Xəbər lenti

 
 
Separatçı kürd mənbələri dünən Cənubi Azərbaycanın Sulduz vilayətinin mərkəzində baş verən iğtişaş zamanı 3 kürdün öldürüldüyünü xəbər verirlər. 
 
Ovqat.com-un məlumatına görə, Azərbaycan türklərinin itkiləri barədə heç bir məlumat yoxdur. Amma xeyli sayda yaralının olduğu bildirilir.
 
İğtişaş separatçıların "Nəqədə (kürdlər Sulduzu belə adlandırırlar) Kürdlərindir" şüarı ilə nümayiş keçirməsi səbəbindən baş verib. Məlumata görə, adi bir məişət söhbətini şişirdən separatçılar məskunlaşdıqları məhəllələrdə toplanıb şüar səsləndirə-səsləndirə şəhərin mərkəzinə doğru irəliləyiblər. Separatçıların qarşılarına çıxan türklərə və onların əmlaklarına hücumlarə Sulduz sakinlərinin bir araya gəlməsi və müqavimət göstərməsi ilə nəticələnib. Maraqlıdır ki, özgə vaxt adi “su yoxluğu” aksiyasını ən sərt şəkildə yatırmağa çalışan İran polisi dünənki iğtişaşlar zamanı gözə dəymədi. 
 
Sulduz İranın hazırda Qərbi Azərbaycan adlandırılan Urmiyə vilayətinin 17 şəhristanından biridir. 2006-cı ildə keçirilən əhalinin siyahıya alınmasının nəticələrinə inansaq, 117 mindən artıq sakini olan şəhristanda əhalinin böyük qismi Azərbaycan türküdür (65-35% nisbətində). Buna baxmayaraq, İranın keçmiş şah rejimi 1967-ci ildə şəhristanın adını dəyişdirib kürdcə Nəqədə qoymuşdu. Bununla da yüz illərdir eyni torpaqda yaşayan türklərlə kürdlər arasındakı kövrək münasibətləri dərindən zədələmişdi.


 
Əslində Sulduzdakı etnik problemin kökləri 1967-ci ildə şəhristan mərkəzinin adının kürdləşdirilməsindən çox-çox əvvələ uzanır. Tarixi sənədlər sübut edir ki, hələ 16-17-ci əsrlərdə İranın qərbində yaşayan kürdlərin Osmanlıların tərəfinə keçəcəyindən və dövlətə xəyanət edəcəyindən çəkinən Səvəfi şahları onları ölkənin mərkəzi vilayətlərinə köçürməkdə maraqlı olublar. Həmin ərazilərə isə qızılbaş əfşar tayfaları yerləşdirilib. Təbii ki, bu təhlükə alqısının real əsasları da vardı. Məlum olduğu kimi, Osmanlı-Səvəfi müharibələrində hər iki dövlətin idarəçiləri məzhəb ayrımçılığından siyasi alət kimi faydalanır və bu məsələdə xüsusilə kürd amilinə müxtəlif aspektlərdən yanaşırdılar. 
 
Osmanlı imperiyası əsasən sünni inanclı şafi kürdlərdən Səvəfiyə qarşı bufer güc kimi faydalanır, onları ələ keçirdiyi Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin ərazisində məskunlaşdırırdı. Kürdlər isə ələ düşmüş fürsətdən faydalanıb ələvi-şiə inanclı türkləri öz tarixi ərazilərindən sıxışdırıb çıxarırdı. Vaxtilə Ağqoyunluların tarixi paytaxtları olan Diyərbəkirin, Qaraqoyunluların mərkəzi şəhərlərindən olan Vanın etnik xarakterinin tamamilə dəyişdirilməsi məhz bu syasətin nəticəsində baş tutmuşdu. 
 
Osmanlıların bu cür siyasətə üstünlük verməsinin əsas səbəbi Səvəfilərin qızılbaşlıq siyasi idealogiyasını Anadolu ərazilərinə yaymasının qarşısını almaq və onun bu imperiyanın torpaqlarındakı türklərlə əlaqələrini qoparmaq idi. Başqa sözlə desək, Osmanlılar sünni inanclı kürd əşirətləri vasitəsilə Səvəfilərlə öz arasında bufer zona yaratmağa çalışırdı. 


 
Səvəfilər isə bu siyasətə qarşı öz strategiyalarını formalaşdırmışdı və sərhəddə kürd aşirətlərinin saxlanılmasını böyük təhlükə kimi baxırdı. Məhz bu səbəbdən də İranın qərb sərhədlərindəki sünni inanclı kürdlərin yerinə qızılbaş əfşar türklərini məskunlaşdırma siyasəti apardılar. Onun bu siyasəti həyata keçirməsi isə çox da çətin olmadı. Çünki həmin ərazilərdə yaşayan kürd əşirətlərinin böyük hissəsi onsuz da Osmanlıların çağırışı ilə çoxdan Anadolu torpaqlarına köçmüş və indiki Türkiyənin şərq əyalərinə yerləşmişdilər. Yerdə qalanlar isə Səvəfilərin də təşviqi ilə İranın mərkəzi vilayətlərinə köçürüldü və bölgəyə türk tayfalarının yerləşdirilməsi ilə qərb sərhədlərinin təhlükəsizliyi təminat altına alındı.
 
Səvəfilərdən sonra da davam edən bu siyasət İranın sonuncu türk hökmdarı Əhməd şah Qacarın devrilməsiylə sona çatdı. 1925-ci ildə hakimiyyəti ələ keçirən Pəhləvilər İranın idarə olunmasında bütün türk siyasi ənənələrini silib-süpürdülər. İranın ənənəvi kürd siyasəti də bu dəyişikliklərdən öz nəsibini aldı. Fars şovinizmini əldə rəhbər tutan Pəhləvilər bu dəfə kürd əşirətlərdən Türkiyə ilə İran arasında bufer güc kimi istifadə etməyə başladılar. Çünki artıq din siyasətini əldə rəhbər tutan Osmanlı yox idi, onun yerinə milli dəyərləri ön plana çıxaran Türkiyə dövləti qurulmuşdu. Türkiyənin milli siyasətini İran türklərindən uzaq tutmaq üçün iki ölkə arasına kürdlərin köçürülməsi və bufer zona yaradılması Pəhləvilərə daha rasional siyasət kimi görünməyə başlamışdı. Beləcə, 1925-ci ildən etibarən Urmiyə vilayəti hədəfə alındı. İlk əvvəl bu regiona kürdlər köçürüldü və bölgə iki hissəyə - Kürdüstan və Qərbi Azərbaycana ayrıldı. Qərbi Azərbaycanın Türkiyə sərhədlərinə də öz növbəsində kürdlər köçürüldü. Yeni məskunlaşdırma siyasətinin yol açdığı iğtişaşlar zorla basdırıldı. Ən çətin anlarda kürdlərlə türklər arasında qanlı toqquşmalar çıxarıldı və milli-azadlıq hərəkatları içdən dağıdıldı. 1979-cu ildə şah rejimi süquta uğrayanda Sulduzda çıxan toqquşmalar da bunun nəticəsi idi.


 
Pəhləvi hakimiyyətinin devrildiyi ilk günlərdə Sulduzda yaşayan kürd separatçıları İran ordusunun bölgədəki hissələrinə basqın etdi, onların silahlarını ələ keçirərək Azərbaycan türklərinə qarşı qətliama başladılar. Təbii ki, bu məsələdə kürdlərə aria irqinin bir hissəsi kimi baxan fars şovinizminin də rolu böyük olmuşdu. Nə yazıq ki, eyni anlayış zaman-zaman indiki İran rejiminin yetkililəri tərəfindən də səsləndirilir. Baxmayaraq ki, sünni inanclı kürdlər İranın “vəlayeti-faqeh” siyasətindən ən çox əziyyət çəkən insanlar olub. Amma zaman-zaman onların etnik kimliklərindən Türkiyədən gələn milli cərəyanlara qarşı istifadə edilib. Biz bunu Türkiyənin Suriyanın şimalında keçirdiyi hərbi əməliyyatlar zamanı gördük. Ankaranın kürd separatçılarına qarşı keçirdiyi bütün əməliyyatlara İran kürdləri müxtəlif şəhərlərdə nümayişlər keçirərək qarşı çıxır, Tehran isə bunun qarşısını almır, əksinə, təşviq edirdi.
 
İran İslam İnqilabının ilk günlərində Sulduzda başlayan türk-kürd toqquşmalarına geri qayıdarsaq, 10 gün davam edən qətliamda yüzlərlə dinc sakin qətlə yetirildi. Bəzi məlumatlara görə, qətliam qurbanlarının sayı 2000-i keçmişdi.  Sulduzlu türklərin imdadına Urmiyənin müxtəlif bölgələrindən soydaşlarımız özlərini yetirdilər. Separatçılar nankorluqlarının payını ağır şəkildə aldılar. Odur ki, bu gün yenidən etnik toqquşmaların səhnəsinə çevrilən Sulduzu Qərbi Azərbaycan ostanının mərkəzi sinir sistemi də adlandırmaq olar. Bu şəhristanda ortaya çıxan qığılcımın qısa müddət ərzində bütün Urmiyə vilayətinə sıçraması ehtimalı böyükdür.


 
Məsələ burasındadır ki, Pəhləvi rejimi devrildikdən sonra qurulan İran İslam Respublikası da ölkənin təməllərinə dinamit kimi qoyulan bu problemi həll etməməklə qalmadı, daha da şaxələndirdi. Halbuki, İran İslam rejimi yarananda indiki Qərbi Azərbaycan vilayətində yaşayan türklər dərindən nəfəs almışdılar. Yeni rejimin siə inancına söykənən rəsmi ideologiyasının sünni inanclı kürdlər siyasətinə fərqli yöndən baxacağına və Pəhləvilərin arianist siyasətini sonlandıracağına ümid bəsləyən Azərbaycan xalqı bu dəfə də yanıldı. İslam rejimi nəinki Pəhləvilərin siyasətinə genişləndirilmiş şəkildə indi də davam etdirir.
 
Həm müasir İranın, həm də Pəhləvilərin arianist siyasətinin tamamilə eyni məntiqə söykəndiyi bəllidir. Məqsəd Cənubi Azərbaycanda başlaya biləcək milli-azadlıq hərəkatlarını parçalamaq və türklərlə kürdləri üz-üzə qoyaraq birgə mübarizəsinin qarşısını almaqdır. İran İslam Respublikası bu məqsədlə indiyədək bir çox siyasətlər həyata keçirib və keçirməkdədir. Bu siyasət çərçivəsində ilk növbədə Urmiyyə vilayətinin etnik xarakteri dəyişdirilir. Bölgədə yerləşdirilən kürdlərin qeyri-qanuni yollarla sərhəddən silah keçirib silahlanmasına göz yumulur. Ostanlığın əksər inzibati hakimiyyət orqanları onların nəzarətinə verilir. Ən əsası isə Qərbi Azərbaycan ostanlığının türklərin yaşadığı bölgələrdə həyat şərtlərinin çətinləşdirilməsi bölgənin demoqrafik tərkibini dəyişdirir. Belə ki, Urmu gölünü qidalandıran çayların üzərində böyük su anbarların yaradılması və gölün qəsdən qurudulması siyasəti Qərbi Azərbaycan ostanlığının kəndlərinin sürətlə boşalmasına, yerlərində kürd əşirətlərinin peyda olmasına yol açır. Bölgənin hələ 2010-cı ildəki məskunlaşma nisbətləri də bunu göstərir. Həmin il keçirilən əhalinin siyahıya alınmasının nəticələrinə görə, ostanlığın ümumi sakinlərinin 76.2%-i Azərbaycan türkçəsində danışır. Bu nisbət xüsusilə şəhərlərin sakinləri arasında türklərin xeyrinədir – 82.5%. Kənd yerlərində həmin göstərici 66.4%-ə qədər düşür. Kürd əhalisində isə tamamilə fərqli nisbət özünü göstərir: şəhərlərdə - 15.4%, kəndlərdə - 31.2%. Ümumi nisbətdə kürdlər ostanlıq əhalisinin 21.7%-ni təşkil edirlər. Xatırladaq ki, bu rəqəmlər 11 il əvvələ aiddir. İndiki göstəricilərdə kürdlərin sayının artması istisna deyil.


 
Sulduzda kürdlərlə Azərbaycan türkləri arasında iğtişaşların çıxdığı gün İraqın şimalında İran PKK-sı sayılan Demokratik Kürdüstan Partiyasının siyasi qanadının rəhbərinin öldürülməsi xəbəri də Urmiyədəki separatçı kürdləri qızışdıra və etnik narazılıqları gücləndirə bilər. Bölgədəki kürdlərin səsləndirəcəyi istənilən separatçı şüar isə İran dövlətindən çox, Cənubi Azərbaycan türklərini narahat edir və sərt reaksiyalar doğurur.
 
Sözsüz ki, İranın kövrək etnik xarakteri və dinc yanaşı yaşama imkanları ölkəyə düşmən münasibəti bəsləyən dövlətləri də ölkənin “yumşaq qarn”ına zərbələr endirməyə həvəsləndirir. Xüsusilə ABŞ və İsrail kimi dövlətlər fars şovinizminin Azərbaycan xalqının milli-azadlıq hərəkatına zərbə vurmaq üçün sərhədlərə yerləşdirdiyi “kürd dinamit”indən onun özünə qarşı istifadə edə bilər və son zamanlar bunun açıq təzahürləri gürünür. Ötən gün “Nəqədə Kürdlərindir” şüarı ilə Sulduzu silkələyən və insan ölümünə qədər varan çaxnaşmaların məhz xarici qüvvələrin dəstəyi ilə baş tutması istisna oluna bilməz.
 
Heydər Oğuz,
Ovqat.com
 


Ana səhifəyə qayıt        Baxış: 6 524          Tarix: 8-08-2021, 12:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma