Xəbər lenti


 
Nəticə: Rusiyanın lorla şoru qarışdıracaq qədər etibarsız partnyor olduğunu göz önündə bulunduran Bakı bu ölkədəki daşınmaz əmlakını bir an öncə xırd edib ölümə tərk olunmuş kapitalını indidən diriltməlidir.
 
 
Rusiyanın ABŞ-dakı müvəqqəti işlər vəkili Dövlət Departamentinə çağırılıb.
 
Ovqat.com-un ABŞ-ın Dövlət Departamentinin Avropa və Avrasiya işləri üzrə bürosuna istinadən verdiyi məlumata görə, görüşdə Rusiyanın Avro-Atlantika regionunda "destabilizə hərəkətlərindən" narahatlıq ifadə olunub və Vaşinqtonun Çexiyanı dəstəklədiyi diplomatın diqqətinə çatdırılıb. 
 
Rusiyanın ABŞ Səfirliyi isə Moskvanın ünvanına ittihamları əsassız adlandırıb. Dövlət Departamentinə çağırılan müvəqqəti işlər vəkili görüşdən sonra bəyanat yayıb. "Avro-Atlantik regionunda sabitliyin pozulmasında Rusiyaya qarşı əsassız ittihamlar qəti şəkildə rədd edilir", - deyə bəyanatda bildirilir.
 
Xatırladaq ki, Rusiya ilə Çexiya arasında artıq bir həftədir ki, diplomatik böhran yaşanır. Böhran aprelin 17-də Çexiyanın Baş naziri Andrey Babişin Rusiyanı bu ölkədə terror aktı törətməkdə ittihamı ilə başlayıb. Onun sözlərinə görə, 2014-cü ildə Vrbetitsa hərbi anbarında baş verən partlayışda Rusiya xüsusi xidmət orqanlarının əli olması ehtimalı var. Ardınca Çexiyanın Xarici İşlər naziri Jakub Kulhanek 18 rus diplomatı 48 saat ərzində ölkədən çıxarılacağını açıqlamışdı. Rusiya da buna cavab olaraq aprelin 18-də Çexiyanın 20 diplomatının ölkəni tərk etməsi üçün 48 saat vaxt vermişdi.
 
Bildirildiyinə görə, Rusiyanın Praqadakı səfirliyində 27 diplomat və 67 texniki işçi, Çexiyanın Moskvadakı səfirliyində isə 5 diplomat və 19 texniki işçi var. Rusiya Çexiyanın 20 diplomatını ölkədən qovmaqla faktiki səfirliyin işçilərinin demək olar ki, hamısını “persona non grata” edirdi. Praqa da bu məntiqlə Rusiyanın 70-ə yaxın diplomatını qovacağını bildirmişdi. 
 
Beləcə, Praqa ilə Moskva arasındakı ziddiyyətlər bir-birinə qarşı ərazi iddiasına qədər böyümüşdü. Çexiya rus səfirliyinin yerləşdiyi ərazinin 60-cı illərdə rus qoşunları tərəfindən işğal edildiyini, indisə mülkün əsl sahibinin həmin ərazinin geri qaytarılması tələbiylə məhkəməyə baş vurduğunu bildirmişdi. Rusiya XİN-nin sözçüsü Mariya Zaxarov isə öz növbəsində Praqanın diqqətinə çatdırmışdı ki, ona qalsa, Moskvanın mərkəzində də Çexiyaya məxsus daşınmaz əmlak mövcuddur. Əgər Çexiya rus səfirliyinin yerləşdiyi ərazilərə əl qoyarsa, o da Moskvadakı daşınmaz əmlakını itirəcək. Başqa sözlə desək, Praqa Rusiyanı başqasının ərazisini işğal etməkdə günahlandırır, Moskva isə onu öz puluyla aldığı daşınmaz əmlakın müsadirə olunması ilə təhdid edirdi. Yeri gəlmişkən, Azərbaycan Dövlət Neft Fondunun da Rusiyanın müxtəlif yerlərində daşınmaz əmlakının olduğunu nəzərə alsaq, bu gün Çexiyaya yönəldilən təhdidlə bizim də qarşılaşmayacağımız istisna deyil. Rusiyanın lorla şoru qarışdıracaq qədər etibarsız partnyor olduğunu göz önündə bulunduran Bakı bu ölkədəki varidatını bir an öncə satıb ölümə tərk olunmuş kapitalını indidən diriltməlidir.
 
Görünür, qarşılıqlı “deyişmələrin” böyüdüyünü görən Vaşinqton araya girməyi və Çexiyanın arxasında olduğunu Moskvanın diqqətinə çatdıraraq yerində oturtmağı məqsədə uyğun bilib. 


Ana səhifəyə qayıt        Baxış: 4 804          Tarix: 24-04-2021, 10:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma