Xəbər lenti

 

Qılman Sultanoğlu
 
Uzun  zamandır dünya mətbuatının və sosial şəbəkələrin gündəliyindən düşməyən “Afinadan Vilnüsə uçan “Ryanair” təyyarəsinin Minsk hava limanına təyyarədə bomba var” bəhanəsi ilə endirilməsi çox gülünc bir bəhanə idi. Əgər təyyarədə bomba yox idisə, onda Belarus hərbi hava qüvvələrinə məxsus MİG 31 qırıcı təyyarəsi və bir helikopterin havada sərnişin təyyarəsini müşayət etməsinin hansı səbəbi ola bilərdi? Roman Potataseviçin Belarusiya təhlükəsizlik xidməti orqanları tərəfindən Minsk hava limanına endirilməsinin və ya Qərb ilə Rusiya arasında Belarusiya uğrunda  gedən rəqabətin əsas səbəbləri nələrdir, hər iki tərəf Belarusiya üzərindən nəyi planlayırlar?         
 
     
Belarusun yerləşdiyi coğrafi ərazi onun Rusiya üçün   geosiyasi önəmini artırır. Kalininqrad   anklavı  nəzərə alınmazsa Rusiyanın qurudan Avropaya  tək çıxışı Belarus üzərindəndir. Ukrayna uğrunda ABŞ və Avropa ilə aparılan gərgin mübarizədə də hərbi anlamda Belarusun Rusiya üçün çox böyük geostrateji, geosiyasi əhəmiyyəti var. Məncə, artıq Ukraynanı və Qara Dənizi itirdiyini görən Rusiya bütün gücünü toplayaraq Belarusu əlində saxlamağa çalışır. Çünki Belarusun da əldən çıxması Rusiyanın bu regionda geosiyasi durumuna böyük zərbə vura bilər. 


 
Belarus Rusiya üçün Qərbdən Şərqə keçid rolu oynayır. Rusiyanın  Qərbə axan qaz və neft kəmərinin bir qanadı da bu ölkədən keçir. Hətta deyərdim ki, bu gün Rusiyanın Avropaya satdığı qaz və neftin əsas hissəsi Belarusdan axır ki, bu da həmin ölkənin Rusya üçün önəmini qat-qat artırır. 
  
Əlbəttə ki, burada  Qara Dənizi və onun geostrateji əhəmiyyətini də unutmaq olmaz. Qara dəniz sahilində yerləşən dövlətlərə nəzər salsaq, burada da Rusiyanın vəziyyətinin çox acınacaqlı olduğunu görə bilərik. Belə ki, Qara Dənizdə Rusiya ilə qonsu olan dövlətlərdən biri Türkiyədir. Türkiyə bu gün Suriyada, Liviyada Azərbaycanda və s. məkanlarda yaşanan bir çox məsələləri Rusiya ilə anlaşaraq həll etməyə çalışsa da, NATO-nun üzvüdür və bu birlikdəliyə xüsusi onəm verirlər. Digər ölkələr Bolqarıstan və Rumıniya da bir zamanlar Rusiya (SSRİ) ilə birlikdə NATO-ya alternativ olaraq yaradılan Varşava müqaviləsininn üzvü olsalar belə, haliyyədə NATO-nun 30 üzvündən biridirlər. Beləliklə, Rusiyanı nəzərə almasaq, Qara Dəniz sahilində yerləşən iki dövlət qalır: Gürcüstan və Ukrayna. Gürcüstan Rusiyanın yeritdiyi imperialist siyasətə görə onunla soyuq münasibətdədir. Ukrayna isə Rusiyanın Krımı ilhaq etməsi, Donbass və Luqanskdəki  separatçılara hər cür dəstək verməsi səbəbindən Rusiya ilə müharibə vəziyyətindədir. Nəzərə almaq lazımdır ki, Gürcüstan və Ukrayna NATO-ya üzv olacaq ən real ölkələrdir, vəziyyət Rusiyanın əleyhinə daha da mürəkkəbləşir.


 
Beləliklə Qara Dənizdə öz üstünlüyün itirən Rusiya üçün Belarusun geosiyasi əhəmiyyətinin nə qədər önəmli olduğu aydınlaşır. 
 
Burada bir məsələni də qeyd etmək yerinə düşər ki, Aleksandr Qriqoriyeviç Belarus parlamentinə müraciətdə Belarusun yerləşdiyi coğrafiyanın xüsusi əhəmiyyətini qeyd edərək buraya hərbi müdaxilə olrsa dünya müharibəsinin baş vermə ehtimalının yüksək olduğunu bildirmişdi. Bu əslində V.V.Putinin Lukaşenkonun dili ilə dünyaya ,,blef” etməsindən başqa bir şey deyil.
           
Bölgədə Qərb ittifaqı ilə Rusiya arsındaki mübarizə son prezident seçkilərində də özünü göstərdi. Lukaşenko 118 rayonda   aparılan  seçkilərin nəticəsi  olaraq   səslərin 80%  aldığnı və altıncı dəfə  Belarus prezidenti seçildiyini dünyaya duyurdu. Xalqın böyük hissəsi, xüsusilə müxalifət elan olunan nəticələri qəbul etmədi və küçələrə çıxdı. Bu nümayişlərdə xüsusilə Minskdə əhali meydanlara çıxaraq etirazlarını bildirdi. 16 minə yaxın insan həbs olundu. Lukaşenko  əlində avtomat küçələrə çıxaraq nümayişçilərə və Qərbə  sərt nesaj verdi. Eyni zamanda baş verənlərdən Qərbin məsuliyyət daşıdığını bildirdi, onları ölkənin daxili işlərinə qarışmaqda ittiham etdi. 


      
Belarusiya SSRİ  rəhbərliyinin xüsusi diqqət yetirdiyi müttəfiq respublika idi. Burada bir sıra ağır sənaye müəsisələri tikilmişdi. Xüsusilə mədən sənayesi üçün avadanlıqlar ağır tonnajlı yük götürmə qabliyyətinə malik olan “BelAZ” maşınları, hamımızın görüb tanıdığı Belarus markalı traktorlar, kimya sənayesi geniş inkişaf etmişdi. Təkcə bir faktı qeyd etmək istəyirəm ki, Belarus Rusiya, Çin, Ukrayna, Almaniya, Hollandiya kimi ölkələrə məhsul ixrac edir. Belarusun ixracının təqribən 20%-ni kalium, bir o qədər də müxtəlif yağlar və mineral yanacaqlar təşkil edir. Onun bu sənaye gücü də ölkəni Rusiya üçün vazkeçilməz “müttəfiq” halına gətirir.
 


Ana səhifəyə qayıt        Baxış: 4 874          Tarix: 3-06-2021, 19:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma