xarici İşlər naziri vəzifəsini icra edən Yan Hamaçekin dilə gətirdiyi bəzi sözlər bu günə qədər sözügedən Avropa ölkəsində rus casus şəbəkəsinin güclü olduğunu göstərir. Hamaçek açıqlamasında Çex əks-kəşfiyyat orqanlarının 2 rus casus şəbəkəsini darmadağın etdiyini bildirərək demişdi: "Hər iki böyük rus casus əməliyyat şöbəsini dağıtmağı bacardıq və Rusiya tərəfi üçün onları yenidən bir araya gətirmək çox çətin olacaq".
 
Bütün bu faktlar Rusiyanın əlinin təkcə Ukraynada bitmədiyini, əksinə Mərkəzi Avropaya qədər uzandığını, bununla belə, tədricən güc itirildiyini göstərir. 
 
Heydər Oğuz
Ovqat.com





Ana səhifəyə qayıt        Baxış: 6 391          Tarix: 27-04-2021, 10:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma