Xəbər lenti


  Cəmşid Dərələyəzli.                
 
Azərbaycan xalqı nəinki  33 üç il, son iki yüz ildə  ermənilər tərəfindən zaman-zaman alnına vurulmuş namus, utanc ləkəsini  silmək üçün, bir an əvvəl hərəkətə keçmək üçün, məhz bu günü, o qisas  gününü gözləyirdi. Bu illər ərzində millət olaraq dəfələrlə erməni daşnakları və onların havadarları tərəfindən alçaldıldıq, heysiyyatımız, qürurumuz ayaqlar altına atılaraq, yerlə bir edildik. Əzab çəkdik, sarsıldıq,  amma dözdük, sınmadıq, hər zaman qisas gününü  gözlədik. Və bir gün həmin an gəlib çatdı. O an 27 sentyabr 2020-ci il tarixi idi. 
                  
O səhər, Azərbaycan xalqı Böyük vətən müharibəsinin başladığı xəbəri ilə oyandı. Sanki o gün millətə bayram müjdəsi verilmişdi. Bütün Azərbaycan xalqı bu xəbərə kilidləndi və həmin gün hər kəs 7-dən 70-ə səfərbər oldu. Millət bir yumuruq olub öz Ali Baş Komandanının, Şanlı ordusunun   ətrafında ətdən bir qala oldu. Azərbaycanın igid oğulları “Vətən çağırır” deyib, cəbhəyə yollanmaq   üçün,  çağrış məntəqələrinə axın etdi.  Bütün yol boyu, cəbhəyə yollanan igidlərinizə insanlarımız maşınları əyləyib gücləri nəyə çatırdı, onlara verib yola salırdılar. Bu məzərənin şahidi olan hər kəs sevincindən, keçirdiyi qürur hissindən göz yaşlarını tuta bilmirdi. Budur millət, budur xalq. Bunu görən hər kəs, bu ölkənin vətəndaşı və  Türk olmağının qürurunu yaşadı o günlər də. Allah Türkə yar olsun!
 
İlk gündən cəbhədən sevindirici xəbərlər gəlirdi. Başqa cür də ola bilməzdi. Çünki, o gün meydana artıq qələbə üçün atılmışdıq. İlk müjdə Cəbrayılın alınması və Ölkə Başçısının 4 oktyabrda bu münasibətlə xalqa müraciəti ilə gəldi. Ali Baş Komandan məhz o gün etdiyi o müraciəti ilə, illərdir hər birimizin qəlbində sönmüş közə od saldı və bütün məsələləri çılpaqlığı ilə ortaya qoymaqla, qəlblərdə qalibiyyət məşəlini yandırmış oldu. Çoxlarına həm də, məhz o gün məlum oldu ki, o da hər birimiz kimi illərdir erməni həyasızlığının əzabını çəkib, amma rəsmi mövqeyi onları bizlər kimi dilə gətirməyə imkan verməyib.  
   
Bütün bu 44 günlük müharibə dövründə, illərlə dünyanın, xüsusən də qonşu dövlətlər tərəfindən Azərbaycanın haqq işinə   baxışının ikili standart olmasından dolayı əndişələr də az deyildi. Ən çox da qonşu Rusiyanın bu müharibədə tövrləri hər birimizi narahat edirdi və düşündürürdü. Çünki erməniləri son iki yüz ildə bizim coğrafiyada dövlət edən, zaman-zaman qalan torpaqlarımızı da hissə-hissə onlara peş çəkən, qoruyan, qollayan ən cox Rusiya olub və bu gün də onlara hər tərəfli yardım edir. Məhz bu baxımdan bizim bu müharibəni zəfərlə başa çatdırmamız üçün, masada da, xüsusən də Rusiya ilə gərgin və ehtiyatlı iş görməyimiz cəbhədəki real döyüşlər qədər vacib və həyati idi. 


 
Bəli, bu döyüşü həm masada, həm də sahədə aparacaq bir kişi var idi - Ali Baş Komandan  cənab İlham Əliyev. 44 gün müharibə dövründə O bir Ali Baş Komandan olaraq, sonradan bütün dünyanın həsəd apara biləcəyi şəkildə, həm sahədə, həm də masada unukal siyasi, diplomatik və komandanlıq keyfiyyətlərini ortaya qoydu və bununla yanaşı həm də Azəırbaycanın bir nömrəli vətənpərvərlik simvoluna çevrildi. 
      
Ən maraqlısı isə bunu, bu yaxında ondan müsahibə götürən, Rusiyanın nüfuzlu “Nasionalnaya oboronajurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkov dedi: “Müasir dövrdə hər bir müharibə hibrid xarakter daşıyır və bu müharibənin informasiya tərkib hissəsi hərbi tərkib hissədən heç də az əhəmiyyət kəsb etmir. “Rossiya” telekanalının “60 dəqiqə” proqramının efirə çıxdığı gün milyonlarla rusiyalı televiziya tamaşaçılarının çoxunun yadındadır. Siz öz çıxışlarınızda müasir diplomatiya nümunələri, bəlkə də müasir diplomatiya tarixinə düşəcək nümunələr göstərdiniz.
                    
Bəli, bütün bunlar bir gerçək idi və bu gerçəyi 44 günlük müharibə dövründə bütün dünyanın aparıcı KİV də dedi və bundan sonra da uzun müddət deyəcəklər. Mətbuatdan o da məlumdur ki, dünyanın güclü dövlətləri belə, özlərinin müdafiə sistemində Azərbaycanın 21-ci əsrin başlanğıcına öz damğasını vurduğu 44 günlük hərb tarixindən faydalanmaq üçün, bu müharibənin gedişini   təhlil edib, öz hərblərinə tətbiq etmək istəyirlər.   


    
Həmin müsahibədə, cənab İlham Əliyev xalqa məlum olmayan bir detala da toxundu: “Müharibənin gedişatından az keçmiş, oktyabrın 7-də Vladimir Vladimiroviç   Putinin doğum günündə, onunla telefon əlaqəsində oldum. Ənənəvi olaraq mən onu doğum günü münasibətilə təbrik edirəm. Hərbi əməliyyatlar başlayan andan artıq on gün keçmişdi və bu bizim ilk telefon söhbətimiz idi. Biz müharibənin dayandırılması üçün nə etmək lazım olması məsələlərini də müzakirə 
                      
etdikMənim  təkliflərim vardı və Rusiya tərəfi də bu təklifləri dəstəklədi, amma erməni tərəfi imtina etdi və mənim fikrimcə, faciəvi, məşum səhvə yol verdi.  Onlar güman edirdilər ki, qərbli dostları onlara kömək edəcəklər. Onlar Rusiyadan açıq-aşkar narazılıqlarını bildirirdilər ki, nə üçün Rusiya onların tərəfindən döyüşmür. Hərçənd, Rusiyanın mövqeyi beynəlxalq hüquqa tam müvafiq idi, çünki hərbi əməliyyatlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyətində olan zonada deyil, Azərbaycan ərazisində aparılırdı, ermənilər özləri bunu çox gözəl bilməli idilər.
      
Nəhayət, biz Şuşa şəhərini azad edəndən sonra Vladimir Vladimiroviç mənə zəng vurdu və dedi ki, erməni tərəfi sizin təklifləri yerinə yetirməyə hazırdır. O soruşdu: “Siz öz mövqeyiniz üzərində dayanırsınızmı?” Mən dedim: “Bəli, mən öz mövqeyimi dəyişmirəm. Əgər onlar işğal altında qalan ərazilərdən öz qoşunlarını çıxaracaqları tarixləri bizə desələr, biz dayanırıq”. Bu, noyabrın 8-də axşam olmuşdu. 
 
Noyabrın 9-da isə biz bir daha zəngləşmək barədə razılığa gəldik, çünki Vladimir Vladimiroviç çox fəal rol oynayırdı, o, bir növ mənim ismarışlarımı Paşinyana, onun ismarışlarını mənə çatdırırdı. Bu, noyabrın 9-da səhər tezdən gecədən xeyli keçənə qədər davam etdi və sonda bütün reallıqlar nəzərə alındı. Nəzərə alındı ki, Azərbaycan qalib ölkə, Ermənistan isə kapitulyasiya etmiş ölkədir


 
Həmin bu razılaşdırma gecədən xeyli keçənə qədər davam etdi. Bakı vaxtı ilə artıq noyabrın 10-u idi, buna görə biz həmin sənədi 10 noyabr tarixli Bəyanat adlandırırıq, Moskva vaxtı ilə ayın 9-u idi. Nəhayət, mətn razılaşdırıldı, təbii ki, onun imzalanması nəzərdə tutulurdu, lakin Vladimir Vladimiroviç məndən xahiş etdi ki, Paşinyanın  həmin sənədi bizim yanımızda imzalamasını israr etməyim. Rusiya Prezidenti çox nəzakətli, çox həssas insandır, hamıya çox hörmətlə yanaşır və mən dedim ki, israr etməyəcəyəm, qarşı tərəfin alçaldılması ilə bağlı hər hansı əlavə elementlər mənə lazım deyil, çünki bu, insanın yox, ölkənin alçaldılmasıdır, bunu isə biz özümüzə rəva görə bilmərik. Buna görə mən razılaşdım ki, biz həmin sənədi ikilikdə imzalayacağıq, lakin təbii ki, Paşinyanın da bunu haradasa imzalayacağına zəmanət olsun. Onun həmin sənədi harada imzalaması indiyə qədər məlum deyil”. Bəli, budur diplomatiya.
 
Bu fikirləri bir daha bu yazıda göstərməkdə amacım, Prezidentin Rusiya dövlət başçısı ilə elə bir gərgin zamanda  necə nəzakətlə və diplomatk davrandığını bir daha gözlər önünə sərmək idi. Buna isə xalq arasında damarı, yəni nəbzi tutma deyərlər.   Yəqin ki, indi “Rusiya Qarabağa niyə girdi”, - deyən bəzi məkirli qüvvələr, əsil mətləbi anlarlar. Hansı ki, Rusiya Azərbaycandan heç vaxt getməmişdi. 10 noyabr sazişi isə əslində onların Azərbaycanda son qalım biletini kəsmiş oldu və Ruslar özləri də heç də bundan məmun deyillər.  Nə yazıq ki, o dediyim məkrli qüvvələr bunun nədənini  anlamaq  istəmirlər.   Məhz ondandır ki,  Azərbaycanda mövcud olan “Beşinci kolon”, onların xarici uzantıları və bir də onlara züy tutan  bəzi təkadamcıq “parti” sədrləri əsil gerçəyi ya görmürlər, ya da bilərəkdən görməzdən gəlirlər.  Çünki, bu zəfər onların məkirli amaclarını əbədiyyən Azərbaycanda suya düşürmüş oldu. Ona görə də 44 günlük zəfər müharibəsi başa çatdıqdan sonra şokdan ayılan (əslində onlar müharibə müddətində el qınağı xofundan susmuşdular)   bu zümrə başladı ki, (əvvəlki yazılarımda da qeyid etmişdim) “ay camaat, Qarabağ alınmayıb", "İlham Əliyev Putinlə sadəcə oyun oynayır", "Xankəndi satılıb", "İlham Əliyev rusları Azərbaycana gətirdi", "Xankəndində ruslar filan-filan şeylər tikir",  “Nahaq yerdən xalqın balalarını qırdırdılar”, “Türkiyə Azərbaycandan   getdi”, "Təzminat nə oldu",  “Xankəndini iki günə bonbalamqa lazım idi”, “Laçın ermənilərə verilib” “Risyada bir tender sənədində Dağlıq Qarabağ Respublikası yazılıb”, “Putinin dili Jirinovski bunu dedi” və s. və ilaxır hədyanlar söyləməyə. Amma keçmədi və keçməyəcək də. Çünki Azərbaycan xalqı bu məsələdə artıq seçimini edib və qeyd etdiyim kimi 7-dən 70-ə onun bu siyasətinin arxasındadır. 
     
Mən dəfələrlə mətbuatda  və TV-dəki müsahibələrimdə  qeyd etmişəm ki,  dövlətin müstəqilliyi, onun müstəsna hüquqlarının olduğuna dəlalət etməz. Dünyada maraqlar var və bu maraqları diqqətə almasan səni udarlar, parçalarlar. Müharibənin gedişində və həmin vaxtdan bir il ötməsinə rəğmən, üzərimizə gələn dövlətlər göz qabağında. Day, Qərb dövlətlərini sadalamıram, qonşumuz, “dindaşımız” İran partlamaq həddinə gəlib. Bu gün onların bizə qarşı düşmənçiliyində, ermənilər az qalır yalan olsun. 
 
                  
 
Amma, artıq gecdir. Üzərimizə gələn ölkələr  çatlasalar da, partlasalar da Azərbaycan öz sözünü deyib və artıq dünya da bununla barışıb və barışmağa da məcburdur. Çünki, Azərbaycanın işi haqq işidir və dünyanın qəbul etdiyi beynəlxalq qanun və normalara zidd deyildir.   İkincisi isə, Azərbaycan artıq 33 il öncəki Azərbaycan da deyil. 50 milyonluq Azərbaycanın güclü tərəfdaşları və güclü ordusu var. Bunu isə qəti ağlından çıxarmasın gərək,  bu gün Azərbaycana diş qıcayanlar.
     
 27 sentyabr 2020-ci il tarixini başladıb, sonda 44 günlük zəfər sevincini bu xalqa yaşadan başda Ali Baş Komandan olmaqla, Müzəffər Azərbaycan ordusuna, xüsusən də xüsusi təyinatlılara  və   tərəfdaş ölkələrdən bu müharibədə yanımızda olan, başda qardaş Türkiyə  olmaqla hər birinə öz təşəkkürümüzü bildiririk və çox sağol deyirik. Bu 44 günlük müharibədə bir və birlik olub, Ali Baş komandana, Orduya dəstək olan bütün Azərbaycan xalqının qarşısında baş əyirik.
     
Ən əsası isə, bu müharibədə şəhadət şərbətini içib, bütün cəbhə boyu və Şuşanın qayalarında qanları ilə dastan yazan vətən övladlarına Allahdan rəhmət diləyir və müqəddəs  ruhları qarşısında  baş əyirik. Onları doğan analara da,  eşq olsun deyirik! 
 


Ana səhifəyə qayıt        Baxış: 5 471          Tarix: 27-09-2021, 11:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma