Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan bu yaxınlarda İsrailin Fələstinə hərbi hücumları ilə bağlı çıxışında ilk baxışdan çox da diqqəti çəkməyən çox önəmli bir xüsusun altını cızdı. O, bildirdi ki, problemin həlli ilə bağlı Roma Papası Francislə danışıb və ona Qüdslə bağlı təklif verib. Təklif Qüdsün idarəçiliyinin 3 səmavi din – xristian, yəhudi və müsəlman təmsilçiləri tərəfindən yaradılan mexanizmə həvalə olunmasını ehtiva edir.
Zənnimizcə, Prezident Rəcəb Tayib Ərdoğanın sözügedən təklifi elə-belə ortaya çıxmayıb, əksinə, bu gün İsrail-Fələstin qarşıdurmasının təməlində yatan başlıca problem məhz bu proje ilə birbaşa əlaqəlidir. Söhbət təkcə ondan getmir ki, 3 dinin müqəddəs məkanı sayılan Qüdsdə ortaq idarəetmə mexanizminin qurulması bütün tərəflərin marağına uyğundur və qanlı çarpışmaların qarşısını ala bilər. Söhbət həm də ondan gedir ki, 3 dinin bir araya gətirilib birgə idarəetmə mexanizmi qurulması 1990-cü illərdən bəri yürüdülməyə çalışılan dinlərarası dialoq strategiyasının son hədəfi kimi qarşıya çıxır. Hətta bu məqsədlə zaman-zaman 3 dinin bir araya gəldiyi ortaq inancın yaradılması təklifləri belə səsləndirilib. Adına “İbrahim dini” deyilən bu projedə əslində İsrailin təhlükəsizliyi prioritet təşkil edir və Yaxın Şərqdə baş verən hadisələrin bir çoxu da məhz həmin layihənin tərkib hissəsi təəssüratı yaradır.
Məsələ burasındadır ki, 1948-ci ildə Fələstin torpaqları üzərində İsrail dövləti qurulanda demək olar ki, bütün ərəb ölkələri ilə dəfələrlə müharibələrə girmiş və ABŞ-ın yardımları ilə bu savaşların hamısını qazanmışdı. Fəqət Tel-əvivin qazandığı uğurlar qalıcı sülhü təmin etmir, müsəlmanları, xüsusilə fələstinli ərəbləri assimetrik mübarizəyə sürükləyirdi. Bu isə yeni torpaqlara köçürülən yəhudilərin həyatını təhlükə altına qoyur, onların yeni vətəndə məskunlaşmasının təməl şərtlərindən birini ortadan qaldırırdı. Nədən ki, İsrail vətəndaşları sahibləndikləri Fələstin torpağına müharibə və terror qurbanları olmaq üçün yox, firəvan həyat arzusu ilə gəlmişdilər. Firavanlığın ortadan qalxması İsrailə köç siyasətinin iflası və ölkəyə yatırılacaq investisiyaların kəsilməsi ilə nəticələnə bilərdi. Bu da əslində minillərdən sonra “müqəddəs torpaqlara qayıtmaq” layihəsinin büs-bütün dayandırılması anlamına gəlirdi.
Üstəlik, sionizmin qarşısında daha böyük hədəflər vardı. Bu hədəflər bir ovuc torpaqla kifayətlənməməyi, ölkə ərazisini 3 min il əvvəl qurulan Yəhuda imperiyasının sərhədlərinə qədər böyütməyi tələb edirdi. Bu sərhəd isə Fələstindən başlayıb Dəclə-Fərat sahillərində, Mesopotamiyada bitirdi. Belə bir vəziyyətdə Tel-əviv nəinki bölgə xalqlarına qarşı müharibə aparmamalı, əksinə onların rəğbətini qazanmalı, eyni ideya ətrafında birləşdirməli idi.
Sionizmin bu hədəfi qarşısında ən ciddi problem kimi dayanan başlıca əngəl dini fərqlilik və ehkamlardan doğan ayrılıqlardır. Əngəlləri aradan qaldırmaq üçün beynəlxalq güclər tərəfindən dinlərarası dialoq və ya “İbrahim dini” nəzəriyyəsi ortaya atıldı. Yeni dini nəzəriyyə olaraq İbrahim peyğəmbərin seçilməsi də təsadüfi deyildi.
Əvvəla, İbrahim peyğəmbər istər yəhudi, istər xristian, istərsə də islam dinlərinin ortaq peyğəmbəridir. Müsəlmanlar onu İbrahim, yəhudi və xristianlar isə Avram olaraq tanıyırlar.
İkincisi, Həzrət İbrahim ərəblərlə yəhudilərin ulu babaları sayılır. Dini ədəbiyyatlarda yəhudlərin İbrahim peyğəmbərin Sara adlı xanımından doğulan oğlu İshaqdan, ərəblərin isə Həcər xanımdan doğulan İsmayıldan gəldiyi bildirilir. İslama görə, Məhəmməd peyğəmbər də mənsəb etibarilə İsmayıl peyğəmbərin, dolayısıyla Həzrət İbrahimin 2500 illik soy səcərəsinə daxildir.
Üçüncüsü, Quranın bir çox ayələri müsəlmanların əslində İbrahim dininin mənsubu olduqlarını qeyd edilir. Xristian və yəhudilər də özlərini və kitab gətirən peyğəmbərlərini bu dinin davamçıları sayırlar. Başqa sözlə desək, İbrahim peyğəmbər hər 3 dinin ortaq dəyəridir. Yeri gələndə Yəhuda krallığının tarix öncəsi təməlləri də İbrahim peyğəmbər tərəfindən atılmış, sərhədləri onun anadan olub yaşadığı coğrafiyaları əhatə edirdi.
Bütün bu özəlliklər eyni çatı ətrafında birləşdiriləcək Yeni Yaxın Şərq imperiyasının ortaq ataya və peyğəmbərə söykənmə ehtiyacına tam cavab verirdi. Zira istənilən dövlət və ya imperiyanın insanlarını bir arada tutmaq üçün ortaq dəyərə ehtiyac var. Osmanlı imperiyasında bu ehtiyac, xristian və müsəlman əhalinin ortaq dəyəri olan osmanlıçılıq, SSRİ dövründə sovet vətəndaşı ideyası ilə qarşılanırdı. İsraillə ərəb dünyasını isə yalnız, iki sami millətin bölünmədən öncəki halı birləşdirə bilərdi, bu tarix də İbrahim peyğəmbərə qədər uzanır.
Sovet İttifaqı dağıldıqdan sonra İraqda başlayan, daha sonra isə “ərəb baharı” rüzgarı ilə Şimali Afrika ölkələri ilə yanaşı Suriyaya sıçrayan Böyük Yaxın Şərq projesinin də bu məqsədə qulluq etdiyi sirr deyil. Fəqət siyasi proseslərlə yanaşı, ideoloji zəminin də əsası qoyulmalı, birgə yaşayışın təməlləri formalaşdırılmalı idi. Məhz bu proseslərin planlaşdırıldığı sıralarda, hətta “ərəb baharı”ndan 10-15 il əvvəl “dinlərarası dialoq” fikirləri ortaya atılmış, daha sonra bu layihə “İbrahim dini” formuluna çevrilmişdi.
“İbrahim dini” ideyası ilk əvvəl Türkiyədə meydana çıxdı. 2013-cü ilə qədər qardaş ölkədə ciddi siyasi çəkiyə malik olan Fəthullaçılıq hərəkatının bu prosesə öncüllük etdiyini görə bilərik. 1998-ci ildə Roma Papası Con Paulun ziyarətinə gedən Fəthulla Gülən bəlkə İslam tarixində ilk dəfə bir müsəlman dini xanimi kimi xristianların liderini “həzrət” olaraq andı. Fəthulla Gülənin sağ qolu Əlaəddin Qaya bir az da irəli gedərək Papanın əlini öpərək alnına qoydu. Beləcə, İslam dünyasında yaradılan şok effektinin təsiri altında “dinlərarası dialoq”un qızğın mübahisələri başlamış oldu.
Üzərindən 2 il keçdikdən sonra Türkiyənin Şanlurfa vilayətinin Harran şəhərində “Dinlərarası dialoq” konfransı keçirildi. Konfrans yerinin Harran olaraq seçilməsi simvolik anlam daşıyır və tədbir iştirakçıları da bunu gizlətmirdi. Belə ki, 3 dinin ortaq qurucusu olaraq qəbul edilən İbrahim peyğəmbər Harranda dünyaya gəlmiş və ilk ilahi təlimlərini bu şəhərdə yürütmüşdü. Konfransda iştirak edən xarici və yerli din xadimləri də bu məqamı xüsusilə qabardır, ortaq dəyərlərdən ağız dolusu danışırdı. Türk mediasının bildirdiyinə görə, bu ağız dolusu təriflər o qədər uzanırdı ki, konfransın moderatoru Prof. Dr. Mehmet Aygın dəfələrlə müxtəlif dillərdə çıxışları qısa tutmağı xahiş etmək məcburiyyətində qalmışdı. Konfransın rəsmi hissəsi bitdikdən sonra 3 dinin təmsilçilərinin ilahilər oxumuş və “İbrahim Xəlil süfrəsi”ndə diz üstə oturub yeməkləri dadmaqla gündəmə gəlmişdilər.
Dinlərarası dialoqu sosial məsafə gözləmədən öpüşməkdə görürlər
Əslində AKP hakimiyyəti ilə Fətulla Gülən camaatının da arasındakı ixtilafın əsas səbəbi də “İbrahim dini”nin prinsiplərinə fərqli yanaşmadan qaynaqlanırdı. 2009-cu ildə Davos sammitində Türkiyə Prezidentinin İsrailli həmkarına “one minute” iradına kəskin qarşı çıxan Fətulla Gülən yəqin ki, xarici hamilərinin sifarişi ilə müttəfiqini yıxmaq təşəbbüsünə başlamış, bir çox ifşaedici təxribatlarla onun nüfuzunu xeyli aşağı salmaq fikrinə düşmüşdü. Ardınca da 2016-cı ilin 15 iyununda hərbi çevrilişə cəhd etmişdi. Çevriliş cəhdi alınmayınca, “İbrahim dini” projesinin mərkəzi Türkiyədən alınıb ərəb ölkələrinə, xüsusilə də Birləşmiş Ərəb Əmirliyinə verilmişdi.
Türkiyənin bu projedən uzaqlaşdırılmasında Fətullaçı camaatın ritorikasının da önəmli rolu olmuşdur. Belə ki, yəhudi və xristianlığa qucaq açan “Xoca əfəndi” və onun müridləri nədənsə eyni xoşgörünü İslami məzhəblərə çox görürdü. Üstəlik, ərəb ölkələrində Osmanlıdan qalma xatirələr və ya onlara təlqin oluna-oluna möhkəmləndirilən fikirlər də Ankaranın xeyrinə deyildi. Nəticədə Fətullaçı camaatın məzhəbçi yanaşmalarına bir də yəhudilərə və xristianlara xoş münasibəti əlavə olununca, “İbrahim dini” ideologiyası istənilən effekti vermirdi.
İndisə körfəz ölkələri, xüsusilə BƏƏ üzərindən yürüdülən bu layihənin qədim Yəhudə imperiyasının ərazisində daha rahat kök salacağına ümid edilir. Ən əsası isə, projeyə şiə ərəbləri də cəlb olunur. Bu yaxınlarda “İbrahim dini” layihəsinin aparıcı fiquru Roma Papasının İraqa səfəri və Ayətullah Sistani ilə görüşməsi də bu niyyətdən qaynaqlana bilər. Zənnimizcə, məqsəd İraq şiələrini projeyə daxil etməklə yanaşı, həm də İranın əsk-təsir gücünü azaltmaqdır.
Martın 6-da Roma Papası Francisin İraqa səfər edərkən hava limanının divarlarına ayətullah Sistaniyə məxsus “Siz bizdən bir parçasınız, biz də sizdən bir parçayıq” sözləri qarşılanması diqqətdən yayınmamışdı. Həmin plakatı Sistani və Francis ilə yanaşı sülh göyərçinlərinin şəkilləri bəzəyirdi. Bundan əlavə, indiyədək yanına gələn heç bir müsəlman din adamının ayağına qalxmayan və hər kəsi oturaq vəziyyətdə qarşılayan Sistani Roma Papasının qabağına şəxsən çıxmış və bununla da ona duyduğu sayğını nümayiş etdirmişdi.
Düzdür, Ayətullah Sistani Fətulla Güləndən fərqli olaraq, Roma Papası ilə görüşdə öz simasını qorumağa da etina göstərmişdi. Hər halda onun həm dini, həm də genetik varisi (oğlu) Məhəmməd Rza Sistani Papanın əlini öpməmiş, özünün dilindən isə “Francis həzrətləri” sözü çıxmamışdı. Əksinə, Ayətullah Sistani hər zamankı ənənələrinə sadiq qalaraq, Roma Papası ilə görüşdə də sükuta üstünlük vermiş, ağzından hər hansı bir kəlmə çıxarmamışdı. Məlumata görə, Papanın əsas danışığı oğul Sistani ilə olmuşdur.
Maraqlıdır ki, son zamanlar digər ərəb ölkələrində də “İbrahim dini” çalışmalarının sürdüyü müşahidə olunur. Xüsusilə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinin hədisləri inanış sistemindən çıxarmaqla bağlı qərarlar verməsi və ölkənin aparıcı din xadimlərinin də bu qərarı sükutla qarşılaması da bu çalışmaların tərkib hissəsi kimi diqqəti cəlb edir.
Dinlərarası dialoqun vüsət aldığı bir zamanda İsrailin Fələstinə qarşı başlatdığı hərbi əməliyyatlara gəlincə, zənnimizcə, bunun iki səbəbi ola bilər. Bunlardan biri İsrailin indiki Baş nazirinin hakimiyyət hərisliyi, digəri isə Fələstin üzərindəki İran təsirini tamamilə sıradan çıxarmaqdır. Məlum olduğu kimi, Qəzzada Fələstin dirəniş hərəkatı, özəlliklə İzzəddin Qəssam batalyonu üzərində İranın ciddi təsirləri var. ABŞ tərəfindən dəstəklənən və Roma Papasının rəhbərliyi altında qurulması planlaşdırılan “İbrahim dini” çalışmalarına ən böyük əngəlin də məhz bu qüvvələrdən gələcəyi gözlənilir. Odur ki, İsrail bu qüvvələri ya tamamilə sıradan çıxarmadan, ya da zəiflədib özünə bağlı hala gətirmədən qarşıya qoyduğu hədəfə çata bilməz.
Digər tərəfdən, 2 dəfə təkrar parlament seçkiləri keçirilməsinə baxmayaraq, İsrail Baş naziri Benjamin Netahyahu hökumət quracaq səviyyədə deputat çıxara bilmədi. Onun koalisiya quracağı qüvvələrin də yetərli sayda deputatı yoxdur. Məhz bu səbəbdən hökumət qurmaq səlahiyyəti onun müxaliflərinə verildi. Müxalifləri isə 12 müsəlman deputat dəstəklədi. Beləcə, “dinlərarası dialoq” layihəsinin reallaşdırılması imkanını əks tərəf qazandı. Görünür, Netanyahu da, Qəzzadakı müsəlman dirənişçilər də bu vəziyyətlə razılaşmadılar və döyüşmək qərarına gəldilər. Bu döyüşün nəticəsində Netanyahu da, HƏMAS da təmsil etdikləri millətin əsas təmsilçisinə çevrilə və növbəti seçkilərdə daha artıq səs toplaya bilər. Fəqət kiçik siyasi maraqlar xətrinə beynəlxalq güc mərkəzlərinin hazırladığı “İbrahim dini” projesinin ağır yara alması da istisna edilmir.
Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın fikirlərinə məhz bu konteksdən yanaşanda bir çox mətləblər gün işığına çıxır. Türkiyə prezidenti həm ədalətsiz şəkildə aparılan mesajını verir, həm də Ankaranın iştirak etmədiyi Yaxın Şərq projelərinin baş tutmayacağını diqqətə çatdırır və bu prosesdə yer almağa çalışır.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar