Xəbər lenti

 
Ədalət partiyasının sədr müavini, tanınmış jurnalist Elxan Şükürlü bir neçə gün bundan əvvəl facebook səhifəsində partiyanın sədri, hüquq elmləri doktoru İlyas İsmayılov barəsində maraqlı status paylaşmışdı. İlyas müəllimlə çəkdirdiyi bir foto-şəkilin üzərində təqdimat statusu kimi paylaşdığı bu etüd-yazıda dəyərli ziyalımızın portretinin bəzi cizgilərinə yer verən Elxan Şükürlü Ədalət partiyasının sədrini “möhtəşəm və bənzərsiz, şəxsiyyəti bütöv İnsan kimi” xarakterizə etmişdir.
 
Statusu olduğu kimi Ovqat.com oxucularının diqqətinə çatdırırıq.
 
Azərbaycan müxalifətinin bu möhtəşəm və bənzərsiz, şəxsiyyəti bütöv İnsanının - İlyas İsmayılovun olduqca sadə, təvazökar və məğrur həyat tərzi, sözün həqiqi mənasında öyrəniləcək və sonrakı nəsillərə də öyrədiləcək azsaylı nümunələrdəndir. 
 
 Təsəvvür edin: Tovuz rayonunda yoxsul bir kəndli ailəsində dünyaya göz açan bu insan 6 aylığında atasını itirib, bir anasının ümidinə qalsa da, Məleykə anasına verdiyi sözə görə, heç kimin köməyi, dəstəyi olmadan, yalnız öz zəhmətinin, savadının və sarsılmaz iradəsinin hesabına, SSRİ kimi nəhnəg bir ölkənin ən təsirli qurumlarından birinin - SSRİ prokurorluğunun həbsxanalara nəzarət idarəsinin rəisliyinədək yüksələ bilib! Azərbaycanın ən mürəkkəb dövrlərində Respublika prokuroru, Ədliyyə naziri olub, iki çağırış Milli Məclisin deputatı seçilib, ancaq bütün bu illər ərzində orta əsr zahidlərinin həyatını xatırladan elə sadə və təvazökar, təmtəraqdan uzaq bir həyat sürüb ki, biz bunu yalnız kitablardan oxumuşuq. 
 
Belə tamahsız, nəfsini özünə qul edən insanların müasir dövrümüzdə varlığına heyrətlənməmək mümkün deyil!
 
İlyas müəllim həm də müasir Azərbaycan tarixinin ən mübhəm, qaranlıq sayılan hadisələrinin pərdəarxasını, indiyədək heç yerdə yazılmayan və deyilməyən gerçəkləri, iştirakçıların çoxlarına bəlli olmayan tərcümeyi-hallarından tutmuş əlaqələrinədək bir çox "Məxfi" qrifli məlumatları bilən, özündə daşıyan şəxsdir - canlı arxiv, ensiklopediyadır.
 
Çox yaxşı qələmi, mükəmməl yazı qabiliyyəti olduğundan, dəfələrlə ona memuar yazmağı təklif etsəm də, İlyas müəllim hələ "Yazsam, insanlar elə bilər, öz rolumu şişirdirəm" deyərək, imtina edir. Ancaq onun yaşadıqlarını kimsə yaşamayıb, bildiklərini də kimsə bilmir... 
 
 İnanıram ki, bir gün İlyas müəllim bizə danışdıqlarını və bildiklərini mütləq qələmə alacaq...



Ana səhifəyə qayıt        Baxış: 4 351          Tarix: 11-07-2021, 08:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma