Xəbər lenti
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
İranın gedərayaq hökumətinin Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan gəlir. Ölkə rəsmiləri ilə görüşlər keçirdikdən sonra onun İrəvana uçacağı gözlənilir.
Ovqat.com-un məlumatına görə, bu, Cavad Zərifin ölkəmizə yəqin ki, son səfəri olacaq. Zira səfərdən 25 gün sonra İranda prezident seçkiləri keçiriləcək və 8 illik Ruhani hakimiyyəti tarixə çevriləcək.
Yeni qurulacaq hökumətdə isə Cavad Zərifin yer alması Məlik Məmməd nağılıdır. Əvvəla, ona görə ki, İrandakı mövcud seçki atmosferində bütün əqrəblər yeni hakimiyyət ünvanı olaraq mühafizəkarları göstərir. İranın şəhid generalı Qasim Süleymaniyə dil uzatması ilə gündəmə gələn, dini lider Ayətullah Xamenei tərəfindən yaxşıca “fırçalanan” Zərifi mühafizəkarlar istəsələr belə, komandalarına qata bilməzlər. Üstəlik, Zərifin özü də mühafizəkarlara qoşulub islahatçı adını batırmaz.
Hətta təsadüfən islahatçıların yenidən hakimiyyətə gələcəyi təqdirdə belə, Zərif üzərində dayanmasi inandırıcı deyil. Heç kim indiki kritik zamanda ali-dini lider tərəfindən tövbəsini qəbul olunmayan bu adamı yanlarına alıb ağrımayan başına dəsmal bağlamaz.
Adətən, gedərayaq hökumətlərin xarici işlər nazirləri səfərlərə çıxmaz və kreslolarını təhvil verməyə hazırlaşarlar. Nədən ki, onların xarici danışıqlarda əldə edilən razılaşmalarının da ömürləri hakimiyyətləri kimi uzun sürməz və gələcək hökumətlərin bu sövdələşmələrə sadiq qalıb-qalmayacaqlarına zəmanət verilməz. Buna baxmayaraq, Cavad Zərif ən zəif zamanında növbəti dəfə Cənubi Qafqaza səfərə çıxır. Deməli, İran üçün bu səfərin 15 günü gözləməyə səbr edilməyəcək qədər ciddi əhəmiyyəti var.
Bəs bu əhəmiyyət nədən ibarət ola bilər?
Zənnimcə, bu sualın cavabı Cavad Zərifin səfər marşrutunda gizlidir. Onun Bakıdan dərhal sonra İrəvana getmək planı göstərir ki, səfərdə əsas məqsəd Azərbaycanla Ermənistan arasındakı son zamanlar gərginləşən münasibətlərlə əlaqədardır.
Məlum olduğu kimi, 44 günlük müharibədən sonra ermənilər imzaladıqları 3 tərəfli bəyanatın şərtlərini yerinə yetirməmək üçün əllərindən gələni etməyə çalışırlar. Gah Azərbaycanın öz sərhədlərində apardığı delimitasiya tədbirlərinə mane olmaq istəyir, gah da Zəngəzur dəhlizinin açılmayacağına dair bəyanatlar səsləndirirlər. İlk baxışdan, bu erməni şüvənliyi İrana o qədər də dəxli yoxmuş kimi görünə bilər. Məsələnin mahiyyətinə varanda isə, görürük ki, erməni şüvənliyindən ən çox zərər çəkən İran olacaq.
Məsələ burasındadır ki, Azərbaycan işğal altındakı əraziləri ya xoşluqla, ya zorla qurtardıqdan sonra Ermənistanın şimalını cənubuna, həmçinin onu dünyaya bağlayan bütün kommunikasiya keçidləri Azərbaycanın əlinə keçir. Dolayısıyla Ermənistan Zəngəzur dəhlizini açmasa, Azərbaycan da öz imkanlarını işə salıb düşmən ölkənin bütün kommunikasiya xətlərini bağlaya bilər. Bu isə təkcə Ermənistan iqtisadiyyatının zəlil vəziyyətə düşməsi deyil, həm də İranın Avropaya açılan ən önəmli nəfəsliyinin bağlanması deməkdir.
Bu arqumentimizi daha yaxşı anlamaq üçün, gəlin, mülahizələrimizi 2 sual üzərində davam etdirək
- Azərbaycan Ermənistanın şimal-cənub magistralını necə bağlaya bilər?
İlk öncə onu qeyd etmək yerinə düşərdi ki, bu ehtimal bizim ağlımızın məhsulu deyil, bir çox erməni siyasiləri və analitikləri də eyni “narahatlığı” bölüşürlər. Onların da iddialarına görə, Azərbaycanın sərhədlərində apardığı delimitasiya tədbirləri nəticəsində Ermənistanın kommunikasiya əlaqələri 3 nöqtədə kəsiləcək. Bunlardan biri Zəngəzur ərazisindədir ki, İrəvandan Gorusa və Mehriyə gedən yol bu nöqtədə Azərbaycan ərazisindən keçir. Hardasa 21 km-lik bu xətti Ermənistan ərazisinə köçürmək isə böyük zaman və xərc tələb edir. Çünki Kiçik Qafqaz sıra dağları Ermənistanı faktiki olaraq iki hissəyə - cənub və şimala bölüb. Bu təbii istehkamın ən qısa və keçid üçün ən asan yolu Azərbaycan ərazisindən keçir.
Ermənistanın kommunikasiya əlaqələrinin ikinci qırılma nöqtəsi Kərkidir. 1992-ci ildə ruslar tərəfindən zorla alınıb ermənilərə peşkəş çəkilən Kərki İrəvanı Dərələyəz mahalına bağlayan magistralın üzərində yerləşir. 10 noyabr razılaşmasına əsasən, İrəvan bu kəndi də işğal olunmuş anklavlardan biri kimi geri qaytarmalıdır. Yaxın zamanlarda Moskvada imzalanması gözlənilən yeni Bəyannamədə də ermənilərin həmin ərazini boşaltması bir daha təsdiq olunacaq.
Üçüncü qırılma xətti Qazaxın 7 anklavının geri qaytarılması ilə meydana gələcək. Bu xətt İrəvandan Tbilisiyə uzanan magistral yolunu həm şərq, həm də qərb tərəfdən kəsir.
2-ci sual: Üç tərəfdən qısqac altına alınan Ermənistan kommunikasiya xətlərindən İran niyə ən azı nankor qonşumuz qədər əziyyət çəkə bilər?
Bu sualın cavabı olduqca sadə həqiqətə əsaslanır. Bəlli olduğu kimi, ABŞ-ın ağır sanksiyaları ilə qarşı-qarşıya qalan İranın Avropa ilə enerji ixrac marşrutu üzrə 2 əsas tranzit yolu var. Bunlardan biri Fars körfəzindən başlayıb Ədən boğazı və Süveyş kanalı vasitəsilə Aralıq dənizinə çıxmaqdır. Həmin marşrut üzərində İran tankerlərini Amerika Hərbi Dəniz Donanmasına və İsrailə aid gəmilər gözləyir. Zaman-zaman İran tankerlərinə edilən hücumlar dünya mediasına sızır. Hətta bildirildiyinə görə, sızdırılan bu məlumatlar sadəcə aysberqin görünən hissəsidir və hücumlar açıqlanandan daha çoxdur. Başqa sözlə, İranın Qərb bazarına cənub qapısı faktiki bağlanmış vəziyyətdədir.
Bu durumda geriyə bir yol qalır: Fars körfəzi-Ermənistan-Gürcüstan-Qara dəniz üzərindən keçən şimal qapısı. Həmin qapı isə ermənilərin şüvənliyinə qurban gedə bilər. Bu təhlükəni erməni Baş naziri əvəzi Nikol Paşinyan da etiraf edərək deyib: “Özümüz Azərbaycan ərazisindən keçmək istəyirik, amma onların bizim ərazidən keçməsinə qarşı çıxırıq. Bunu necə təsəvvür edə bilirik? Başqa cür də ola bilər: onlar da keçməz, biz də. Bu da o deməkdir ki, özümüz öz ölkəmizi blokadaya almaq siyasəti aparırıq. Belə olmaz, mütləq həllə getmək lazımdır”.
25 günlük siyasi ömrü qalan İran Xarici İşlər naziri məhz bu cür kritik məqamda Bakıya və İrəvana səfər edir. Görünür, Tehranda məsələnin 25 gün ərzində özlərinin əleyhinə bitəcəyinə inanıldığından bu təcili addımı atıblar.
Onu da qeyd edək ki, Zərifin Azərbaycana səfəri bir çox insidentlərlə də eyni ərəfədə reallaşır. Məlum olduğu kimi, bir müddət əvvəl İrandan yük maşınlarının yenidən Dağlıq Qarabağa şübhəli yüklər daşıdığı xəbəri yayılmışdı. Daha sonra Azərbaycan sərhədçiləri İrandan ölkəmizə sızmağa çalışan cinayətkar qrupların hücumuna məruz qaldılar. Bu da azmış kimi, İranın bəslədiyi ideoloji legionerlər dəstəsi İsrailin Fələstinə tutduğu divanın qisasının Azərbaycandan alınacağını, daha doğrusu, “İsrailin Azərbaycanda vurulacağını” açıq şəkildə bəyan etdilər. Amma zənn edirəm ki, bütün bunlar İranın Azərbaycana qarşı təzyiqlərinin sadəcə ədviyyatlarıdır. Təzyiqin əsas məqsədi isə yuxarıda da qeyd etdiyimiz kimi, yeni kommunikasiya xətlərinin açılmasından sonra İranın əldə edəcəyi avantajları və dezavantajları müəyyənləşdirməkdir.
Sonuncu sual: İranın siyasi ömrünü tamamlamaq üzrə olan Xarici İşlər naziri hansı səviyyədə qarşılanmalıdır?
Məncə, dünya təcrübəsində bunun bir çox örnəkləri var. Məsələn, ABŞ prezidenti Barak Obama səlahiyyətlərini təhvil verməyə az qalanda Səudiyyə Ərəbistanına getmiş və bələdiyyə sədri tərəfindən qarşılanmışdı. Çünki dişi tökülmüş aslana meşədə hörmət qoyulmaz. Özünə hörmət edən aslanlar könüllü şəkildə meşəni tərk edib son günlərini heç kimə görünmədikləri xozanlıqda keçirirlər.
Biz, təbii ki, rəsmi Riyad kimi hər şeyi siyasi çıxarlarımızla ölçməməliyik. Amma dövlət qürurumuzu da qorumalı, xoş niyyətlə ölkəmizə səfər etdiyi şübhə doğuran Zərif əfəndini elə adına layiq şəkildə zərif etimadsızlıqla qarşılayıb yola salmalıyıq. Fikrimcə, onun qarşılanma protokoluna rəhbərliyi XİN-nin hansısına şöbəsinin müdirinə tapşırmağı Cavad Zərif həzrətləri də özünə sayğısızlıq saymaz. Necə olsa, o, ABŞ prezidentindən daha səlahiyyətli, XİN-in şöbə müdiri isə bələdiyyə sədrindən daha səlahiyyətsiz deyil.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar