Xəbər lenti

 
İyunun 25-də Azərbaycana səfər edən Avropa İttifaqının nümayəndə heyəti Prezident İlham Əliyevlə görüşdükdən sonra Ermənistana yollanıblar. Nümayəndə heyətinin tərkibinə Rumıniyanın xarici işlər naziri Boqdan Auresku, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq, Litvanın xarici işlər naziri Qabrielius Landsbergis, Avropa İttifaqı xarici siyasət və təhlükəsizlik idarəsinin bəzi rəsmiləri daxil idilər
 
Qonaqlar Azərbaycandan başladıqları səfərə Ermənistan və ardınca da Gürcüstanla davam etməyi planlaşdırmışdılar. Səfərin məqsədinə gəlincə, Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə Rumıniyanın xarici işlər naziri Boqdan Auresku bu məsələyə aydınlıq gətirərək deyib:
Üç nazir, xüsusi nümayəndə və Avropa İttifaqının xarici əlaqələr xidmətindən olan həmkarlarımızın ölkənizə səfərə gəlməsi cari ilin may ayında Lissabon şəhərində keçirilmiş Avropa İttifaqı xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü zamanı aparılmış müzakirələrin nəticəsidir. Həmin görüş Rumıniyanın təşəbbüsü ilə keçirilib və bizim təşəbbüsümüzlə gündəliyə regional münaqişələr mövzusu da daxil olunub. Sözügedən sammitin sonunda biz qərara gəldik ki, Avropa İttifaqı regionla daha yaxından məşğul olmaq, münaqişələrin həllində iştirak etmək, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə tərəflərin razılığı olduğu təqdirdə postmünaqişə dövründə inkişaf proseslərinə cəlb olunmaq istiqamətində səylərin artırılmasına kömək edək.
 
Bizim burada olmağımızın məqsədi regionun sabitliyi və təhlükəsizliyinə güclü dəstək mesajını vermək, habelə Sizin də qeyd etdiyiniz kimi, münaqişədən sonrakı dövr üçün qarşıda duran bütün məsələlərin müfəssəl həlli istiqamətində nə kimi dəstəyin göstərilə biləcəyini nəzərdən keçirməkdir. Eyni zamanda, bu səfər cari ilin sonunda keçirilməsi nəzərdə tutulan Şərq Tərəfdaşlığı Zirvə toplantısına hazırlıq məqsədi daşıyır”.
 

Göründüyü kimi, Cənubi Qafqaza səfər edən Avropa İttifaqının nümayəndə heyətinin başlıca məqsədi region ölkələrini yaxınlaşan Şərq Tərəfdaşlığı Zirvə toplantısına hazırlamaqdır. Bunun üçün isə ölkələr arasında münaqişələrə son qoyulmalı, sülh müqavilələri imzalanmalıdır. Əks halda, müharibə perspektivi xüsusilə Azərbaycan və Ermənistanın Qərb dünyası ilə tam inteqrasiyasına imkan verməyəcək, Avropa İttifaqının “Şərq tərəfdaşlığı” platforması Cənubi Qafqazın bitib-tükənməyən mübahisələrinin trubinasına çevriləcək.

]
 
Görüş zamanı qonaqlarla söhbətində Azərbaycan Prezidenti İlham Əliyev də dolayısıyla bu məqama diqqət çəkərək demişdi: “Mən artıq dəfələrlə bu barədə danışmışam ki, biz postmünaqişə vəziyyətindən Cənubi Qafqazda sülhməramlı inkişafa və əməkdaşlığa keçmək istəyirik. Əfsuslar olsun ki, biz indiyədək Ermənistan hökumətindən buna bənzər nə isə eşitməmişik. Ermənistan hökuməti bizim Ermənistanla sülh sazişinə dair danışıqlara başlamaqla bağlı heç bir bəyanatımıza məhəl qoymur”. 
 
Prezident Ermənistanın bu ətalətinin əsas səbəbinin həmin ölkədə keçirilən növbədənkənar seçkilərdən qaynaqlana biləcəyini istisna etməyib və seçkilərin bitdiyi hazırkı dövrdə rəsmi Bakının sülh təklifinə Paşinyan hakimiyyətinin müsbət cavab verəcəyinə ümid etdiyini gizlətməyib: “Əlbəttə, düşünürəm ki, sizin Ermənistanda təmaslarınız zamanı bu məsələ də müzakirə ediləcək. Çünki əgər bizim Ermənistanla sülh sazişimiz olmasa, bu, o deməkdir ki, sülh də yoxdur. Təkcə iki ölkə arasında deyil, həm də Cənubi Qafqazda sülh yoxdur. Bizə sülh və dayanıqlı inkişaf, proqnozlaşdırılma, sıfır müharibə riski lazımdır, bizə müharibə lazım deyil”.
 
Bakıda Azərbaycan prezidentinin bu mövqeyini öyrəndikdən sonra elə həmin gün İrəvana səfər edən Avropa İttifaqı nümayəndələri Paşinyanla görüşdülər və Ermənistan lideri onlara konfliktin sülh yolu ilə həlli istiqamətində öz prioritetlərini açıqladı. Paşinyanın fikrincə, Ermənistan  9 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli müqavilənin tam icrasına hazırdır. Amma bunun üçün 2 şərti var: saxlanılan bütün hərbi əsirlərin geri qaytarılsın, eləcə də Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin sülh yolu ilə həll olunsun.
 
O, həmçinin rəsmi Bakının atacağı humanitar addıma adekvat cavab verəcəklərini də istisna etmədi və bir müddət əvvəl mina xəritəsi qarşılığında azad olunan 15 erməni əsirinin vətənlərinə qaytarılması işində Avropa İttifaqının, xüsusən də Avropa Şurasının Prezidenti Çarlz Mişelin rolunu yüksək qiymətləndirdi. Bununla da digər əsirlərin qaytarılması müqabilində yeni mina xəritələrini Bakıya verəcəyinə eyham vurdu. 
 
Sözsüz ki, bu 2 şərt Azərbaycan-Ermənistan münasibətlərinə şamil ediləcək məsələlərlə bağlıdır. Azərbaycanla problemlərin sülh yolu ilə həllini təklif edən Paşinyanın isə öz boyunu aşan arzuları da var və həmin görüşdə o, sözügedən arzularını da dilə gətirdi. Bu arzu isə “Dağlıq Qarabağ”la bağlıdır. Açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünə qəsd kimi qiymətləndirilə biləcək həmin təklif belədir: “Dağlıq Qarabağ münaqişənin hərtərəfli həlli prosesi ATƏT-in Minsk qrupu çərçivəsində baş verməlidir”.


 
Nəinki məğlub tərəfin, hətta eyni statuslu iki dövlətdən birinin digərinin suveren hüquqlarını şübhə altına alan bu bəyana rəsmi Bakı cavabsız qala bilməzdi. Fikrimizcə, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Ordu Günü münasibətilə hərbçilərimiz qarşısında səsləndirdiyi nitq də əslində Paşinyanın Aİ-nın nümayəndələri qarşısında dilə gətirdiyi hədyan fikirlərinə cavabı idi: “Ermənistanın inkişafı üçün də yeganə yol var - öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək, Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməmək. Çünki Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur. Mən bunu dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Ermənistan da bunu belə qəbul etməlidir və bizimlə sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmalıdır”.
 
Dağlıq Qarabağ adlı problem yoxdursa, məntiqlə onun Paşinyanın təklif etdiyi kimi Minsk qrupu çərçivəsində həlli də mövcud deyil və Prezident bu barədə fikirlərini dəfələrlə dilə gətirib. Görünür, təkrarçılığa yol verməmək üçün İlham Əliyev dünənki çıxışında ümumiyyətlə Minsk qrupunun adını belə çəkmədi.
 
Paşinyanın Aİ-nın nümayəndə heyəti ilə görüşündə açıqladığı fikirlər Azərbaycanla Ermənistan arasında bağlanması gözlənilən sülh sazişi müzakirələrinin hələ uzun müddət davam edəcəyinə işarədir. Halbuki Aİ-nın rəsmiləri Cənubi Qafqaza məhz bunun üçün gəlmişdilər və öz məqsədlərini də gizlətmirdilər. Məsələyə bu məntiqlə yanaşsaq, onların səfərinin sırf Ermənistanın tərsliyi səbəbindən hələ ki öz hədəfinə çatmadığını söyləmək mümkündür.
 
Sual oluna bilər: Azərbaycanla Ermənistan arasında bağlanması nəzərdə tutulan sülh sazişi Avropa İttifaqını niyə bu qədər maraqlandırır?


 
Zənnimcə, bunun əsas səbəbi Cənubi Qafqazın bu iki dövlətinin Avropa İttifaqı nəzdində yaradılan “Şərq Tərəfdaşlığı” platformasına cəlbi ilə bağlıdır. Yuxarıda da qeyd etdiyimiz kimi, bu niyyət onların Prezident İlham Əliyevlə görüşləri zamanı da gizlədilməmiş, Rumıniyanın xarici işlər naziri Boqdan Auresku tərəfindən açıq şəkildə ifadə olunmuşdu. Nümayəndə heyətinə Avropa İttifaqının Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya, Regional əməkdaşlıq və ATƏT üzrə xarici siyasət xidmətinin rəhbəri Mixail Zibertinin başçılıq etməsi də səfərin başlıca məqsədinin bu olduğundan xəbər verir. Təsadüfi deyil ki, avropalı qonaqlarla görüşündə də Paşinyan “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Aİ ilə əməkdaşlığa sadiq qaldığını bəyan etdi, seçkilərdən sonra qurulacaq yeni hökumətin “AB ilə Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin müddəalarının səmərəli icrası da daxil olmaqla ən vacib iş gündəliyinin icrasına tam qayıda biləcəklərini” vurğuladı. Rumıniya Xarici İşlər Naziri Boqdan Auresku da onu bu il 1 mart tarixində Ermənistanda Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin qüvvəyə minməsi münasibətilə təbrik etdi. O, həmçinin, İrəvanın sözügedən sazişdən özü üçün maksimum fayda əldə etməsinin vacibliyini vurğulayaraq Aİ-nin Ermənistan hökumətinə institusional islahatların təşviqi üçün “yeni güclə” kömək etməyə hazır olduğunu vurğuladı. Bununla belə, Ermənistan liderinin hələ də Dağlıq Qarabağ məsələsini gündəmə gətirməsi - Avropa İttifaqının “Şərq Tərəfdaşı” proqramının irəliləməsinin əngəllənməsi deməkdir. Çünki Azərbaycanın “Şərq Tərəfdaşı” proqramının həyata keçməsi üçün 2015-ci ildə hazırladığı və 2017-ci ildə Avropa İttifaqı tərəfindən qəbul olunan yeni prioritetləri arasında tərəfdaşların bir-birinin ərazi bütövlüyünü tanıması və suverenliyinə hörmət göstərməsi əsas prinsip kimi qəbul olunur. 2017-ci il 24 noyabr tarixində keçirilən Brüssel sammitində Ermənistanın ciddi etirazlarına baxmayaraq, bu maddə “Şərq Tərəfdaşlığı” platformasının yekun bəyannaməsinə salınmışdı. Ermənistan da həmin sazişi imzalamışdı. Dolayısıyla Azərbaycanın ərazi bütövlüyünü qəbul edəcəyi ilə bağlı öz üzərində öhdəlik götürmüşdü. Həmin illərdə Ermənistana Serj Sarkisyan kimi mühafizəkar birinin rəhbərlik etməsi səbəbindən imzalanan sazişin tələblərinin yerinə yetirilməyəcəyinə qəti əminlik yaratdığından Qərbdəki  güc mərkəzləri onun dəyişdirilməsi və yerinə “islahatçı” Paşinyanın gətirilməsi üzərində fikir birliyinə gəlmiş və məxməri inqilab baş vermişdi. Məsələyə bu aspektdən nəzər salanda 2018-ci ildə hakimiyyətə gətirilən Paşinyan əslində bu uğurunu öz siyasi bacarığından çox, Sarkisyanın imzaladığı Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişini ratifikasiya etməyə tələsmədiyinə borcludur. Təsadüfi deyil ki, Ermənistanın indiki liderinin hakimiyyətə gələrkən Azərbaycanın ərazi bütövlüyünü tanıyacağı və qoşunlarını Qarabağdan çəkəcəyi ilə bağlı öhdəlik götürdüyünü Rusiya rəsmiləri dəfələrlə onun üzünə çırpmış, o isə bu iddialardan müxtəlif bəhanələrlə yayınmağa çalışmışdır.



 
Paşinyan isə hakimiyyətə gətiriləndən sonra Qərb qarşısında verdiyi vədləri unutmuş və daha aqressiv üslubla Azərbaycanı müharibəyə təhrik etmişdir. Beləcə 44 günlük müharibə qaçılmaz olmuş, Fransa istisna olmaqla heç bir Qərb ölkəsi Ermənistanın harayına gəlməmişdi. Müharibədən sonra yenidən Qərb tərəfindən dəstəklənərək növbədənkənar parlament seçkilərini qazanan Paşinyan ondan gözlənilən addımları atmağa həvəsləndirilir. Avropa İttifaqı nümayəndələri ilə son görüşündə Ermənistan lideri də bunun fərqində olduğunu qonaqlarının diqqətinə çatdıraraq deyib: “Bununla da Ermənistandakı siyasi böhran bitdi və hökumət AB ilə Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin müddəalarının səmərəli icrası da daxil olmaqla ən vacib iş gündəliyinin icrasına tam qayıda bilər”.
 
 Əslində bu sözlərlə Paşinyan bəlkə də sülh sazişi istiqamətində atacağı addımlarla bağlı erməni xalqından mandat aldığına eyham vurub. Di gəl ki, yenə də öz erməni etibarsızlığına “sadiq qalaraq” Dağlıq Qarabağ məsələsini təkrarən dilə gətirməkdən geri çəkilməyib.
 
Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramında Ermənistana güzəştə getməsi isə mümkün deyil. Əvvəla, ona görə ki, ərazi bütövlüyü və suverenlik hüquqlarına hörmət prinsipi təkcə Azərbaycan üçün nəzərdə tutulmayıb, baxmayaraq ki, bu ideyanın müəllifi rəsmi Bakıdır. “Şərq Tərəfdaşlığı” proqramına cəlb olunmaq istənilən bütün ölkələrin eyni problemi var. Bilirsiniz ki, bu proqram 2008-ci ilin may ayında Avropa İttifaqının üzvləri olan Polşa və İsveç tərəfindən irəli sürülüb və 5 post-sovet ölkəsini əhatə edir – Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna. Sonradan Belarus da bu proqrama daxil edilsə də, Minskin layihəyə “soxuşdurulan” rus Troya atı olduğu anlaşılmış və ona çox etibar olunmamışdı. Belarusdan başqa bütün layihə iştirakçılarının isə ərazi problemi var. Üstəlik, digər ölkələr üçün bu problemi rəqib tərəf – Rusiya yaradıbsa, Azərbaycana isə eyni maneə Ermənistan tərəfindən törədilir. Başqa sözlə, Aİ-na inteqrasiyadan yararlanaraq iqtisadi inkişaf xətti tutmaq istəyən Ermənistan əslində Rusiyanın ikinci Troya atı kimi çıxış edir. Özü də həyasızcasına badalaq gəldiyi Avropadan hamıdan daha çox imdad gözləyir. Avropa İttifaqı isə bu erməni xəyanəti ilə birinci dəfə deyil, proqramın ilk günlərindən bəri dəfələrlə üzləşib. 2013-də Avropa İttifaqı ilə viza sadələşdirilməsi və readmissiya müqaviləsi imzalayan İrəvan üzərindən bir il keçəndən sonra 9 oktyabr 2014-cü ildə Avrasiya İqtisadi Birliyinə daxil olmaq üçün müraciət edib. Ardınca da Rusiyanın dominantlığı altında fəaliyyət göstərən Gömrük Birliyinə daxil olub. Bu da azmış kimi, Paşinyan hakimiyyətə gəldikdən sonra Azərbaycanın KMTM də daxil olmaqla Rusiyanın dominantlığı altındakı ittifaqlara girməsinə veto qoyacağını açıqlayaraq, həmin qurumlarım müstəsna səlahiyyətli üzvü kimi aparıb. Sanki Azərbaycanın KMTM-ə və ya Avrasiya İqtisadi İttifaqına girməyə niyyəti varmış kimi.


 
Bütün bunlar Ermənistanın əslində Rusiyanın bir uzantısı olduğunu təsdiqləyir və Azərbaycan üçün digər proqram üzvlərindən fərqli vəziyyət yaradırdı. Moldova, Ukrayna, Gürcüstan “Şərq Tərəfdaşlığı” proqramına həm də ona görə daxil olmaq istəyirdilər ki, öz ərazi bütövlüklərini bərpa etmək üçün yeni platforma qazansınlar. Azərbaycan isə bu proqrama qoşulmaqla sanki öz tarixi ərazilərinin işğalı ilə razılaşmalı ola bilərdi. Bu isə istər-istəməz Azərbaycanı həmin platformadan kənarda tutur və Avropa İttifaqı ilə inteqrasiyasının qarşısını alırdı. Əslində Ermənistanın arxasında dayanan Moskvanın da istədiyi elə bu idi. 
 
Halbuki, Azərbaycan “Şərq Tərəfdaşlığı” proqramında Ermənistandan daha vacib əhəmiyyətə malikdir. Bu, həmin Proqramın bütün sənədlərində birmənalı şəkildə göstərilir. Görünür, bunun nəticəsidir ki, “Şərq Tərəfdaşı” proqramın çərçivəsində təsis olunan platformalardan biri Enerji təhlükəsizliyi ilə əlaqədardır. Platforma çərçivəsində mütəmadi olaraq iclaslar keçirilir və Avropanın enerji təhlükəsizliyi strategiyasında Azərbaycanın oynadığı rol ağız dolusu təriflənir. “Şərq Tərəfdaşı” platformasının ideya rəhbəri kimi çıxış edən Latviya Prezidenti Valdis Zatlers də 2009-cu ildə APA-ya verdiyi açıqlamada bildirmişdi ki, Riqa Avropa İttifaqının üzv ölkəsi kimi enerji marşrutlarının mənbə və çatdırılmasının diversifikasiyasında maraqlıdır: "Ona görə də biz Azərbaycana Xəzər regionunun enerjidaşıyıcılarının Avropaya çatdırılmasında aparıcı oyunçulardan biri kimi baxırıq”. 
 
Həmin il latviyalı həmkarı ilə görüşdə Prezident İlham Əliyev bununla əlaqədar bildirmişdi: "Energetika əməkdaşlığı bizim Avropa İttifaqı ilə münasibətlərimizin xüsusi bir hissəsini təşkil edir. Biz enerji məsələləri ilə bağlı yüksək səviyyəli müzakirələr aparırıq. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Biz enerji ehtiyatlarımızı müxtəlif istiqamətlərdə nəql edən boru kəmərlərini çəkmişik, Avropa İttifaqının bazarlarına çıxışı əldə etmişik və gələcəkdə daşınan enerji ehtiyatlarının həcmi daha da artacaqdır”.
 
Azərbaycan təkcə enerji ehtiyatları ilə deyil, Şərq-Qərb, hətta Cənub-Şimal arasında kommunikasiya potensialı ilə də genişlənmə kursu tutan Avropa İttifaqı üçün regionun ən əhəmiyyətli ölkəsidir. Sözsüz ki, bütün bu göstəricilər ölkəmizi Avropa İttifaqının genişlənmə siyasəti baxımından bütün işlərə pəl vurmaqdan başqa heç nəyə yaramayan Ermənistandan daha üstün vəziyyətə gətirir və Qərbi xristian təəssübkeşliyinə baxmayaraq, Azərbaycanın haqq işini dəstəkləməyə vadar edir. Məhz bu səbəblər 2018-ci ildən etibarən Aİ-nin Xarici İşlər üzə Komitəsini yeni prioritetlərini müəyyənləşdirmək məcburiyyətində buraxmış və yeni yanaşmalar qurumun "Təhlükəsizlik və ümumi xarici siyasətin reallaşması haqqında illik hesabat" adlı sənədində öz əksini tapmışdı. Sənəddə açıq göstərilir ki, tərəfdaş ölkələrin təhlükəsizliyinin, suverenliyinin, ərazi bütövlüyünün təmini Aİ üçün böyük əhəmiyyət kəsb edir. 


 
Nəticə
 
Göründüyü kimi, Ermənistanın Avropa İttifaqının genişlənmə strategiyasının mühüm platforması olan “Şərq Tərəfdaşlığı” layihəsində destruktiv mövqeyi təkcə Azərbaycanın Qərbə inteqrasiyasına zərbə vurmur, həm də digər tərəfdaş ölkələrin rus təcavüzü qarşısında çətin vəziyyətə düşməsinə şərait yaradır. İrəvan bu siyasətini davam etdirdikcə nə özü, nə də Azərbaycan Qərblə inteqrasiyaya qoşula bilməzdi və zənnimizcə, 44 günlük savaşa beynəlxalq aləmin razılığının alınmasının başlıca səbəblərindən biri də budur. Müharibədən və bunun nəticəsi olaraq Ermənistanda keçirilən növbədənkənar seçkilərdən sonra Cənubi Qafqaza səfər edən Aİ nümayəndələrinin əsas məqsədi də hər iki ölkəni payızda keçirilməsi nəzərdə tutulan 7-ci “Şərq Tərəfdaşı” sammitinə hazırlamaqdır. Ermənistan bu sammitdə daha yuxarı pilləyə atlamaq istəyirsə, Azərbaycanla sülh sazişinə imza atmalı və onun ərazi bütövlüyünü tanımalıdır. Əks halda, daha dəhşətli iqtisadi böhranla üz-üzə qala bilər. Azərbaycan prezidenti İlham Əliyevin dünən səsləndirdiyi “Ermənistanın inkişafı üçün də yeganə yol var - öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək, Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməmək”, - sözləri də bu vəziyyətə işarə edir.
 
Ermənistanın bütün bu sınaqlardan üzü ağ çıxması rəsmi Bakının da Avropa İttifaqına inteqrasiya üçün yollarını aça və ölkəmizdə demokratikləşmə prosesi başlaya bilər. Bu baxımdan Cənubi Qafqazın Rusiyanın təsir dairəsindən tamamilə çıxması və tam şəkildə Avropaya inteqrasiya olunması Paşinyanın cəsarətli addımından asılıdır.
 
Heydər Oğuz,
Ovqat.com
 


Ana səhifəyə qayıt        Baxış: 6 878          Tarix: 27-06-2021, 10:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma