Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
“Son zamanlar Azərbaycan Prezidenti İlham Əliyevə generalissimus hərbi ünvanı verilməsi təklifi tez-tez gündəmə gətirilir. Bir sıra məmurlar, istefada olan hərbçilər, veteran və əlillər tərəfindən dilə gətirilən bu təkliflərin təsadüfə bənzəmədiyi, hakimiyyətin belə bir addım atmağa hazırlaşdığı hiss edilir. Sanki kimlərsə 44 günlük müharibədə qazandığımız çox böyük uğurlara kölgə salmaq, xüsusilə də Silahlı Qüvvələrin Baş Komandanı İlham Əliyevi beynəlxalq aləmdə qəsdən gülüş hədəfinə çevirmək istəyir”.
Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov Ovqat.com-a açıqlamasında belə deyib.
Onun sözlərinə görə, Azərbaycanın bu tarixi qələbəni qazanmasında Ali Baş Komandan kimi İlham Əliyevin də böyük uğuru var və tarix buna öz qiymətini verəcək: “Azərbaycanın Rus imperiyası tərəfindən işğal olunduğu 200 ildən çox zaman ərzində qazandığımız nadir qələbələrdən biri həqiqətən də bir komandan kimi İlham Əliyevin şansına düşdü. Bu qələbənin əldə olunmasında beynəlxalq münasibətlərin bizim xeyrimizə dəyişməsinin də mühüm rolu oldu və ölkə başçısı fürsətdən ağıllıca faydalanıb bu böyük uğura imza atmağı bacardı. Sözsüz ki, bunu heç kim dana bilməz və bizim də belə bir niyyətimiz yoxdur. Amma istənilən qələbəni həddindən artıq şişirtmək bəzən qalibə və təmsil etdiyi xalqa xeyir gətirmir, əksinə, onu rişxənd obyektinə çevirə bilir. Bu, xüsusilə 44 günlük savaşda olduğu kimi yekunlaşmayan qələbələrə aiddir. Sirr deyil ki, bu müharibədə Azərbaycan Ordusu qəti qələbə qazanmaq, Qarabağı tamamilə erməni işğalından azad etmək imkanı olduğu halda bunu reallaşdıra bilmədi. Bu gün İlham Əliyev nə qədər “Qarabağ problemi bitdi” desə də, hələ də Azərbaycanın dövlət ərazisi kimi tanınan məlum bölgədə üçrəngli bayrağımız dalğalanmır, Qarabağ öz Ordumuzun deyil, dünya ağalığına iddia edən başqa bir hərbi qüdrətin nəzarəti altındadır. Rusiya Qarabağ problemindən həm bizə, həm də ermənilərə qarşı təzyiq vasitəsi kimi istifadə etmək şansını özündə saxlayır və faktiki olaraq Cənubi Qafqazın iki mühüm ölkəsini öz hegemonluğu altında tutmağa çalışır. Odur ki, Azərbaycanın Qarabağda suverenlik hüquqları tam bərqərar olunmayana qədər problemin həllindən, qazanılan qələbədən danışmaq tezdir. Öz hədəfinə çatmayan hərbi üstünlüyü isə tam qələbə adlandırmaq mümkün deyil”.
O ki qaldı generalissimus məsələsinə, İlyas İsmayılovun fikrincə, bu, hərbi rütbə deyil və onu adətən imperialist dövlətlər öz krallarına verirdilər: “Məqsəd məddahlıq, gözə girmək, kralın nüfuzunu göyə qaldırmaq idi. İstər 17-19-cu əsrlərin Fransa, İspaniya, Yaponiya və s. kimi imperatorluqlarında, istərsə də Şimali Koreya, Tayvan, Çin və s. kimi müasir anti-demokratik ölkələrdə bu titul ancaq krallara və krallardan fərqlənməyən dövlət başçılarına verilirdi və verilir. Səhv etmirəmsə, yalnız Rusiya tarixində bu titul görkəmli generallara da layiq görülmüşdü. SSRİ dövründə isə yalnız Stalin bu titulla mükafatlandırılmışdı. Stalinin indi hansı imiclə tanındığı hər kəsə bəllidir. Məni narahat edən də əslində elə budur. Kimlərsə guya İlham Əliyevin gözünə girmək üçün bu axmaq ideyanı ortaya atıblar. Amma başa düşmürlər bu ideya ilə əslində onu krallarla, Şimali Koreya tipli rejimlərin rəhbərləri ilə eyniləşdirirlər. Fikrimcə, bu təşəbbüsün arxasında 44 günlük müharibədə ciddi nüfuz qazanan İlham Əliyevin mənfi profilini cızmaq məqsədi dayanır”, - Ədalət partiyasının sədri İlyas İsmayılov belə düşünür.
İlham Əliyevin guya vəsfini nəzərdə tutan bu təşəbbüsün “ayı xidməti” olduğunu düşünən İlyas İsmayılovun fikrincə, bu mənasız və faydasız məddahlıq nümunəsinin qarşısını ancaq ölkə başçısının özü ala bilər: “İnanıram ki, alacaq da”.
Partiya sədri onu da vurğuladı ki, Azərbaycanda ən yüksək hərbi vəzifə və titul Ali Baş Komandan ünvanıdır və Prezident İlham Əliyev də faktiki bu adı daşıyır: “Əlavə hoqqa çıxarmağa isə ehtiyac yoxdur”.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar